Vicdan genişliyi
Sual: "Vicdan genişliyi" nə deməkdir? Bir insanın vicdanının geniş ya da dar olmasının təzahürü nədir?
Cavab: "Vicdan genişliyi" iman, elm, mərifət, məhəbbət, məxafə və başqalarının dərdinə yanma hisləri ilə dolu bir könlün əngin bir himmətlə bütün insanlığı qucaqlaması, qəlbin qapılarını hər kəsə açması, daima əfvedən, bağışlayan, mürüvvətli olması və xüsusilə də, bütün insanların hidayətini diləyib hər kəsin əbədi xoşbəxtliyini istəməsi şəklində tərif edə biləcəyimiz bir ruh ucalığıdır. Digər bir ifadə ilə, "vicdan genişliyi" və ya "vicdanın inkişafı" bir insanın öz acizliyinin, fəqir və yoxsulluğunun fərqinə vararaq və bunları təmin edəcək bir güc və qüdrətə bağlılığın zəruriliyini duyaraq iman, təslim və təvəkküllə Zati-Üluhiyyətə sığınmaqla yanaşı, hər cür xudbinlikdən uzaqlaşaraq "insan" sözündəki "ünsiyyət" mənasına yönəlib mahiyyətindəki ictimai ruha uyğun hərəkət etməsidir.
Vicdanın inkişafı
İman, elm, mərifət və məhəbbət şüaları ilə aydınlanmış və inkişaf etmiş bir vicdan Yaradandan ötrü hər kəsə yaxınlıq duyar; qarşılaşdığı hər şeydə və hər kəsdə ilahi təcəllilərdən rənglər görər, ilahi naxışları tamaşa edər, səslər dinlər.. və bütün varlığın bir ünsiyyət, vəhdət içərisində olduğunu hiss edər; beləcə hər şeyə və hər kəsə isti münasibət göstərər. Belə ki, qəlbi dünyaları ehtiva edəcək qədər genişlənər; mənliyinin dərinliyində coşub-daşan düşüncələri sayəsində hüdudlar içində hüdudsuzlaşar, zaman və məkanla bağlı olduğu halda onların hüdudlarını aşar. Belə bir könül insani duyğuların inkişafı nisbətində fərdiliyi aşıb külliləşər; bütün inananlara qucaq açar, hər kəsə əl uzadar və bütün insanlığı ən səmimi duyğularla salamlar.
Vicdanı geniş olan bir mömin insanlarla rəftarda peyğəmbəranə bir üslub nümayiş etdirər; hər kəsi sevər, hər kəsin yaxşılığını istər. Özünü ən kiçik səhvə görə sorğu-suala çəkər, lakin başqalarının qüsurlarını görməz; yaxın-uzaq ətrafın səhvlərini sadəcə normal hallarda deyil, hirsləndiyi zamanlarda belə bağışlayar və ən yolagetməz insanlarla belə yaxşı keçinməyi bacarar.
Əslində, uca dinimiz də öz mənsublarına əldən gəldiyi bağışlamağı, kinə, nifrətə məğlub olmamağı və qisas alma duyğusuna qapılmamağı tövsiyə edir ki, onsuz da gözü axirətin yamaclarında olan, sonsuz səadət arxasınca gedən bir möminin başqa cür olması da qeyri-mümkündür.. başqa cür olması bir tərəfə, həqiqi mömin oturub-durub başqalarına xeyir yolları axtarar, xeyir diləyər, ruhundakı sevgini daim canlı tutmağa çalışar, hətta hər davranışında sevgidən çox şəfqəti əsas götürər; qeyz, nifrət və kindən isə daim uzaq durar. O, öz qəlbindən başlayıb hər yerdə yaxşılıq və gözəllik toxumlarının boy atıb inkişafına zəmin hazırlayar; üstünə kinlə, nifrətlə gələnləri belə təbəssümlə qarşılayar və ən təcavüzkar insanları belə sevginin gücü ilə məğlub edər.
"Haqqımı halal etdim!.."
Geniş vicdanlı insan daim sevgi və şəfqətin həyəcanı ilə yaşadığına görə duyğu və düşüncələrində, hal və hərəkətlərində olduğu kimi ibadətü-taət və dualarında da xudbinlikdən uzaq olar, himmətini həmişə ali tutar; təzərrö və niyazlarında bütün qohum-əqrəbasını, dost-tanışlarını da nəzərə alaraq hər kəs üçün xeyir diləyər.. hətta çərçivəni daha da genişlədərək Cənabi-Allaha yer üzündəki bütün insanların qəlbini imana, İslama, ehsana və Qurana yönəltməsi üçün yalvarıb-yaxarar.
İnsanın vicdanını inkişaf etdirən amillərin başında "məhasini-əxlaq" durur; buna görə də vicdan genişliyinin ən əsas əlaməti gözəl əxlaqdır. Məsələn, "əfvü-səfh" gözəl əxlaqın bir şöbəsidir; qüsurları bağışlama və əfvedici olub dostca rəftarı davam etdirmə geniş vicdanlı bir möminin şənidir.
Belə gözəl vəsflərə sahib olan bir mömin başqalarından gördüyü pis rəftar qarşısında belə səbirli, təmkinli, bağışlayan və özünü daim sorğuya çəkən olur. O, hər bəla və müsibətə: "Mən daha böyüyünə layiqəm!" mülahizəsi ilə yanaşar. Molla Nəsrəddinin başına qoz düşüncə yerdəki balqabağa baxıb: "Hər şey yerində gözəldir; ağacda qoz yerinə bu balqabaq olsa idi!" deyərək hikməti-ilahiyyəyə yanaşmasını dilə gətirdiyi kimi, o da: "Ya tam layiq olduğum müsibətlə qarşılaşsa idim.. demək ki, Allah (cəllə cəlaluhu) başıma gələsi bəlanı mərhəməti ilə əzdi-büzdü, belə kiçicik bir şey halına gətirdi və elə göndərdi; həmd olsun Ona!" deyərək məsələni öz xəta və günahlarına, istehqaqına, ləyaqətinə və qədəri-ilahiyə bağlar; yerdə ona pislik edənin bir payı qalıbsa, onu da bağışlayar.
Həzrəti Ustadın ona zülm edənlərə, müxtəlif ittihamlarla onu məhkum etmək istəyənlərə, oba-oba, şəhər-şəhər gəzdirənlərə və zindanlarda ona yer hazırlayanlara belə haqqını halal etməsi; əhli-dünyanın zülmünü qədərin ədaləti və özünü sorğuya çəkmə zaviyəsindən dəyərləndirərək heç kəsdən küsməməsi; ona düşmənçilik edənləri belə şəfqət dairəsindən kənara atmaması və onların da hidayətə gəlmələrini səmimi qəlbdən diləməsi bu mövzuya gözəl bir nümunədir.
Nur müəllifinin ona nalayiq sözlər deyən bir insan haqqında mülahizəsi necə də möminə layiq, necə də ibrətamizdir! Pis sözlərə belə cavab verir: "Əgər onun təhqiri və dediyi qüsurlar şəxsimə və nəfsimə aid isə Allah ondan razı olsun ki, mənim nəfsimin ayıblarını deyir. Əgər doğru deyibsə, məni nəfsimin tərbiyəsinə sövq edər və təkəbbürdən qurtulmağıma kömək olar. (...) Mənim boynumda və ya qoynumda bir əqrəb olduğunu biri desə və ya göstərsə, bundan incimək deyil, məmnun olmaq lazımdır".
Zirvələr təmkin istər
Təbeyi-təbiun dövrünün böyük muhəddislərindən Yəhya b. Səid əl-Qattan həzrətlərinin acıdil qonşusuna rəftarı da bundan fərqli deyil. Bir gün qonşusu ona çox ağır sözlər deyir. Haqq dostu təhqir yağdıran insana heç cavab vermir, sadəcə bunları pıçıldayır: "Bəlkə də, düz deyir, mənə şəxsiyyətimi və necə insan olduğumu xatırladır. Bəli, mən kiməm ki, ya da nəyəm ki, bunlara ləyaqətim olmasın!"
Bəli, böyüklərdəki bu cür mülahizələr, buna bənzər hal və hərəkətlər vicdan genişliyinin əlamətidir. Onlar nəfsi üçün belə asan inciməzlər. Başqalarının qüsurlarını və öz yaxşılıqlarını dərhal unudar, amma öz xəta və günahlarını, bir də başqalarından gördükləri yaxşılıqları əsla unutmazlar. Hər şeyi ətraflı düşünər, məsələlərə obyektiv baxar, hadisələrə və şəxslərə mülayim və müsamihəli yanaşar və qəlblərini hər kəsə açar. Bütün inananlar vicdan genişliyi baxımından onlara bənzəməyə çalışmalı və o səviyyəyə gəlmək üçün səy göstərməlidirlər.
Belə ki, bir insan vicdanı nə qədər inkişaf edir-etsin yenə də özünü bişmiş, yetişmiş görməməlidir. Bir insanın özünün bu mövzuda zirvəyə çatdığına və istənilən səviyyəyə gəldiyinə inanması çox təhlükəlidir. Əksinə o, ən müsamihəli hallarda və vicdanı ən geniş olduğu anlarda belə bir darlığa düşmə ehtimalını unutmamalıdır. Daim özünü sorğuya çəkməli, "Daha təmkinli ola bilməzdim? Bu məsələdə daha mülayim davrana bilməzdim?" kimi sorğularla nəfsini hesaba çəkməli və geniş düşünmənin hər kəs üçün ən xeyirli yol olduğunu heç vaxt yaddan çıxarmamalıdır.
Pis əxlaqın nəticəsi
Digər tərəfdən, pis əxlaq insanda darlıq hasil edir. Vicdan cəhalət, təkəbbür, qürur, xudbinlik, qısqanclıq kimi pisliklərlə daralır, büzüşür və bir xudpəsəndilik dəhlizinə çevrilir. Məsələn, bir insanda qısqanclıq da deyə biləcəyimiz "həsəd" mərəzi varsa, o başqalarının müvəffəqiyyətini, zənginliyini, gözəlliyini, elmini, xoşbəxtliyini... qəbul etməz; özündə olmasını istədiyi xüsusiyyət və ya mövhibələrin başqasında olması onu narahat edər. Haqqın təqdirinə razı olmaq əvəzinə qədərin öz həva və həvəsinə uyğun cərəyan etməsini istər; hadisələr arzu etdiyi kimi getməyincə də qədəri tənqid edər və narahatlıq, həzəyan dolu ömür sürər.
Həsəd belə davam etdiyi təqdirdə bir neçə adama qarşı olan bu qısqanclıq hissi zamanla böyüyər, sonra da düşüncə və hissiyyatı tamamilə zəbt edərək insanı bütün yaxşılıqları, gözəllikləri qaralayan bir təcavüzkara çevrilər. Hətta bəzən hasid (həsəd edən insan) qısqandığı insanlar müsəlman olmasına baxmayaraq, hər fürsətdə onları təhqir edər; sırf qısqanclığına görə əhli-küfrlə bir olub həsəd etdiyi möminlərə hücum edər. Öz nəfsinin darlığına məhkum olan belə insan "əhsəni-təqvim"ə məxsus vicdan genişliyini və imanın həqiqi mahiyyətini əsla duya bilməz.
Təkəbbürlü insan da özünü böyük gördüyünə görə həqiqi böyüklərin böyüklüyünü həzm edə, qəbul edə bilməz. Hətta bir ustadı, bir müəllimi, bir mürşidi varsa, onu da həzm edə bilməz. Zahirən mürşidini təqdir edib arxasınca gedər, lakin bu zahiri təqdir və təqibdən də daxilən narahatlıq duyar. Bir-iki səhifə çevirmişsə: "Mən də bəzi şeyləri bilirəm," – deyər. Bəzi insanların Allahın dəstəyinə məzhər olmasına və ilahi inayətlə əhatə olunmasına heç inanmaz; xudbinlikdən uzaqlaşıb başqasını qəbul etməyə qətiyyən yaxın durmaz. Belə davam etdiyi müddətdə də daim darlığın pəncəsində vurnuxub durar.
Bu da bir vicdan darlığı
Vicdanı inkişaf etməmiş bir insan başqalarından gördüyü yaxşılıq və ehsanı bir də öz xəta və günahlarını tez unudar. Başına gələn pis hadisələri və başqalarına etdiyi ən xırda bir yaxşılığı isə illər keçsə də, qətiyyən ağılından çıxarmaz. Etdiyi cüzi bir yaxşılığı belə on-iyirmi il sonra xatırladar və həmsöhbətini minnət altında qoyar. İyirmi il əvvəl eşitdiyi bir incidici sözü aradan bu qədər vaxt keçsə də, unutmaz; bəzən səssiz qalsa da, fürsət tapan kimi və əlverişli bir şərait hasil olunca dərhal köhnə dəftərləri təzədən açar, keçmiş xətaları ortaya tökər və sanki, insanları utandırmaqdan həzz alar.
Üstəlik biri gəlib ona: "Filankəs sənin haqqında belə dedi" deyincə hövsələdən çıxar, ətrafı qırıb-tökər, bəzilərini "dəftər"indən silib atar və yenidən kinə, nifrətə qapılar. Vicdandakı darlıq onun geniş və tutarlı düşünməsinə mane olar və "Mən elə böyük insanam ki, tənqid olunası xüsusiyyətim olmasın? Üstəlik -haşa- "Rəhman övladlığa götürdü" deyənlər belə çıxmadımı? Quranın ifadəsi ilə "Rəhman"a uşaq isnad etdiklərinə görə az qala göylər çatlayacaq, yer yarılacaq və dağlar yerlə-yeksan olacaqdı; övladlığa götürmək "Rəhman"ın şanına yaraşmazdı, amma bu açıq həqiqətə baxmayaraq, bəziləri Cənabi-Haqqa iftira atmaqdan belə çəkinmədilər. Zati-Üluhiyyətə belə böhtanlar atılan dünyada mənə nəsə deyilibsə, nə olsun?" deməklə məsələni öz nəfsinə baxan yönü ilə yüngülləşdirməyə səy göstərməz.
İctimai ruh
Əslində, bir ictimai heyətdə genişlik və əhatə edicilik də ayrı-ayrı fərdlərdən başlayır. Fərd əngin ruhlu və geniş vicdanlı olsa, cəmiyyət də eynilə o mükəmməlliyi özündə əks etdirər. Nə vaxt ki iman insanın vicdanına hökm edər, onu təkəbbür, xudbinlik, qısqanclıq və kin kimi darlıq səbəbi olan pis əxlaqdan qurtararaq genişlətsə və oraya "mən" yerinə "biz"i, xudbinlik və fərdilik əvəzinə də qardaşlıq duyğusunu yerləşdirsə, o insan vicdanının genişliyi nisbətində şəxsi-mənəvinin bir fərdi, ruhi-ictimainin bir müməssilinə, təmsilçisinə çevrilər.
Fərd duyğuları dar, düşüncələri dayaz, mülahizələri də xudbinlik girdabındadırsa və xudkamlıqdan heç cür qurtula bilmirsə, belə fərdlərdən möhkəm bir heyətin meydana gəlməsi və yüksək bir millətin təşəkkülü əsla düşünülə bilməz. Çünki bir cəmiyyəti həqiqi mənada böyüdən və yüksəldən həmin cəmiyyəti meydana gətirən fərdlərin ictimai ruh genişliyidir.. o cəmiyyətin gələcəyi, uzun ömürlülüyü və dünya miqyasında mötəbər bir yerə malik olması da belə bir ruhi-ictimaiyədən asılıdır.
Bəlkə də, bu hikmətə binaəndir ki, hər gün namazlarımızda dəfələrlə oxuduğumuz "Fatihə" surəsində Cənabi-Haqq biz möminlərdən söz alarkən: "İyyəkə nəbudu və iyyəkə nəstəin – Biz yalnız Sənə ibadət edər, yalnız Səndən kömək diləyərik!" deməyimizi və beləcə namazımızı tək qılsaq da sanki, camaat içində və hər kəsin adından Rəbbimizə dua edirmiş kimi "Biz" deməklə bütün qardaşlarımızı da nəzərə almağımızı əmr edir. Vicdanlarımızda bu ictimai ruhu qüvvətləndirmək üçün hər birimizin iqrarını ümuminin iqrarı saymış; hər möminin sözünü dərin bir qardaşlıq duyğusunun və geniş bir vicdanın təşkil etdiyi böyük bir "şəxsi-mənəvi"nin vədi olaraq qəbul etmişdir.
- tarixində yaradılmışdır.