Niyyət ibrəsi və mühasibə şüuru

Fəthullah Gülən: Niyyət ibrəsi və mühasibə şüuru

Sual: Niyyət ibrəsinin daima ixlas üfqünü göstərməsi üçün nələrə diqqət etməliyik?

Cavab: Cənabi-Allahın rizasına çatmaq üçün hər söylənən sözün, hər edilən əməlin ixlaslı olması çox mühümdür. Zira əməl bir bədəndirsə, ixlas onun ruhu, əməl bir qanaddırsa, ixlas onun o biri tayıdır. Nə bədən cansız gəzə bilər, nə də tək qanadla bir mənzilə çatmaq olar. İxlasla deyilən söz, işlənən bir əməl Haqqın dərgahında o qədər qiymətlidir ki, mələklərin dilindən, ruhanilərin isə təsbehindən düşməz. Bəli, ağızdan çıxan söz həyəcan mizrabi ilə dillənən qəlbin sarı siminin səsi-sədasıdırsa, dillərdə gəzər, hətta gedib ta Həzirətül-Qüdsə çatar. Onu da bilməliyik ki, səmimi deyilmiş bu kimi sözlər yaddaşlarda qaldığı müddətdə sahibinin əməl dəftərinə aramsız savab yazılır, beləcə ağızdan çıxan hər bir kəlmə çoxalaraq namütənahiləşir.

Göstəriş xatirinə qətlə yetirilən əməllər

Ancaq əgər insan səsi, nəfəsi, səs ahəngi ilə, burun çəkməsi, mimikaları və s. ilə əməllərinə özünü qarışdırarsa, özünü nümayiş etdirməyə çalışarsa və özünü sübut etməyə can atarsa, payına düşən bu bərəkətli mükafatdan məhrum olar.

Məsələn, insanı sonsuzluğun səmalarında gəzdirən və onu mələklər aləminədək yüksəldən namaz kimi ülvi bir ibadətdə “Sübhənə Rabbiyəl-azim”, “Sübhənə Rabbiyəl-alə”, “Rabbənə ləkəl-həmd” zikrini çəkmək necə də nəfis və şayani-təqdir bir əməldir. Ancaq bunları söyləyən bir insanın ağlının ucundan “Qoy camaat da eşitsin” düşüncəsi keçərsə, bu təsbehlərin qol-qanadı qırılar, yerdə bir-iki cansız kəlmə qalar və o gözəl namaz ibadəti də ruhsuz bir qəlibə və müsəmmasız bir isimə çevrilər. Bəli, insan bu təsbehlərini (zikrlərini) iradi olaraq bircə faiz belə başqalarına eşitdirmək istəyirsə, təsbeh kəlmələrinin ruhuna o dərəcədə xələl gətirmiş olur.

Təsbehat kimi əzan çəkmə, iqamə oxuma və namaz qiraətini, xülasə, bütün üxrəvi əməlləri bu çərçivədə götürmək olar. Məsələn, namazda qiraətin dərin müsiqi çağlayanına dalmaq başqa, yaxşı qiraətlə özünü, səsini, oxunuşunu nümayiş etdirmək isə tamam başqa şeydir. Unutmayaq ki, əməlinə özünü (nəfsini) qarışdıran bir insan ibadətlərdə özünə nə qədər yer ayrırsa, Allaha aid hissədən bir o qədər kəsmiş və həmin əməlin qanadları qırılan quş kimi pərvazlanıb üxrəvi aləmlərə yüksəlməsinə əngəl törətmiş olur.

O halda insan hər əməlini ixlas anlayışana kökləməli, pis nümunə olmamaq şərtilə, kənardan baxanda adi bir adam kimi görünməlidir. Yəni o, zahirən sadə bir daxma kimi görünməli, daxilən isə Dolmabağça sarayından da gözqamaşdırıcı, Topqapı sarayından da həşəmətli bir mənəviyyata malik olmalıdır.

Mühasibə çətiri

Digər tərəfdən insan özünü elə kiçik və həqir görməlidir ki, güzgünün qabağına keçəndə “Allah, Allah! Mən iç dünyama baxıram, özümü insanlıq səviyyəsində deyil, heyvanlıq dərəcəsinə düşdüyümü görürəm. Allahın lütfünə bax ki, hələ də mənə insan cildində yaşamağa icazə verir” deyə bilsin. Haqq yolda vəsilə olduğu gözəl işlərə baxanda da “Əslində Cənabi-Allahın bəxş etdiyi bu imkanları zərrəsinə qədər qiymətləndirib çatlayanacan, ölənədək haqqı, həqiqəti hayqıra bilərdim. Amma mən bu imkanlardan layiqincə istifadə edə bilmədim, onları hədər etdim. Mən İslama və Qurana vəfasızlıq etmiş namərdin biriyəm. Məəttələm, necə olub ki, bu günədək Odetta kimi daşa dönməmişəm” düşüncəsi ilə hərəkət etməli, nəfsi ilə mübarizə aparmalı və onunla əlbəyaxa olmalıdır.

İnsanın özünü bu səviyyədə görməsi ondakı mənəvi yüksəliş arzusunu hərəkətə gətirəcək. Zira mükəmməllik arzulayan bir insan daha yüksəklərə pərvazlanmaq istəyirsə, əvvəlcə hədəf seçdiyi yerdən aşağıda olduğuna inanmalıdır.

Üstəlik namütənahiyə gedən yol namütənahidir. Cənabi-Allah: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım” (“Maidə” surəsi, 5/3) bəyanı ilə bizə mükəmməllik yolunu göstərir. O halda biz sonsuzluq yolunun sadiq yolçusu olmalı, nə vaxtsa bilavasitə Zati-Üluhiyyətin əlindən eşq şərbətini alıb içsək belə, “Yenə varmı?” şüuru ilə bir piyalə də, bir piyalə də... istəməliyik. Bu mükəmməlliyə çatmaq üçün özümüzü müntəzəm şəkildə haqq-hesaba çəkməliyik. Yoxsa mövcud səviyyəsini mükəmməlliyin simvolu sayan, “Bundan o tərəfə heç nə yoxdur!” düşüncəsilə hərəkət edən, nəticə etibarilə özünü sorğu-suala çəkməyən bir insan ömrü boyu eyni səviyyədə qalmağa məhkumdur və belə insanın kamala çatması da mümkünsüzdür.

Mühasibənin bir başqa yönü

İnsanın özünü sorğu-suala tutmamasının mənfi tərəflərindən biri də budur: özünü hesaba çəkməyən, öz yaxasından tutub özünü silkələməyən bir insan fərqinə varmadan başqa insanlarla bihudə məşğul olar. Üstəlik, şəxsi ənaniyyətin (eqoistlik) üstünə mənsubluq mülahizəsi də gələrsə, vəziyyət daha da təlükəli hal alar. Çünki Hz. Bədiüzzamanın yanaşması ilə desək, camaat ənaniyyəti fərdi ənaniyyəti möhkəmləndirir. Dolayısilə, camaat ənaniyyəti (yəni bir qrupa, camaata mənsub olmaqdan duyulan qürür hissi) təhülkəli bir bəladır. İnsan bu təhlükələrdən qorunmaq üçün mütəmadi şəkildə özünü sorğu-suala tutmalı, daima özü ilə mübarizə aparmalıdır.

Məsələn, Cənabi-Allah bir insana dünyanın müxtəlif ölkələrində mühüm işlər görmə imkanı verə bilər. Hətta bu insan təkbaşına bir bölgədə yaşayan bütün insanların könlünü fəth etmiş, oranın elm və ürfan həyatında bir cığır açmış olar bilər. Ancaq insan bu uğurlara müqabil “Yəqin bu işi mən təmsil elədiyimə görə, nə qədər şey yarıda qaldı. Mənim yerimdə qəlb və fikir əhli bir başqa adam olsaydı, işlərimiz qat-qat uğurlu olar, fəaliyyətlərimiz daha da genişlənərdi. Kaş bu iş mənə görə yarıda qalmayaydı!” deməlidir. Allah yolunun yolçularına xas həqiqi mühasibə ruhu məhz bu şəkildə olmalıdır.

İnsanların şişirtməsinə, sizi göylərə qaldırmasına aldanmaq istəmirsinizsə, bu cür bir mühasibə şüuruna yiyələnməyə çalışın. Yəni insan gün ərzində bir neçə dəfə özünü analiz edər, gözdən keçirər və Allahla irtibatını tənzimlərsə, kənardan kim nə deyir-desin, istər onu göylərdə uçurtsun, yenə də “Mən özümü tanıyıram, burda şeytanın bir barmağı var” deyərək qürur və kibrə qapılmaqdan özünü qorumağı bacarar.

Rəbbim qəlbimizi bu cür mühasibə şüuru ilə doldursun. Lütf edib çiynimizə qoyduğu vəzifələri layiqincə yerinə yetirməyi nəsib eyləsin! Amin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.