Kindən doymayan dünya

Həyat uğrunda mübarizə aparan və gələcək naminə yaşayan hər millət ancaq öz gücünə, öz köklərinə, öz din və imanına, öz əzminə güvəndiyi təqdirdə mövcudluğunu qoruya bilər.

Əks halda, o, mövcud ola bilməyəcək. Bəs görəsən biz bu düstura əməl etdikmi?

İllərlə, əsrlərlə qanımızı əmən, canımızı çıxaran bir dünyaya istiqamətləndik, onu mövcudluğumuzun ən əsas ünsürü hesab etdik. Hətta bu dünyanı mehrabımız kimi qəbul etdik, ondan mərhəmət dilədik və ona ümid bağladıq. Onlar da bizim bu zəif damarımızdan sui-istifadə edib, bizi öz tariximizə, mənəvi sərvətlərimizə qarşı qoyaraq, öz mənəviyyatımıza olan etimadımızı sarsıtdılar, şüurumuzu kütləşdirdilər, iradəmizi iflic etdilər və nəticədə bizi qapılarının qullarına çevirdilər. Bu, əsrlərlə davam etdi, nə onlar bu cəfadan usandılar, nə də biz vəfamızdan əl çəkdik. Sanki bu cənnət vətənimiz Kərbəlaya döndü...

İtirdiyimiz o illəri xatırladıqca, o illərin səmimiyyətsizliyini, yalanlarını və riyakarlıqlarını gözlərimizin önünə gətirdikcə, ruhumuz üsyanla kükrəyir, nəbzlərimiz əsəblə vurur, ürəyimiz nifrətlə döyünür. Bu hadisələrin yenidən təkrarlanacağından ehtiyatlanırıq. Əslində şübhələrimiz yersiz deyil. Azərbaycanda, Körfəzdə, İraqda baş verənlər nə qədər haqlı olduğumuzu göstərir. İndi də Qəzzədə...

Bəli, durmadan özünü “mədəniyyətlər beşiyi”, bəşəri dəyərlərin qaynağı və ölkələrarası tarazlığın əsas ünsürü kimi təqdim edən, “Qərb” adlandırdığımız bu insafsız dünya daim bəşəriyyəti uçuruma aparmış, hər yerdə qaranlıq oyunlar oynamış, ağla-xəyala gəlməyən intriqalar törətmişdir. Ələlxüsus İslam dünyasına qarşı min cür oyundan çıxmışdır. Onlar müsəlmanlara qarşı nəinki insaflı olmuş, əksinə, əllərinə fürsət düşən kimi İslam dünyasını bölüb, irq və məzhəb davaları çıxarmağa çalışmışlar. Bu dünya İslama qarşı elə bir kin bəsləmişdir ki, ay-ulduzu heç vaxt qəbul edə bilməmişlər...

Bu məğrur və eqoist dünya həmişə özünü mədəniyyətlərin ən ali kürsüsü, elm və düşüncə həyatının ən “müdrik” rəhbəri kimi görmüş və buna görə də qarşısındakı hər kəsi cəhalətdə, barbarlıqda günahlandırmışdır. Ona görə də o, bədəvi hesab etdiyi (təbii ki, əsl bədəvilərin kim olduğu zaman keçdikcə ortaya çıxacaq) kütlənin daxili işlərinə qarışmış, qan tökmüş, qan içmiş, ölkələri yandırıb-yaxmış, dövlətlərin idarəçilik sistemlərinə müdaxilə etmişdir. Qəribədir ki, başqasının işinə qarışmağı da demokratiya və mədəniyyət naminə etdiyini söyləmiş və bunu insanlıq mübarizəsi kimi qələmə verməyə çalışmışdır. Yəqin ki, bütün bu vəhşilikləri və qeyri-insanilikləri törədərkən, namusları ayaqlar altına atarkən, başqalarının var-dövlətlərini yağmalayarkən ən kiçik təəssüf hissi belə keçirməmişdir...

Ey talesiz bəşəriyyət! Sən mədəniyyət, demokratiya, azadlıq və insan hüquqları kimi ülvi dəyərlərin ağızlarda saqqıza çevrildiyi bu çağımızda minlərlə məsum körpənin, talesiz gəncin, bədbəxt qocanın müasir cəlladların əlində parçalanmasına nə qədər tamaşa edəcəksən?! Şeytanlara rəhmət oxutduran bu canavarlıqları nə qədər alqışlayacaqsan?!

Haradadır Qərbin yüksəktirajlı qəzetləri, jurnalları?! Haradadır “Tayms”, “Vaşinqton Post”, “Le Fiqaro”, “İndependent”, “Le Mond”, “Tribyun”, “Deyli Teleqraf”, “Oserver”, “Nyusuik”, “Rayder Daycest”, “Ştern”?! Onlar niyə susdular? Bu barədə yazanda da zalıma haqq qazandırdılar, məzlumun səsini eşitmədilər.

Aman Allahım! Mənfəətpərəstlik, İslam düşmənçiliyi və küfrbazlıq insanı bu səviyyələrə düşürərmiş! Biz isə həmişə insanları əziz bildik. Onları həmişə əziz saydıq. Başqalarının da belə davrandığını zənn etdik. Ancaq təəssüf ki, indiyə qədər belə olmadı və indi də bizi aldatmağa çalışdıqlarını görürük. Yazıqlar olsun, İslam dünyasını zülmə məruz qoyanlara! Yazıqlar olsun, torpaqlarımızı qana bulayanlara! Yazıqlar olsun, zalımların zülmünə səssiz qalanlara! Yazıqlar olsun, səmaları inlədən məsum körpələrin fəryadlarını eşitmək istəməyənlərə! Yazıqlar olsun, zalımı və zülmü alqışlayanlara!

Bəlkə, biz bu zülmün üzərindən “yazıqlar olsun” deyib keçirik. Ancaq Haqq Divanında hesab asan olmayacaq...

P.S. Bu yazı Türkiyənin tanınmış fikir adamı, mütəfəkkir Fəthullah Gülənin www.herkul.org saytında yayımlanan eyni adlı yazısının xülasəsidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.