Çətinliyi kimi savabı da çox olan əməllər
Sual: 1) Rəvayətlər Həzrəti Əlinin (radiyallahu anh) belə buyurduğunu nəql edir:
إِنَّ أصْعَبَ الأعْمَالِ أرْبَعُ خِصَالٍالعَفْوُ عِنْدَ الغَضَبِوَالجُودُ فِى العُسْرَةِوَالعِفَّةُ فِى الخَلْوَةِوَقَوْلُ الحَقِّ لِمَنْ يَخَافُهُ أوْ يَرجُوهُ
Bu bəyana istinadən əməlin dəyər və savabının şəraitdən asılı olaraq dəyişdiyini demək mümkündür?
- Əməli işləmək nə qədər çətindirsə, savabı da bir o qədər çox olur. Anca savabın çoxalması səmimi niyyət, ixlas və şikayət etməməkdən asılıdır. (01:00)
- Həzrəti Əlinin (kərrəmallahu vəchəhu) sözləri məalən bu mənaya gəlir: "Ən çətin əməllər bunlardır: Qəzəblənəndə bağışlamaq, əli dara düşəndə kömək etməyi bacarmaq, günahla baş-başa qalanda iffəti qorumaq, qorxduğu şəxsə də, mənfəət umduğu adama da haqqı və doğrunu söyləmək". (03:14)
- 1. Qəzəbli vaxtlarda bağışlamaq: Öfkə, hirs insanı pisliyə sürükləyəndə qəzəb hissini zəhər kimi udan, udquna-udquna hirsini iradəsi ilə cilovlayan insanlar çox çətin bir işin öhdəsindən gəlmiş və bu nisbətdə də savab qazanmış olurlar. Çünki hiddəti cilovlayıb mülayim davranmaq ancaq ciddi cəhd və səy göstərib iradəni ortaya qoymaqla mümkündur. (05:30)
- İnsanın qəzəb hissi ilə pislik etməyə sürüklənəndə belə iradəsini ortaya qoyması və insani mahiyyətə uyğun hərəkət etməsi, hətta hirsindən boğulanda nəfsin cilovunu buraxmayıb səbr etməsi, daha sonra da müxtəlif tədailərlə (bir şeyin başqa bir şeyi xatırlatması) bəzən “xortlayan” hiddətin səbəblərini unutmaq üçün mübarizə apararaq "Allah onu da bağışlasın, məni də!.." deyib qarşı tərəfi bağışlaması, hətta üstünə “daksil çəkib” o pis əməllərin izini-tozunu silməsi həm çox böyük savab qazanmasına, həm də bununla şəxsi günahları üzündən İlahi qəzəbə tuş gəlməkdən qurtuluşuna səbəb olur. (08:27)
- 2. Əli dara düşəndə kömək etməyi bacarmaq: İnsanın əlində olan imkanlardan infak etməsi möminə xas dəyərli bir davranışdır. Ancaq maddi sıxıntı çəkən bir insanın çətinliyə məhəl qoymadan infak etməsi Cənabi-Allahın Cavad isminə (ehsanı, lütfü çox olan, səxavətlilik edən) səslənişdir. (09:33)
- Həzrəti Əli (kərrəmalluhu vəchəhu) bu sözü ilə ehtiyacı ola-ola "isar" ruhu ilə hərəkət edib başqalarını özündən üstün tutma xüsusiyyətinə diqqət çəkir. İsar insanın başqalarını özündən üstün tutması və şəxsi mənafeyini xalqın mənafeyinə fəda etməsi deməkdir. (11:02)
- Yermuk döyüşündə yerdə yaralı yatan və susuzluqdan yanan Haris b. Hişam, İkrimə b. Əbi Cəhil və İyaş b. Rəbianın onlara uzadılan suyu bir-birinə ötürməsi, lakin bircə qurtum su içmədən üçünün də şəhid olması isara ən gözəl nümunələrdən biridir. Bu ibrətli səhnəni Mehmet Akif “Səfahət”ində necədə gözəl təsvir edir:
"Huzeyfətül-Ədəvi der ki: “Hərbi-Yermukun,
Yaman qızışdığı bir gündü, çox isti bir gün.
İlkindi üstü bir az səngiyincə, sanki, qital* (müharibə),
Silahı atdım əlimdən, su yüklənib dərhal,
Mücahidin arasından tələsdim imdada,
Ağır yarayla uzaqlarda qalmış əfrada* (əsgərlər).
Nə marəkəydi ki, hər tərəf, sinəsi qandı yerin!
Xudaya ürəyini açmış, yatan bu gövdələrin,
Şəhidi çoxsa da, qazisi heçmi yox.. derkən,
Dərin bir inləmə eşitdim... Lakin bu səs haradan
Sırayla oxşadım sinələr bütün biruh...
Məgər əmim oğluymuş inləyən məcruh* (yaralı).
Dedim: "Bir az su gətirdim, içərsənmi, versəm"
Gözüylə "Ver!" demək istəyərkən, arxadan bir ələm,
İnilti başladı. Baxdım: Nigahı-mərhəməti* (mərhəmətli baxış),
"Apar!" deyib mənə imada səs gələn tərəfi.
Nə etsəm, içməyəcək, boşdu, anladım ibram* (israr, təkid);
O yüksələn səsə qaçdım ki, Asın oğulu Hişam.
Görüncə kölgəmi birdən kəsildi nəvhaları* (ağı);
Su istəyirdi qəribin dönüb duran nəzəri.
İçirmək üzrə əyildim, üçüncü bir qısa "ah!"
Xırıltılarla boşaldı qarşıdan, nagah* (ansızın)!
Hişamı gör ki, o halında qaşlarıyla mənə,
"Mən istəməm, haydı, get ver, deyirdi, hayqırana."
Bir qədər axtardım “ah” edən o möhtəziri* (can verəni)...
Yetişdim, “oh”, qovuşmuşdu Haqqa son nəzəri!
Hişamı barı bulayım, dedim, dərhal döndüm:
Məgər şikarına məndən tez çatmış ölüm!
Demək, bir əmim oğuluna vardı, varsa, ümid...
Qaçıb yanına gəldim: O qəhrəman da şəhid." (12:27) - Qurani-Kərim əshabi-kiramdakı isar ruhunu bu ayə ilə diqqətə çatdırır: “Onlar möminlərə verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. (“Həşr” surəsi, 59/9) (13:54)
- 3. Günahla baş-başa qalanda iffəti qorumaq: İffət qüvveyi-şəhəviyyədə ifrat və təfritə yol vermədən halal dairədə zövq və ləzzətlərə meyil göstərməklə yanaşı, iradəni ortaya qoyaraq qeyri-məşru arzu və istəklərə uymamaqdır. İffət ümumi mənada iradənin gücü ilə cismani və bəhimi istəkləri cilovlamaq, zinadan, səfahətdən və bunlara aparan pis əməllərdən uzaq olmaq deməkdir. (15:25)
- Günah uçurumunun kənarına gəlib yuvarlanmadan geri qayıda bilən və böyük bir fəlakətdən xilas olan igidlər də az deyil. Məhşərin dəhşətindən "zillullaha (Allah kölgəsi)" sığınan yeddi qrup insandan biri də bu iffət qəhrəmanlarıdır. Çünki namusunu, şərəfini həssaslıqla qoruyan və şəhvani hislərini cilovlayan bu igid gözəl və varlı bir qadının günaha dəvətini "Mən Allahdan qorxuram" hayqırtısı ilə rədd etmiş, zahirən keçilməz görünən səddi iradəsi ilə aşa bilmişdir. (15:30)
- Həzrəti Yusif əleyhissalam vəzir xanımının günaha çağırışına “Allaha sığınıram! Axı o (sənin ərin) mənim ağamdır. Ondan çox yaxşılıq gördüm. Həqiqətən, xəyanət etməklə zalım olanlar nicat tapmazlar!” (“Yusuf” surəsi, 12/23) demişdir. Sonra da, "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur" (“Yusuf” surəsi, 12/33) deyərək iffətinə toz qondurmaqdansa, illərlə zindanda yatmağa razı olmuş və qiyamətə qədər bütün möminlərə həya timsalı olmuşdur. (16:23)
- Həzrəti Ömərin (radiyallahu anh) gözünün nuru o gənc də iffət üfüqünün bir qəhrəmanıdır. O da azca günaha meyil edən kimi qəfl "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar" (“Əraf”surəsi, 7/201) ayəni xatırlamış, Cənabi-Allahdan həya etmiş, ürəyi Allah qorxusuna tab gətirməmiş, elə orada canını tapşırmışdı. Gəncin ölüm səbəbini öyrənən Həzrəti Ömər dərhal qəbrinə gedib ona bu ayə ilə səslənmişdi: "Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir" (“Rəhman” surəsi, 55/46). O, ayəni oxuyar-oxumaz qəbirdən gur səs yüksəlmişdi: "Ya Əmirəlmöminin! Allah mənə onun iki qatını verdi" (18:16)
- 4. İnsanın qorxduğu şəxsə də, bir mənfəət umduğu adama da haqqı və doğrunu söyləməsi: Yalanın rəvacda olduğu və insanların rahatlıqla yalan danışdığı belə bir dövrdə inananlar doğruluğu abidətək çiyinlərində daşımağa və namus kimi qorumağa məcburdurlar. Nə vəd olunan mal-mülk, nə qorxu və təhdid möminləri düzgünlükdən ayırmamalıdır. (21:28)
Sual: 2) Bir az əvvəl diqqətə çatdırdığınız
اَلَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ
ayədə tövsiyə edilən məsələlərlə ayənin axırında keçən "ihsan" məfhumunu bir-biri ilə əlaqəsini izah edə bilərsinizmi? (23:40)
- Bu ayədə məalən belə buyurulur: "O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görən ihsan əhlini sevir." (“Ali İmran” surəsi, 3/134) (23:40)
- İlahi bəyanda imkanı olanda da, maddi sıxıntı çəkəndə də Allah yolunda infak edən, bolluqda da, darlıqda da, xülasə hər şəraitdə səxavətini əsirgəməyən insan nümünə göstərilir. (25:38)
- Sözü gedən ayədə öfkə pislik etməyə sürükləyəndə belə qəzəb hissini zəhər kimi udan, hirsini iradəsi ilə cilovlayan insanlarla Cənabi-Allahın verdiyi bütün nemətlərdən – hər nemətin öz növündən ‒ bolluqda da, darlıqda da infak edən comərd qulların adı bir çəkilir. (26:43)
- Bu ayədə həmçinin Allahın mükafatını əldə etmək üçün öfkəsini boğan, qeyz və kinə məğlub olmayan, əfvi xarakterə çevirən insanlar qəsd olunur. Pislik edənlərə belə yaxşılıqla cavab vermək və düşmənlərlə belə dostluq münasibətləri qurmaq hədəfi göstərilir. (27:40)
- İlahi bəyanın axırında bütün məsələlər gəlib çıxır "ihsan"a. Çünki şəraitdən asılı olmayaraq daim infak etmək, qəzəb hissini boğmaq və insanları bağışlamaq çox çətin işdir. Bu işin öhdəsindən gələ bilənlər ancaq əhli ihsandır, Cənabi-Allahın razı olduğu əməlləri işləyənlər, insanlığını və iradəsini layiqincə ortaya qoyanlar, bir hədisin ifadəsi ilə desək "daim Allahı görürmüş kimi hərəkət edən, və ya heç olmasa “O məni görür” şüuru ilə yaşayanlar"dır. İman öz həqiqi təsir gücünü ancaq İslamla ortaya qoya bilər. Ancaq mömin bu səviyyədə qalmamalı, nəzəri biliyini əməllə taclandırıb dərinləşdirməli və ihsan istiqamətində ömür sürməlidir ki, İslamın vəd etdiyi gözəllkləri duya bilsin. (28:45)
- tarixində yaradılmışdır.