Seçimdə Səhvə Yol verməyin!..

Sual: "Xəşyət" tələbi dualarınızda əhəmiyyətli yer tutur. Sizi, Cənabi-Haqdan "xəşyət" istəməyə vadar edən mülahizələr nələrdir?

Cavab: Xəşyət, Mövlayi-Mütəaləni isim və sifətləri ilə tanımaya müvəffəq olmuş bir qulun, öz acizlik və fəqirliyin şüuruna vararaq Onun izzət və əzəməti qarşısında boyun bükməsi, Ona haqqı ilə (layiqincə) übudiyət edə bilməmə qayğısı ilə qıvranması, Ona qarşı hər an ədəbli olması və mələklərlə çiyin-çiyinə olsa da, təvazökarlıqdan qətiyyən ayrılmaması deməkdir.

Allahı Bilmənin Meyvəsi

اَللّٰهُمَّ اجْعَلْنِي أَخْشَاكَ حَتَّى كَأَنِّي أَرَاك Allahım, içimi xəşyət hissi ilə doldur və məni Zati-Üluhiyyətinə qarşı hörmətdə qüsur etməyən qullardan et, ta ki hər an Səni görürmüş kimi yaşayım" duası İnsanlığın İftixarının (s.ə.s.) dilindən heç düşməyən bir niyazdır. Beləliklə, xəşyət tələbinin zəruri olduğunu bizə təlim buyuran müəllim-Ondan qulluq ədəbini öyrəndiyimiz Rəhbəri-Əkməl Əfəndimizdir (s.ə.s.).

Əslində, "Allahım, duyğu, düşüncə, hal və hərəkətlərimə elə bir xəşyət boyası vur ki, hər an Səni görürmüş kimi davranım!" diləyi, başda Quran tələbələri olmaqla, bütün inananların virdi-zəbanı (davamlı təkrarlanan dua) olmalıdır. Çünki həqiqi mömin, hər hal və hərəkətini “O görür” mülahizəsi ilə təmkin və təyəqqüz (gözüaçıq) içində, ömrünü dərin bir ehsan şüuru ilə hər an Onu görür kimi tir-tir titrəyərək keçirən insandır. İslam həqiqətini təmsil edə bilən və bəşərin üfüqünü işıqlandıran qəhrəmanlar da ancaq onlardır.

Qeyri-ciddi və səhlənkar olanların idealist olmaları və başqalarına rəhbərlik etmələri qeyri-mümkündür. Çünki içdə ehsan olmalıdır ki, zahir əminlik olsun; insan könül aləmini ciddiyyətlə təchiz etməlidir ki, bu onun xarici aləminə də əks etsin və müxatəbləri təsir altına alsın. Bəli, hal və hərəkətlərinə diqqət etməyənlər insanlara heç nə verə bilməzlər, əksinə onları da özlərinin getdikləri yola nifrət etdirərlər. Onlara:"Axirət, Məhşər, Hesab, Cənnət, Camalullah və Ridvana inanan, əbədiyyət yolunun yolçusu olduğunu deyən və sonsuz səadət arzusunu səsləndirən bir insan necə bu qədər sərbəst və laqeyd yaşaya bilər?!" -dedirər və insanlarda şübhə yaranmasına səbəb olarlar.

Təəssüf ki, bu günün insanı çox səhlənkar və qeyri-ciddidir. Belə ki, ciddiyyət məfkurə qəhrəmanlarının ən əhəmiyyətli vəsflərindən biri olduğu halda, səhlənkarlıq və qeyri-ciddilik bu dairəyə də sızdı. Hələ dünənə qədər bütün Quran xadimləri məsuliyyətin ağırlığı ilə bişdiklərinə və məsuliyyəti hər an çiyinlərində hiss etdiklərinə görə daim ağırbaşlı və kamil insan nümunəsini ortaya qoyardılar. Hərçənd bəziləri imana xidmətin əsaslarından biri olan "şövq"ü bir az şən olmaq və hərdənbir gülüb əylənmək şəklində anlasalar da, bu anlayış elə də geniş yayılmamışdı. Onların əksəriyyəti "şövq" məsləyini qətiyyən bədbinliyə düşməmə, əsla inkisar (sınma) yaşamama və hər an iştiyaqla (böyük arzu və ihəvəslə) Allaha xidmət yolu kimi qəbul edər; onu gülüb-oynama şəklində şərh etməyi məsələni təhrif etmək sayar və həmişə təmkinli davranardılar.

Gəldiyim qənaətə görə, bu səhlənkarlığın altında mərifət əskikliyi yatır. Çünki insan Allahı bilməlidir ki, xəşyətli olsun. Qurani-Kərimin:"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)" (Fatir, 35/28) -buyuruğu kimi, Mövlayi-Mütəalaya həqiqi hörmət və təzimi də ancaq Onun sifəti-sübhaniyəsini və əsmayi-hüsnasını tanımağa müvəffəq olmuş, ehsan üfüqündə qanad çırpan Haqq qəhrəmanları ortaya qoya bilərlər. Təbii, hər kəsin xəşyəti mərifət səviyyəsinə və yəqin mərtəbəsinə görə fərqli fərqlidir. Sadəcə ata-babalardan eşitdiyi ilə kifayətlənən və dinin əsaslarını təqlid edərək qəbul edənlərə gəlincə, bəlkə, onlar da, belə səthi bilgi ilə Cənnətə girə bilərlər, lakin heç vaxt Allahı həqiqi mənada tanıya bilməz və xəşyət hissi ilə qovrula bilməzlər.

Tələbin Qədər İnsansan!..

Digər tərəfdən, adı çəkilən dua sırf Allahı və Onun rizasını diləmə mənasını verdiyinə görə də çox qiymətlidir. Əgər bir insan Cənabi-Haqqa tazərrö (yalvarıb-yaxarma) və niyaz edərkən, ehtiyac siyahısının başına Zatı ilə münasibətdə dərinləşməyi qoymursa, başqa nə istəyir-istəsin, bütün tələblərindən əvvəl və hamısından daha çox mərifət, məhəbbət, eşq və iştiyaq diləmirsə, ən əhəmiyyətli məsələni ikinci plana atmış deməkdir.

Elə isə, xalis mömin əllərini açanda, məsələn, can sağlığı istəyirsə, onun ərxasınca duasına dərhal qürbət (yaxınlıq) niyazı ilə tac qoymalıdır; yoxsa, seçimi səhv olar. Bir idealist adam, filan ölkədə iki-üç yüz məktəb açılmasını və hər birində öz dəyərlərinin dilə gətirilməsini diləyə bilər; bu, yadırğanılacaq istək olmadığı kimi, Cənabi-Haqqın rizasına da zidd deyil. Hətta bu istək onu dilə gətirən insanın müəyyən bir üfüqə yüksəlməsinin əlamətidir. Halbuki, o məsələdə nəfsin payı olma ehtimalı olduğuna görə, yalnız bu istəklə kifayətlənmək və üstüörtülü də olsa onu daha geniş, daha əngin bir mərifət tələbindən əvvəl qoymaq, yenə də bir növ aldanmaqdır. Bəli, Allahın rizasını əldə etmədə İlayi-Kəlimətullahdan daha büyük bir səbəb yoxdur, lakin bu uca səbəb belə, Rəbbi-Rəhimə daha yaxın olma, Onu görürmüş, ya da heç olmasa O bizi görürmüş kimi yaşama və Ona qovuşma arzusunun yerinə keçməməlidir.

Bu baxımdan, bir mömin, dünyanın bütün xəzinə açarlarını əldə etmə imkanına sahib bir yolda olsa belə, əgər "Allahım içimi xəşyət hissi ilə elə doldur ki, hər an Səninlə olum!" düşüncəsi ilə addım atmır və daim Cənabi-Haqla əlaqəsinin möhkəmlənməsi üçün yalvarmırsa, qəflətə dalmış və səhv seçim etmiş sayılır.

Haqq dərgahında insana tələb etdiyi şeyin qiymətinə görə dəyər verilir; insan arxasınca düşdüyü məqsədə görə üst səviyyələrə yüksəldilir. Kimi mala, mülkə, bağa, bağçaya; kimi mövqeyə, mənsəbə, şöhrətə; kimi kəşfə, kəramətə, zövqə.. kimi də birbaşa Ona talibdir. Belə ki, iman, mərifət, məhəbbət, eşq və iştiyaqın dəyər xanasında doldurduğu yerləri başqa heç bir mətlubun doldurması mümkün deyil.

Bununla yanaşı, övliyalıq, qütblük kimi mövqelər də birinci məqsəd olmamaldır. Müvahhid bir mömin, bütün bunları nəzərə alanda seçimi yenə imanı-billah, mərifətullah, məhəbbətullah, eşqü-şövq istiqamətində olmaldır. O, qavslığı deyil, bir qavsın məzhər olduğu iman, mərifət və məhəbbət üfüqünü diləməlidir. Belə bir tələbdə israrlı olmaq, şüurlu seçimin, Haqq rizasını uca tutmanın, qərarlı olmanın və Mövlaya sadiqliyin ifadəsidir. Dolayısilə, ən dəyərli insan rizayi-ilahini qazanma arzusu ilə arusu ilə alışıb yanan və iman, mərifət, məhəbbət, eşqü-iştiyaq yönündə dərinləşməyə çalışandır.

Əslində, bu tələbi ortaya qoymaq çox çətin bir məsələ də deyil. İnsan, başlanğıcda sələflərini təqlid edib, sonra iradəsinin haqqını verərək qəlbini masivadan təmizləməyə səy göstərsə və hər fürsətdə Rıdvana qovuşma amalını dilə gətirsə; hələ bir də, halına başqalarının bələd ola bilməyəcəyi gecələrin o sehirli anlarında səcdədə pusquya yatıb təcəlli ovlamağa çalışsa və Mövlayi-Mütəala təvəccöh edərək Onunla münasibət qurmağa səy göstərsə, bir gün mütləq cavab alacaq və axtardığı mərifət üfüqünə qovuşacaqdır.

Səni İstəyərəm Allahım!..

Beləliklə, "əhlullah" (Allahın əhli) dediyimiz Haqq dostları daim bunu hədəf bilmişlər. Onların hər biri illərlə: "Səni istəyirəm, Allahım, yalnız Səni!.." -deyə inləmişlər. Aralarında altmış il boyunca: "Başqa bir muradım yoxdur Rəbbim; yalnız Səni diləyirəm.. Səni, Səni, Səni..." deyib ağlayanların sayı heç də az deyil. Bu seçilmiş qulların təsbeh çəkmələri də sanki "Səni, Səni, Səni..." nəqarətindən ibarətdir.

Məşhur bir mənqibədə deyilənə görə; Xəlifə Harun Rəşid bəzi xüsusi günlərdə xalqına hədiyyələr paylayarmış. Ona tabe olanları məmnun etməyi və xalqın könlünü almağı Rəbbin rizasına bir vəsilə bilirmiş. Yenə hədiyyələr payladığı bir gün nədimi və həkimi Cəfər Bərməkinin qapı kənarında boynu bükük dayandığını görür. Ona dönərək: "Cəfərim, sənə də bir əl uzadım. Hər kəsə bir-iki qızıl verdim, sənə onunu ayırım!.." -deyir. Bərməki: "İstəmirəm, Sultanım.." -deyir. Harun Rəşid əlli, yüz nə qədər qızıl təklif etsə də, Bərməki, "İstəməm" -cavabını verir. Nəhayət, Sultan soruşur; "Yaxşı, bəs, sən nə istəyirsən?" Bütün sadiqlərin duyğu və düşüncələrini əks etdirən bir cavab çıxır dilindən: "Səni istəyirəm, Sultanım, səni!.. Mən sənin sevginə talibəm; sən məndən razı olduqdan sonra sarayını da, malını-mülkünü də özümün bilərəm."

Bəli, hər səmimi qul, Rəbbi-Rəhimə qarşı bax bu hissləri bəsləməlidir. Çünki bu seçim həyati seçimdir. Təbii ki, insan Onun lütf və ehsanından çox nemət gözləməli; hər muradını Ondan istəməlidir. Halbuki, hər gün dəfələrlə istədiyi Cənnəti belə Onun yerinə qoysa, Onun yerinə Cənnəti istəsə, yenə aldanmış olacağını çox yaxşı bilməlidir. Allahın rəhmətindən Cənnət və əbədi səadəti də umsa, "Sən məndən razı deyilsənsə, Firdövsi də istəmərəm!" -deyib bilavasitə Ona yönəlməlidir. Belə ki, Rəbiyə Adəviyəyə: "Dar!.." -deyib Cənnəti xatırladırlar. Anamız isə: "Car" -deyə inləyir; "Qonşu varmı orada; Dostumun rizasını, Onun camalını görə biləcəyəmmi?!" -deyir. İnanmış insanın ruh aləmi məhz bu mülahizələrlə təchiz edilməlidir.

Xülasə, şan-şöhrət, mal-mülk, ailə-uşaq.. bunların hamısı imtahan vəsiləsidir və Baqiyi-Həqiqi yolunda kömək (vəsilə) olmaları nisbətdə qiymətlidir. İnsan bunları ikinci, üçüncü dərəcəli arzu və istək çərçivəsinə salmalı və hər nemətdən əvvəl, hər tələbdən çox Allahın rizasını axtarmalıdır ki, seçimdə səhv etməsin və bəqaya, sonsuz aləmə məzhər ola bilsin. İnsan məhz bu şüurla Allaha təvəccöh etməli, "xəşyət" hissinin artmasını diləməli və mərifətdə daim dərinləşməlidir ki, axirətdə sonu olmayan, ən son nemətə, "Rıdvan" ünvanlı zirvəyə qovuşsun.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.