Rəqaiq: Qəlbi titrədən, göz yaşardan mövzular
Çay söhbətindən həqiqət damlaları…
- Hər hərfdə, hər sözdə Cənabi-Allahın rizasını axtarma, özünü araya salmama, zərrəcə şəxsini düşünməmə, sözlərini, əməllərini unutma, hər şeyi ürəkdən etmə, danışanda, oxuyanda "qırtlaq ağalığı"[1] etməmə, insanları könül səsi ilə səsləmə… çox çətin işdir. Öyüd-nəsihət vermək də çətindir, Quran oxumaq da... (00:53)
- Azanı istədiyin qədər ucadan oxu, ancaq, xahiş edərəm, iqamə oxuyanda məni namaza qəlbinin səsi ilə çağır!.. (04:00)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Əbu Zər həzrətlərinin şəxsində bütün Məhəmməd ümmətinə belə buyurur: "Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır." (07:04)
- Quran oxuyanda, söhbət edəndə, kiməsə bir şey izah edəndə və Allah yolunda kiçik bir iş görəndə belə Onun rizasını diləməli və Ona yönəlməliyik. (12:00)
- İxlas qəhrəmanlarına ehtiyac var. Dünyanın çöhrəsini məhz onlar dəyişdirəcək. İstər siyasi, istər qeyri-siyasi sahədə mükafat, təqdir, təbcil (tərif), mənfəət qazanmaq üçün iş görənlər müvəqqəti təsir gücü əldə etsələr də, ciddi və uzunmüddətli heç bir şey ortaya qoya bilməmişlər. (14:33)
Sual: Dini həyatı gümrah və canlı saxlayan "müəyyidat"ın iki əsasa söykəndiyini, bunların birinin "əmri bil-məruf, nəhyi anil-münkər", digərinin isə "rəqaiq" olduğunu bildirmişdiniz. “Rəqaiq” anlayışı özündə hansı məqamları birləşdirir və müasir insanın bu mövzuda nöqsanlarını necə aradan qaldırmaq olar? (18:27)
- İslamın zirehi sayılan və dinin sarsılmasını önləyən əsaslara "müəyyidat" deyilir. Bu əsaslardan birincisi "əmri bil-məruf, nəhyi-anil-münkər"dir, yəni insanları mütəmadi olaraq yaxşılığa çağırmaq və pislikdən çəkindirmək. Müəyyidatın bir tərəfini isə "rəqaiq" təşkil edir. Ancaq bunların təsirli olması üçün ilk öncə möhkəm iman lazımdır. (18:48)
- Bəzi xüsusiyyətlərinə görə irşaddan fərqlənən əmri-bil-məruf, nəhyi-anil- münkər ümumi mənada Quran və sünnəyə uyğun söz, əməl və davranışları (mərufu) nəsihət etmək, haram və günahlardan, Allahın razı olmadığı ifadə, feil və hərəkətlərdən, dinin və səlim (qüsursuz) ağılın çirkin gördüyü hər şeydən (münkərdən) də çəkindirməkdir. (19:49)
- Məscidlərdə verilən öyüd-nəsihətlər, oxunan xütbələr, xüsusilə, Ramazan ayında müqabilələr, üstəlik təkyə və zaviyələrdə qəlb və ruhun üfüqündə sirr, xəfi və əxfanın dili ilə edilən söhbətlər "əmri bil-məruf, nəhyi-anil-münkər"ə daxildir. (23:20)
- İmanı gücləndirən, gözəl əxlaqa təşviq edən, qəlbdə Allah sevgisini artıran, ürəyi yumşaldan və gözləri yaşardan həşir, aqibət, Cənnət, Cəhənnəm, Cənabi-Allahla irtibat və zühd anlayışı ilə bağlı mövzulara "rəqaiq" deyilir. (27:41)
- Sələfi-salehin rəqaiqi həyatının ayrılmaz bir parçasına çevirmiş, "Kitabüz-zühd vər-rəqaiq" adlı əsərlər yazmış, hədis məcmuələrində və ya digər kitablarında "riqaq" başlığı altında ölüm və axirətlə bağlı mövzulara, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm), Əshabi-kiramın və Tabiunun ibadət, zühd, təvəkkül, təvazö və qənaət haqqında söz və tövsiyələrinə yer vermişdir. İnsanın ölüm mələyi ilə qarşılaşması, can vermə, dəfn edilmə, qəbir əzabı, bərzax həyatı, məhşər, hesab, mizan, sirat, Cənnət və Cəhənnəm kimi mərhələlər haqqında ətraflı danışmışlar. Rəqaiq içərisində ən çox rabiteyi-mövtü vurğulamş və axirət üçün azuqə tədarükünün zəruriliyinə diqqət çəkmişlər. Məsələn, Əbul-Leys Səmərqəndi həzrətlərinin “Tənbihul-qafilin” adlı kitabı sözügedən mövzulardan bəhs edir. Bu mövzuda İmam Qurtubi həzrətlərinin diqqət, səy və cəhdi də təqdirəlayiqdir. (28:03)
- Hənəfi fiqhinə dair bir əsərin də müəllifi olan Əbul-Leys əs-Səmərqəndi həzrətlərinin “Təmbihul-qafilin” adlı əsərini 15-16 yaşlarımda Qorucuq kəndinin camatına oxumuşdum. Cəhənnəmdən bəhs edən yerləri oxuyanda o insanlar hönkürtü ilə ağlayırdılar. Hətta bir gün namazdan sonra yanıma gəldilər, ağlamaqdan qan çanağına dönmüş gözlərini mənə zilləyib "Xocam, Allah xatirinə, Rəbbimizin Cənnəti yoxdur? Halımız yamandır, bizim işimiz bitdi" demişdilər. Rəqaiqi hər məsələni özünə aid edərək və aqibət əndişəsi ilə nəfsini ciddi hesaba çəkərək ‒ o huşyar insanlar kimi ‒ dinləmək və oxumaq lazımdır. (30:35)
- Ömrü ibadətlə keçən Əsvəd b. Yezid ən-Nəhayi ölüm ayağında çox qorxur və çox ağlayır. Həzrəti Alqamə yanına gəlib soruşur: "Bu hönkürtü nədir, günahlarından, yoxsa ölməkdən qorxursan?" O böyük Haqq dostu: "İnnəl-əmra ciddün – Xeyr, xeyr, məsələ çox ciddidir. Mən günahlarımdan, ölməkdən deyil, kafir kimi ölməkdən qorxuram" ‒ deyir. Bəli, qorxmayanın aqibətindən qorxarlar, əndişələnməyənin aqibətindən əndişə edərlər. (34:55)
- Rabitə iki şey arasında bağ, bağlılıq, irtibat, əlaqə və münasibət mənalarına gəlir. Mövt isə ölüm deməkdir. Beləliklə, "rabiteyi-mövt" ifadəsinin mənası ölümü yaddan çıxarmamaq, daima axirəti düşünmək və bu düşüncə ilə hərəkət etmək, dünyanın fani olduğunu unutmadan əbədi səadəti qazanmaq üçün səy göstərmək və tuli-əməldən (bitib-tükənməyən nəfsani arzu-istəklərdən) qurtulub böyük bir şövqlə axirət yamaclarına yönəlməkdir. (36:12)
- Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) inancın yeni-yeni kök atdığı və cahiliyyə adətlərinin hələ davam etdiyi bir dövrdə qəbir ziyarətinə müvəqqəti qadağa qoymuş, daha sonra isə ölümü xatırlamaq və ibrət almaq üçün bunu tövsiyə etmişdir. (37:13)
- Bizə nə vaxt "Sıran gəldi" deyəcəklər, bilmirik. Buna baxmayaraq, əksəriyyətimiz ölümün bir gün qapımızı döyəcəyini unuduruq. “Münəbbihat”ın başında əksini tapan nəsihət bu həqiqəti dilə gətirir: "Ey başı dünya işlərinə qarışmış bədbəxt! Həmişə uzun ömür ümidi ilə aldandın. Bəs deyilmi, bu qədər qəflət və laqeydlik. Bax, yaxınlaşdı o dünyaya səfər zamanın, unutma, ölüm gələr bir gün ansızın. Səni gözləyir qəbir, o ki əməl sandığın. Elə isə, qov dünya dərdini və səbrə sığın, əcəlin gəlmədən var hələ vaxtın" (38:10)
- İbn Məsud (radiyallahu anh) rəvayət edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: “Mən sizə qəbir ziyarətini qadağan etmişdim, bundan sonra ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti dünyaya bağlılığı azaldır, axirəti xatırladır". Hədisidə də gördüyümüz kimi hökmün mənatı (səbəb və hikməti) dünyanın faniliyini düşünmək və axirəti xatırlamaqdır. Ustad Həzrətləri də nemətin qədrini-qiymətini bilmək, anlamaq və aqibəti düşünüb hazırlıq görmək üçün qəbir ziyarətinin əhəmiyyətli olduğunu bildirir. Lakin bu gün yaşamaq sevgisi və gündəlik işlər insanları elə məşğul edir ki, qəbirlərdən ibrət alanlara rast gəlmək çox çətindir. Şəxsən, qəbirisitanlığa çox getdim, neçə dəfə dəfn mərasimlərində iştirak etdim, ancaq təəssüf ki, qəbir həyatını, əməllərinin hesaba çəkiləcəyini, gələcəyini düşünüb huşunu itirənədək ağlayan insan gördüyümü xatırlamıram. (41:34)
[1] Özünü göstərmək, nümayişkaranə davranış.
- tarixində yaradılmışdır.