Müsamihə
İnsan üstün yönləri ilə bərabər qüsurları da çox olan bir varlıqdır. Ona qədər heç bir canlı köksündə bu qədər ziddiyyət bəsləməmişdir. O Cənnətlərin səmasında qanad çırpıb pərvaz edərkən, gözlənilməz inhirafları (sapma, dəyişmə) ilə cəhənnəmin ən qorxunc çuxuruna qədər enən bir müəmmadır. Onda uçurumlaşan bu qorxunc eniş və yoxuşlar arasında münasibət axtarmaq da bihudədir. Çünki insan oğlunda səbəblər, nəticələr tamam fərqli bir istiqamətdə hərəkət edir.
Bəzən tarladakı taxıl zəmisi kimi dayanmadan yatıb-qalxar; bəzən heybətli bir çinara bənzəsə də, devrilər və bir daha ayağa qalxa bilməz. Mələkləri qibtəyə saldığı anları az olmadığı kimi, şeytanları utandıran davranışları da az deyil insan oğlunun.
İstedadında bu qədər enişlər və yoxuşlar olan insan üçün günah əsas olmasa da, müqəddərdir. Kirlənmə arizi-soyla və irslə deyil, sonradan olsa belə, gözləniləndir. Kirlənib fitrətini ifsad edən belə bir varlıq üçün əfv hər şeydir.
Əfv diləmə, əfv umma və əldən çıxan fürsətlər üçün fəryad etmə, idrak və şüur işi olması etibarilə nə qədər qiymətlidirsə, əfv etmə də bir o qədər, hətta ondan daha böyük bir ucalıq və fəzilət işidir. Əfvi fəzilətdən, fəziləti də əfvdən ayrı düşünmək mütləq səhvdir. "Kiçikdən qüsur, böyükdən əfv" zərbi-məsəlini bilməyən yoxdur. Və nə qədər də yerində deyilib!
Əfv edilmə bir ruhi abadlıq, özünə qayıdış və yenidən özünü dərk etmə deməkdir. Buna görə də, Rəhməti Sonsuzun dərgahında ən sevimli davranış, hərəkət bu qayıdış və axtarış xəfəqanları içində yaşanmış həyatdır.
Canlı-cansız bütün varlıq əfvi insanla tanıdı. Haqq-Təala insanda əfvediciliyini göstərdiyi kimi, əfv etmənin gözəlliyini də onun qəlbinə nəqş etdi. İlk insan, insanlıq fitrətinin gərəyi yanlışlıqla özünə bir zərbə endirərkən, vicdanında duyulan hiss, bir inilti və yalvarış, bu fəryada səmadan qopub gələn də bir əfv idi...!
İnsanlıq ilk atası ilə əldə etdiyi bu hədiyyəni ümid və təsəlli kimi əsrlərlə qorudu, mühafizə etdi. Hər xətasında o sehirli taxtın üstünə minərək, günahların xəcalətindən və ümidsizlikdən yüksəlib Sonsuz Rəhmətə çatdığı kimi, başqalarının işlədiyi günahlara qarşı da onu gözünə pərdə etmə alicənablığını göstərdi.
Əfv edilmə ümidi sayəsində insan, üfüqünü bürüyən qara buludların arxasındakı aləmə yüksəlib dünyasını aydın görmə imkanını əldə edər. Əfvin yüksəldici qanadlarından xəbərdar olan talelilər həyat boyu ruhlara inşirah (fərəh) verən bu zümzümə içində yaşarlar.
Əfv edilməyə könül vermiş bir insanı əfvedicilikdən uzaq düşünmək mümkün deyildir. O, əfv edilməni sevdiyi kimi, əfv etməni də sevir. Xətalarının qəlbdə alovlandırdığı iztirab atəşindən xilas yolunun əfv kövsərlərindən doya-doya içməkdə olduğunu bilənin əfv etməməsi mümkündürmü..?
Üstəlik bağışlanma yolunun əfv etməkdən keçdiyi məlumdursa... Əfv edənlər əfvə məzhər olar. Bağışlamağı bilməyən bağışlanmaz. İnsanlara müsamihə yolunu kəsənlər insanlığını itirmiş canavarlardır. Bir dəfə öz günahına baxıb xəcalət çəkməmiş bu insanlıqdan uzaq "insanlar" heç vaxt əfvedicilikdəki bu uca həzzi, zövqü dərk edə bilməyəcəklər.
Hz. Məsih (ə.s.) daşqalağa aparılan bir günahkar qarşısında əli daşlı izdihama belə səslənmişdi: "İlk daşı heç günahı olmayan atsın!" Bu ifadədəki incəliyi anlayan hansı insan daşqalaq ediləsi vücudu varkən, başqasını daşlamağa cürət edər? Kaş həyatını başqalarının günahlarını müzakirə etməklə keçirən günümüzün talesizləri bunu anlaya idilər..!
Mücrim (günahkar) cəzalandırılar və cəzalandırmada şəfqət daxil, heç bir uca duyğu, fərmanı yüksək yerdən verilən bu hökmün icrasına mane ola bilməz. Lakin kin və nifrətimizin məhkum etdiyi şəxsləri topa tutmağa dair bir hökmün olduğunu iddia etmək də qeyri-mümkündür. Düzü, biz, mənliyimizdəki bütü bir Hz. İbrahim (ə.s.) cəsarəti ilə yıxmadıqca nə nəfsimiz üçün, nə də başqaları üçün heç vaxt məqsədəuyğun qərar verməyə qadir ola bilməyəcəyik...
Əfv, insan övladı ilə gün üzünə çıxmış və onunla kamillik qazanmışdır. Buna görə də, ən Uca Qamətdə (s.ə.s.) ən geniş əfvetməyə şahid oluruq.
Kin və nifrət isə xəbis ruhların insanlar arasına səpdiyi Cəhənnəm toxumlarıdır. Yer üzünü cəhənnəmə çevirən bu kin və nifrət körükləyənlərə müqabil, min-bir böhran içində məchullara sövq edilən insanımızın imdadına əfvediciliklə can atmalıyıq. Geridə qoyduğumuz bu bir-iki əsr əfv bilməzlərin, müsamihə tanımazların öyümələri ilə ən kirli və xoşagəlməz hala gətirildi. Gələcəyə də bu nəsibsizlərin hökm edəcəyini düşündükcə ürpərməmək qeyri-mümkündür.
Buna görə də, bugünkü nəsillərin öz övlad və nəvələrinə ən böyük hədiyyəsi "əfv etməni" öyrətmək olacaq. Ən kobud davranışlar, ən ürəkbulandırıcı hadisələr qarşısında belə əfv etməni... Lakin ruhu qabalaşmış, vicdanı ağrı-acı çəkdirməkdən zövq alan insana bənzər varlıqların əfv edilməsini düşünmək də, əfv etmə anlayışına qarşı bir hörmətsizlikdir. Bəli, onları əfv etmək həm əlimizdən gəlməz, həm də bu insanlığa qarşı böyük bir hörmətsizlik olar. Belə bir hörmətsizliyi məqbul görəcək və göstərəcək birini də tanımırıq.
Müəyyən bir keçmişə malik düşmənçilik təlqinləri altında yetişən bir nəsil, içinə düşdüyü qaranlıq dünyalarda arenaların dəhşət və vəhşətini seyr etdi. Üfüqünün ağardığı anda banlayan xoruzların səslərində belə o, qan və irin görürdü. O, belə səsi qan, nəfəsi qan, düşüncəsi qan, gülüşü qan bir cəmiyyətdə nə öyrənə bilərdi. Ona verilənlərlə, qəlbinin min-bir xəfəqan dolu arzular, tamamilə bir-birinə zidd və əks idi. İllərin laqeydliyi və səhv təlqinləri altında ikinci bir fitrət qazanmış bu nəsli, bir sel və tufan halına gəldiyi bu dəqiqələrdə barı anlaya bilsə idik! Əfsuslar olsun! Hanı o bəsirət...
Əfvin və tolerantlığın bir çox yaramıza məlhəm olacağına inanırıq. Yetər ki, bu səmavi silah, dilindən anlayanların, əsl sahiblərinin əlində olsun. Yoxsa indiyə qədər, sağalmaq üçün etdirdiyimiz səhv müalicələr qarşımıza bir çox əks nəticə çıxaracaq və bizi çaş-baş salacaq.
"Bil illəti, et sonra müdavətə təsəddi: Hər məlhəmi, hər yarəyə dərmanmı sanırsan." (Ziya Paşa)
Əvvəl xəstəliyi bil, sonra müalicəyə başla. Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?!
Sızıntı, Mart 1980
- tarixində yaradılmışdır.