Ön söz

1988 - ci ilin payızı idi. Ankara Universiteti Hüquq Fakültəsinə qeydiyyatdan keçmək üçün Ankaraya gəlmişdim. Sentyabr ayının ortaları idi. Normal qeydiyyat müddəti bitmişdi, əlavə qeydiyyat üçün bir neçə gün gözləməli idim. Ankarada tələbə izdihamı yaşanırdı. Hər kəs həm qeydiyyatdan keçmək həm də qalacaq yataqxana təlaşında idi.

Bir gün Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompyuter mühəndisi fakültəsinə daxil olmuş İzmirli bir tələbə ilə tanış oldum. İkimiz də Ankaraya yeni gəlmişdik. Birlikdə yemək yedik, söhbət etdik beləcə bir - birimizə isindik. Fətullah Gülənin adını ilk dəfə İzmirli bu yeni dostumdan eşitmişdim. Onun Güləni tanıması normal idi çünki Gülən, 1966-cı ildən İzmirdə yaşayırdı.

1993-cü ildə jurnalist kimi fəaliyyətə başladım. Bir il sonra, 1994-cü ildə Fətullah Gülənin fəxri rəhbəri olduğu "Jurnalistlər və Yazıçılar Cəmiyyəti" (Gazeteciler ve Yazarlar Vakfı) böyük əks - səda doğuran toplantılar keçirməyə başlamışdı. O illərdə Gülən, Dedeman Otelində təşkil olunan bir toplantıya türk solunun əfsanəvi adlarından olan Qasım Güləklə birlikdə gəlmiş,  neçə illər ölkə xaricində məcburi qürbət həyatı yaşayan sənətçi Cem Karaca ilə də qucaqlaşıb görüşmüşdü.

Jurnalistlər Güləni təqib edirdilər. Dövrün siyasətçiləri ilə keçirdiyi görüşlər jurnalistləri onunla görüşə daha da sövq edirdi. Zamanın nüfuzlu jurnalistləri Gülənlə bir araya gəlməyə çalışırdılar.

1995-ci ilin əvvəllərində, Gülən, bəzi jurnalistlərin görüş istəyini qəbul etdi. Həmin ilin aprel ayında Ankarada bir qrup jurnalistlə keçirilən görüşdə mən də iştirak edirdim.

O zamanlar, Gülənin  ölkə hüdudlarından kənarda açdırdığı türk məktəblərinin sədası geniş yayılmışdı. Orta Asiya türk dövlətlərində və Balkan ölkələrində açılan bu tip məktəblər Türkiyənin hər  yerində 1982-ci ildən fəaliyyət göstərirdi.

1995-ci ilin iyulunda, Qərargah rəisi general İsmail Haqqı Qaradayı bu liseylərdə oxuyan və bilik olimpiadalarında qızıl medal qazanan tələbələri öz Qərargahında qəbul etmiş və onlara hədiyyələr vermişdi. Bu tələbələr öncə 1995-ci il iyulun 17-də Konstitutsiya Məhkəməsinin Rəhbəri Yekta Güngör Özdəni ziyarət etmişdilər. Onların uğurlarına ürəkdən sevinən Özdən, general Qaradayıya tələbələrlə görüşmək istədiyini bildirmişdi. 1998-ci ilin may ayında Rusiyaya səfərə gedən general Qaradayını Moskvadakı türk liseyinin rus tələbələri türk bayraqları ilə qarşılamışdılar.

1997 - ci ilin sentyabrında ətraf mühit (ekologiya) konfransı üçün Qara dəniz ətrafındakı limanları gəzən "Venizelos" gəmisində idik. Səkkiz günlük konfrans bu gəmidə keçirilirdi. Trabzon limanından hərəkət edən gəmi növbə ilə, Gürcüstanın Batumi, Rusiyanın Navarosisk, Ukraynanın Yalta və Odessa, Bolqarıstanın Varna və Rumınyanın Köstəncə limanlarına səyahət edərək İstanbul və Selanikə gedəcəkdi. "Venizelos" gəmisi belə bir beynəlxalq konfransa ev sahibliyi edəcək şəkildə hazırlanmışdı.

Konfransa Türkiyədən Koç Holdinqin İdarə Heyətinin Rəhbəri Rəhmi Koç da qatılmışdı. "Venizelos" gəmisinin Qara dənizin coşğun dalğaları üzərində hərəkət etdiyi bir gündə Koçu salonda istirahət edərkən gördüm. O zamanlar "Jurnalistlər və Yazıçılar Cəmiyyəti" İstanbulda müxtəlif fəaliyyətləri ilə gündəmdə idi. Rəhmi Koçun bu fəaliyyətlər və Fətullah Gülən haqqında düşüncələrini bilmək istədik. Koç, "Fətullah Hocanı tanıyıram. Aydın Bolakın evində mən, Sakıp bəy və Fətullah Hoca birlikdə şam etmişdik" dedi.

  Sonradan, 1995-ci ildə Gülənlə tanış olan Bolakın yalnız Koç və Sakıp Sabancını deyil, TÜSİAD çevrəsindəki bir çox iş adamını Gülənlə tanış etdiyini öyrəndim. Bolakın təşkil etdiyi işgüzar yeməklərə Rəhmi Koç, Sakıp Sabancı, Osman Boyner, Asim Kocabıyık, Kamil Yazıçı, Hüseyn Bayraqdar kimi tanınmış iş adamları da qatılmışdı.

1997-ci ildə Türkiyədə qeyri-adi bəzi hadisələr yaşandı, 28 fevral adı verilən yeni bir dövr başlandı. Hökumət dəyişiklikləri oldu. Bu əsnada, 1999-cu ilin 21 martında Fətullah Gülən Amerika Birləşmiş Ştatlarına getdi. Gülən ABŞ-da olarkən, Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəl, 2000-ci il avqustun 31-də Gülən haqqında iddia qaldırdı. Bu iş 2,5 il davam etdi. 2003-cü il martın 10-da məhkəmə qərarını açıqladı. Məclisin qəbul etdiyi əfv qanununa əsasən, məhkəmə heç bir hökm vermədən iddianı təxirə saldı.  Beləcə, iddia beş il sonra öz-özlüyündə qüvvədən düşdü.

Lakin, Gülənin bəraət qərarını gözləyən vəkilləri bu qərara etiraz edincə məhkəmə prosesi yenidən başlandı. Yalnız 2006-cı il mayın 5-də Gülən haqqında bəraət qərarı verildi. Bu qərar, 5 mart 2008-ci ildə Ali Məhkəmə tərəfindən təsdiqləndi. Həmin ilin 24 iyununda Appelyasiya Məhkəməsi da bu qərarı təsdiqləyincə, Gülənin bəraəti dəqiqləşmiş oldu.

2008-ci ildə Fətullah Gülən adı artıq dünya miqyasında bir ad olmuşdu. Dünyanın ən böyük internet kitab satışı mağazası sayılan "amazon.com" saytına baxanda Gülənlə bağlı ingilis dilində əllidən artıq kitab diqqətimi çəkdi. 2008-ci ildə həmçinin dünyanın yüzdən çox ölkəsində türk məktəblərinin sayı 800-ə yaxınlaşmışdı. Eyni zamanda, həmin ilin may ayında Gülən, Bernard Levis, Umberto Eko, Samuel Hantinqton, Francis Fukuyama kimi adlarla yanaşı dünyada "yaşayan 100 böyük intellektual" siyahısında yer almışdı. Bütün dünyadan 500000 insanın səs verdiyi bu siyahıda Gülən birinci olmuşdu. Bundan əlavə, İngiltərə, ABŞ və Hollandiya kimi ölkələrdə Gülənlə bağlı müxtəlif vaxtlarda 7 beynəlxalq konfrans təşkil edilmişdi.

Türkiyənin yaxın keçmişinə nəzər saldıqda, siyasətçi olmadığı halda, ictimai həyatda bu qədər önəmli rol oynamış ikinci bir şəxsin adını çəkmək qeyri-mümkündür. Bir araşdırma mərkəzinin məlumatına görə, 1988-cil ildən 2008-ci ilin iyun ayına qədərki 20 il ərzində qəzetlərdə Gülən haqqında 28 000-dən artıq xəbər və köşə yazıları dərc olunmuşdur.

Hər şeydən əvvəl, Fətullah Gülən kimi bir insanın həyatını və onun adı ətrafında cərəyan edən hadisələri qələmə almaq çox çətin işdir. Bugünə qədər haqqında çox şeylər yazılan və söylənilən Gülənlə bağlı yeni bir kitabda mütləq yeni şeylər söylənməli idi. Bu isə yalnız, Gülənin həyatını əlli ilin hadisələri ilə zəncirvari birləşdirən geniş miqyaslı jurnalist fəaliyyəti ilə ortaya çıxa bilərdi.

Bu kitabı 2007 - ci ilin may ayında yazmağa başladım.

Fətullah Gülən haqqında ilk dəfə 19 il əvvəl, 1988-ci ildə eşitmişdim. Bu 19 ildə çox şeylər yaşanmış, həm Türkiyədə, həm də dünyada böyük dəyişikliklər baş vermişdir. Son 19 ilin digər bir özəlliyi isə, Fətullah Gülənin davamlı artan sürətlə gündəmdəki yerini qoruması olmuşdur.

Bu işə başlayarkən, İzmirdə, Ankarada və İstanbulda Gülənlə illərini keçirmiş təxminən əlliyə yaxın insanla görüşdüm. Minlərlə səhifəlik sənəd və arxiv araşdırması apardım.

Təbii ki, Fətullah Gülənlə də görüşüb, danışmaq lazım idi. 2007-ci ilin oktyabr ayının sonunda ABŞ-a gedib bu istəyimi Gülənə bildirdim. O müsahibəyə razılıq verdi. 2008-ci il mayın sonlarına qədər bu kitab üçün görüşdüyüm insanların sayı yüzə çatmışdı. Artıq Gülənlə müsahibə üçün yenidən ABŞ-a getməyin vaxtı yetişmişdi. Müsahibə, iyun ayının ilk günlərində ABŞ-ın Pensilvaniya ştatında Gülənin yaşadığı evdə baş tutdu.

Beləcə on dörd aydan artıq bir fəaliyyətin nəticəsi kimi əlinizdəki kitab ərsəyə gəldi.

Bir insanın kimliyi onun yaşadığı həyat hekayəsində əks olunur. Biz də bu düşüncə ilə yola çıxaraq, yaxın keçmişin ən önəmli simalarından biri olan Fətullah Gülənin həyat hekayəsini işıqlandırmağa çalışdıq.

17 iyul 2008, İstanbul

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.