Möminlərin Həlakı İftiraqdadır!..
Sual: Bir hədisi-şərifdə İnsanlığın İftixarının (s.ə.s.) ümmətinin təfriqəyə (ayrılığa) düşməməsi üçün dua etdiyi, amma bu duanın qəbul edilmədiyi nəql edilir. Həbibi-Əkrəmin bu duasının məqbul sayılmamasında hansı işarə və hikmətlər ola bilər?
Cavab: Şəfqət Peyğəmbəri Əfəndimiz (s.ə.s.) qədər ümmətini düşünən başqa birini göstərmək mümkün deyil. Qurani-Kərimdə bu həqiqət belə ifadə edilir: "(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz Ona ağır gəlir, O, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə, 9/128). Rəhmət Peyğəmbərinin (s.ə.s.) öz ümmətinə bağlılığı fövqəladə və hədsizdir. Müşfiq Nəbi şəfqət, mərhəmət, mülayimlik və ümmətin dərdlərini duyma mövzusunda çox həssasdır. Bir hədisin ifadəsi ilə, Cəhənnəmdəkiləri qurtarmaq üçün Cənnətdən çıxmağa və çılğın alovlara sinə gərməyə hazır olması da Onun mərhəmətini, həssaslığını və vicdan ənginliyini əks etdirir. O, həyatı boyunca ümmətini diləmiş, möminlər üçün yalvarıb-yaxarmış, onların aqibətini düşünərək həyəcanla çırpınmış və çox vaxt əllərini açıb Cənabi-Haqqa içini boşaldaraq onlar üçün dua etmişdir.
Kainatın Fəxri Əfəndimiz (əleyhi əkməlüttəhaya) yenə bir gün ümmətinin dərdi ilə Həzrəti Rəhman və Rəhim olan Allahdan üç şey üçün niyaz etmişdir; ümmətinin aclıqla cəzalandırılmaması, keçmiş qövmlər kimi kütləvi həlaka məruz qalmaması və təfriqəyə düşməməsi!!! Allah-Təala Rəsuli-Əkrəmin ilk iki duasını qəbul etmiş, lakin üçüncüsünü müəyyən hikmətlərə görə məqbul saymamışdı. Cənabi-Zülcalal (Allah) məalən belə buyurmuşdu: "Həbibim, Mən bir hökm verdimsə, artıq o həyata keçməlidir. Sənə əhdim olsun ki, ümmətini ümumi qıtlıqla cəzalandırmayacağam, kütləvi həlaka məruz qoymayacağam və kökünə od vurub varlığına tamamilə son qoyacaq bir düşməni onlara rast gətirməyəcəyəm (onların başına bəla etməyəcəyəm). Lakin onlar öz aralarında müharibə edib bir-birini qıracaqlar!.."
Bəli, başqa qövmlər üsyan dənizinə daldıqca Allahın səmavi və ərzi fəlakətləri onları yer üzündən silmişdi, lakin Məhəmməd ümməti belə bir aqibətdən mühafizə edilmişdir. Ancaq inanan insanların da günah işlədikcə bir-birinə düşmən olmaları, birlik və bərabərliyi itirmələri, ixtilaf və iftiraqlarla (ayrılma,parçalanma) əzilmələri muqəddərdir, qaçılmazdır. Əfəndimiz (əleyhi əlfü əlfi salatin və salam) belə bir fəlakət və müsibətin ümmətindən uzaq olması üçün də dualarla yalvarmış, ancaq bəzilərini təxmini bildiyimiz, əksəriyyətini isə bilmədiyimiz bir çox hikmətə görə Cənabi-Haqq Həbibi-Ədibinin bu niyazına "qəbul" möhrü vurmamışdır.
Hissi Deyil, İradi Qardaşlıq
Gəldiyim qənaətə görə, bu hikmətlərdən biri insan iradəsinə diqqət çəkmək və ittifaqın iradəyə vabəstə (bağlı) bir məsələ olduğunu bildirməkdir. Vifaq (həmrəylik) və ittifaqın təmin edilməsi üçün insanlardan iradələrinin haqqını vermələri istənilir. Şübhəsiz, "hissi qardaşlıq" da əhəmiyyətli bir əsasdır,ancaq bu kafi deyil. Üxuvvət (qardaşlıq) və ittifaq mövzusu hissilikdən daha çox əqli, məntiqi və iradidir; reallaşması üçün də qərar, əzm və səy lazımdır. Möminlərin razılığa gəlib birləşmələrində və bir-birini sevmələrində əsas amil duyğu, düşüncə, inanc və etiqad birliyinin ictimai razılığına bağlı məntiqi qardaşlıqdır. Buna əsasən, Nur Müəllifi məsələnin daim məntiqi yönlərini və dinamikalarını nəzərə çatdırmışdır. Məsələn, "Xaliqiniz bir, Malikiniz bir, Məbudunuz bir, Raziqiniz bir, bir, bir... Minlərlə bir, bir. Peyğəmbəriniz bir, dininiz bir, qibləniz bir... Bir, bir, yüzlərlə bir, bir!.." demişdir. Elə isə, insan bütün bu ortaq cəhətləri nəzərə almalı, ittifaq və üxüvvətin zəruriliyini qavramalı və sonra da onun təsis edilməsi üçün iradəsini ortaya qoymalıdır.
Məlum olduğu kimi, qısaca "arzu və istəkləri reallaşdırma qabiliyyəti" demək olan və istəmək, diləmək, ya da iki şeydən birini seçmək mənalarına gələn iradə, "nəfsin istəklərini aşmaq, bədənin arzularına üsyan etmək, öz istək və diləklərini nəzərə almadan hər yerdə və hər şəraitdə Onun muradını arama" şəklində tərif edilmişdir. Bu mənada, Allah-Təala insana bir iradə gücü vermiş; onu bir ağac və ya sürüdə bir heyvan olaraq yox, öz həyat yolunu təyin edə bilən məsuliyyətli bir varlıq şəklində yaratmışdır. Beləliklə də, O, insan övladından hər mövzuda iradənin haqqını verməsini istədiyi kimi, vifaq və ittifaq mövzusunda da öz ixtiyar və səyi ilə doğru yolu tapmasını diləmişdir.
Əslində, nəticə etibarilə qəlbləri uzlaşdıran, insanları bir-birinə sevdirən və dostluq körpülərinin qurulmasını təmin edən yalnız Allahdır. Necə ki, İlahi Kəlamda: “Və onların (bir-birinə düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir" (Ənfal, 8/63) buyurulur. Bəli, qəlbləri bir-birinə isidib insanları bir amal ətrafında birləşdirmək və onlardan vəhdət meydana gətirmək üçün dünya dolu qızıl, gümüş sərf edilsə yenə də azdır. Sərvət xərcləməklə insanları zahirən bir yerə toplamaq imkan daxilindədir, lakin onların qəlb və vicdanlarını uzlaşdırıb bir-birinə yaxınlaşdırmaq mümkün deyil. Allahdır ki, ürəkləri yumşaldır, insanları yaxınlaşdırır,birləşdirir və aralarında vəhdəti-ruhiyə hasil edir.
Cənabi-Haqqın bu lütfünə ən bariz nümunə Ovs və Həzrəc qəbilələrinin bir-birilə dostluq qurmalarıdır. İslamiyyətdən əvvəl qəzəb, kin, həsəd və düşmənçilik duyğuları içində boğulan, yüz illik qan düşmənçiliyi ilə bir-birinin canına qıyan, malını talan edən, qətiyyən uzlaşa, razılaşa bilməyən və Rəsuli-Əkrəmə (s.ə.s.) beyətlərindən bir neçə il əvvəl də “Buas” müharibəsini başladan bu iki qəbilə, nəhayət, ilahi inayət və lütf sayəsində, Allah və Rəsulullah sevgisi ilə birləşmiş və tək ürək, tək bilək olub səadətə qovuşmuşlar.
Üxuvvət Üçün Feili Dua
Bu baxımdan, nəticə etibarilə qəlbləri bir-birinə isidən və dostluq, qardaşlıq duyğularını coşduranın məhz Cənabi-Haqq olduğuna könüldən inanmaq və möminlərin eyni istiqamətdə olmaları üçün hər zaman Ona yalvarıb dua etmək lazımdır. Lakin bu mövzuda praktiki, feili bəzi işlər də görülməli, bu fəaliyyətlərin sadə şərtlərini yerinə yetirməklə vifaq və ittifaqa nail olunacağı və feili dua yerinə keçəcəyi də unudulmamalıdır.
Bəli, insan bir odun parçası, ya da sürüdə bir heyvan deyil ki, məcburi olaraq başqaları ilə ittifaq etsin və bir amal ətrafında birləşsin. Onda fərqli düşüncələrin, şəxsi mülahizələrin və bəzi ziddiyyətlərin olması təbiidir. İnsandan gözlənilən, hər deyilənə boyun əymək, xarici təzyiqlərlə müəyyən bir məqama gəlmək və şüursuzcasına insanlarla cansız daşlar kimi çiyin-çiyinə vermək deyil, ondan tələb olunan, fikir, düşüncə və feillərinə iradə, məntiq və mühakimə ilə müdaxilə etməsi və vifaqı iradi, məntiqi olaraq reallaşdırmasıdır.
Hər an "insana hörmət" deyib bütün könülləri şad etməyə çalışmaq, fərqli düşüncələri hörmətlə qarşılayıb hər fürsətdə ətrafa təbəssüm saçmaq, hər kəsə ana kimi şəfqətlə yanaşıb Allahın sənət əsəri olan insana yaxınlıq göstərmək, lakin bu səmimiyyətə qarşılıq heç bir şey tələb etməmək, həmişə bu zərifliyi qorumaq və hər kəsə badə-badə sevgi içirmək, sonra da cahanşümul (ümumi) bir dil inkişaf etdirmək, o dil sayəsində insanları uzlaşdırmağa çalışmaq, bəzi ümumbəşəri ölçülərdən istifadə edərək aralarında uçurumlar meydana gəlmiş millətləri bir-birinə bağlayan körpülər qurmaq və yer üzündə "sülh adaları" meydana gətirmək... Bütün bu sadaladıqlarımız feili bir duadır və insan iradəsinə bağlı olaraq müraciət ediləsi səbəblərdir. Möminlər iradələrinin haqqını verərək bunları reallaşdırsalar, vifaq və ittifaqın təmin edilməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirmiş sayılarlar. Onlar əlindən gələni etsələr, Allah-Təala görülən işlərin böyüklüyünə-kiçikliyinə və səbəblərin əhəmiyyətsizliyinə baxmaz; Öz namütənahi (sonsuz) qüdrət, iradə və istəyi ilə Üluhiyyətinə layiq şəkildə mükafatlandırar. Bəli, sultana sultanlıq, gədaya da gədalıq (kölə, dilənçi) yaraşır. İnananlar Cənabi-Haqqa qarşı gədalıq vəzifələrini yerinə yetirincə, o Sultanlar Sultanı da şəni-rübubiyyətinin gərəyini yerinə yetirər.
Müvəffəqiyyətin Ən Böyük Səbəbi
Digər tərəfdən, iradi olaraq vifaq və ittifaq axtarışında çox böyük savab da var. Bəli, ixtilafa tab gətirmənin, iftiraqa sinə gərmənin və həmişə ittifaq arxasınca olmanın da savabı var. Namaz, oruc və zəkat kimi ibadətlərin hər biri savaba səbəb olduğu kimi, təfriqəyə qarşı müharibə elan etmək, uzlaşmaq, birlik və bərabərlik içində yaşamaq üçün cəhd göstərmək də çox əhəmiyyətli bir savab mənbəyidir. İnsanın, sırf vifaq və ittifaq axtarışı üçün, fitrətinə zidd olan məsələləri bu şəkildə - iradəsi ilə aşması, zəqqum yemiş kimi həzmində çətinlik çəkəcəyi xüsuslara belə -yenə iradəsilə- bəla və müsibətlərə dözər kimi tab gətirməsi və : "Hər nə bahasını olursa-olsun ittifaq!.." deməsi ona nemətlərə qarşı həmd-səna savabı, ya da ibadətlər, müsibətlər və günahlar qarşısında səbirli olma mükafatı qədər savab qazandırar.
Bununla yanaşı, bu savablardan hər birinin həm dünya, həm də üqbaya (axirətə) aid yönü var. İttifaq axtarışı üxrəvi mükafatla yanaşı, möminlərin dünyəvi müvəffəqiyyəti üçün çox əhəmiyyətli bir vəsilədir. Çünki Allah-Təala möminlərə müvəffəqiyyət verəcək və onları müvazinəti təmin edən bir millət halına gətirəcəksə, bunu aralarındakı vifaq və ittifaqa mükafat olaraq lütf edəcək.
Bəli, vifaq və ittifaq Allahın möminlərə müvəffəqiyyət verməsi üçün çox mühüm bir amildir. Vifaq, eyni yolda birləşmək; ittifaq da bu birliyin insan ruhunun təbiəti halına gəlməsidir. Digər bir ifadə ilə, ittifaq, insanların uzlaşıb bütünləşməsi; birlikdə, qarşılıqlı hörmət bəsləyərək, sevgi ətrafında cəmləşib yaşamağı fitrətin fərqli bir dərinliyinə çevirmələri deməkdir.. və elə inanıram ki, bu birlik və birlik ruhu Cənabi-Haqqın möminlərə müvəffəqiyyət verməsi üçün “əl-Kulubu'd-Daria”nı hər gün xətm etməkdən daha geniş bir dua və qəbula yaxın bir minacatdır. Vifaq və ittifaqla bir-birilə bütünləşmiş və bir vücud halına gəlmiş insanların ruh və könlündə hər zaman rahatlıq,əmin-amanlıq,huzur yuva salacaq; darda qalanda bir qüdrət əli və ilahi inayət dərhal onların dadına çatacaq və Allah-Təala həmişə onları yaxşıya, gözələ və doğru istiqamətə yönəldəcək.
Müvəffəqiyyətsizliyin Ən Böyük Səbəbi
Əgər bir diyarda, bir qurumda müvəffəqiyyətsizlik varsa, ya da gözlənilən müsbət nəticə heç cür əldə olunmursa, bunun səbəbi hər şeydən əvvəl üxüvvət (qardaşlar) ruhunun qorunmamasında axtarılmalıdır. Birlik şüurunu, qardaşlıq hisslərini itirmiş və bir-birinə düşmən kəsilmiş insanların müvəffəq olmaları və ortaq hədəfə varmaları mümkün deyil., Təfriqəyə düşmüş fədakar ruhlu insanların arasından birinin belə ilayi-kəlimətullah yolunda müvəffəqiyyətə nail olduğunu göstərmək qeyri-mümkündür.
Buna görə də, ayə və hədislərdə vifaq və ittifaqın çox mühüm nəticələri dəfələrlə vurğulanır. Xüsusilə, "Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!" (Hucurat, 49/10) məalındakı ilahi bəyan və bunun şərhi mahiyyətindəki nəbəvi ifadələr qardaşlıq ruhunu qorumanın və möminlərin arasını düzəltmənin bir vəzifə olduğunu vurğulayır.
Xüsusilə, indiki dövrdə müxtəlif xüsumət (ədavət) və düşmənçilik amilləri olduğuna görə millətin hər fərdinə "təlifi-beyn" məsuliyyəti də düşür. Təlifi-beyn – “aranı düzəltmək”, “barışdırmaq”, “uzlaşdırmaq” və “xüsuməti aradan qaldırmaq” deməkdir. İki insan, iki zümrə və ya iki toplum bir-birilə vuruşduğu zaman, onların xaricində olanlara düşən vəzifə təlifi-beyndir. İstər bir ailədə, istər bir təşkilatda, istər bir cəmiyyətdə və istərsə də bütünlüklə bir ölkədə ab-havanın gərginləşməsi, başlanğıcda təxmin edə bilməyəcəyiniz böyük itkilərə səbəb ola bilər. Beləliklə, fərdlər, zümrələr, müxtəlif ictimayi təbəqələr, birliklər və hətta müxtəlif millətlər arasında baş verən anlaşılmazlıqların böyüməsinə qətiyyən fürsət verilməməli və vaxt ötürmədən mütləq uzlaşma yoluna baş vurulmalıdır. Bəlkə də, bu gün, həm özəl, həm də rəsmi hər müəssisədə bir təlifi-beyn qrupu olmalı və bu heyət hər kəsi çox yaxından təqib edərək incikliklərin, küskünlüklərin və bir-birindən uzaqlaşmaların önünü almalıdır.
- tarixində yaradılmışdır.