Qəlb səlaməti və aktual mövzular
Sual: "Göz çox geniş sahəni gördüyü halda, bir qıl onun görməsinə mane olur" sözü qəlb və ruhumuz üçün nə ifadə edir? Çağdaş dövrdə dünyəvi məşğuliyyət və aktual mövzuların insanların üfüqünü bağlayıb aqibəti düşünməz hala gətirdiyini deyə bilərikmi? Bu mövzuda hansı xüsuslara diqqət etmək lazımdır?
Cavab: Göz görmə sahəsi çox geniş olan, demək olar ki, qarşısındakı hər şeyi görə bilən, mövqeyinə görə dünyaları müşahidə edə bilmə qabiliyyətinə malik İlahi bir nemətdir. Ancaq sizin də sualda dediyiniz kimi, ona bir tel düşsə, o çox kiçik şey gözün görməsinə mane olub onun görmə üfüqünü bağlayır. Lakin burada bir məsələyə diqqətinizi çəkmək istəyirəm: Göz orqanı ilə bağlı qeyd olunan bu həqiqət insanın maddi-mənəvi bütün duyğu və lətifələr (insanın çox incə və həssas, qəlbə bağlı duyğular) üçün də keçərlidir. Məsələn, insan bəzi məsələləri çox geniş, dərindən düşünüb mütaliə edərkən bir baxış, qeyri-məşru bir xəyal, tab gətirə bilmədiyi bir əhval-ruhiyyə onu elə bir nöqtəyə gətirib çıxara bilər ki, o anda göz heç nəyi görməz. Belə ki, kainata sığmayan, dünyanı bir top kimi qucağına alıb oynamaq istəyən, bu səviyyədə onu təhqir edib kiçildən insan bir zərrədə boğula bilər. Bir baxış, bir duyğu ilə özünü məhv edə bilər. Bir xəyal, bir təsəvvür, bir əhval-ruhiyyə bütün mənliyini sarıb onu istədiyi yerə sürükləyə bilər.
İblis və Cinnət halı
İnsanın bu halını anlamaq üçün İblisin Həzrəti Adəmə səcdə əmri alarkən sərgilədiyi əhval-ruhiyyəni nümunə olaraq göstərə bilərik. Qurani-Kərimdə bildirildiyi kimi, Cənabi-Haqq Həzrəti Adəmi yaratdıqdan sonra bütün mələklərə ona səcdə əmrini verir. Mələklərin Həzrəti Adəmə səcdə etməsinə baxmayaraq, İblis özünün oddan Adəm Əleyhissəlamın isə torpaqdan yaradıldığını, bu səbəbdən Hz. Adəmdən daha üstün olduğunu iddia edərək qürura qapılır, nəticədə də küfrə girir. Ardınca da: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam" deyir (“Sad” surəsi, 38/82).
Göründüyü kimi, burada İblis insanları azdıracağını deyərkən Allahın (c.c.) əzəmət və cəlalına, böyüklük və ululuğuna and içir. Məhz bu and onun bəzi şeyləri sezdiyini və Allahı (c.c.) müəyyən səviyyədə dərk etdiyini göstərir. Lakin nəzəri olaraq Allahı bu qədər dərk etdiyi halda o, bir nöqtədə ilişib qalır, gözünə düşən bir tük onun açıq-aşkar olan həqiqətləri görməsinə mane olur. Dolayısilə o kin, nifrət, həsəd, qısqanclıq və eqoizm kimi fəlakətlərə qapılır, gözü görməz, qulağı eşitməz kor-kar bir varlığa çevrilir.
Şeytanın bu halını anlamaq üçün hirsli, cinnət keçirən bir insanın o andakı əhval-ruhiyyəsini də misal göstərmək olar. Çünki bəzi insanlar bəzən elə hirslənir ki, ona baxanda "bu insan havalanıb" deyirsiniz. Hətta onun şizofreniya olduğunu deyib “psixoloqa getməlidir” deyə düşünürsünüz də! Belə insan əlinə keçəni qırıb-dağıdır, parça-parça edir. O əsnada: "Qardaşım! Allah səni insan yaradıb, sən çox mərhəmətli insansan, sən əvvəl belə deyildin" deyib onu təskin etməyə çalışsanız, dediklərinizə heç qulaq asmaz, hətta əlinə keçəni sizə də atar. Çünki o, o anda hirsə, nifrətə elə qapılıb ki, artıq ona nəsə izah etmək, bir şey dinlətmək qeyri-mümkündür.
İndi belə bir insanın kin və nifrətinin bir neçə qatını təsəvvür edin, sonra da Allaha qarşı çıxan İblisin həmin andakı əhval-ruhiyyəsini anlamağa çalışın.
"Üsyan dəryasına yelkən açmışam"
İndi isə əsas mövzumuza gələk, demək olar ki, hər insan İblisin düşdüyü eqoizm, qürur, həsəd, qısqanclıq kimi əslində zərrə qədər əhəmiyyəti olmayan, ancaq nəticə etibarilə böyük təhlükələrə səbəb olan problemlərlə qarşı-qarşıyadır.
Məsələn, baxırsınız ki, könlü əngin, vicdanı geniş, dünyalara sığmayan, bütün insanlara qucaq açıb Cənnətə aparma arzu və iştiyaqı ilə dolu olan bir insan bir yerdə zərrə qədər əhəmiyyəti olmayan bir xüsusa ilişib qala bilir. Məsələn, bir anlıq boşluqda şəhvani duyğulara məğlub ola bilir. Çünki insan bir xəyal və ya bir təsəvvürü daxilən böyüdüb, daha da inkişaf etdirsə, fərqinə varmadan elə yola girə bilər ki, onun dönüşü, demək olar ki, imkansız hala gəlir. Cevdet təxəllüsü ilə şeirlər yazan uşaqlıq yoldaşım var idi. Onun yazdığı şeirin bir beyti bunu necə də gözəl təsvir edir. Belə deyirdi uşaqlıq yoldaşım: "Üsyan dəryasına yelkən açmışam/Kənara çıxmağa qoymur məni". Bəli, başlanğıcda çox kiçik, əhəmiyyətsiz şey sizi elə bir yerə apara bilər ki, bir də dönüş yolunu tapa bilməzsiniz. O yerləri görən gözünüz də artıq heç nəyi görməz.
Lətifeyi-Rəbbaniyə ənginliyi və insan
Halbuki, Cənabi-Haqq bir qüdsi hədisdə: "Yer və göy məni içinə ala bilməz. Mən mömin bir qulumun qəlbinə sığaram" buyurur (əl-Acluni, Keşfü'l-hafa, 2/195). Bildiyiniz kimi, İbrahim Haqqı Həzrətləri bu hədisi belə nəzmə çəkmişdir: "Sığmam dedi Haqq ərzu-səmaya/Kənzən bilindi dil mədənindən". Bəli, yer və göyə sığmayan Haqq-Təala sezilərək və dərk edilərək xəzinə tək insanın qəlbində büruzə verir. Bu büruzə təcəlli və Ona güzgü olma baxımındandır. Buna görə mövzunu bu şəkildə də izah edə bilərik: Qəlbin Allahı duyub hiss etməsi, Ona ayna olub Onu anlatması kainat kitabının Onu anlatmasından daha irəli səviyyədədir. Eyni şəkildə, cildlərlə kitablar da Allahı (c.c.) qəlbin anlatdığı qədər anlada bilməz. Kitablar ancaq qəlbin ənginliyi ilə ənginləşib qəlbin boyası ilə boyanmaqla həqiqi ifadəsini tapa bilər. Əlbəttə ki, burada söz bədənimizə qan vuran şam qozası şəklindəki orqandan getmir. Burada nəzərdə tutulan “sirr”, “xafi” və ya “əxfa” üfüqü ilə Allahın isim və sifətlərinə baxan və “lətifeyi-rəbbaniyə” və ya “fuad” da adlandırılan vicdan mexanizmini meydana gətirən dörd təməl əsasdan biridir.
İnsan bu qədər geniş və əngin, dünyaları əhatə etsə doymayan bir potensiala, bir lütfə məzhər edilmişdir. Ancaq bir də baxırsan ki, belə bir potensiala malik olan insan bəzən heç nə eşitməyən, hissiyyatsız, heç nəyi dərk etməyən bir varlığa çevrilir. Bəli, adəm oğlu kitabların tərcüman ola bilmədiyi həqiqətləri duyma, onları bilib, yaxşı qəbul etmə, eyni zamanda bütün bunları ifadə edə bilmə qabiliyyətinə malik bir qəlb daşıdığı halda, heç nə bilməz, heç nə dərk etməz bir varlıq səviyyəsinə düşə bilər.
Qurani-Kərim müxtəlif yerlərdə bu məsələni vurğulayır. Məsələn, bir yerdə belə buyurur: “Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar” (“Əraf” surəsi, 7/179). Bəli, onların qəlbləri məsələlərin önünü-arxasını düşünüb təhlil etməyə və yeni hökm çıxarmağa uyğun deyil. Quranı-Kərim bu və buna bənzər ayələrlə bizi belə məcazi korluq, məcazi karlıq və məcazi qəlbisizliyə qarşı diqqətli və hazır olmağa çağırır. Fani, dəyərsiz, kiçik şeylərlə görmə üfüqümüzü bağlamağımız, hiss və ənginliyimizi daraltmağımız barəsində xəbərdarlıq və tənbeh edir. Çünki insan Cənai-Haqqla münasibətdə olduğu müddətcə geniş və əngin mahiyyətə sahibdir. Bəli, o, mələkləri belə geridə qoya bilər. Mərhum M. Akif bu həqiqəti gözəl şəkildə ifadə edir:
Haberdâr olmamışsın kendi zâtından da hâlâ sen,
”Muhakkar bir vücûdum!” dersin ey insan, fakat bilsen.
Senin mâhiyyetin hattâ meleklerden de ulvîdir:
Avâlim sende pinhandır, cihanlar sende matvîdir
Kainatın Fəxri Əfəndimizin (s.ə.s.) bizdən, öz içimizdən çıxması bu həqiqətin ən parlaq, ən gözəl, ən möhtəşəm dəlili deyilmi? Əlbəttə ki, elədir. Bəli, O, Əminə Xatundan dünyaya gəlmiş, Abdullahdan olmuş, yəni ana və atası peyğəmbərlik nuru ilə nurlanmamış bir insan olaraq elə bir məqama gəlmişdir ki, Süleyman Çələbi “Yürü top Sənin, çovkan Sənindir bu gecə” ifadələri ilə bu bənzərsiz üstünlüyü dilə gətirimişdir. Çünki İnsanlığın İftixarı Meracda elə bir nöqtəyə gəlib çatır ki, Cəbrayıl (ə.s.): "Mən bir addım da atsam yanaram" deyir. Əgər sübühati-vəch şuaatı (təsəvvüfdə Allahdan gələn və Allahdan qeyri hər şeyi yaxıb külə döndərən təcəllilər) ilahi sifət və isimləri də yaxıb kül edir və bu nöqtədə Allahın Zatından başqa heç nə qalmırsa, Cəbrayılın belə buna tab gətirməsi mümkün deyil. Lakin insanlıq aləminin İftixarı, İki Cahan Sərvəri Əfəndimiz (s.ə.s.) maneəsiz yoluna davam edir.
Buradan belə bir nəticəyə gəlirik ki, insanın mahiyyəti belə bir səyahətə, belə bir yükü daşımağa uyğun yaradılmışdır. Bəli, o, “insanlıq əmanəti” kimi böyük bir yükü və Xaliqin ehsanını daşıma istedadına malikdir.
İnsan mahiyyətcə bu qədər geniş, əngin, güclü və Allaha çox yaxın ikən, təəssüf ki, çox sadə, əhəmiyyətsiz həvəs və məqsədlər üçün o ənginliyi daraldır və dəyərsizləşdirir. Buna görə də, ömür boyu bu təhlükələrə qarşı oyaq olmalıdır. Bəli, insan son nəfəsinə qədər mübarizəsini davam etdirməli, insani dəyərləri itirməməyə çalışmalıdır. Çünki o, insanlıqdan məhrum olduğu zaman demək ki, özünü bir məchula məhkum edir.
Elə isə insan himmətini daim yüksək, ali tutmalı, həmişə zirvələrdə uçmağa çalışmalı və davamlı Allahla irtibatda olmalıdır ki, kiçik və sadə şeylərə məğlub olmasın. Əgər buna baxmayaraq gözə bir tük düşübsə, o da dərhal aradan qaldırılmalıdır. Yəni insanın lətifeyi-rəbbaniyəsi bu və başqa səbəblə bir darlığa məhkum olmuşsa, dərhal bir "Lə havlə" çəkib yenidən Cənabi-Haqqa yönəlməlidir.
Aktual mövzular - Dağınıq zehinlər
Sualda həmçinin dünyəvi məşğuliyyət və aktual mövzuların da bu çərçivə içində götürülüb-götürülməməsi də soruşuldu. Əgər faydasız, məqsədsiz, boş, əbəs işlərlə məşğul oluruqsa, əlbəttə, bunun da yuxarıdakı çərçivəyə daxil etmək lazımdır. Hətta, biz hal-hazırda çək-çevir edib sözümüzü söhbəti-canana gətirib çıxarmırıqsa, deməli, danışdığımız hər şey bir mənada, dedi-qodudur. Bəli, deyilən hər söz, edilən hər söhbət ya Allaha gedən yolda sürətimizi artırmalı, ya insanlığa faydalı olmalı, ya da millətimizə, ölkəmizə, idealımıza xidmət etməlidir. Əks halda səlahiyyət və məsuliyyət dairəmizə aid olmayan, buna görə də müzakirə və söhbətlərin heç bir müsbət nəticə, bir fayda verməyəcəyi aktual məsələlər haqqında –üzr istəyirəm, amma deməliyəm– çənə döyürüksə, bu dedi-qodudan başqa bir şey deyil. Üstəlik bunu da nəzərə almalıyıq ki, belə faydasız və gərəksiz söhbətlərlə vacib işlərə də mənfi mənada böyük təsiri var. Fərqinə varmadan, belə mövzulara qapılıb görüləsi işlərdən də uzaqlaşa bilərik. Hətta vaxt keçdikcə düşüncəmizə istiqamət verən hislərimizi söndürər, sağlam mühakimə qabiliyyətindən məhrum ola bilərik.
Əgər özümüzü bir sorğu-suala çəksək, boş və faydasız mövzulara baş yorduğumuza görə əsas və həyati mövzulardan uzaqlaşdığımızı görəcəyik. Buna görə deyirik ki, kaş ki əsas mövzulara əyilsək, fikrimizi bunun üzərində cəmləsək. Daxili aləmimizdə problemlərimiz varsa, əsas onları çözməyə çalışsaq. Bizi potensial insanlıqdan həqiqi insanlıq üfüqünə aparan alternativ sistemlər inkişaf etdirib bunları tətbiq etməyə çalışsaq. Təəssüf ki, daha çox aktual mövzularla məşğul olur və kiçik məsələlərə ilişib qalırıq. Bu əsnada da çox əhəmiyyətli və həyati işlərimiz bir kənarda qalır.
Keçmişdə qəlb və ruh həyatının canlandırıldığı məclislərdə "söhbəti canan" deyib onun ətrafında müzakirələr edir, bu mövzuda dərinləşməyə çalışırdılar. Çünki bir məsələyə nə qədər fikrinizi cəmləsəniz, bir o qədər sizə qapılar açılar. Nə qədər çox Allahla irtibatda olmağa çalışsanız, o qədər Onun təvəccöhünə məzhər olarsınız. Bu sufilərdə ümumi və dəyişməz qaydadır. Bəli, təvəccöh, təvəccöh doğurur, nəzər nəzəri nəticə verir. Baxırsınızsa, sizə də günəbaxan çiçəyi kimi baxarlar. Bu səbəblə, təbiətinizin təzyiq altında olduğu anlarda belə gözünüz nigahi-aşina (aşina nəzərlər) ilə daim Ona baxmalıdır.
Cənabi-Haqq qüdsi bir hədisdə buyurur ki: "Qulum Mənə bir qarış yaxınlaşsa, Mən ona bir arşın yaxınlaşaram.. bir arşın yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram.. Mənə yeriyərək gəlsə, Mən ona qaçaraq gələrəm" (Buxari, Tövhid 50). Əslində bu ifadə edilənlər həqiqətdən çox məcazdır. Lakin Allah (c.c.) məsələləri şərtə – öz təvəccöhünü təvəccöhümüzə, öz nəzərini nəzərimizə bağlamış olur. Əgər siz gözünüzü zilləyib Onun qapısında daim vəfa göstərsəniz, Cənabi-Haqq bu vəfanı tək tərəfli, sizin əleyhinizə pozmaz. Çünki O, sonsuz mərhəmət, sonsuz elm, sonsuz qüdrət, sonsuz iradə sahibi Allahdır (c.c.).
- tarixində yaradılmışdır.