Peyğəmbərlərə Hörmət və Səlatu-Salam

Sual: Peyğəmbərlərin, xüsusilə, Quranda adı keçən Allah elçilərinin həyatımızdakı yeri və Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) özündən əvvəl göndərilən peyğəmbərlər haqqındakı bəyanları bizə nə ifadə edir?

Cavab: Böyük peyğəmbərlərin dəqiq sayını bilmirik. Bir hədisi-şərifdə Allahın 124 min peyğəmbər göndərdiyi bildirilir (Əhməd b. Hənbəl, əl-Müsned 5/265). Başqa bir hədisi-şərifdə isə bunların içindən seçib birbaşa kitab göndərdiyi rəsulların sayı 313 göstərilir (İbn Hibban, əs-Səhih 2/77). Yuxarıdakı peyğəmbər bəyanındakı peyğəmbərlərin sayı minlərə ifadə edildiyi halda, Quranda 25 peyğəmbərin adı zikr edilir. Bilindiyi kimi bunlar: Həzrəti Adəm, İdris, Nuh, Hud, Saleh, Lut, İbrahim, İsmayıl, İshaq, Yaqub, Yusuf, Şuayb, Harun, Musa, Davud, Süleyman, Eyyub, Zülkifl, Yunus, İlyas, Əlyəsa, Zəkəriyyə, Yəhya, İsa (əleyhimussəlam) və Həzrəti Muhamməd Mustafadır (əleyhissəlatu vəsəlləm). Bu iyirmi beş peyğəmbərdən başqa Peyğəmbər yoxsa, vəli olduğunu dəqiq bilmədiyimiz üç ad da çəkilir ki, bunlar da Həzrəti Üzeyr, Loğman, Zülqərneyndir (əleyhimussəlam).

Həmçinin Kitabi-Müqəddəsdə bunlardan əlavə bəzi peyğəmbərin adı da zikr edilir. Məsələn, “Köhnə Əhid”də Babil əsarətində Daniyel peyğəmbərdən, Həzrəti Talut dövründə Samuel peyğəmbərdən bəhs edilir. Ancaq bu məlumatları Qurani-Kərim təsdiq etmədiyinə görə biz bunu nə olduğu kimi qəbul edə, nə də inkar edə bilərik. Yəni Quranda adı çəkilmədiyi və Əfəndimizin (sallallahu əleyhi və səlləm) hədislərində əksini tapmadığı üçün onların peyğəmbər olub-olmamasına dair dəqiq bir söz deyə bilmərik.

Qurandakı peyğəmbərlər və Məkkə ətrafı

Qurani-Kərimdə məalən: "Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!" (“Fatir” surəsi, 35/24) buyurulur. Quranın bu ifadəsindən belə bir nəticəyə gəlirik ki, Peyğəmbərlər sadəcə müəyyən bir bölgəyə və müəyyən bir topluma deyil, dünyanın müxtəlif ölkələrinə, fərqli müllətlərə göndərilmişdir. Ancaq bəzi hikmətlərə görə, Qurani-Kərimdə qissələri verilən peyğəmbərlərin Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) zühur etdiyi yerə yaxın bölgələrdən nəşət etməsi, həyat sərgüzəştlərinin bu bölgə ilə yaxından əlaqəli olduğunu müşahidə edirik. Məsələn, hədis meyarlarına cavab verməsə də, Həzrəti Adəmin (əleyhissəlam) Ciddə ətrafındakı bir ərazidə Həvva anamızla görüşməsinə dair rəvayətlər var. Pozitiv elmlər sahəsində bir çox mükafata layiq görülmüş böyük alim, geoloq, dr. Zağlul ən-Nəccar yer üzündə ilk yaşayış məskəninin Məkkə olduğunu deyir ki, bu mövzumuz baxımından əhəmiyyətlidir. Mərhum Alvar İmamı da: "Nice yıllar ah u feryat ettiler/Tarik-i tevbeye doğru gittiler/Âdem ile Havva Cidde’de cem oldular," misralarla bu görüşü təsvir edir. Göründüyü kimi Ciddə Əfəndimizin yaşadığı bölgəyə yaxın yerdir. Nuh Əleyhissəlamın gəmisi Cudi dağında durmuşdur. Ölkəmizin sərhədləri daxilindəki Cudi dağından başqa Mosulda da Cudi adlı bir dağ var. Cudi bir dağ silsiləsinin adı da ola bilər. Bəzi ilahiyyatçılara görə Həzrəti Nuhun gəmisi Ağrı dağında durmuşdur. Əgər Cudinin dağ silsiləsi olduğunu qəbul edəsi olsaq, Ağrı dağı da o silsilənin bir hissəsi ola bilər. Ancaq hər iki ehtimal da bu ərazilərin Əfəndimizin nəşət etdiyi yerə yaxın olduğunu göstərir. Ad qövmünün Şimali Ərəbistan, Səmud qövmünün Hicazla Suriya arasındakı bir bölgədə yaşadığını, Lut əleyhissəlamın vəzifəsini Sodom və Gomoredə icra etdiyini, Həzrəti İbrahimin Babildən Kənan elinə getdiyini, Suriya və Anadolu ətraflarına səfər etdiyini, Musa və Harun əleyhiməssəlamın Misirdə nəşət etdiyini yada salanda Qurani-Kərimdə adı çəkilən peyğəmbərlərin Əfəndimizin zühur etdiyi yerə yaxın bölgələrdən seçilən peyğəmbərlər olduğunu müşahidə edirik.

Kəlami-Əzəlinin (Qurani-Kərim) bu ilahi intibahından aşağıdakı hikmətləri çıxarmaq olar:

Quranda adı çəkilən peyğəmbərlər Məkkəyə yaxın yerlərdə zühur etdikləri üçün Əfəndimizin qövmü tərəfindən az-çox tanınırdı. Hz. Nuh, Hz. İbrahim, Hz. İdris, Hz. Yunus... kimi peyğəmbərlərin həyatı əsatir və mənqibələr şəklində yayılmışdı. Məkkəlilər bu peyğəmbərlərdən xəbərdar idi. Qurani-Kərimin onları önə çıxarması Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) gətirdiyi bəyanın sağlam bünövrə üzərində ucaldığını vurğulamaq baxımından olduqca əhəmiyyətlidir. Beləcə, rəvayət olunan bu hekayələr Peyğəmbər Əfəndimizin açdığı yolun bünövrəsini təşkil edəcək və digər tərəfdən də bu cəmiyyətin Allah Rəsulunun (əleyhi əkməlüttəhaya) gətirdiyi bəyanı yadırğamayıb qəbul etməsini asanlaşdıracaqdı.

Üstəlik Quranın müasirləri, yəni birbaşa ünvanlandığı insanlar ətraflarında baş verən və az-çox xəbərdar olduqları keçmiş ümmətlərin aqibətlərini görmə və bundan ibrət götürmə fürsətini əldə edəcək, o qissələrdən süzülən bu yeni bəyanı duyub hiss edəcəkdilər: "Bunlar sizin keçmişdə də eşitdiyiniz, öz aranızda rəvayət etdiyiniz peyğəmbərlərdir. O qövmlərdə də sizin kimi inadkarlıq edənlər olmuşdu. Siz bir az yaddaşınızı yoxlasanız o inadkar qövmlərin başına gələn fəlakətləri, məruz qaldıqları bəla və müsibətləri xatırlayacaqsınız. Digər tərəfdən o peyğəmbərlərə inanan, onların yolunda gedən insanların qurtulduqlarını da görəcəksiniz". Məkkəlilərin daha əvvəl bu hadisələrdən xəbərdar olması bu yeni bəyanın təsiri baxımından böyük əhəmiyyət kəsb edirdi.

Eyni zamanda, bu qissələrlə Peyğəmbər Əfəndimizə (əleyhissəlatu vəsəlləm) həyatın təbii yönləri göstərilmiş, ondan əvvəl gələn peyğəmbərlərin də buna bənzər çətinliklərə məruz qaldıqları ifadə edilmiş, irşad və təbliğin təbii gedişatına diqqət çəkilmiş və beləcə, risalət vəzifəsi yerinə yetirilərkən belə bəla, müsibət və imtahanların ola biləcəyinə işarə edilmişdir. Bu səbəblə, demək olar ki, Qurani-Kərimdə əksini tapan peyğəmbər qissələri Peyğəmbər Əfəndimiz (əleyhissəlatu vəsəlləm) üçün bir yöndən təlim və irşad, digər yöndən də təsəllidir.

Peyğəmbər qissələri və dövrümüz

Qurani-Kərimin peyğəmbərlərlə bağlı təqdim etdiyi qissələrin, eyni zamanda mükəlləf olduğumuz müsəlmanlıqla da böyük əlaqəsi var. Bəli, bu qissələr dinimiz adına çox mühüm məna və bəyanlar ehtiva edir. Ancaq bu məna və məzmunu düzgün şərh edə bilmək üçün zənnimcə məsələyə siyər və məğazi (qəzvələr haqqında rəvayətlər) fəlsəfəsi nöqteyi-nəzərindən baxmaq lazımdır: Məsələn, Quran bizə Hz. Adəm və ya Hz. Nuh dövründə baş vermiş bəzi hadisələrdən bəhs edir. Biz bunları əvvəla o dövrün şərtlərinə görə mütaliə edib izah etməyə çalışaq. Daha sonra həmin hadisələri indiki dövrün şərtlərinə görə analiz edək. Yəni bir tərəfdən bu peyğəmbərlərin vəzifələrini yaşadıqları dövrün şərtlərinə görə təhlil edərkən, digər tərəfdən də bugünkü şərait, zaman, məkan şərtləri, elmi tərəqqini hesaba qataraq dərs çıxarmağa çalışaq. Çünki bu qissələrin hər dövr üçün keçərli mənaları var. Bunlar Əfəndimiz üçün çox dərin məna və məzmuna malik olduğu kimi, Raşid xəlifələr üçün də çox şey ifadə edirdi. Bəli, Əfəndilər Əfəndisi (əleyhi əlfü əlfi səlatin və səlləm) başda olmaqla, Raşid Xəlifələr və sələfi-salehin Quran qissələrini çox gözəl şərh edə bilmiş, onlardan zamana, məkana, ictimai hadisələrə, şərtlərə görə müxtəlif məna və işarələr çıxarmışlar. Eyni şəkildə, aradan əsrlər keçməsinə baxmayaraq, biz də bu qissələrə müraciət edərkən, onları Quranın hökmlərinə əsasən dövrümüzə görə şərh etməliyik. Yaşadığımız dövrü, mövqeyimizi və şərtləri nəzərə alaraq onları günümüzə tətbiq etməyə, ictihada açıq məsələlərdə onlardan bəhrələnməklə hökm çıxarmağa çalışmalıyıq.

Yoxsa -haşa- bu qissələrə sadəcə keçmiş hadisələr gözü ilə baxmaq Quranın lazımsız mövzulara yer verməsi mənasına gəlir. Halbuki əzəldən gəlib əbədə gedən Kəlami-İlahinin bir sözü, bir hərfi də lazımsız, əbəs deyil. Bəli, onun hər sözü, hər hərfi bizə xitab edir. Doktor İqballa atası arasında olan bu hadisəni sizə əvvəllər də bir neçə dəfə danışmışdım. Doktor İqbal Quran oxuyarkən atası gəlib: “Oğlum, neyləyirsən?” – deyə soruşur, o da əlindəki Müqəddəs Quranı göstərib: “Quran oxuyuram” – deyə cavab verir. Bəlkə də, on dəfə bu sual-cavab davam edir. Bir gün atası təkrar eyni sual verəndə Doktor İqbal: “Atacan, bilirsən ki, Quran oxuyuram, yenə də neylədiyimi soruşursan” deyir. Atası: “Oğlum, bəli, bilirəm ki, əlində "Kitab" var. Lakin mən ona baxmağını deyil, onu oxumağını istəyirəm. Quran sənə səslənir, Allah onunla sənə xitab edir kimi Onu oxu!" cavabını verir. Peyğəmbər qissələrini məhz bu mülahizə ilə oxumalı, bu düşüncə ilə onları dərindən duyub, hiss edib dəyərləndirməyə çalışmalıyıq. Bəli, bir daha ifadə edim ki, hökmü açıq olan məsələlərə zidd olmama şərtilə, onları dövrün şərtlərinə görə dəyərləndirib şərh etməliyik. Bu zaman görəcəyik ki, Quranın anlatdığı peyğəmbər qissələri bizim hər zaman müraciət edə biləcəyimiz tərtəmiz səmavi bir su mənbəyidir. Dolayısilə, belə bir mənbəyə müraciət edən heç vaxt əliboş dönməz. Təki insan qərəzsiz olsun. Onlara -haşa- keçmişdə baş vermiş və bu gün heç bir dəyəri olmayan hekayə nəzərilə baxmasın.

Səlatu-Salam və Hayy Ruhlar

Sual: Peyğəmbər Əfəndimizin (əleyhissəlatu vəsəlləm) digər peyğəmbərləri hər fürsətdə xeyirlə yad etdiyini görürük. Peyğəmbərlərin adları yad ediləndə mömin hansı duyğuları keçirməlidir?

Cavab: Belə bir əhval-ruhiyyənin keyfiyyəti insanın üfüqünə, dünyagörüşünə, idrak səviyyəsinə görə fərqlənir. Üstəlik qəlbi huşyar, hissiyyatı mənəvi aləmlərə açıq insan da həmişə eyni əhval-ruhiyyədə ola bilməz. Ancaq bəzən insan, məsələn "əssəlamu əleykə əyyühən-nəbiyyə və rahmətullahi və bərəkatuhu" deyəndə elə bir əhval-ruhiyyəyə girir ki, sanki onların hüzurundadır. Kim bilir, o əsnada, bəlkə, əlləri ürpəşər, qulağı cingildəməyə başlayar. Məhz bu duyğu və hiss insanın qəlb və ruh üfüqü ilə yaxından bağlıdır.

Ancaq qənaətimcə, burada əsas məsələ peyğəmbərlik müəssisəsi haqqında doğru, düzgün dünyagörüşün təşəkkül tapmasıdır. Çünki bu peyğəmbərlər adi insanlar deyillər. Ölümləri də bizim ölümümüz kimi deyil. Onlar bədəndən ayrılmış, ruh üfüqünə yürümüş qəlb və ruh qəhrəmanlarıdır. Bəli, onlar onlara xas həyat mərtəbəsində hayy (həyat sahibi) ruhlar olduğuna görə, siz onları səmimi qəlbdən xatırlasanız, onlar dərhal bunu hiss edər. Çünki bildiyiniz kimi, Peyğəmbər Əfəndimiz (əleyhi əlfü əlfi salatin və səlam) bir hədisdə: "Yer üzündə Allahın səyyah mələkləri var. Onlar ümmətimin salamını (dərhal) Mənə çatdırırlar" (Nesai, Sehv 46) buyurur. Başqa bir hədisdə də çəkilən salavatlara cavab verəcəyini deyir. Bu və buna bənzər hədislərə əsasən, necə ki Kainatın Fəxri Əfəndimiz (əleyhi əkməlüttəhaya vəttəslimat) üçün çəkilən səlatu-salamlar Ona dərhal çatdırılır, elə də digər peyğəmbərlərə çəkilən səlatu-salamlar da çatdırılır, deyə bilərik. Bu səbəblə, biz Əfəndimizin təlim etdiyi uca və yüksək tərbiyə ilə peyğəmbərlərin adı zikr ediləndə onlara: "Bu gün sizi anan insanlar qalmadı. Bəziləri də sizi çox yanlış tanıyır, yanlış anlayırlar. Kimini -haşa- ilahlıq taxtına oturdur, kimini də Allaha şərik qoşurlar. Biz bütün bunlardan sizi tənzih edir və sizi səlatu-salamla yad edirik!" mülahizəsi ilə: "ala nəbiyyina və əleyhissəlatu vəsəlləm" deyirik. İnsanlığın İftixarını yad etdiyimiz kimi, onları da yad edirik. Zənnimcə, keçmiş, bir mənada ümməti qalmayan o peyğəmbərlərə bu çox böyük bir hədiyyə olacaq. Üstəlik çəkdiyimiz bu səlatu-salamlar daim hayy və canlı olan o mübarək və müqəddəs ruhlarla münasibətə keçməyimiz üçün də çox böyük əhəmiyyət kəsb edir.

Bəli, səlatu-salam gətirib, onları xeyirlə yad etmək bir yöndən onlarla dialoq və irtibat qurmaq mənasına gəlir. Çünki peyğəmbərlər Allahın mükərrəm (kərim, əziz) bəndələridir. Siz onları xeyirlə, səlatu-salamla yad etdiyiniz müddətdə Cənabi-Haqq da sizi xeyirlə yad edər. Çünki sizin onlarla olan münasibətiniz Allah üçündür.

Digər tərəfdən, onların həyat sərgüzəştləri bizim üçün bir məna ifadə edirsə, deməli, onlara elə bu baxımdan borcluyuq. Bəli, onlar üfüqümüzü işıqlandırırlarsa, deməli, onlar bizim rəhbərlərimizdir. Bu baxımdan, mütləq onlara qarşı sayğılı olmalı, onlarla münasibət qurmalı və çəkdiyimiz səlatu-salamlarla onlarla əl-ələ verməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.