Zülm

Ədalət mülkün təməli, zülm bu təmələ yerləşdirilmiş bir dinamitdir; ədalət haqqı və xalqı xoşnud etmənin ən doğru yolu, zülm bu yolda ürəkləri sızladacaq bir qüleybanidir; ədalət haqqın səsi və nəfəsi, zülm bir nəfsin hırıltısıdır; ədalət dünya və axirət səadətinin yeganə vasitəsi, zülm haqsızlığın, zülmün dumanı, sisidir; ədalət əbədiyyət də dediyimiz həqiqətin Qurandakı adı, zülm həqiqi insani dəyərlərə qarşı sayğısızlığın bir ünvanıdır; ədalət dünyada sülhün ən sağlam körpüsü, zülm bayağılığın ən canlı nümunəsidir...

Zülm ilə bu zamana qədər kimsə payidar olmamışdır; olmuş kimi görünənlər də bir xeyir tapmamışlar. Atalarımız nə gözəl deyiblər: zülm ilə abad olanın axırı bərbad olar. İnsan küfrə qarşı məsafəli olduğu qədər zülmdən də uzaq durmalıdır; çünki Allah yanında məzlumun ahı bir duadır və bu duanın qəbulu da İlahi ədalətin təcəssümüdür. Nahaq yerə deyilməyib:

Zalımın zülmü varsa, məzlumun da Allahı var.
Bu gün xalqa zülm etmək asan, sabah Haqqın divanı var.

Zülm öz həddini aşmaq və haqsızlıqdır, bu cür günahı işləyən zalımın düşməni isə Allahdır. O, çox mərhəmətli olduğu qədər də “Haqqı yerinə gətirən” bir Adili-Mütləqdir. Mərhəməti ilə zalıma imkan üstündən imkan verir, amma məzlumu, əzilmişi də sonuna qədər tapdatmaz. Bu gün olmasa da, sabah həddini aşmışa həddini bildirir və hər şeyə qadir olduğunu göstərir.

İnsanın azad və iqtidar sahibi olması ona başqalarına zülm etmək haqqı verməz; qüvvət Haqqın əmrində olduğu müddətdə dəyərlər üstündə dəyər qazanır; hürriyyət də başqalarının haqlarına sayğılı davranıldığı ölçüdə həqiqi qiymətini alır və əbədi olur.

Haqqın təqdir buyurduğu sərhədlər içində qalmaq ədalət və istiqamət, bu sərhədləri aşmaq isə zülm və haqsızlıqdır. Ədalət hər bir məsələdə müvazinəti qorumaq və dürüst olmağın Quran qaynaqlı adıdır; zülm isə hər sahədə müvazinəti alt-üst etmənin ünvanıdır. Ancaq hər zülmün eyni səviyyədə olmadığı da bir gerçəkdir: İnsanın Xaliq-məxluq, əbd-Məbud münasibətindəki azğınlığı olan şirk əslində insanın özünə ən böyük zülmüdür. Açıqdan-açığa Haqq-hüquq tanımamaq, başqalarına işgəncə, əzab vermək, onları aldatmaq, etibarlarını itirmək, qeybət etmək kimi xüsuslar ikinci dərəcəli zülmdür. Allahın əmr və yasaqlarını dinləməmək, haramlara qarşı özünü qorumamaq, icazə verilmiş çərçivə içindəki zövqlərlə kifayətlənməmək isə insanın özünə başqa bir zülmüdür. Qurani-Kərim fərqli yerlərdə müxtəlif ifadə və üslublarla zülmün hər çeşidindən uzaq durmağa çağırır və “Kafirlər bizə deyil, özlərinə zülm edirdilər” (Bəqərə/57) buyuraraq, haqsızlığın dönüb zalımın öz başına dolanacağını vurğulayır. “O inkarçılar elə əsl zalımlardır” (Bəqərə/254) fərmanı ilə zülm və küfrün bir vahidin iki üzü olduğuna diqqət çəkir; “Allah əsla zalımları sevməz” (Ali İmran/57) bəyanı ilə zülm haqqında qəti hökmünü ortaya qoyar; “Allah zalım bir toplumu hidayətə qovuşdurmaz” (Bəqərə/258) xəbərdarlığı ilə zülmün də eynən təkəbbür və azğınlıq kimi imandan məhrumiyyətə səbəb olduğunu, olacağını xatırladır; “Allah onlara zülm etmədi, onlar özləri-özlərinə zülm edirlər” (Tövbə/70) bəyanı ilə tarixin ən müxtəlif mərhələlərində insanların özlərini nə hala saldıqlarını göz önünə çəkir; “O gün zalımların dostu və yardımçısı yoxdur” (Ali İmran/192) qorxuducu sözləri ilə zalımın uğrayacağı aqibəti göstərir; “Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Quran və Peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?” (Ənkəbut/68) xəbərdarlığı ilə Qurana meydan oxumağın çox böyük bir azğınlıq olduğunu ifadə edir; “Rəbbin xalqı zülmkar olan məmləkətləri əzabla yaxalayanda belə yaxalayar” (Hud/102) qəhredici fərmanı ilə tarix boyunca həddini aşanların mütləq cəzalandırıldığını və cəzalandırılacağını xəbər verir; “O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular)” (Hud/67) xəbərdarlığı ilə haqsızların hər zaman həlak edildiklərini, ediləcəklərini təkrarlar və bizi özümüzə gəlməyə çağırar.

Bunlar kimi daha onlarla mübarək ayətlər zalımların dünyadakı və axirətdəki aqibətini xatırlatmaqla yanaşı, onlara yanaşmaq, onlara bənzəmək kimi bir meyilin də insanı əbədi zülmə sala biləcəyini israrla vurğulayır və bizə ədalət və istiqamət içində olmağı əmr edir.

Qurani-Kərim zülmün çox geniş bir tablosunu gözlər önündə canlandırır, onu çeşidlərə ayırır və hər birindən də uzaq durmağı bizdən tələb edir. Qurana görə, Allahın haram buyurduğu şeylərə əl uzatmaq, əmr etdiyi xüsuslara qarşı laqeyd qalmaq, insanları dini vəzifələrini yerinə yetirməkdən məhrum etmək, fühuşa qatılmaq, inkarçılara rəğbət bəsləmək, xalqın hüququna təcavüz etmək, millətin malını yemək, haram-halal tanımamaq və Allahın qoyduğu qanunların əksinə getmək, fitnə-fəsad törətmək, başqaları haqqında iftira, qeybət eləmək, din yoluna xidmət edənlərlə düşmənçilik etmək, möminlər haqqında sui-zənnə girmək və onlara qarşı gözügötürməzlik etmək, yalan danışmaq, sözündən dönmək, əmanətə xəyanət etmək, dini, əxlaqi məsələləri şəxsi və siyasi mənfəətinə vasitə eləmək, müqəddəs dəyərləri dünyada müəyyən məqsədlərə çatmaq üçün istifadə etmək və dini dəyərlərlə dünya nemətləri qazanmağa çalışmaq kimi xüsusların hamısı ayrı-ayrılıqda zülmdür və bunlardan uzaq durulması əmr edilmişdir.

Təəssüf ki, bu gün yuxarıda qısaca toxunub keçdiyimiz zülmlərin hamısı yaşanmaqda və hamısına qarşı da sükut görünməkdədir. Bəli, bu gün bəlli çevrələrə qarşı haqsızlıq boğazdan yuxarıdır. Tiranların zülmü kimi hər cür təcavüz, qaralama, iftira, böhtan medianın əlinin və dilinin yetdiyi səviyyədədir. Şərəf, heysiyyat və qürurla oynamaq adi hal almışdır. Din və vicdan hürriyyətinə sayğı seminar və konfranslarda söylənilənlərdən o tərəfə keçmir. Demokratiya ideologiyalara görə fərqli-fərqli şəkillərə salınır. Hətta demokratiya adı ilə əməliyyatlar keçirilir, insanın heysiyyatı tapdanır, namus ayaqlar altına atılır, iqtidarlar devrilir, süni iqtidarlar ortaya çıxarılır, nəsillər öz kökündən uzaqlaşdırılır, assimiliyasiyaya uğradılır, “haqq” deyilir, amma min bir məkr, zülm işlədilir. Qoluzorlular dünyanın gözünün içinə baxa-baxa tarixdə misli-bərabəri görünməmiş zülmlər sərgiləyirlər. İnləyən inləyir, əzilən əzilir:

İlahi! Bir müəyyəd, bir kərim əl yoxmu tutsun da, / Çıxarsın Şərqi zülmətdən, götürsün fəcri-məvuda? - deyir Mehmet Akif Ərsoy və bir qurtarıcı əl gözləyir. Çoxlarının ümidləri sarsılmış, iradələri iflic olmuş, həyəcanlar sönük və hər kəsin də hesab-kitaba girməyən gözlənilməz bir lütf gözləyən halı var; nə ciddi bir çırpıntı, nə sistemli bir hərəkət, nə də düşündürücü bir tablo görünür; ruhlar çarəsizlik dalanlarında axıb gedir, sinələr hissizlik və səssizlik Aaxarında. Məhz belə bir mağmınlar dönəmini təsvir edən mərhum Mehmet Akif bir az da şeirin qəzəb imkanı ilə səsini belə yüksəldir:

İslamı əlindən tutacaq, qaldıracaq yox...
Nahaq yerə fəryad ediyor: acizə haqq yox!
Yetməzmi müsab olduğumuz bunca dəvahi?
Ağzım qurusun... yoxmusan ey ədli-İlahi?

İlahi ədalət hər zaman olub, bu gün də var; amma o, ədalətdən pay alma ləyaqətinə görə lütf edilir... O, zamanın şərtlərinə görə təcəlli edər... Zülmün “qeyrətullah”a toxunması ilə hərəkətə keçər... Biz də həm fəal olaq, həm də görək; “Mövla görəlim neylər, neylərsə gözəl eylər” (İbrahim Həqqi).

Biz özümüzə gəlib duyğuda, düşüncədə, ruhda və könüldə diriləcəyimiz, dirildikdən sonra ictimai ədaləti gerçəkləşdirəcəyimiz ana qədər Yer üzündəki bu qorxunc zülm davam edəcəyə bənzəyir. Biz boynumuza düşən gərəkli işləri yerinə yetirmədən heç bir problem həll edilməyəcək. Əksinə, bu halımızla daha çox günahlara girmiş, mərhmətə ləyaqət haqqımızı da itirmiş oluruq.

Bizə düşən bütün varlığımızla yenidən Allaha yönəlmək, uca məfkurəmiz naminə hərəkətə keçmək, qüsursuz bir mübarizə ruhu ilə, qeyrətlə gərilməkdir. İstərsəniz, son sözü yenə böyük həyəcan şairinə verək:

Sus ey divanə! Durmaz kainatın seyri-mutadı,
Nə sandın! Fitrətin əhkamı heç dinlərmi fəryadı?
Bu gün, sən kəndi kəndindən ümid et ancaq imdadı;
Əvət, sən kəndi iqdamınla qaldır, get də bidadı;
Cahan qanuni-səyin, bax, nasıl bir hislə münkadı!
Nə yapsın? “Leysə lil-insani illa ma səa” vardı!..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.