Halal loğma və iffətli nəsillər
Sual: Haram yeyiyb-içmək mənəvi həyata nə qədər təsir edir; iffətli nəsillərin yetişməsində halal ruzinin təsiri nədir?
Cavab: Allah-Təala yer üzünü, səmaları və onlardakı saysız-hesabsız nemətləri yaradmış və insanlığın istifadəsinə vermişdir. Bu nemətlərin istifadəsində əsas dini hökm onların mübah olmağıdır, yəni qadağan olmayan nemətlər halaldır. "Belə ki, yer üzündə olan hər şeyi sizin üçün yaratdı" ("Bəqərə" surəsi, 2/29); "Göylərdə və yerdə nə varsa hər şeyi bir lütf olaraq sizin xidmətinizə verən Odur" ("Casiyə" surəsi, 45/13) məallı ayələr yerdə və göydə bütün nemətlərin insanların istifadəsinə verildiyini açıq ifadə edir. Bəli, yeyilməsi, içilməsi və istifadəsi ayə və ya hədislərlə qadağan edilməmiş hər şey halaldır.
Belə ki, Cənabi-Haqq bəzi şeylərə qadağa qoymuş və bu ümumi istifadə iznini müəyyən hökmlərlə məhdudlaşdırmışdır. Ayə və hədislərin ortaya qoyduğu hökmlərlə qəti qadağan olunan şeylərə "haram" deyilir. Haramları müəyyənləşdirən, təyin edən bilavasitə həzrəti Şaridir (şəriətin sahibi Allah (c.c.)); bu baxımdan sırf Allahın əmri olduğu üçün onlara yanaşmaq lazımdır. Bununla yanaşı, hər haramın nəticə etibarilə, bir çox zərəri və qadağa qoyulmasının saysız hikmətlərinin olması da bir həqiqətdir. Hər hansı bir haram işləməyin bəzən maddi, bəzən də mənəvi zərəri olur. Məsələn, bir loğma haram insanı yoldan çıxara, hətta ailə və uşaqların ümumi əhvalına da təsir edə bilər.
Yuxarıda qeyd edildiyi kimi, halal və haram Cənabi-Haqqın əmrləri ilə müəyyən edilmişdir; heç kəsin öz düşüncəsinə görə halalı haram və ya haramı da halal saymağa haqqı yoxdur. Şəxsi mülahizələrlə belə böyük bir xətaya düşənləri Allah belə xəbərdarlıq edir: "Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır, o haramdır!" – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!" ("Nəhl" surəsi, 16/116)
Həzrəti Rəzzaqi-Kərim olan Allah: "Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!" ("Maidə" surəsi, 5/88); "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir." ("Bəqərə" surəsi, 2/168) məallı ayələrlə nemətlərdən istifadə etmə çərçivəsini müəyyənləşdirmiş; halal və təmiz ruzinin dalınca getməyi əmr etmişdir. Bu etibarla insan Cənabi-Allahın nemətlərindən yeyib-içə bilər, ancaq hər əlinə keçəni də istifadə edə bilməz. Dini baxımdan haram buyurulmuş, şübhəli hesab olunan və ya başqasının haqqı olan nemətlərə fikir verib diqqət yetirmək lazımdır. Halal yolla qazanmaq və maddi-mənəvi təmiz olan şeylərdən –məşru dairədə qalmaq şərti ilə – faydalanmaq lazımdır.
Haqqın sevdiyi qabarlı əllər
Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "İbadət on parçdadan ibarətdir. Bu on parçanın doqquzu halal ruzini axtarmaqdadır," – buyuraraq halal-harama diqqət etməyin əhəmiyyətini vurğulamış; bir çox hədislərində ruzi axtaranları öymüş və ümmətini halal qazanca təşviq etmişdir. Rəsulullah (s.ə.s.) bir bəyanında: "Elə günahlar var ki, onları nə namaz, nə oruc, nə də həcc təmizləyə bilər. Onları ancaq yaşayışını təmin etmək üçün işləyərək silə bilər," – buyurmuş, bir başqa hədisdə də: "İşləməkdən əlləri qabar olmuş və yorğun yatan insan bağışlanar, günahlarından qurtular!" – deyə müjdəsini vermişdir.
Bəli: "Heç kəs əlin əməyindən daha xeyirli bir ruzi yeməmişdir. Allahın peyğəmbəri Həzrəti Davud da əlin əməyini yeyərdi" buyuran Allah Rəsulu (s.ə.s.) alın təri ilə ailəsinin yaşantısını təmin edən hər kəsi təqdir etmiş və bu mövzuda mütəmadi olaraq səhabələri halal gəlirə təşviq etmişdir. Məsələn, bir gün Peyğəmbər Əfəndimiz (s.ə.s.) Sad bin Muaz (r.a.) ilə qarşılaşanda ona əl verib görüşmüş və Həzrəti Sadın əllərinin qabar-qabar olduğunu görüncə bunun səbəbini soruşmuşdur. Böyük səhabə: "Ailəm üçün işləməkdən belə oldu!" – deyincə Həbibi-Əkrəm Əfəndimiz: "Budur Allahın sevdiyi əllər!.." – buyuraraq əziz dostunun qabar əllərinə işarə etmişdir.
Uca Rəbbimiz hər sözü və nümunəvi həyatı ilə göstərmişdir ki, bu qısa həyat elə və ya belə keçib gedir. İnanan insan gördüyü işin asanlıq və çətinliyindən asılı olmayaraq gəlirin halal yoxsa haram olduğuna baxmalı, nə olur-olsun, halal ruzi təmin etməyə çalışmalıdır. Yeri gələndə o, daş yonmalı, ya da əlinə bir bel alıb iş axtarmalı, yeri gələndə başqasının torpağını belləməli, bir başqasına yol açmalı və mütləq Cənabi-Haqqın halal saydığı bir yolla yaşayışını təmin etməlidir. Bəli, halal gəliri əldə etmək qayəsi ilə görülən işin mahiyyəti əhəmiyyətli deyil. Bəziləri müəyyən işləri alçaldsa da, hər halal iş Allahın nəzdində məqbuldur.
Qəlbin qatili: haram loğma
Harama düşməməyə diqqət etməyi tövsiyə edən Allah Rəsulu (s.ə.s.) bir hədisdə belə buyurur: "Halal da bəllidir, haram da, ancaq bu ikisinin arasında ikisinə də bənzəyən bəzi şübhəli şeylər var ki, insanların çoxusu bunu seçə bilməz. Bu şübhəli şeylərdən qorunan insan dinini, namusunu və iffətini qorumuş olar. Şübhəli sahəyə girən adam bir qoruğun kənarında heyvanlarını otladan çoban kimidir. Qoruğun kənarında qoyun otaran çoban qoyunlarının hər an qoruğa girmə ehtimalı ilə üz-üzədir. Bilin ki, hər məlikin bir qoruğu var, Allahın qoruğu da haramlardır. Bunu da bilimək lazımdır ki, bədəndə bir ət parçası var. O, sağlam olunca bədən də sağlam olar, o, xarab olanda bədən də xarab olur. Bu ürəkdir!"
Bir çox həqiqəti əks etdirən bu peyğəmbər sözündən bu məna da çıxarıla bilər: əgər ürəyə axıb gələn və sonra bütün bədənə yayılan qan halal ruzidən bəslənibsə, bununla həm ürək sağlam olacaq, həm də o sağlam ürəyin yaydığı təmiz qanla bütün bədənin səhhəti təminat altına alınmış olacaq. Əksinə nəcis qanı dövr edən bir ürək xarab olacaq və yaydığı kirli qanla da bütün bədəndə fəsad törədəcəkdir.
Buna görə də Haqq dostlarından biri belə demişdir: "Bəzən haram bir loğma ilə qəlbi elə dəyişir ki, onu bir daha əvvəlki halına qaytarmaq olmur. Bütün günahlar qəlbi qatılaşdırır, xüsusilə də, gecə ibadətinə mane olur. Təhəccüd namazı və gecə ibadəti ilə qaranlığı işıqlandırmağın önündəki ən böyük əngəl haram loğmadır. Halal loğma da qəlbə çox müsbət təsir göstərir və onu canlandırır, qəlbi gözəlliyə və xeyrə sövq edir. Qəlbini hər an sorğuya çəkənlər haram loğmanın, ya da halal ruzinin təsirini təcrübə ilə çox yaxşı bilirlər".
Belə ki nur müəllifi haram loğmanı da daxil etdiyi təhlükəli sahədən danışarkən belə deyir: "Sənin mahiyyətinə elə mənəvi cihazlar və mənəvi duyğular verib ki, bəziləri dünyanı yesə doymur; bəzisi zərrəni özünə sığdırmır. Baş bir batman daşı qaldırdığı halda, göz bir saç telini qaldıra bilmir. O mənəvi duyğular da bir saç qədər ağırlığı qaldıra bilmir, yəni qəflət və dəlalətə dözümü yoxdur. Hətta bəzən sönüb ölür. Madam ki belədir, uzaq dur, addım atanda düz at, batıb getməkdən qorx. Bir loğma, bir kəlmə, bir danə, bir şüa, bir işarətlə, bir öpüşlə batma. Mənəvi duyğularını batırma".
Haramla insanın nələr itirdiyini anlamaq üçün Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) bu qeybdən xəbər verən sözü çox ibrətamizdir. Bildiyimiz kimi, həccə gedənlər hər yanı "Ləbbeyk Allahummə Ləbbeyk" sözü ilə lərzəyə salırlar. Bu söz möminlərin həcc və ihramda təkrar etdikləri müqəddəs sözdür; "Əmr et ya Rəbbi, buyur ya Rəbbi!.. Çağırdın, biz də gəldik ya Rəbbi!.. Dəvətinə sözümüzlə gəlirik, buyur Allahım. Ey şəriki və bənzəri olmayan Rəbbimiz! Həmd Sənin, minnət Sənin, mülk də Sənindir. Sən təksən, bənzərin yoxdur, buyur ya Rəbbi!" deməkdir. Belə səmimi bəndələrin müqəddəs məkanı lərzəyə saldığı bir yerdə əynində haram pulla alınmış paltar və mədəsində haram loğma olan bir insan da "Ləbbeyk Allahummə Ləbbeyk" deyə təkrar edir. Rəhman və Rəhim olan Allah səmimi qonaqlarını Özünə xas ilahi hədiyyələrlə qarşılayarkən haram yeyən və haram geyinən o insana "Lə lebbeykə və lə sadəyk" deyir. Bu söz qısaca "Ləbbeykin də, sadəykin də sənin olsun; sən xoş gəlmədin, səfalar da gətirmədin!" mənasına gəlir.
Deməli, mömin geydiyi paltarın sapının belə haram və şübhəli olmamasına diqqət etməli, bilmədən aldığından da Allaha sığınmalı və harama girmə əndişəsi ilə titrəməlidir. Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Haramdan uzaq durun! Mədəsinə haram loğma girən bir insanın duası qırx gün qəbul olunmaz," – buyurmuşdur. Bir başqa hədisdə də: "Allah teyyubdur, halal və təmiz olandan başqasını qəbul etməz," – deyərək eyni xüsusa diqqət çəkir.
Bir gün Sad bin Əbi Vaqqas həzrətləri: "Ya Rəsulullah dua elə ki, Allah-Təala hər duamı qəbul etsin!" – deyəndə İnsanlığın Fəxri Əfəndimiz (s.ə.s.): "Duaların qəbul olunmasını istəyirsinizsə, halal loğma yeyin! Çox adam haram yeyir, haram geyinir, sonra da əllərini qaldırıb dua edir. Belə insanın duası heç qəbul olunarmı?" – demişdir. Bir başqa səbəblə də bu sözünü belə təsdiq etmişdir: "Halal və təmiz qidalar yeyin ki, dualarınız qəbul olsun".
Harama qarşı səhabə həssaslığı
Üstəlik Peyğəmbər Əfəndimiz (s.ə.s.) haram yeyən bir insanın bədənindəki haramın ancaq cəhənnəmlə təmizlənəcəyini bildirərək ümmətini xəbərdar etmişdir. Peyğəmbərimizin (s.ə.s.) halal, haram və şübhəli şeylərdən çəkinmək barəsində təşviqatından irəli gələrək səhabələr və Allah dostları bu mövzuda çox həssaslıq göstərmişdilər.
Nümunə kimi Həzrəti Əbu Bəkir (r.a.) göstərilə bilər. Siddiqi-Əkbər yeməyini gətirən xidmətçisinə hər dəfə yeməyi hardan gətridiyini və hansı yolla aldığını soruşardı. Bir dəfə, güman ki, uzun müddət ac qaldıqdan sonra iftarda xidməçinin verdiyi loğmanı yeyib südü içəndə soruşmağı unudur. Bir neçə loğmadan sonra əndişəli bir səslə xidmətçisinə: "Bu yemək hardan oldu, hansı pulla almısan?" – deyir. Həzrəti Əbu Bəkirin yanında bir kölə, bir xidmətçi kimi deyil, bir dost, bir yoldaş kimi olan bu şəxs: "Mən cahillikdə falçılıq edirdim. Fala baxır, qeybdən xəbər verir, kahinlikdən pul qazanırdım. O vaxtdan bu işə görə mənə borcu olan bir nəfər var idi. Dünən həmin adam borcunu qaytardı, yeməyi də həmin pulla aldım," – deyə cavab verir. Bunu eşidən həzrəti Əbu Bəkir birdən səndələyib az qala ki, yıxılsın, rəngi-ruhu qaçır. Dərhal yediyi yeməyi geri qaytarır. Sonra da xəcalətlə: "Allahım, mədəmdə qalan qanıma qarışandan da Sənə sığınıram" deyir.
Həzrəti Siddiqin bu həssaslığını görən səhabə: "Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu hərəkətin yersiz deyilmi? Niyə bu qədər özünə əziyyət verirsən?" – deyincə Əbu Bəkir (r.a.) belə cavab verir: "Rəsuli-Əkrəmdən şəxsən özüm eşitdim; Rəsulullah (s.ə.s.) bədənində bir tək haram loğma olanın ancaq cəhənnəmdə təmizlənəcəyini demişdi".
Bəli, bu həssaslıq başda səhabə əfəndilərimiz omaqla bütün sələfi-salehinin həyatının əsasını təşkil edir. Həzrəti Ömər də (r.a.) bir gün səhvən dövlət xəzinəsinə aid olan bir zəkat dəvəsinin südündən içir. Bunun millətin malı olduğunu başa düşən kimi, barmağını salıb qusur. Haramın qanına qarışmasına və bədənində bir parça olmasına mane olmağa çalışır.
İffətli nəsillərin qidası: halal loğma
İbrahim Ədhəm həzrətləri: "Kamil insanlar ancaq mədəsinə girəni nəzarət etməklə kamil olmuşlar," – deyər və bilmədən də olsa, haram yemək-içməkdən çox qorxardı.
Həzrəti Mövlana da: "Elm də, hikmət də halal loğmadan gəlir; eşq də, mərhəmət də halal loğma ilə yaranır. Bir loğma həsəd və hiyləyə, cahillik və qəflətə səbəb olarsa, bil ki, o loğma haramdır. Heç buğda əkib arpa biçən gördünmü?" – demiş, həm saleh insan olmağın, həm də saleh övlad yetişdirməyin halal ruzi ilə əlaqəli olduğunu vurğulamışdır.
Başqa bir Allah dostu isə "halal loğma"nın təsirini belə dilə gətirmişdir: "Bu dövrdə mərifət və həqiqət əhlinin yetişməməsinin səbəbi mənəvi cəhətdən təmizliyin yoxluğudur. Mənəvi təmizlik də hər şeydən əvvəl halal loğma ilə olur. Halal ruzi azalınca mərifət və həqiqət yox olar".
Quran ayələrinə, hədislərə və sələfi-salehinin sözlərinə nəzər yetirəndə açıqca görmək olar ki, sağlam qəlbli saleh bir qul ola bilmək üçün mütləq haramadan uzaq durmalı, halal ilə kifayətlənməliyik. Təmiz nəsillər yetişdirə bilmək üçün öhdəmizə verilən övladlarımızı və ailəmizin digər üzvlərini halalla, xoş və təmiz qidalarla bəsləmək məcburiyyətindəyik. Şübhəsiz, əkdiyimiz hər toxum ya zəqqum olub başqalarını zəhərləyəcək, ya da kökü yerin dərinliklərində olan, budaqları, yarpaqları və meyvələri ilə insanlığa xidmət verəcək. Qeyri-qanuni yollarla əldə olunan gəlirin zəqqumdan fərqi yoxdur və bu gəlirlə böyüyən uşaqlar da bir gün mütləq həm ana-atasına, həm də cəmiyyətə qan udduracaq. Allah qorusun, əgər yediyimiz haram, içdiyimiz haram, geydiyimiz haram; həyatımız haramlarla dolu olsa, deməli, həm öz mənəvi həyatımızı qaraldır, həm də övladlarımızın xoşbəxt olma ehtimalını yox edirik. Bu baxımdan zəmanə dəyişsə də, dövr başqalaşsa da, hər kəs qeyri-qanuni yollara düşsə, halala-harama baxmadan dünyəvi imkanlardan istifadə etsə də, biz harama əl uzada bilmərik, məsuliyyətini daşıdığımız insanlara da haram yedirə bilmərik.
Həkimlər hamilə qadına "diyazem" kimi ağrıları azaldan dərmanların içməsini qadağan edir, çünki bu dərmanlar ana bətnindəki körpəyə maddi təsir göstərə biləcəyini, bəzi orqanların xəsarət ala biləcəyini deyir. Bu dərmanlar hər körpəyə, hər dövrdə təsir etməyə bilər, lakin yüzdə bir ehtimal da olsa, ana həkimin məsləhətinə qulaq verib həssas davranmalı və xüsusilə, doğumdan əvvəlki bir neçə aylıq dövrdə buna bənzər dərmanlardan uzaq durmalıdır. Eynən bunun kimi Abdulqadir Qeylani, İmam Şazəli, Şahi-Naqşibənd və İmam Qəzali kimi məna aləminin sultanları da təsəvvüfi təcrübələrindən haram loğmanın insana mənfi təsir etdiyini və haram yeyən ata-anadan dünyaya gələn uşağın da –istisnalar xaric– mənəvi yöndən nöqsanlı olacağını bildirirlər. Onlar da bu sahənin həkimləri olaraq haram loğmanın bəzi haramzadaların meydana gəlməsinə yol açdığını deyirlər.
İmam Qəzali haram yeyib-içən bir qadının südü ilə qidalanan uşağın gələcəkdə çirkin və xəbis şeylərə meyil göstərəcəyini deyir. Uşağı ancaq haram yeməyən saleh bir qadının əmizdirməsi lazım gəldiyini, çünki haramdan hasil olan südün bərəkəti olmadığını və bu süddən əmdiyi və ya haram yedirdiyi zaman uşağın təbiətinin haramlara, pis əməllərə meyil edəcəyini bildirir. "Uşağın tərbiyəsiz olmasının səbəbi haram yeməkdir" Allah dostlarından biri də: "Axmaq və qafil qadının südü zərər gətirər, qəflətən əmizdirmisənsə, qusdur!" – deyərək bu mövzudakı həssaslığını vurğulayır.
Elə isə uşağın fiziki olaraq sağlam dünyaya gəlməsi üçün hər şərtə riayət edən və yüzdə bir-iki nisbətdə də olsa, hər fürsəti dəyərləndirib ən doğru olanı etməyə çalışan valideyn onun mənən sağlam olması üçün eyni dərəcədə həssas olmalı deyilmi?
"Mübarək" kürəkən
Sələflərimiz ailələrinin halal ruzi ilə bəslənməsi, övladlarının fiziki və mənəvi cəhətdən sağlam böyüməsi xüsuslarına çox diqqət yetirmişdirlər. Hekayədə məzmuna deyil, mənaya baxılır, bunu bir daha xatırladaraq bu həssaslığın gözəl bir nümunəsini sizinlə bölüşmək istəyirəm.
Bir vaxtlar Mərv şəhərinin qazısı qızının evlilik vaxtı gəldiyinə qərar verir və ona layiq bir kürəkən axtarmağa başlayır. Qızı istəməyə gələnlərin sayı çox olsa da, qazı tələsmədən qapını döyən namizədləri bir-bir gözdən keçirir, yeganə qızını ərə vermək üçün ən uyğun insanı tapmağa çalışır. Həmin günlərdə qazı bir yuxu görür; yuxuda ona: "Qızını "Mübarək" adlı kölənə ver!" – deyilir. Qazı eyni yuxunu bir neçə dəfə görüncə köləsini də sınağa çəkib onun saleh insan, xeyirli kürəkən namizədi olduğuna qərar verincə fikrini dost-aşinaya açır. Bəziləri qazı qızının bir köləyə verilməsinə razı olmasalar da, Mərv qazısı qərarını verir. Qızın da razılığını alıb köləsini çağırır və onları evləndirir.
Nikahdan bir ay ötür. Qazı qızın və kürəkənin hal-xətrini soruşmaq üçün onlara baş çəkir. Qızı: "Atacan, kürəkənin çox yaxşı insandır, lakin hələ də örtümü endirmədi. Evləndiyimizdən bəri məndən uzaq durur; yedirir, içirir, ancaq əli-əlimə dəymir," – deyir. Qazı buna təəccüblənir. Dərhal kürəkənini tapıb ondan bunun səbəbini soruşur. Aldığı cavab qarşısında qazı göz yaşlarına saxlaya bilmir. Kürəkən belə deyir: "Atacan, nə olar incinməyin, sui-zənn etməyin, lakin siz şəhərin qazısısınız, sizə çox gələn-gedən olur, evinizə hədiyyələr göndərilir. Cənabi-Haqqın mənə bir əmanəti və hədiyyəsi olan qızınızın o şübhəli şeylərdən yemiş olmasından qorxdum. Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.): "Bədəndə haram loğmanın təsiri ancaq qırx günə keçir!" –buyurduğunu öyrənmişəm. Möhtərəm qızınızı, həyat yoldaşımı heç olmasa, qırx gün alın tərimlə qazandığım halal loğma ilə bəsləmək istədim ki, Xaliqi-Kərim olan Allah nəsib etsə, övladımız saleh insanlardan olsun".
Bəli, bu bir hekayədir. Həqiqətən, belə bir hadisə olubmu, bilmirik. Evlənən hər kəsin də belə bir şeyə baş vurmasına ehtiyac yoxdur. "Mübarək" adlı o Allah dostunun qırx gün gözləmək məsələsi sübyektiv xarakter daşıyır. Ancaq mənəviyyat aləminin sultanlarından olan böyük vəli Abdullah bin Mübarək məhz bu təmiz evlilikdən dünyaya gəlmişdir.
İmamı Əzəmin atası və halallıq alma səyi
Mövzu baxımdan buna bənzər bir hadisə də İmam Əzəm Əbu Hənifə həzrətlərinin möhtərəm atası Sabit haqqında rəvayət edilir: Sabit bir gün dərə kənarında dəstəmaz alarkən suda üzən bir alma görür. Dəstəmazını tamamladıqdan sonra "onsuz da çürüyüb gedəcək" fikri ilə: "Heç olmasa ziyan olmasın!" deyib almanı yeyir. Lakin çox keçmədən geri qaytarmaq məcburiyyətində qalır, bu zaman ağzından qan gəldiyini görür. Hələ indiyə qədər belə şeylə qarşılaşmadığı üçün qanın axmasına səbəb yediyi alma olduğunu düşünərək etdiyi hərəkətə peşman olur. Almanın sahibindən halallıq almaq üçün dərə boyunca gedir; soruşub araşdırır və nəhayət axtardığı adamı tapır. Hadisəni ona danışıb halallıq istəyincə almanın sahibi ona şərt qoyub bir müddət yanında işlədir, onu sınağa çəkir, saleh insan olduğuna qərar verincə də son bir şərtini deyir: "Mənim kor, kar, dilsiz və iflic bir qızım var. Bununla evlənməyə razı olsan, onda sənə halallığımı verərəm," – deyir. Sabit həzrətləri qul haqqı ilə axirətə getməmək üçün bu təklifi qəbul edir.
Nikah kəsilir, Sabit həzrətləri hələ üzünü görmədiyi həyat yoldaşının otağına girir, lakin otağa girməsilə-çıxması bir olur. Dərhal qayınatasının yanına gedib: "Bir səhviniz var, yəqin, içəridə sizin təsvir etdiyiniz xüsusiyyətdə bir qız yoxdur!" – deyir. Qayınatası təbəssüm edərək: "Övladım, o mənim qızım, sənin də halal yoldaşındır. Mən sənə ona görə kor dedim ki, o heç vaxt haram görmədi. Ona görə kar dedim ki, o, heç vaxt haram eşitmədi. Ona görə dilsiz dedim ki, o, heç vaxt haram söz danışmadı. Ona görə iflic dedim ki, o heç vaxt harama bulaşmadı. Dur get yanına, Allah-Təala mübarək və xoşbəxt etsin," – deyə cavab verir.
Belə bir ana-atadan da İmamı Əzəm Əbu Hənifə həzrətləri dünyaya gəlir. Təbii, bu da bir hekayədir. Lakin əsas olan İmamı Əzəm kimi bir sultanın yetişməsinə dayəlik edən o yuvanın hansı əsaslar üzərində qurulduğuna dair bir təsəvvür oyatmaq və bundan özümüzə ibrət ala bilməkdir.
Ananın bizi oğlun çuvalduzu!..
Bəli, körpə ana bətnində formalaşmağa başladığı ilk aylardan halal və qanuni yolla qazanmış qida ilə bəslənməlidir. Uşağın inkişafı dövründə Allahla münasibət kəsilincə istər-istəməz uşağa təsir edir. Ana-atanın damarındakı bir parça haram uşağın müvəqqəti və ya əbədi bədbəxtliyinə səbəb ola bilər.
Əbu Vəfa həzrətləri bu mövzunu izah edərkən şəxsi həyatından və öz uşağından misal verir: Həzrətin oğlu əlinə çuvalduz alıb dayanmadan su daşıyan insanların tuluqlarını deşir. Əbu Vəfa həzrətlərini incitməyə könlü razı olmayan əhali bunu uzun müddət gizlədir, şikayətçi olmur. Lakin iş cığırından çıxır xalq məcburən məsələni Haqq dostuna açır və oğlundan şikayət edir. Həzrət bunu eşidəndə çox kədərlənir və bir o qədər də təəccüblənir. Yoldaşına hər şeyi danışır. "Buna səbəb ikimizdən biridir," – deyib yoldaşından uşağa hamilə ikən səhv bir iş görüb-görmədiyini soruşur.
Ana düşünüb-daşınır və yoldaşına belə deyir: "Uşaq dünyaya gəlmədən bir neçə ay əvvəl qonşunun evinə getmişdim. Orada portağal və nar gördüm. Nəfsim çox çəkdi, istəməyə də utandım. Qonşum görmədən əlimdəki hörgü bizimi meyvələrə batırıb şirəsini sordum". Əbu Vəfa həzrətləri bunu eşidincə: "Bizini meyvəyə batırıb bir neçə damcı icazəsiz, haram meyvə şirəsinin dadına baxmağın oğlumuzun tuluqları deşməsinə səbəb oldu. Allaha yönəl, ağla ki, günahın bağışlansın," – deyir. Ana xətasını anlayıb ağlayıb Allaha dua edir. Qonşusundan halallıq alır. Uşağın da peşman olub: "Bu mənə heç yaraşmır. Bir də etməyəcəyəm," – deyərək bu vərdişi tərgiyir.
Xülasə, özümüz və uşaqlarımız barədə ən çox haram yeməkdən qorxmalıyıq. Çünki Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Haram loğma ilə bəslənib böyüyən bir insana cəhənnəm daha layiqdir," – buyurur. Hər haram ya yeyib-içəndən, ya da onun ailə, uşağından, burada olmasa da, o biri aləmdə mütləq çıxacaq. Bəli, halal qəlbin cilası olduğu kimi, haram da onun ləkəsidir. İbadətlərinin mötəbər, dualarının məqbul və övladlarının saleh qul olmasını istəyənlər halal dairədən ayrılmamağa diqqət etməlidirlər.
- tarixində yaradılmışdır.