Dövlət müqəddəsləşdirilməməlidir, ancaq...
Sual: Daima dövlətə itaəti, ricali-dövlətə hörmət etməyi tövsiyə etdiniz. Hətta buna görə bəzi dindarların tənqidlərinə də məruz qaldınız. Bəzi dairələrin sizi "dövləti bölməyə çalışan insan" kimi ittiham etməsi qürbətdə hicranınızı artırırmı?
Cavab: Bəzi dövrlərdə dövlətlər müqəddəsləşdirilmiş, müqəddəs qəbul edilmişdir. Məsələn, "Müqəddəs Roma İmparatorloğu" əbai-kənaisə (kilsə xadimləri) tərəfindən qurulmuş və əsl teokratik sistemə çevrilmişdir. Yəni Müqəddəs Roma imperatorluğunun idarəetmə sistemi ilahi mətnlər, ilahi mənbələr əsasında təsis edilən bir ilahi sistem deyildir; o daha çox əbai-kənaisənin şərtlərə və şəraitə uyğun verdiyi içtihadlara, qanunlar məcmusuna əsaslanan bir sistemdir; başqa sözlə, ilahi idarəetmə sistemi deyil, əbai-kənaisənin idarəsidir. Bu sistemdə dövlət ruhanilər sinfinin siyasi hakimiyyətinə bağlıdır və kilsə nüfuzunun üstünlüyünə əsaslanır ki, bu xüsusiyyətlər "teokratik rejim"i xatırladır. Daha sonrakı dövrlərdə də dövlət müqəddəsləşdirilmişdir. Hətta bir qisim ölkələrdə və müsəlmanların çoxluq təşkil etdiyi dövlətlərdə də dövlət və hökumətə qarşı törədilən təxribatlara bir əks reaksiya olaraq dövlət bəzi dairələr tərəfindən müqəddəsləşdirilmiş, təqdis edilmişdir.
Müsəlmanlıqda nə əbai-məsacid var, nə ümməhatı-məsacid, nə də onların öz arzu və istəklərinə görə çıxartdığı qanunlar… İslam "rahiblər"ə yer vermədiyi üçün ruhani məclislərin fanatizminə qapılmayan, xalqın bilavasitə və yüksək səviyyədə iştirakı ilə dəstəklənən bir dövlət sistemini irəli sürür. Dövlət məqsəd, qayə deyil, o, insanların səadətinə yardımçı bir vasitədir. Vəzifəsi isə insanların hər iki dünyada səadət və xoşbəxtlik tapmasına zəmin hazırlamaqdır. Dövləti müqəddəsləşdirmək, müqəddəs hesab etmək kimi bir xətaya yol vermədən ona hörmətlə yanaşmaq vətəndaşlıq borcudur.
Dövlət öz vəzifəsini hər zaman tam yerinə yetirməyə və ya nöqsana yol verə bilər. Raşidi Xəlifələr istisna olmaqla, hər dövrdə dövlətin bir qisim xəta və nöqsanlarının olması mümkündür. Əməvilərin də xətaları olmuşdur, Abbasilərin də. Elxanilər, Qaraxanlılar, Zəngilər, Eyyubilər, Səlcuqlular və hətta Osmanlıların da dövlət işlərində az-çox nöqsanları olmuşdur. Lakin məsələyə ümumi prinsiplər aspektindən və küllü bir nəzərlə baxmaq lazımdır.
İslamın yanlış və günah kimi mövzularda ümumi bir baxışı vardır. İnsan iman gətirdiyi halda bəzən səhv edə bilər, günahlara girə bilər, bağışlayın, zina edən, oğurluq edən möminlər ola bilər. Belə çirkin əməl sahibi etdiyi bu günahların halal olduğunu qəbul etmədikcə mömindir, ancaq facir (günahkar) mömindir, bəlkə, yeri gəlsə, zalım mömindir. İnanan insan da bəzən məsiyətə, günaha girə bilər, ancaq o, yenə də dindardır. İndiki dövrdə "dindar" deyəndə dində möhkəm olan, ibadətində nöqsanı olmayan insanları nəzərdə tuturlar. Lakin termin kimi "dindar" – "din" ərəb dilindən, "dar" da fars dilindən alınmışdır, – dinə mənsub, dinə bağlı insan deməkdir. Dolayısilə, hamımız dindar kateqoriyasına daxilik, ancaq hamımızın səhvləri, xətaları, günahları ola bilər. Məhz millət də, dövlət də nöqsanları və günahları olan bu fərdlərdən ibarətdir. Elə isə məsələyə bu aspektdən baxmaq lazımdır. Dövlətə aid məsələləri də bu prinsipə görə mütaliə etmək lazımdır. Yəni dövlət Allahın əmrlərinə, İslamın prinsiplərinə və tövsiyələrinə tam riayət etməsə də, hörmətə və dəstəyə layiqdir. Çünki onu meydana gətirən biz fərdlərdir. Elə isə hansı əsasla ona qarşı olaq? Dövlətə qarşı olmaq özümüzə qarşı olmaq deməkdir. Çünki onu biz insanlar qurmuşdur. "Dövləti bu hala biz gətirmədik, belə olmağını istəmədik!.." deyə bilərsiniz, ancaq rica edirəm, bəyənmədiyiniz hala gələnə qədər harada idiniz? Onun bu hala gəlməsində bizim laqeydliyimiz yoxdurmu?
Bəli, biz bir zamanlar mədrəsəyə də laqeyd yanaşmışıq; onu heç yeniləməmiş, dövrün tələbatını ödəməsi üçün lazımi tədbirləri görməmişik. Məktəbə gəlincə, onu da heç üstündən yüz il keçməmiş əcuzəi-şəmtaya (beli bükülmüş, dişləri tökülmüş, saçları dümağ bir qoca qarı) çevirmişik. Ruhumuza keyfiyyət qazandırmaq və ruhi-mənəvi həyatımızı abad etmək amacı ilə qurulmuş müəssisələri, təkyəni, zaviyəni yıpratmış və yararsız hala gətirmişik. Mənəvi və ruhi həyatdan üz döndərmişik və nəticə olaraq hal-hazırda atalarımızın günahlarının və öz laqeydliyimizin cəzasını çəkirik. Hal-hazırda hələ də günah işləyir və laqeydliyimizə davam ediriksə, bunun cəzasını da gələcəkdə yenə biz və üstəlik övladlarımız çəkəcək.
Rəvayətlərə görə: Quldurlar Allah dostlarından birinin də olduğu karvanı soyurlar. Karvanda mal-mülk, qiymətli əşya – nə varsa hamısını götürürlər. Allah dostu bu imtahanı təvəkküllə qarşılayır. Səbirlə yola davam edir. Çox keçmədən quyudan su çəkərkən baxırlar ki, quldurların başçısı quyunun dibinə düşmüş və yalvarır. Allah dostunu görüncə də belə səslənir: "Ay insan, sən necə vəlisən?! Bir az səbir edib, insaflı olsaydın!. Mənə niyə qarğış elədin?! Bax indi boğuluram burada...". Allah dostu: "Xeyr," – deyir, "Bu bəla mənim ucbatımdan deyil, o sənin əməllərinin cəzasıdır, hələ bizimkinin sırası çatmayıb".
Ömər kimi idarəçi istəyirik, elə isə...
Bəli, hər şey belə dövr edir, fasid bir dairə ətrafında dönür; dünənin laqeydliyini bügünün nəsilləri çəkir; bu günün laqeydliyini də, yaxın gələcəyin nəsilləri, gələcəkdə də övladları çəkəcək. Bu baxımdan nəyə görə dövlət əleyhinə olaq? O, bu gün istənilən səviyyədə deyilsə, bunun səbəbi atalarımızın və bizim laqeydliyimizdir. Bir hədisdə Əfəndimiz belə buyurmurmu ki, "Siz necə olarsınızsa, elə də idarə edilərsiniz". Siz necə bir qaynaqsanız, başınızdakılar da bu qaynağın məhsuludur. Bu hədis idarə olunanlara deyir ki, siz çox əhəmiyyətlisiniz, çünki başa keçənlərə şəkil verən sizsiniz.
Siz şərə, şirrətə yol verər, qəlbinizdə pisliyin boy atmasına zəmin hazırlarsanız, sizi də pislər və şirrətlər idarə edər. Şirrət sizin içinizdə cücərirmi? Dünyanızda fənalıqlar boy atırmı? Onda Allah (c.c.) başınıza eyni mayadan insanlar gətirər və sizi sizə bənzər o insanlar idarə edər.
Bildiyiniz kimi, məclis təzə-təzə qurulanda Tahir Əfəndi adlı bir millət vəkili var idi. Bu şəxs alim, fəzilətli insan idi. Digər millət vəkilləri meydanlarda nitq söylərkən Tahir Əfəndi bir küncdə oturub susmağa üstünlük verərdi. Bir gün tərəfdarları təkidlə: "Əfəndi, sən də bir şey desənə, hər kəsin vəkili danışır, hər kəs öz vəkili ilə fəxr edir. Sən də danış bizim də bir köksümüz qabarsın!.." deyirlər. Tahir Əfəndi az danışan, lakin dərin danışan adam idi. Onlara belə cavab verir:
"Möhtərəm camaat, bunu bilin ki, siz "müntəhib"siniz (seçənsiniz). Mən isə "müntəhab"am (seçilənəm). Getdiyimiz yer isə "müntəhabün-ileyh"dir (seçilmiş yer, Millət Məclisidir). Sizin gördüyünüz işə də "intihab" deyilir (seçmək). İntihab isə "nuhbə" kökündən gəlir. “Nuhbə” “qaymaq” deməkdir. Unutmayın ki, bir şeyin altında nə varsa, qaymağı da onun cinsindən olar; döşəməsində nə varsa, tavanına da o çıxar. Qatığın üstündə qatıq qaymağı, südün üstündə süd qaymağı, zəyin üstündə də zəy qaymağı olar..."
Əgər biz qatıq kimiyiksə, niyə qaymağımızı söyək! O mənim bir parçam deyilmi? Dövləti qınamaq özümüzü qınamaqdır; ona qarşı olmaq öz şəxsiyyətimizə qarşı olmaq deməkdir. Yaxşı, bəs dövləti heç sorğuya çəkməyəkmi? Təbii ki, sorğulayaq, lakin biz əvvəla özümüzü sorğulamaqla dövlətimizi sorğulamalıyıq. “Hansı səhvimizə görə belə oldu?" – deməliyik. "Fərd-fərd nələrə laqeyd yanaşdıq ki, bu hala gəldik?” – deyə sorğulamalıyıq.
Haccacı-Zalımın ona Hz. Ömərin ədalətindən bəhs edən insana verdiyi cavab məsələmizə aydınlıq gətirməsi baxımından əhəmiyyətlidir. "Siz Ömər zamanındakı insanlar olsa idiniz, şübhəsiz, mən də Ömər olardım..."
Əbu Nuaymın“Hilyətul-Övliya” və Təbəraninin “Mucəmul-Əvsat” əsərlərində keçən Əbud-Dərda həzrətlərinin rəvayət etdiyi bir qüdsi-hədisdə Əfəndimiz belə buyurur: "Əziz və Cəlil Allah fərman buyurdu: Mən Allaham, məndən başqa ilah yoxdur. Kainatın yeganə sahibi və hökmdarların hökmdarı mənəm. Hökmdarların, idarəçilərin qəlbləri mənim əlimdədir. Əgər qullarım mənə itaət edər, dinin əsaslarını yerinə yetirərlərsə, idarəçilərin qəlblərini onlara qarşı mərhəmət və şəfqət duyğuları ilə dolduraram. Lakin əgər qullar mənə üsyan edər, dindən üz çevirərsə, hökmdarların qəlblərini qəzəb, hiddət, qisas və kinlə dolduraram ki, onlara ən şiddətli əzabları verərlər. Elə isə idarəçilərinizə bəddua edib özünüzü yormayın; zikr və dua ilə süslədiyiniz qəlbinizlə Mənə yönəlin ki, Mən də zalım idarəçilərinizə layiq olduqlarını verim".
Bəli, hər problemə görə başqalarını günahlandırar, qəbahəti ona-buna atarsaq, bizə aid olmayan işlərə girmiş olarıq. Qurani-Kərim də belə buyurmurmu?! "Ey iman gətirənlər! Siz özünüzü düzəldin! Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər" (“Maidə” surəsi, 5/105). Bəli, bu ayənin mənası: "Başqaların işinə qarışmayın, siz yalnız özünüzə baxın" demək deyildir. Əksinə, ayənin mənası, başqalarının xətalarını və nöqsanlarını düzəltməyə çalışarkən, səhvləri görüb danışarkən özünü unutmamaqdır, yəni şəxsini sorğulamağa laqeyd olmamaqdır. Bu ayə sırf fərdi mənada da başa düşülməməlidir, ayədə keçən "ənfusəkum" ifadəsindən həm fərdi, həm nəfsi, həm də cəmiyyəti ehtiva edən mənalar var. Yəni fərd fərd olaraq, müsəlman cəmiyyəti də cəmiyyət olaraq yaxşı və dürüst olmalı, bunu qorumalıdır. Qurtuluş və cəmiyyətin hidayəti fərdlərdən başlayır. Fərdlər düzəlsə, cəmiyyət də düzələr.
Məsələnin başqa yönü də budur: Bu mövzuda kimisə sorğu-suala çəkməyə başlasaq, tarazlığı qoruya bilmərik. Fərqinə varmadan millətin dövlətə etibarını sarsıdarıq. Dövlətə qarşı etibarı sarsıtmaq da anarxiyaya, terrora “gəl-gəl” deməkdir. İslam tarixinə baxsaq, görərik ki, sələfi-salehin başa kim keçir-keçsin, dövlətin nüfuzuna xələl gətirən davranışlara yol verməməyə xüsusi diqqət yetirmişdir. Məsələn, Yezidə çox adam, hətta böyük insanlar belə lənət etmişlər. Lakin müsəlmanlar onun arxasında da namaza durmuş; “fasiq”, “facir” kimi tanıdıqları insanların arxasında belə namaz qılmışlar. Urvə b. Zübeyr Abdulməlikin arxasında səf tutmuşdu. Halbuki, Əməvilər Abdulməlik dövründə onun böyük qardaşını asmışdı, lakin o heç vaxt problem çıxarmamış, Abdulməlikin qonağı olmuş, haqqa tərcümanlıq etməklə kifayətlənmişdir. Bəli, Yezid və Haccac kimi idarəçilərin etdikləri zülmdür, amma sələfi-salehin özləri zülmə məruz qalsa da, xalqın öz dövlətinə düşmənçilik bəsləməsinə razı olmamış, dövlət nüfuzunun sarsılmasından və bütün cəmiyyətə zərər verməsindən qorxmuşlar.
Dolayısilə, bu düşüncəmi mənə məxsus bir düşüncə kimi görüb mənim öz həssaslığımla, ya da tolerantlıq və xoşgörü anlayışımla izah etməyə çalışsanız, yanlışlığa yol verərsiniz. Mənim əslini və təməlini dinimin əsaslarında və sələflərimdə görmədiyim şeyləri ortaya qoymağa haqqım yoxdur, həddim də deyil. Mənim başım elə bir yerə bağlıdır ki, başımı oradan ayırmağı əsla istəmərəm. Din yer üzünə endiyi andan nədirsə, odur. Əfəndimiz onu necə şərh etmişsə, Raşid Xəlifələr onu necə anlamış və yaşamışsa, mən ona elə inanır, elə tətbiq edirəm. Müsəlmanlar dünəndən bu günə dövləti müqəddəsləşdirməmişlər, lakin ona həmişə hörmət etmiş, dövlətin etibarının yüksəlməsinə çalışmışlar.
Dövlət Bizə Qarşıdırmı?
Dövlətin hər fərdi onun fəxri polisi olmalıdır, nizam-intizama yardım göstərməlidir. Dövlətə zərər vermək, onu zəiflətmək, dövlətin zəif yönlərini qənimət bilib ondan faydalanmaq, nə isə qoparmaq istəyən bəzi anarxist ruhlara qətiyyən fürsət verilməməlidir. Ölkənizdə anarxiya çıxarsanız, xaos və iğtişaşa zəmin hazırlasanız, o iğtişaşdan siz də zərər görər, siz də anarxiya selində boğular, dövlət də qərq olub gedər. Sonra, bir daha bu təxribatın qarşısını ala bilməzsiniz. Eyni zamanda, sizin daha aydın fikirləriniz, dövlət naminə daha parlaq layihələriniz olsa da, onları o xarabalıqlar üstündə həyata keçirməyiniz mümkün olmaz. Daha mükəmməlini əldə etmək istəyirsinizsə, orta mükəmməliyə yaxın olandan başlamalsınız. Məsələni iğtişaşda boğduqdan sonra mükəmməli əldə edə bilməzsiniz. Kamilliyə çatmaq, ən yaxşısını əldə etmək də tədricidir, ən kamil olana doğru addım-addım gedilər; bir addım mükəmməl, bir addım daha mükəmməl, bir addım daha da mükəmməl… Məhz bu aspektdən də dövlətə dəstək olmaq, dövlətin yanında olmaq, bir uğurlu layihə varsa, onu dövlət mənsubları ilə bölüşmək möminin şüarı olmalıdır. Unutmaq olmaz ki, iğtişaşdan nizama varılmaz. Ancaq nizamdan nizama gedilər. Tərtib, nizam-intizam və asayiş istəyirsinizsə, nizamlı, nizamın tərəfində olmalısınız.
Lakin çox vaxt sizə qarşı olurlar. Ən məsum xidmətlərdə belə bir qərəz axtarırlar? – deyə bilərsiniz. Mən dövlət müəssisələrinin sizə, bizə əleyhinə olması qənaətində deyiləm. Bəzi müəssisələrdə demoqoq, səs-küylü və başqalarını səsi ilə boğan, səsi işindən çox olan bəzi şəxslər sizə dövlət kimi görünə bilər. Yəni sizə qarşı olan dövlət deyil, marjinal bir qrupdur. Bu səbəblə, millət üçün həyati əhəmiyyət kəsb edən çox vacib bir müəssisəni əleyhimizdə görmək böyük bir yanlışlıqdır. Belə bir yanlış qərar əsasında onu pisləmək, çirkin görmək, sürəkli tənqid etmək ikinci bir yanlışdır, üstəlik müzaəf (iki qat) yanlışdır. Onun etibarını sarsıtmaq, millətin etimadsızlığına səbəb olmaq və beləcə onu tənəzzülə uğratmaq isə lap böyük yanlışdır. Bu baxımdan, belə yanlışlar selinə də qapılmamaq lazımdır.
Digər tərəfdən, heç kimin bizə qarşı olmağa, bizi istəməməyə haqqı yoxdur. Biz millət üçün ürəyi sevgi ilə döyünən, sinəsi odlanan bir ovuc insanıq. Millətə xidmətdən başqa heç nə düşünmürük. Şəxsimiz, yaxınlarımız və bizi sevənlər adına zərrə qədər mənfəət düşüncəmiz olubsa, bunu isbat etsinlər. Bunu isbat etsinlər, biz də gedək Qaf dağının arxasında məskən salaq, onlar da bizdən qurtulsun. Ancaq bunu heç kim isbat edə bilməyəcək, çünki zərrə qədər mənfəət mülahizəmiz olmadı. Allah rizasından başqa heç bir şeyə iştiyaqla talib olmadıq. Və o razılığı da Allahın uca adını dünyanın hər tərəfində dalğalandırmaq vəsiləsindən başqa bir yolla qazanmağı əsla düşünmədik. Aləm bilsin, dünya bir daha eşitsin bunu. Əlhamdulillah, bu mövzuda üzümüz ağdır, millətimizə və insanlığa xidmət yolunda Cənabi-Haqqın: "Mən sizdən razıyam" buyurmasına ümid etməkdən başqa bir mülahizəmiz olmadı və inşaallah, olmayacaq da.
Bu baxımdan, heç kəsin bizə qarşı olmağa, bizi istəməməyə haqqı yoxdur. Bilmədiyimiz bəzi qərəzlərlə, bəzi nəfsani hislərlə fəziləti öz malı bilən bir qisim insanların, "Filan-fəsman kimdir ki, belə dünya miqyaslı işlər görür. Dünyanın harasında olur-olsun, nə iş görülür-görülsün, o bizə aid olmalı, bizim əsərimiz elan edilməlidir" şəklində düşünən, başqalarının üstünlüyünü, fəzilətini qəbul edə bilməyən ruhən xəstə şəxslər varsa, dövlətin içində narahat olanlar onlardır. Bu üç-beş sərgərdana baxaraq, oliqarx bir azlığın bu mövzudakı çirkin rəftarına ilişərək böyük bir dövlət müəssisəsini yıpratmaq, sarsıtmaq doğru deyil.
İttihamlar və qürbət
Sualın sonunda qürbətdə bu məsələlərin mənə təsiri haqda soruşdunuz: Mən bu işin ilk məğduru (zülmə məruz qalan) deyiləm, sonuncusu da olmayacağam. İnsanlıq tarixi bu cür məğdurlarla doludur. Hz. Nuh qurudan sonra dənizdə də məşəqqətli bir səyahətə sinə gərmiş… yer üzərində gəzməkdən məhrum edilincə sularda yoluna davam etmiş, doğulub böyüdüyü yerlərdən ayrılmış və təqdiri-ilahiyə boyun əyərək bir dağın başında lövbər salmış. Həzrəti İbrahim Babil, Hicaz, Kənan eli deyib dayanmadan müqəddəs köçlə ömür sürmüş, Həzrəti Musa hələ qundaqda ikən ana qucağından Firon sarayına düşmüş, sonra da Misir və Eykə arasında gedib-gəlmiş, Həzrəti Məsih hələ əziz anasının qucağında ikən səfərə başlamış, əvvəlki peyğəmbərlərin keçdiyi bütün körpülərdən keçmişdir. Həzrəti Zəkəriyə və Həzrəti Yəhya kimi bəzi peyğəmbərlər isə köç etməyə imkan tapmamış, tutduqları yerdə edam edilmişlər. Peyğəmbər Əfəndimiz də nəbilərin, vəlilərin ortaq taleyi olan müqəddəs köç vaxtı gəlincə Məkkəyi-Mükərrəmədən ayrılmış, Sevr dağında dönüb vətəninə baxmış: "Ey Məkkə, qövmüm çıxarmasa idi, səndən heç ayrılmazdım" deyib ağlayaraq hicrət diyarına getmiş...
Bəli, ileyi-kəlimətullah yolunun yolçuları "bir an bəlayi-dərddən cüda" qalmadı. Əbu Hənifə çirkin işgəncələrə məruz qaldı, zindana atıldı və əzab içində inləyə-inləyə yaşadı. Əhməd bin Hənbəl illərlə adi bir insan kimi əzildi, döyüldü və işgəncələrə məruz qaldı. Serahsi böyük lüğətini atıldığı quyunun dibində yazmağa məcbur oldu və Ustad həzrətləri… Xatırlayaq özü nə deyir: "Səksən illik ömrümdə dünya zövqü adına heç nə bilmirəm. Bütün ömrüm müharibə meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında, məmləkət məhkəmələrində keçdi. Çəkmədiyim cəfa, görmədiyim əziyyət qalmadı. Divani-hərblərdə bir cani kimi rəftar gördüm, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərildim. Məmləkət zindanlarında aylarla yaxınlarımı görməkdən məhrum edildim. Dəfələrlə zəhərləndim. Müxtəlif təhqirlərə məruz qaldım."
Budur əzab, əziyyət, iztirab, qürbət… Bunlar təbliğ və təmsil məsləyində hər kəsin ortaq taleyidir; mənim hal-hazırda çəkdiklərim də sələflərimin çəkdikləridir.
Bəzi ittihamlar, təbii ki, məni çox üzür, ruhuma çox ağır gəlir, lakin mömin buna baxmayaraq, Allahın əxlaqı ilə əxlaqlanmalı. Yəni Cənabi-Haqq üsyankar, günahkar qullarına belə qul, məxluq nəzəri ilə baxır, onları da yedirib-içirir. Mömin qul da başqalarına bu zaviyədən yanaşmalı. Haqsızlıq, zülm və zorakılıq qarşısında böhrana düşdüyü anlarda da düşməncəsinə davrananları Allaha həvalə etməli, "Allahım, iman əhlinə düşməncəsinə davrananları Sənə həvalə edirik," – deməlidir.
- tarixində yaradılmışdır.