Dünya müvazinətində bir millət

Yer üzündə müvazinətin tamamilə pozulduğu, ictimai coğrafiyanın sürprizlərə hamilə olduğu bu günlərdə bəşəriyyət miqyasında sözünü keçirə biləcək bir uca dövlətə və ali bir millətə nə qədər möhtac olduğumuzu izah etməyə ehtiyac yoxdur.

Şərqdən qərbə şənaətlərin (yamanlıq, xəbislik) işləndiyi, məzlumun xor görülüb zalımın alqışlandığı; böyük dövlətlərin öz mənafeyi hesabına yer üzünü anarxiyanın əllərinə təslim edib qarışıqlıq və hərc-mərcliyi alovlandırdığı bir dövrdə müvazinət ünsürü ola biləcək bir milləti öz əlimizlə bitirib tükətməyimizin həsrətini bir daha çəkdik... Hərçənd bu millət heç vaxt tamamilə yox olmadı. Əgər nöqsanlı görülürsə, canlandırılmalı... Yoxsa arenalardakı qanlı döyüşlərə bənzər halhazırkı vəziyyətin daha ciddi və daha qorxunc şeylərə səbəb olma ehtimalı vardır.

Bu isə, yalnız müvazinət ünsürü ola biləcək bir millətin yox olması ilə bitməyəcək; bəlkə də ictimai coğrafiyada bir-birini təqib edən böyük dəyişikliklərə də səbəb olacaq. Dünyanın müəyyən bir hissəsində, belə bir tənəzzülə səbəbkar olmanın tarixi məsuliyyəti isə o uca milləti öz süqutu ilə baş-başa buraxanlara aid olacaqdır.

Bu millət dünəndən bu günə qədər minlərlə maneəni aşa-aşa və minlərlə xarici və daxili xəyanət şəbəkələri ilə çarpışa-çarpışa varlığını qoruya bilmişdir, lakin o, indi əldən düşmüş və namus ocağına təcavüzlə göz-gözədir.

Bəli, tarix boyu ardı-arası kəsilməyən kinlərə və nifrətlərə məruz qaldıqdan sonra, yeni dünyanın müxtəlif ideoloji silahlarla hücuma keçdiyi və onu məhv etmək məqsədi ilə, sarının qırmızı ilə bir cəbhədə birləşdiyi bu qaranlıq günlərdə onun qəlb və ruhuna sahib çıxma məcburiyyətindəyik.

Dünən onun düşməni yalnız sonradan üzr istəyən bəzi təəssübkeş din mənsubları idi. İndi "Lənətlə yaddaşlarda qalan o zalımların ən həyasızına min rəhmət oxutduran" millətimizə düşmən fironlar var səhnədə... Belə ki, ilk düşmənçilik səlib yürüşlərin ətrafında toplananlarla başlamışdı. İndi isə o, yerini daha qorxunc və daimi düşmənçiliyə vermişdir.

Bu millət Avropaya addım atdığı gündən bəri bəzi diyanət mənsublarının kin və hüsumətinə (düşmənçilik) tuş gəldi. Bu hüsumət və kin Bolqarı Serbliyə, Macarı Yunanlıya yaxınlaşdırır və bir kilsə cəbhəsi təşkil edirdi. Uzaq keçmişə söykənən səlibin bu düşmənçiliyi Səlib yürüşləri əsnasında milyonlarla insanın sel olub axan qanı ilə belə dayanmamışdı. Qüdsün əldən çıxdığını görən Fredriklər, Riçardlar, Filiplər İstanbulun da eyni şəkildə əldən çıxacağını düşünəndə azğınlaşır və azğınlaşdıqca da yeni intiqam orduları təşkil edirdi.

Əsrlər boyu Avropalının vicdanında yalnız kin və nifrət hissləri təhrik edildi və Cənnətin sirli açarları deyə İslam dünyasını və xüsusilə, bu dünyanın Qərb qarşısında son cəbhəsi olan bu uca milləti qana, irinə boğma yolu göstərildi.

Əhli-səlib amansız bir qasırğa dəhşəti və bir lava şiddəti ilə bu dünyanı başdan-başa zəbt edir; bu millət isə, bu qorxunc yanğını köksündə söndürür və tarixi məsuliyyətini yerinə yetirirdi. Kaş ki məsələ, yalnız xarici təcavüzlərdən ibarət ola idi. Gövdənin içinə girmiş minlərlə qurd, için-için, dayanmadan onu gəmirir və yadların təcavüzünə yeni-yeni çatlar, yollar, qapılar açırdı...

Bu çarpışma və müqavimət əsrlərlə sürdü. Nə xaricin Roman Diyogenləri, nə də evin içindəki Əbu Ləhəbin nəvələri onun əzm və iradəsinə qandal vura bilmədi. O, bütün bunları aşdı və bütün manelərə baxmayaraq əmanətə sədaqət vəzifəsini layiqincə yerinə yetirə bildi.!

İndi isə, onu, yeni bir tarixi mükəlləfiyyət gözləyir. Əvvəlkilərinə nisbətən daha çətin, daha amansız görünən bir mükəlləfiyyət...

Bu günə qədər hər kəsdən və hər şeydən xəyanət görən bu millət əsrlərdən bəri köksündə daşıdığı saf və dumduru iman və imanın təmin etdiyi yüksək həyəcanla bir çox badirəni aşdığı kimi, bu yeni imtahanı da ciddi bir tarix şüuru ilə keçəcəyinə ümid bəsləyirik.

Ancaq hər şeydən əvvəl, görüləcək işlər çox yaxşı bilinməlidir ki, müalicə naminə görülən işlərlə müxtəlif yan təsirlərə səbəb olunmasın.

Bəli, onun əsl ehtiyacları və böhrandan-böhrana aparan müxtəlif xəstəlikləri həqiqi mahiyyəti ilə məlum deyilsə, hər müdaxilənin faydasız olacağı şübhəsizdir.

Buna görə, əvvəla xəstəliyin diaqnozu, sonra müalicə yollarının təsbiti və daha sonra da müalicə planının hazırlanması lazımdır ki, əməliyyat vaxtı operator axtarmaq və haranı yarılması haqqında münaqişə etmək kimi qəribəlik və çatışmazlığa düçar olmayaq.

Əvvəl yıxıb, sonra qurma planını hazırlamağı düşünənlər səmimi olsalar da, böyük xəyanət içindədirlər. Mücərrəd bir şeyin olmasını istəmək bir işə yaramadığı kimi, yolunda istəyə bilməmək və səy edə bilməmək də heç bir işə yaramayacaqdır.

Cəhd və səyimiz ürfanla təchiz olunmaz, əzm və iradəmiz dərin bir tətəbbö (hər tərəfli araşdırma) və vüqufa (xəbərdar olma, bilmə) bağlı olmazsa, fayda yerinə zərər verə bilər. Elə illərdən bəri milləti qurtarma istiqamətində aparılan bütün mübarizələrin səmərə verməməsinin əsl səbəbi də budur; yəni cəhdlə biliyin, əzmlə vüqufun, səmimiyyətlə idrakın birlikdə olmaması...

Buna görə də, bu millətin canlandırılmasını və yeni bir dünyaya hazırlanmasını öhdəsinə götürən zimamdarlar (cilovu tutan) şüursuzca ibda (ixtira, icad) və inşalara cəhd etmədən, onun öz tarixi və ruh kökü ilə təmas qurmasını təmin etməlidir. Onda bir tarix şüurunun yenidən oyandırılması çox mühümdür. Və son illərin ibrət və fəlakətlərlə dolu hadisələrinin arxasında da, bu idrakın yoxluğu və şüurdan məhrumiyyət vardır.

Bəli, bu məfkurə bütün ruh və həyatımıza hakim olmalıdır. Həm də elə hakim olmalıdır ki, məktəbdə, kazarmada, tarlada, sürü arxasında və məmurluq masasında, hətta beşikləri yelləyən anaların və nənələrin dilində daimi nəğməmiz və hərəkətlərimizin nazimi olmalıdır.

Bu anlayışla insanımıza uyğun şəkildə öz ruhu göstərilməli və öz dünyasına qapılar açılmalıdır. Onda öz müqəddəslərinə hörmət hissi oyandırılmalı, xarici və təxribatçı düşüncələrə qarşı ikrah hissi təmin edilməlidir. İctimai iradə möhkəmləndirilməklə ehtimal olunan qan, irin yığınlarının qarşısı alınmalıdır. Yoxsa irəlidə baş verə biləcək bəzi hadisələr qarşısında özünə zərər dəyməsin deyə ilanlara şirin görünməyə çalışan bəzi səfil ruhlar söndürməyə səy göstərmədikləri bu böyük yanğında millətlə birlikdə məhv olacaqlar.

Bu günə qədər min cür ölüm-dirim mübarizəsi ilə varlığını davam etdirən və bundan sonrakı varlığının da ictimai coğrafiya adına böyük əhəmiyyət kəsb etdiyi bu millət həm özü, həm İslam dünyası, həm də dövlətlər arası müvazinət üçün mütləq xilas edilməli və tarixin ondan gözlədiyi ali vəzifəni əda edəcək imkanlara qovuşdurulmalıdır.

Yaradan onu qorusun!

Sızıntı, Aprel 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.