İnsanlar arasında bərabərsizlik varmı?

Allah çox insana maşın, mənzil, mal-mülk, nüfuz, dost-tanış, şan-şöhrət verib; bəzi insanlara da yoxsulluq, dərd, kədər, müsibət, əzab, verib. Bunun səbəbi nədir? Allah birinciləri çox sevir, yoxsa ikincilərmi çox pisdir?

Belə bir sual ancaq öyrənmək məqsədi ilə verilə bilər. Yoxsa, günah olar. Xüsusən, içində belə bir dərdi olan insanın bu sualı verməsi lazımdır.

Allah (c.c.) istədiyinə maşın, villa, mənzil verər; istədiyinə də yoxsulluq. Lakin bu məsələdə ailə və cəmiyyətdən gələn bəzi səbəblər də inkar edilməməlidir. Məsələn, bir insanın gəlirində dirayət və fərasətin rolu inkaredilməz olduğu kimi, dövrün şərtlərinə uyğun qazanc yollarını bilmənin də əvəzolunmaz rolu var. Bununla yanaşı, Allah (c.c.) bəzi qullarına ləyaqət izhar etdiyi halda, yenə də onlara mal-mülk vermir. Həmçinin, zəif bir hədisi-şərifdə; Allahın malı istədiyinə, elmi isə istəyənə verdiyi ifadə edilir ki, mövzumuz baxımından olduqca mənalıdır...

Bir də, mal-mülk mütləq mənada xeyr sayılmamalıdır. Bəli, bəzən Allah (c.c.) mal-mülk, dünyəvi səadət istəyənlərə istədiklərinə verər, bəzən də verməz. Amma Allahın (c.c.) həm verməsi, həm də verməməsi xeyirlidir. Çünki sən yaxşı insansansa və veriləni də yerində istifadə edəcəksənsə, mal-mülk sənin üçün xeyirlidir. Yaxşı bir insan deyilsənsə və yolunu da azmısansa, Allahın verməsi də, verməməsi də sənin üçün xeyirli deyil, zərərdir.

Bəli, yol azmısansa, yoxsulluq sənin üçün küfrə aparan bir vəsilədir. Çünki o səni Allaha qarşı baş qaldırmağa sövq edər və sən hər gün Ona qarşı üsyan bayrağı qaldırarsan. Habelə, əgər sən yol azmısansa; qəlbi və ruhi həyatın da yoxsa, sənin zənginliyin sənə bəla və müsibət gətirər. (“Təğabun” surəsi, 64/15)

İndiyə qədər bir çox insan bu sınaqdan keçə bilməmişdir. Sərvət sahibi olan necə insan var ki, sərvət içində üzdüyü halda, nankorluqdan qəlblərində təcəllidən zərrə qədər qığılcım, işıq yoxdur.

Ona görə də, bunlara Cənabi-Haqqın mal və mülk verməsi bir istidracdır (Allahın dinsizlərin azğınlıqlarını artırmaq üçün üst-üstə sərvət verməsi); dolayısilə də azğınlığa bir vəsilədir. Belə insanlar hər şeydən əvvəl, ruhi və qəlbi həyatlarını öldürdükləri və Allahın verdiyi fitri qabiliyyətləri çürütdükləri üçün buna layiq görülmüşlər.

Əfəndimizdən (s.ə.s.) bir hədisini qeyd etmək də yerinə düşərdi: "İçinizdə elələri var ki, əllərini qaldırıb Allaha and içdikləri zaman Allah (c.c.) onların andını yerinə yetirər. Onların andını yerə salmaz. Bəra İbn Malik onlardan biridir" (Tirmizi, Menaqıb 54). Halbuki, Ənəsin qardaşı Bəranın nə yeməyə bir şeyi, nə də yatacağı bir yeri vardı, yoxsulluq içində yaşayırdı. Bəra kimi neçə-neçə saçı-başı dağınıq, pəjmürdə görünüşlü və dağınıq kimi görünən elə insanlar var ki, onlara böyük insan nəzəri ilə baxılmış və qəlblərin böyüklüyü, daxili aləmlərin nuraniliyi dəyərləndirilmişdir. Və belə insanlardır ki, Rəsuli-Əkrəmin (s.ə.s.) dili ilə and içdikləri təqdirdə, Allahın (c.c.) andında yalan çıxarmayacağı şəxslər olaraq səciyyələndirilmişlər.

Buna görə, müstəqil olaraq nə sərvət, nə də yoxsulluq fəlakət, və ya nemət sayılmamalıdır. Əksinə, yerinə görə kasıbçılıq Allahın ən böyük nemətlərindəndir. Allah Rəsulu (s.ə.s.) öz iradəsi ilə kasıbçılığı seçmişdi: "İstəməzsənmi dünya onların olsun, axirət bizim." (Buxari, Tefsiru surə (66) 2; Müslim, Talaq 31). Həzrəti Ömər (r.a.) dünyanın sərvətləri dövlət xəzinəsinə axdığı halda kasıb bir insan kimi, qənaətlə dolanmış və artığını istəməmişdir.

Amma elə yoxsulluq da var ki, -Allah uzaq eləsin- küfr və dəlalətdir. Məsələn, yuxarıdakı sözlər tədqiq niyyəti ilə bir möminin ağızından deyil, bir nankorun ağızından çıxsa idi, Allahdan şikayət edən o adam küfrə girərdi.

Deməli, yerinə görə yoxsulluq nemət, yerinə görə də sərvətdir. Əsas məsələ, qəlbdə təsdiqin olmasıdır. Yəni:

“Ya Rəbbi, Səndən nə gəlirsə-gəlsin qəbulumdur”.
"Xoşdur mənə Səndən gələn,
Ya xələtü, yaxud kəfən;
Ya təzə gül, yaxud tikan,
Lütfün də xoş, qəhrin də xoş"

Şərqi Anadoluda: "Səndən, o həm xoş, həm bu xoş" deyirlər.

İnsan xələt də geysə, sərvət içində də üzsə, əgər onun qəlbi Allahla döyünürsə, Abdulqadir Geylani kimi, ayağı vəlilərin çiyinində, mübarək başı da Rəsuli-Əkrəmin (s.ə.s.) ətəyinə toxunacaq. Amma Allah ilə münasibəti yoxsa, o kasıbın dünyası da hüsran, axirəti də hüsran olacaq. Bunun kimi, Allahla olmayan zəngin zahirən dünyada məsud kimi görünsə də, nəticədə ağır bir hüsrana uğrayacaq. (“Qəsəs” surəsi, 28/78-84)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.