Tarazlıq və etidal

Fəthullah Gülən: Tarazlıq və etidal

Sual: Cəmiyyətin, demək olar, hər sahəsində düşüncədə əyintiyə, ifratçılığa yol verildiyini müşahidə edirik. İfrat və təfritə yol verməmək üçün nələrə diqqət etməliyik, izah edə bilərsiniz?

Cavab: Dini ilahi mahiyyətinə müvafiq yaşayıb həyata əks etdirməkdə tarazlıq və mötədillik çox vacibdir. Zira tarazlığın pozulması ya ifrata, ya da təfritə səbəb olur. İfrat təfriti, təfrit də ifratı doğurduğuna görə axırı gedib çıxır fasid dairəyə, yəni çıxılmaz vəziyyətə... İfrat və təfritə imkan verməməyin bir yolu var, o da ümmətinə həmişə etidalı məsləhət görən sirati-müstəqimin rəhbəri İnsanlığın İftixarı Peyğəmbərimizin sünnəsinə tabe olmaqdır.

Sirati-müstəqim

Tarix boyu İslami düşüncə sistemində sirati-müstəqim ümumən şəhvət duyğusu, qəzəb duyğusu və əqli qabiliyyətdə – bu üç hisdə tarazlığın qorunub saxlanması kimi izah edilmişdir. Halbuki rəqabət, tənafüs,[1] niyyət, yanaşma və s. məsələlərini də bu çərçivədə qiymətləndirmək mümkündür. Daha doğrusu, insan təbiətində mövcud olan yaxşı-pis hər bir duyğu və düşüncənin öz sirati-müstəqim çərçivəsi var.

Məsələn, əşya və hadisələrin mahiyyətinə varma, təhlil edib nəticə çıxarma mənasına gələn “yanaşma”ya nəzər yetirək. Nikbin ifrat, bədbin təfrit, həqiqətbin isə hər iksinin ortasıdır. Bildiyiniz kimi nikbin pisliyi, çirkinliyi görməyən, hər şeyin gözəl yönlərini axtaran, bədbin isə hər şeyi pis və qaranlıq görən insan deməkdir. Həqiqətbin və ya xüdabin isə hər şeyi mahiyyəti və keyfiyyətinə uyğun görməyə çalışan insandır. Həzrəti Pir də “Həqiqət çəyirdəkləri”ndə deyir: “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar”. Hətta gözəl olmayan şeylər haqqında belə ‒ nə qədər ki, bir izahı/səbəbi var ‒ yaxşı düşünməli, müsbət fikirləşməliyik. Ancaq bu, reallığa göz yummaq, xəyallar aləmində yaşamaq demək deyil. Elə isə əsas məsələ həqiqətlərdən qaçmamaq, reallıqlara göz yummamaq, eyni zamanda bədbinliyə, ümidsizliyə düşmədən hər şeyi olduğu kimi görməkdir ki, “yanaşmada tarazlıq” da məhz budur.

İnsan sirati-müstəqim çərçivəsindən kənara çıxmasa, mahiyyətinə yerləşdirilən və zahirən şərə bənzəyən nəfs belə xeyir gətirə bilər. Hətta “iğva” və “təsvilat”la insanların ağlını başından alıb yoldan azdıran şeytan belə ‒ onun yaradılış hikmət və mövqeyini düzgün anlasaq ‒ Cənabi-Allaha yönəlməyə və daima Ona sığınmağa səbəb ola bilər. Ancaq, haşa, əgər onu müstəqil bir güc, qüvvə və iqtidar kimi görsək, işıq və zülmətdə güc axtaranlar kimi, özümüzü zəlalətin qoynuna atmış olarıq. Bildiyiniz kimi, bu inanca mənsub insanlar “İşıq və qaranlıq – hər biri özünəxas gücə malikdir, işıqdan zərər gəlməz, ancaq qaranlığın təmsilçilərini də mütləq məmnun etmək lazımdır” şəklində düşünür və bu sapqın anlayışın sövqü ilə ağlagəlməz cinayətlər işləyirlər. Eyni fəlsəfə ilə hərəkət edən satanistlər də şeytanın şərindən qorunmaq üçün öz aləmlərində onu məmnun etməyə çalışırlar. “Təsvil” və “təzyin”dən[2] başqa bir silahı və şansı olmayan aciz bir məxluqu, haşa Yaradan kimi qüdrətli və qadir görmək zəlalət dərəcəsində bir ifratdır. Əksinə onun “təsvil” və “təzyin”ninə, “həmz” və “ləmz”inə biganə qalmaq, saymamaq, beləliklə, Quran və sünnənin buyruqlarına əhəmiyyət verməmək də təfritdir. Zira o, insanın açıq-aşkar düşmənidir və əgər insan iradəsini ortaya qoymayıb qəflətə düşərsə, o amansız və imansız məlunun toruna ilişib əbədi səadəti itirə bilər.

Müvəffəqiyyətin qurbanları

İnsanı həlaka sürükləyən mənfi şeylərdə tarazlığı qorumaq mühüm olduğu qədər, müsbət istiqamətdə, xeyirxah işlərdə də mötədillik çox vacibdir. Yəni şərə meyilli müəyyən duyğuları xeyrə yönəltməkdə tarazlığı qorumaq zəruri olduğu kimi, iman, ibadət, əxlaq və s. kimi qəlbə və bədənə aid əməllərdə də ifrat vətəfritə yol verməməli, sirati-müstəqimdən kənara addım atmamalıyıq. Məsələn, insan namaz, zəkat, həcc, oruc, dua, hətta təfəkkür, təzəkkür və tədəbbür kimi bütün ibadət və əməllərinə həssas yanaşmalı, hər birini mükəmməl şəkildə yerinə yetirməyə çalışmalıdır. Zira Allah-taala müqəddəs kitabında “Əməl işləyin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər” (“Tövbə” surəsi, 9\105) buyuraraq insanları nöqsansız, mükəmməl əməl işləməyə səsləyir. Qısaca, insan hər ibadətdə “Görən alındımı?!” deyə daima nigarançılıq içində və mükəmməlik axtarışında olmalıdır. Amma Allaha qulluqda mükəmməllik məqamına yaxınlaşsa da, insan heç vaxt bu nailiyyəti özündən bilməməli, “müvəffəqiyyət” və “qalibiyyət”i şəxsinə aid edərək ədəbsizliyə yol verməməlidir. Çünki nəticəni yaradan Allahdır (cəllə cəlalühü). İbadət və əməlləri qol-qanadını qırıb könülsüz, tənbəl-tənbəl və qəfilanə yerinə yetirmək təfrit, əzm göstərərək Cənabi-Allahın inayətinə layiq olub bunu özündən bilmək isə ifratdır. Zira insan başlanğıcda nə qədər cidd-cəhd göstərib mükəmməlik axtarsa da, sonda nailiyyətlərə yiyə çıxıb şan-şöhrət dərdinə düşür. Bu da ki, onun ağlını başından alıb şirk və nifaqa atıraraq həlak olmasına yol açır.

Kamillik yolunda məqamlar keçən insana təvazökarlıq, məhviyyət və xəcalət yaraşır, “Deyildir bu mənə layiq, bu bəndə,\ Mənə bu lütf ilə ehsan nədəndir?” demək yaraşır. Bəli, insan bir tərəfdən işlərini mükəmməl yerinə yetirməyə çalışmalı, digər tərəfdən də dərini çırpan dabbaq kimi özünü yerə vurmağı bacarmalıdır. Hətta nailiyyət və uğurların bir sınaq olma ehtimalını da heç vaxt yaddan çıxarmamalı, istedrac olmasından əndişələnməli, yol azmaqdan çox qorxmalıdır.

Təsəvvür edin ki, parlaq nurun hər yanı işıqlandırdığı, ayın, günəşin belə bu işıq selində görünməz olduğu bir dövrdə Əsvədül-Ansi, Müseylimətül-Kəzzab kimi peyğəmbərlik iddiası ilə ortaya atılan insanlar çıxmışdır. Bu bədbəxtlər bəzi şəxsi bacarıq və qabiliyyətlərin toruna düşmüş, kibir və mənəm-mənəmliyin caynağında həlak olmuşlar.

Ənaniyyət (eqoizm) çağında mehdi inflyasiyası

Şübhəsiz, bu kimi hadisələr təkcə müəyyən bir dövrə məxsus deyildir. Buna bənzər hadisələr demək olar, hər dövrdə olmuşdur. Bu gün də azacıq dili söz tutan, bir-iki sətir qaralayanlar, mənəviyyatda iki addım yol gedənlər həddini aşıb özlərini bir qiblənümaya bənzədir, oturanda da, duranda da “mənəm-mənəm” deyirlər. Belələri bir-iki iş ortaya qoyanda, bir neçə sadəlövh də onları dövrəyə alanda özlərini göydəki qəmər sanmağa başlayırlar.

Yəqin buna görə bu gün böyük bir mehdi inflyasiyası ilə qarşılaşırıq. Bu fəqir (özünü qəsd edir-tərc.) belə indiyədək təkcə bizim toplumumuzdan çıxan beş-altı “mehdi (!)” gördü. Hətta üçü mənimlə əlaqə qurmaq istəmişdi. Məsələn, bu yaxınlarda biri bura gəldi. İyirmi iki yaşında olduğunu söylədi. Mənə: “Xocam, özümü təkcə Hüseyn nəslindən bilirdim. Dərindən araşdırandan sonra öyrəndim ki, mən həm də Həsən nəslindən imişəm”, ‒ dedi. Mən ona təvazökarlıqdan, məhviyyətdən danışdım. Kiçiklik əlamətinin təkəbbür olduğunu, belələrinin pəncərədən görünmək üçün barmaq uclarında gəzdiklərini, böyüklük əlamətinin isə təvazökarlıq olduğunu izah etməyə çalışdım. Danışıb qurtardıq, mən elə bildim ki, fikrindən daşındı. Qapını açdım, qapıdan çıxaçıxda eynən belə dedi: “Bəs yaxşı, xocam, əgər sizə bu məsələdə seçim haqqı verməsələr necə?” Halbuki insan peyğəmbərlik istisna olmaqla, heç bir mənəvi məqam və dərəcəni elan etməyə məcbur deyildir. Buna Əbu Hənifəlik, Şafeilik, Malikilik, Hənbəlilik kimi, mehdilik də daxildir. Ancaq təəssüf ki, belə düşünən insanlara nəsə izah etmək müşkül məsələdir. Rəbbim mehdilik iddisı ilə ortaya çıxan bütün xudbin və mütəkəbbir insanlara hidayət versin!

Bir məsələyə də toxunmaq istəyirəm. Yaddan çıxarmayın ki, mənbəyini məhviyyət, təvazö və ixlasdan götürən saleh bir dairədə belə, kimsə durub oxşar iddialar səsləndirə bilər. Hətta belələri ənaniyyətini mənsubluq mülahizəsi ilə bərkitdiklərinə görə, onlara nəsə izah etmək daha çətindir. Məsələn, biri çıxıb deyə bilər ki: “Bugünədək mən şəyirddim, tələbəydim. Filankəsə indiyədək min mələk kömək edirdi. İndi doqquz yüzü onu tərk edib mənim yanıma gəlib”. Şeytan və nəfs ‒ tarix buna şahiddir ‒ insanı müxtəlif yollarla azdırıb öz əsirinə çevirə bilir.

Zaman əkilən toxumların nəşvü-nüma etdiyi, bağlarda güllərin açdığı dövr olsa da, kolların hücum ehtimalını heç vaxt yaddan çıxmamalı, bu yolda bəsirətli və sayıq olamlıyıq. Bəli, belə ziyankarlar çıxa bilər, sadəlövh insanları öz arxalarında çəkib apara bilər. Zira güllərin yanında tikanlar bitdiyi kimi, bülbüllərin yanında qarğalar da qaqqıldaya bilər. Bülbülün gözəl səsini eşitməyən, qulağı o səsə öyrəşməyən insanlar qarğanın səsinə qapıla bilərlər. Ona görə də insanların belə şeylərə aldanmasına imkan verməmək üçün Həzrəti Əbu Bəkir, Həzrəti Ömər (əlfü əlfi mərratin radiyallahu amhumə) kimi fərasətli, ayıq-sayıq olmalı və təmkini əldə verməməliyik.

[1] “Yoldaşlardan geri qalmayım” düşüncəsi ilə haqq uğrunda yarışmaq
[2] Pis olan şeyləri bəzəyib düzəyib gözəl göstərmək

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.