Müqəddəs dəyərlərə hörmət
Sual: Dinə və müqəddəs dəyərlərə təhqir və hörmətsizlik edənlərə möminin münasibəti necə olmalıdır?
Cavab: İnsanın şəxsinə qarşı edilən təhqir və hörmətsizliyə dişini sıxıb səbir etməsi, imkan daxilində cavab verməməsi, atılan daşları yerin atmosfer qatına dəyib parçalanan meteorlar kimi müsamihə atmosferində əridib yox etməsi çox qiymətli bir fəzilətdir. Ancaq “Allah haqqı”, “Peyğəmbər haqqı”, “Quran haqqı” kimi elə haqlar da var ki, bunlara qarşı təhqir və hörmətsizlik şəxsi məsələ olmadığına görə, fərdin bu sahədə bağışlama səlahiyyəti yoxdur. Möminin belə bir hadisəyə göz yummağa, susmağa, tolerant yanaşmağa haqqı yoxdur. Buna baxmaraq hər şeydə olduğu kimi, bu məsələdə də o, müsəlmanın adına layiq mövqe nümayiş etdirər, müsəlmana yaraşan xarakteri ortaya qoyar, üsluba namus gözü ilə baxar və bu əsasları əsla güzəştə getməz.
Hörmət görmək istəyən hörmət etməli
Təəssüf ki, bu gün cürbəcür xoşagəlməz hadisələrlə qarşılaşırıq. Demək olar, hər gün bir hadisə baş verir, kin, nifrət və qeyz meydan sulayır. Hər tərəfdən: sağdan, soldan, altdan, üstdən nalayiq sözlər eşidir, nalayiq hərəkətlərlə üzləşirik. Bir yerdə bir hadisə baş verir. Hələ bu işi kimin törətdiyi aydınlaşdırılmamış biri durub kinlə, nifrətlə “Bütün müsəlmanları qırmaq lazımdır” deyir. Başqa biri durub təhqir edir. Divarlara elan yapışdırıb xalqı təhrik edənlər var... Ancaq kimsə düşünmür ki, Zati-Üluhiyyətə, Onun əsma və sifətlərinə, peyğəmbərlərə, mələklərə dil uzadan bu dəyərlərlə bağlı olan bütün insanlara dil uzatmış, onları rəncidə etmiş olur. Hətta ölümdən sonra dirilmə, axirət səadəti kimi inanclara sataşmaq təkcə İslam aləmini deyil, digər din mənsublarını da narazı salar. Zira mahiyyət etibarilə etiqada aid bu kimi məsələləri başqa dinlər də qəbul edir. Bir milyard yarım müsəlmanla axirətə inanan digər din mənsubları birlikdə dörd-beş milyard edir. Dörd-beş milyard insanın hörmət və qəbul etdiyi müqəddəs bir dəyərə durub kimsə nalayiq sözlər desə, hörmətsizlik göstərsə, bir mənada beş milyardlıq bir kütləyə həqarət etmiş olar. Nəticə etibarilə, belə bir adam bunları nəzərə almalı və unutmamalıdır ki, bu hərəkətə görə ona da dil uzadarlar, onu da təhqir edərlər. Bəli, dörd-beş milyardın müqəddəs dəyərləri ilə oynamaqla, bir mənada onlara nizə saplayan bir adam özünə batırılan iynədən də inciməməlidir. Zira, kim olur-olsun, siz bir nəfəri təhqir etməklə onu da təhqirə sövq etmiş olursunuz. Əksinə hörmət etməklə şəxsinizə qarşı ehtiram hissi oyatmış olursunuz.
Digər tərəfdən insanın bilmədiyi bir sahədə yerli-yersiz danışması əsla doğru hərəkət deyil. Məsələn, fəlsəfə təhsili olmayan bir adam fəlsəfi bir axını tənqid etməklə, yıxıb sürüməklə həm özünü gülünc vəziyyətə salar, həm də elmə və elmi kriterilərə hörmətsizlik etmiş olar. Ola bisin, siz də Quranın dəyişməz kriterilər süzgəcindən keçməmiş əksər fəlsəfi düşüncəni qəbul etmir, ona yanlış fikirlər kimi baxırsınız. Ancaq siz bir fəlsəfə kitabı oxumadan, heç olmasa, tənqid etdiyiniz fəlsəfi axını araşdırmadan təhqiramiz mühakimə yürütsəniz, özünüzü gülünc vəziyyətə salmaqdan başqa bir iş görməzsiniz. Eyni şəkildə musiqi ilə heç bir əlaqəsi olmayan bir insanın durub “məqamlar” barədə kor-koranə söz deməsi, əsl “müsiqişünas” kimi fikir bildirməsi gülünc alınır. Həmçinin jurnalistikadan başı çıxmayan bir adamın bu sahə haqda danışması, fikir irəli sürməsi, kimlərisə ittiham etməsi həm jurnalistikaya, həm də bu peşə ilə məşğul olanlara hörmətsizlikdir. Halbuki, bütün bunlar böyük zəhmət və əmək nəticəsində qazanılan ixtisaslardır.
Ancaq bir də görürsən ki, Quran və Sünnədən anlayışı olmayan, bəşər tarixində nəhəng mütərəqqi addımlar atan, eyni zamanda (hicri) beşinci əsrədək geniş bir coğrafiyada ağlasığmaz intibaha səbəb olan bu dindən bixəbər bir insan durub bu dini və mənsubları haqda yerli-yersiz danışır, adını da “söz azadlığı” qoyur. Halbuki, bir insanın bilmədiyi məsələlərdən danışması həm sözügedən sahəyə, həm həmin adamın özünə, həm ağla, məntiqə, mühakiməyə, həm də vicdana hörmətsizlikdir. Bu hörmətsizliyi edən adam da gərək qarşı tərəfin hissə qapılıb verdiyi cavaba “ah-uf” etməsin, yersiz danışmasın. Çünki birinci nalayiq söz deyən, sataşan odur. Sataşdığı insanlar isə dörd-beş milyardlıq böyük bir kütlədir. Belə böyük bir kütlənin içindən, təbii ki, hissə qapılanlar çıxmamış olmayacaq.
Eviniz kristaldan isə...
Digər tərəfdən inanan insanlar olaraq biz də söz, hərəkət və davranışlarımızı sahmanlamalı, söz demədən əvvəl bunun gedib hara çıxacağını, nə ilə nətcələnəcəyini götür-qoy etməli, qəlbimizin ən məhrəm guşəsinə aid məsələləri dərhal dilə gətirməməliyik. Bəli, danışarkən unutmamalıyıq ki, ağzımızdan çıxan sözləri pis tinətli insanlar yanlış yerlərə yoza bilər. Yoxsa öz əllərimizlə öz evimizi yıxmış olarıq.
Qurani-Kərim buyurur: “Onların Allahdan başqa tapındıqları tanrılara həqarət etməyin. Yoxsa onlar da cahillik edib Allaha həqarət edərlər” (“Ənam” surəsi, 6\108). Bəli, siz xalqın Latına, Mənatına, Uzzasına, İsafına, Nailəsinə söysəniz, onlar da sizin müqəddəs dəyərlərinizə söyərlər. Halbuki nə Kitabda, nə Sünnədə, nə də saleh sələflərimizin ictihadlarında “bütpərəstlərin bütlərinə söyün” şəklində əmr və ya tövsiyəyə rast gəlmirik. Siz həmişə həqiqəti çatdırmalısınız; tövhidi səsləndirməli, daim ondan söz açmalısınız, bu, başqa məsələ... Amma möminin İslamiyyətdə bir qiyməti olmayan şeyləri gözdən salmaq, təhqir etmək kimi bir vəzifəsi yoxdur. Kaş həmişə Quran və Sünnənin kriterilərinə uyğun deyiləsi sözləri deyəydik, yazılasını yaza, görüləsini görəydik! Zira hissi boşluqlardan meydana çıxan bəzi hərəkət və davranışların nəticəsi bizə baha başa gəlir.
Bildiyiniz kimi, yaxın tarixdə Uca Kitabımız Qurani-Kərimə bir yerdə həqarət etdilər. Bu həqarətin “cavabında” kilsələrə hücum edildi, binalara ziyan vuruldu. Şübhəsiz ki, Quranı təhqir axmaqlıqdır, ədəbsizlikdir. Ancaq buna kilsələri dağıtmaqla cavab vermək də ayrı bir yanlışlıqdır.
Bu səbəbdən kim olur-olsun, insan qarşı tərəfi rəncidə və təhrik etmədən əvvəl, bunun hara gedib çıxacağını yüz ölçüb bir biçməli, ancaq ondan sonra nə deməlidirsə, deməli, hansı işi görməlidirsə, görməlidir. Hörmətsizlik görən insanlar buna qanun çərçivəsində münasibət bildirməli, elmi, hüquqi imkanlardan faydalanaraq bu çirkinliyi aradan qaldırmağa çalışmalı, öz yoluna sadiq qalmalı və üslubda xətaya yol verməməlidir. Bəli, bu cür hücumlara mədəni bir insan kimi cavab verməlidir. Yoxsa yanlış hərəkət edib sonra ah-uf eləməyin bir faydası olmaz.
Kaş müqəddəs dəyərlərə hörmət məsələsində beynəlxalq uzlaşma mümkün olaydı! Bəzi səlahiyyətli qurumlara səsimi çatdırmağa çalışdım, amma deyəsən, dərdimi çatdıra bilmədim. Düşüncə və söz azadlığı müasir dünyada ən çox müzakirə olunan və aktuallıq kəsb edən məsələlərdəndir. Ancaq təəssüf ki, bəzi kəsimlər müəyyən sahələrdə təhqir və həqarəti “nifrət cinayətləri” saydıqları halda, dini, müqəddəs dəyərlərə həqarəti fikir və söz azadlığı hesab edirlər. Əslində dünyada əmin-amanlığın timsalı olan həqiqi bir mömin heç vaxt oturduğu yerdə kiminsə əleyhinə söz danışmaz, qaldı ki, kiməsə sataşmaq, kimisə təhqir etmək niyyəti olsun. Ancaq düşüncə və söz azadlığına bəzi sahələrdə çərçivə müəyyən edilməsi, bəzi sahələrdə isə tam sərbəstlik verilməsi açıq-aşkar ikili standart, bir paradoksdur. Bu da inanan insanları dərindən rəncidə edir.
Xülasə, bu gün müqəddəs dəyərlərə hörmət düşüncəsini bütün insanlığa mənimsətmək və hər kəsdə bu hissi oyatmaq mühüm əhəmiyyət kəsb edir. Bu məsələ artıq bütün millətlərin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən möhkəm, sarsılmaz əsaslarla qanuniləşdirilməlidir. Kaş bütün bəşəriyyət bu məsələdə ortaq məxrəcə gələ! Kaş hər kəs öz həddini bilə! Zira müqəddəs dəyərlərə hörmət prinsipinə riayət edilməsə, – ki, bu, sülh və əmin-aman şəraitdə birgəyaşayışın əsas şərtlərindən biridir – get-gedə kiçilən müasir dünyada bu kimi məsələlərdən qaynaqlanan problemlər daha qorxunc nəticələr doğruracaq.
- tarixində yaradılmışdır.