İffət Abidələri
Sual: "İffət" nə deməkdir. İffətin çərçivəsini təyin edən xüsuslar nələrdir?
Cavab: "İffət" çirkin söz və hərəkətlərdən uzaq olma, həya və ədəb dairəsində qalma, doğruluq, dürüstlük və əxlaqi dəyərlərə bağlı yaşamaq deməkdir. Kökü ərəbcə olan bu söz dilimizdə namuslu, şərəfli və əxlaqlı mənalarında işlənilir. Xüsusilə, klassik ədəbiyyatda izzət və şərəfi ilə yaşayan, çalıb-çapmayan, haramlardan çəkinən və namusunu qoruma mövzusunda fövqəladə həssas davranan şəxslər haqqında "əfif" sözü istifadə edilmişdir.
Qüvveyi-Şəhvaniyə və İffət
İslamın, əxlaqla məşğul olan alimləri insanda üç təməl duyğunun olduğunu söyləmiş və bu duyğulardan müəyyən nisbətdə də olsa, həqiqətləri görüb, fayda ya da zərər gətirəcək şeyləri bir-birindən ayırma bacarığına "qüvveyi-əqliyə"; kin, hiddət, qəzəb və cürət kimi hisslərin qaynağı sayılan gücə "qüvveyi-qəzəbiyə"; arzu, iştah və cismani həzlərin mənbəyi qəbul edilən duyğuya da "qüvveyi-bah ya da qüvveyi-şəhvaniyə" demişlər. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bahın həya hissindən tamamilə uzaqlaşaraq hər cür cürmü, günahı işləyəcək qədər ifrat səviyyəyə çatmasını "fisqü fücur"; halal nemət və ləzzətlərə qarşı belə hissiz və hərəkətsiz qalmasını da "humud" adlandırmışlar. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bah baxımından istiqamət və orta yolu seçib məşru, yəni şəriət qanunları daxilində zövq və ləzzətlərə meyil etməklə yanaşı, qeyri-qanuni arzu və istəklərə iradi olaraq qapalı qalmağı isə "iffət" sözü ilə ifadə etmişlər. Bu baxımdan, iffət, ümumi mənada, iradə gücünü istifadə edərək cismani və bəhimi (heyvani) arzuları idarə altına almaq, zinadan və səfehlikdən uzaq durmaq deməkdir.
Qurani-Kərim iman gətirənlərin iffətli, həyalı və ədəb yerlərini qoruyan insanlar olduqlarını bəyan etmiş (Muminun, 23/5-7); iffətli yaşamanın mükafatı olaraq Allahın məğfirətini və Cənnətini müjdələmiş (Əhzab, 33/35); mövzunun əhəmiyyətinə görə qadınları və kişiləri ayrı-ayrı zikr edərək bütün möminlərə iffətli olmalarını və iffətsizliyin giriş qapısı sayılan harama baxmaqdan uzaq olmalarını əmr etmişdir (Nur, 24/30-31). Bununla yanaşı, Həzrəti Yusif (ə.s.) və Həzrəti Məryəm kimi iffət abidələrini misal verərək, inananlara həya və ismət üfüqünü göstərmişdir.
Bəli, Həzrəti Yusif əleyhissalam vəzirin xanımının günaha dəvəti qarşısında: "Ya Rəbbi! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur" (Yusuf, 12/33), - deyərək, iffətinə toz qondurmaqdansa, illərlə həbsdə yatmağı üstün tutmuş və qiyamətə qədər gələcək bütün əhli-imana bir həya timsalı olmuşdur.
Cənabi-Allahın: "İffət və namusunu lazım olduğu kimi qoruyan Məryəmi də an. Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik" (Ənbiya, 21/91) -deyərək, ucaltdığı Həzrəti Məryəm də bütün insanlıq üçün bir iffət nümunəsidir. Belə ki, təmiz və sadə bir mühütdə, iffət və şərəflə yetişən Məryəm anamız, o pak mahiyyəti ilə iffət mücəssəməsinə çevrilmişdir. Buna görə də, Həzrəti İsanın (ə.s.) doğumuna dil uzadanların çirkab sözləri qarşısında min bir iztirabla: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" (Məryəm, 19/23) -deyə inləmişdi.
İffəti bu ümumi mənası ilə yanaşı, daha geniş və ətraflı nəzərdən keçirmək də mümkündür. Bədiüzzaman Həzrətlərinin: "Halal dairəsi genişdir, keyfə kafidir. Harama girməyə heç lüzum yoxdur" şəklində dilə gətirdiyi ölçüyə görə iffət, məşru dairədə yaşayıb qeyri-qanuni sahəyə girməmə, əl uzatmama, addım atmama deməkdir. Başqa sözlə, iffətli insan göz, qulaq, əl, ayaq kimi bütün əzaların halal dairədəki ləzzətləri ilə kifayətlənməli, heç bir şəkildə və heç bir yolla haram işləməməli, izzət və şərəfinə xələl gətirən hallardan da çəkinməlidir.
Kasıb, Lakin Əfif
Bu baxımdan, insanın öz əl əməyi və alın təri ilə qazandığına razı olması, başqasının malına göz dikməməsi, daha çox qazanma və daha rahat yaşama ehtirası ilə qeyri-qanuni sahəyə əl uzatmaması və dilənçilik etməməsi də iffətin fərqli bir yönüdür. Bəli, insan öz əməyi və alın təri ilə dolanışığını təmin etməli, yeri gələndə tikintidə daş daşımalı, hamballıq etməli, lakin əsla başqalarına əl açmamalıdır.
Qurani-Kərim ehtiyacı olduğu halda dilənməyənləri təqdirlə anmış və belə insanları da iffət çərçivəsinə daxil etmişdir: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (Bəqərə, 2/273) məalındakı ayə bu mənaya gələn iffəti və iffətliləri izah edir. Sədəqələrin kimlərə veriləcəyini ifadə edən bu ayə Peyğəmbər silsiləsinin Allaha təslim olmuş tələbələri, məsciddə yatıb-duran, Rəsuli-Əkrəmin (s.ə.s.) söhbətlərini dinləyib öyrənərək sonrakı nəsillərə nəql etməyə çalışan, vaxtlarını ibadətlə, elmlə keçirən və iaşələri də Allah Rəsulu tərəfindən qarşılanan "Əshabi-Suffə" başda olmaq üzrə, özünü öyrənib-öyrətməyə həsr edən, başqa sözlə malı-mülkü olmayan, başqa bir işə vaxt tapa bilməyən, ya da çatdıra bilməyən, lakin buna baxmayaraq, başqalarına da əl açmayan, həya və iffətindən dilənçilik etməyən hər dövrdəki kasıb, lakin əfif müsəlmanları təqdir edir.
Bəli, bu müstəğni insanlar heç kəsdən qarşılıqsız heç nə qəbul etməyən əziz ruhlardır. Haldan anlamayanlar, izzət-nəfslərini aclıqdan üstün tutan və yoxsulluğa dözüb əsla istəmə zillətinə düşməyən bu insanları varlı sanarlar. Əslində, bir az diqqət edilsə, hallarında kasıblıq əlamətləri görüləcək. Lakin onlar heç kəsdən heç nə istəməz, üstəlik təkidlə, israrla heç istəməz və qətiyyən dilənçilik etməzlər.
Əslində, Peyğəmbər Əfəndimiz (s.ə.s.) həqiqi kasıbı bu çərçivə içində zikr etmiş: "Kasıb, qapı-qapı gəzən və bir-iki loğma, və ya bir-iki xurma ilə yola verilən kimsə deyil. Həqiqi kasıb vəziyyəti bilinmədiyi üçün sədəqə verilməyən, buna baxmayaraq, iffətindən başqalarına əl açmayan və heç bir şey istəməyən insandır" -buyurmuşdur.
Əshabı-Suffədən olan Əbu Hüreyrə (r.a.) kimi səhabə əfəndilərimiz aclıqdan qıvrandıqları halda heç kəsdən heç bir şey istəməməyi əxlaq halına gətirmişlər. Belə ki, Həzrəti Sevban və Hakim ibn Hizzamın da aralarında olduğu bəzi səhabələr insanlardan bir şey istəməmə mövzusunda Allah Rəsuluna söz vermiş və ömürlərinin sonuna qədər sadiq qaldıqları bu vədlərindən ötrü əsla sədəqə qəbul etməmiş, hətta dəvə üzərində ikən qırmancları yerə düşsə, onu belə kimsədən istəməmələri ilə məşhur olmuşlar. "Hər kim iffətli olmağa çalışar, üzsüzlülükdən çəkinərsə, Allah da onun iffətini qoruyar və artırar. Bir insanın bir ip alıb kürəyində odun daşıyaraq onu azca xurma qarşılığında satması, dilənməsindən daha xeyirlidir" -buyuran Peyğəmbər Əfəndimizin (s.ə.s.) bu tövsiyəsinə uyğun yaşamaq da iffətin əhəmiyyətli bir dərinliyidir.
Rəsuli-Əkrəm Əfəndimizin (ə.s.ə.) səhər-axşam təkrar etdiyi dualardan biri: "Allahım! Səndən hidayət, təqva, iffət və könül zənginliyi ilə birlikdə başqalarına möhtac olmayacaq qədər ruzi istəyirəm" niyazıdır. Hər söz, hal və rəftarı ilə hidayət üzrə olan, müttəqilərin imamı və iffətlilərin ən əfifi Allah Rəsulunun hidayət, təqva, iffət və istiğna istəməsi həm bu xüsuslardakı mütəmadilik və dərinlik tələbi şəklində başa düşülməli, həm də ümməti- Məhəmmədin nələr diləməsi lazım olduğuna dair bir işarə kimi qəbul edilməlidir.
Peşə Əxlaqından Fikir Namusuna...
Digər tərəfdən, bir insanın həddini bilməsi, təklif edilən bir vəzifə qarşısında dərhal irəli atılmaması, həva və həvəsləri ilə hərəkət etməməsi, o işə ləyaqəti olub-olmadığını yaxşı dəyərləndirə bilən şəxslərin qənaətləri ilə hərəkət etməsi, yeri gələndə müstəğni olub o işə başqa birini təklif etməsi, lakin şərtlər necə olursa-olsun, öhdəsinə düşən vəzifədən də qaçmaması kimi xüsuslar da bir yönü ilə iffət çərçivəsinə daxildir. Belə ki, bu duyğu və düşüncələrlə verilən bir vəzifəni layiqincə yerinə yetirməyə "peşə namusu", və ya "peşə əxlaqı" deyilmişdir. Hər bir həkim, müəllim, vəkil, əsgər, prokuror, ya da hakim öz peşəsinə aid bəzi intizam qaydalarına tabe olmaq, müəyyən qayda və qanunlara uyğun iş görmək və "peşə əxlaqı" dediyimiz dəyərlər toplusuna sadiq qalaraq işləmək məcburiyyətindədir. Başqa sözlə, belə qayda-qanunlu, nizam-intizam içində və haqqpərəstcəsinə işləmək də iffətin fərqli bir yönü olaraq dəyərləndirilə bilər.
Bununla yanaşı, söhbət və yazılarımızda tez-tez istifadə etdiyimiz və bəzən "fikir namusu", bəzən də "düşüncə iffəti" şəklində zikr etdiyimiz bir xüsus da var. Xüsusilə, həva və həvəsi fikir surətində təqdim etməmə, ülvi və dərin həqiqətləri izah edərkən fantastik və müəmmalı ifadələrə girməmə, lakin səviyyəsiz sözlərə və bayağı ifadələrə də yer verməmə, istifadə edilən hər sözü sərraf həssaslığı ilə seçərək dilin saflığını qorumağa səy göstərmə və oxucunu mütləq xeyrə, gözəlliyə sövq etmə kimi mövzularda həssas davranma da iffətin bu növünü təşkil edir.
Əslində, düşüncə iffətini əldə edib qorumaq üçün təxəyyül və təsəvvür planındakı duyğuları belə təmiz saxlamağa səy göstərmək lazımdır. Çünki fikir, söz və əməllər bir yönü ilə xəyalda mayalanır. Buna görə də, Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Pis duyğular səni xəyallarında yaxalayanda, ilk fürsətdə dərhal onlardan xilas olmağa çalış. Yoxsa, bir müddət sonra aparıldığın yerdən geriyə dönə bilməzsən", -deyir. Bəli, bir şeytani ox gəlib xəyalınıza saplandığı zaman geri qayıda bilirsinizsə, dərhal qayıdın və zehninizdə açılan yaranı vaxt itirmədən sağaltmağa çalışın. O ox daha dərinə nüfuz etmədən və açılan yara sizi öldürəcək səviyyəyə çatmadan bir istehkama sığınmalı, əzəli düşməninizin hücumlarından qorunmalısınız. Əks halda, bəzi xəyal dəryalarına yelkən açmış, onun dalğaları içində sovrulmuş və sahilə çıxmağa yol tapa bilməyəcək qədər sahildən uzaqlaşmış olarsınız. Elə isə, yol yaxınkən və iradənizin gücü varkən pis duyğu və pis ehtiraslardan xilas olmalısınız!..
Kiçik İkən Əhəmiyyət Verməsən, Böyüyəndə Həll Edə Bilməzsən
Qurani-Kərim və Sünnət "səddi-zərai" adı altında bu mövzuya diqqət çəkərək, müəyyən hadisələr münasibəti ilə, fərqli ifadələrlə bu xüsusu izah edir. Bildiyiniz kimi, "sədd" maneə törətmə, "zərai" də "səbəb" və "yol" mənasına gələn "zəria" sözünün cəm şəklidir. "Səddi-zərai" isə şər və günaha aparan yollara sədd çəkmə, harama səbəb ola biləcək hal və hərəkətlərdən qaçma deməkdir. Məsələn, zina böyük bir günahdır. Harama baxmaq bu günaha aparan bir səbəb olduğu üçün o da günahdır və qadağan edilmişdir. Bunun üçün, Qurani-Kərim: "Zina etməyin", "Yetim malı yeməyin" əmrini ifadə edərkən, "Zinaya yaxınlaşmayın", "Yetim malına yaxınlaşmayın" şəklində səslənir və nəticədə günaha apara biləcək mühitdən uzaq durmaq əmr edilir.
Bəli, göz görər, qulaq eşidər, dil söylər; görülən, duyulan və deyilən şeylər zehində xəyala dönər; təxəyyül təsəvvürə çevrilər, o da müəyyən bir qəlibə tökülər, bir örtüyə girər.. və sonra bu mərhələ insanın iradi davranışlarına təsir edər; əl uzanar, ayaq gedər... Başqa sözlə, hələ xəyal astanasında ikən günahın qarşısı alınmalı, onun təsəvvürə və sonrakı mərhələlərə keçməsinə mane olunmalıdır. Məsələn, harama baxmaq önü alına biləcək və iradə ilə uzaqlaşmaq mümkün olan bir təhlükədir. Bir az cəhd göstərsəniz, baxmaya bilərsiniz. Gözünüzə ilişən çirkin bir mənzərədən uzaqlaşma, iradənizin belini bükə biləcək qədər böyük bir yük deyil; gözünüzü bağlamağa iradi gücünüz kifayətdir. Lakin nəzərinizi haramdan çevirməz, özünüzü o işə salar və bir "baxma xəstəsi" olsanız, artıq geriyə dönmə ehtimalınız azalar. Üstəlik bir də gözünüzdən zehininizə axan mənzərələri xatirələrlə, təəqqüllə bəsləyib böyütsəniz, artıq sahildən uzaqlaşmış sayılırsınız. Ondan sonra geriyə dönmək daha çox cəhd və səy istəyir. Şair bir dostumun: "Üsyan dəryasına yelkən açmışam/Kənara çıxmağa qoymur məni!.." -dediyi kimi, Allah qorusun, o günah dalğaları sizi ora-bura çırpıb sahilə çıxmağınıza imkan verməz.
Üç İffət Qəhrəmanı
Günah astanasında və uçurumun kənarında ikən geri dönə bilən və böyük bir fəlakətdən xilas olan qəhrəmanlar də var. Məhşərin dəhşətverici təhlükələrindən "züllüllah"a sığınaraq qorunacaq olan yeddi qrup insan adı çəkilərkən, belə bir iffət qəhrəmanına da işarə edilir. Çünki namus və şərəfini mühafizədə fövqəladə həssas və şəhvani istəklərinə qarşı çıxmaqda son dərəcədə qərarlı o cəsur, gözəllik və sərvət sahibi bir qadının günaha dəvətini: "Mən Allahdan qorxuram" -fəryadı ilə rədd edə bilmiş və iradə ilə keçilməz kimi görünən bir dəryanı aşa bilmişdir.
Həzrəti Ömərin (r.a.) gözünün nuru olan bir gənc də o ismət üfüqünün nümayəndələrindəndir. O da bir tələyə düşüb günaha azca meyil göstərəndə birdən-birə: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar" (Əraf, 7/201) məalındaki ayəni xatırlamış; Cənabi-Allahdan həya etmiş, günah astanasından geri dönmüşdü.. lakin vicdanı bu kiçik meyli belə iffətinə sığışdırmamış, könlü Allah qorxusundan hasil olan həyəcana dözə bilməmiş və gənc oradaca can vermişdi. O canını Allaha təslim etsə də, "iffət (ismət) şəhidi" ünvanına layiq o igidin xatirəsi də bir yadi-cəmil kimi dövrümüzə qədər gəlmişdir.
"Mağara hədisi" olaraq da məlum olan bir hədisi-şərifdə də belə bir iffət qəhrəmanından bəhs edilir. Gecəni keçirmək üçün bir mağaraya sığınan üç nəfər dağdan qopan böyük bir qaya parçasının mağaranın ağzını bağlaması nəticəsində heç cür oradan çıxa bilmir. Onlar sıra ilə Haqq qatında məqbul olduğuna inandıqları bir əməli vəsilə edərək Cənabi-Haqqdan mağara ağzının açılmasını diləyirlər. Hər birinin duası ilə qaya bir az yol alır və nəhayət o üç yoldaş xilas olur. Onlardan birincisi, ana-atasına münasibətdə gözəl davranışlarını vəsilə edərək niyaz edir; sonuncusu da, işlətdiyi fəhlənin vaxtında verə bilmədiyi, pulunu istifadə etməklə çoxaltdığı mal-dövləti əksiksiz fəhləyə qaytarması hörmətinə İlahi rəhməti köməyə çağırır. İkinci şəxs isə, "Allahım! Əmimin bir qızı vardı. Onu hər kəsdən çox sevirdim. Ondan kam almaq istədim, amma mənə heç üz vermədi. Lakin bir qıtlıq zamanında əlimə düşdü. Ona özünü mənə təslim etməsi müqabilində yüz iyirmi dinar verdim, məcbur olaraq qəbul etdi. Lakin arzuma yetəcəyim anda: "Allahdan qorx, iffətimə toxunma!" -dedi. Onu çox sevdiyim halda, buraxdım, verdiyim pulu da geri almadım. Allahım əgər bunu Sənin rizan üçün etmişəmsə, bizi bu çətinlikdən qurtar!" -deyərək iffətini mühafizə etməsini məqbul bir əməl olaraq Allaha təqdim edir.
Bu üç əfif insanın ortaya qoyduğu qəhrəmanlıq hər kəsə nəsib olmaz. Bunlar çox istisna, nadir iradə zəfərləridir. Bu cür hallarda yol azmama hər insanın əldə edə biləcəyi bir müvəffəqiyyət deyil. Çoxu o sürüşkən zəmində ayaqüstə dura bilməyib yıxılır. Başqa sözlə, o səviyyəyə qədər çatdırmadan məsələnin qarşısı alınmalıdır. Elə təhlükəli hallara heç girməmək, uçurumun kənarına heç yaxınlaşmamaq və günah sahillərində qətiyyən dolaşmamaq lazımdır. Necə ki, Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Kim Allaha və axirət gününə inanırsa, özünə halal olmayan və yanında məhrəmi olmayan bir qadınla baş-başa qalmasın. Çünki onların üçüncüsü şeytandır" -buyurur və ifadə etdiyim "səddi-zərai" düsturu ilə günah yollarını başdan bağlamağımız üçün xəbərdarlıq edir.
Dilin İffəti
Eyni məsələni doğru danışmaq mövzusunda da düşünə bilərsiniz. Bir "yalan insanına" çevrilmədən özünüzü, vərdiş halına gətirərək düz danışmağa alışdırmalı və həqiqəti təhrif etməməlisiniz. Xüsusilə də, bir insanın sözünü, ya da bir məsələni başqa şəxsə çatdırarkən hər sözü bir-bir deməli və yarım kəlmə qədər də olsa, başqa söz əlavə etməməyə diqqət yetirməliyik. Çünki yalanın iki tərifi var: Birincisi, insanın həqiqi düşüncəsini gizlədib qənaətinin əksini deməsi. İkincisi isə, hadisələrin olduğu kimi deyil, fərqli şəkildə qarşı tərəfə çatdırılması; başqa sözlə, Allah dərgahındakı həqiqətə və Cənabi-Haqqın gördüyü, duyduğu, bildiyi bir məsələyə zidd söz söyləməkdir. Elə isə, söylədiyiniz hər cümlənin, həqiqətən, qəlbinizin səsi olub-olmadığına diqqət yetirməli və qəti əmin olduğunuz şeyləri doğru olduğuna inandığınız şəkildə söyləməli, bunu edərkən də "İşin həqiqətini Allah bilər" düşüncəsini ağlınızdan çıxarmamalısınız. Gündəlik danışıqlarınızda da belə bir doğruluq axtarmalı və yalanın öldürücü bir virus kimi qəlbinizə yol tapmasına imkan verməməlisiniz.
Doğruluq mövzusunda həssaslığı ilə gözəl nümunə olan Abdullah ibn Məsud həzrətləri hədis rəvayət edərkən tir-tir titrəyərmiş. Peyğəmbər Əfəndimizin (s.ə.s.) mübarək bəyanlarını nəql edərkən o qədər həssas davranarmış ki, həyəcandan bütün bədəni əsər və alnından damcı-damcı tər axarmış. Məsələn, hər kəsin bildiyi: "Bir günahdan tövbə edən, onu heç işləməmiş kimidir" məalındakı hədisi-şərifi nəql edərkən dəfələrlə həyəcan içində irəli-geri addım atar, əllərini ovuşdurar, "Lə havlə vəla qüvvətə illə billah.." -deyər, əksik-artıq söz demədən hədisi çatdırmaq üçün dəridən-qabıqdan çıxar və sözün axırında da "Allahu aləm" qeydini edərmiş. Tələbələrindən biri deyir ki: "Bir il boyunca İbni-Məsud həzrətlərinin yanında qalsam da, onun bir dəfə də "Rəsulullah buyurdu ki..." -dediyini eşitmədim."
İstəyirsinizsə, belə həssaslığa "dil iffəti" də deyə bilərsiniz. Nə ad verirsinizsə-verin, dediyiniz sözlərin hadisələrlə üst-üstə düşməsi və Allahın elmindəki həqiqətlə, yəni o məsələnin əsl mahiyyəti ilə uyğun gəlməsi də iffətin ayrı bir parçasıdır. İnsan iffət və həya pərdəsini yırtmamaq üçün düzgünlüyə vərdiş edə- edə yalanın üzünə bütün qapılarını bağlamalı və onun kölgəsinə belə yaxınlaşmamalıdır.
Acgözlüyə Qarşı
Dünyəvi gözəlliklərə və mal-mülkə qarşı hərislik duyğusunun ilk əlamətləri zehində görünən kimi vaxt itirmədən oradaca boğulmalı, bu duyğunun böyüyərək başqasının var-dövlətinə qarşı qısqanclığa və həsədə çevrilməsinə imkan verilməməlidir. Çünki insan fitrətindəki bu boşluq, vaxtında qarşısı alınmazsa, insanı nəinki dilənçiliyə, xaraktercə zəif olanları oğurluğa belə sövq edə bilər.
Bəli, insan mal-mülk mövzusunda özündə bir zəiflik görürsə, işin başından ayaqlarını möhkəm basa biləcəyi yerdə durmalı və yıxılma ehtimalı olan yerlərdə gəzməməlidir. Gözünü sərvət hissi bürümüş birinin vəzifə, mal-mülk və var-dövlət sahibi olması onun buzlu-sürüşkən yolda var-gücü ilə qaçması kimi bir şeydir. Belə insanın hər an yıxılma ehtimalı var. Elə isə, o insan üzüstə yıxılma ehtimalı olmayan məkanlara yönəlməli; geri dönə biləcəyi yerdə dərhal dönməli və hələ iş-işdən keçməmiş iradəsinin haqqını verməlidir. Əks halda, iradəsinin çiyninə çox ağır yük yükləyib "iffətsiz" damğasını yedikdən sonra: "Mən nə qədər də iradəsizmişəm" -deyərək şikayət etmənin bir mənası yoxdur.
Xülasə, "iffət" dil, göz, qulaq, əl, ayaq kimi əzaları günahlardan qoruyaraq və halal dairədəki zövq və ləzzətlərlə kifayətlənərək haramlardan uzaq qalmaqdır. Əxlaqi dəyərlərə bağlı və günahlardan uzaq yaşamanın ən mühüm yollarından biri "səddi-zərai" prinsipinə uyğun şəkildə davranmaq və sürüşkən zəminə heç yaxınlaşmamaqdır. İffəti, düşüncə namusundan peşə əxlaqına qədər geniş bir çərçivədə dəyərləndirmək daha düzgün olar. Necə ki, müstəğni olmaq, başqalarına əl açmamaq, dilənçilik etməmək və heç kəsə əl açmamaq da iffətin çox əhəmiyyətli dərinliklərindən sayılmışdır.
- tarixində yaradılmışdır.