Asudə məkanlar və kitab oxuma proqramları

Fəthullah Gülən: Asudə məkanlar və kitab oxuma proqramları

Sual: Gurultulu və təlatümlü məişət həyatından sıxılan müasir insan imkan tapan kimi özünü sakit bir guşəyə, kimsəsiz bir məkana atmağa ehtiyac hiss edir. Möminlər də həmçinin qəlbi və ruhi-mənəvi həyatı canlandırmaq üçün bu kimi asudə məkanlara çəkilmək istəyirlər. Bu məqsədlə təşkil edilən proqramlardan mükəmməl şəkildə faydalanmaq üçün hansı əsaslara diqqət etmək lazımdır?

Cavab: Hər bir insanın ictimai həyatda müəyyən vəzifələri, məsuliyyətləri var. Bir mömin əgər cəmiyyətə faydalı olmaq, həmsöhbətlərini müəyyən bir ideala yönləndirmək və dəyərlərini onların ruhuna üfürmək istəyirsə, insanlar arasında qalmalı, xalqın yanından ayrılmamalıdır. Bəli, bir insan əgər həqiqətən Allaha və axirətə inanırsa, xalqdan ayrılmamalı, bir qiblənüma olub ətrafındakılara haqq-həqiqət qibləsini göstərməlidir. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) xalqın arasında olub onlardan gələn əziyyətlərə dözməyin özünü təcrid edib xəlvətə çəkilməkdən daha xeyirli olduğunu buyurur. (Bax.:Tirmizi, “Qiyamət” 55) Dolayısilə, biz daimi xəlvət və üzlətə (guşənişinlik) cəmiyyətdə öhdəmizə düşən vəzifələrdən qaçmaq kimi baxırıq. Odur ki, kamillik qazanmaq və füyuzat hislərini inkişaf etdirmək üçün də olsa, bu vəzifələrdən boyun qaçıran bir insan, mənə elə gəlir, günaha girir. Zira İslamda xalqın içində Haqla birlikdə olub insalara xidmət etmək əsasdır.

Ülvi bir məqsəd üçün xalqın içində olsaq da, bəzən xoşagəlməz hadisələrlə üzləşirik. Bəzən özümüz də bilmədən palçığa girir, üstümüzü bulaşdırırıq. Bəli, ictimai həyatla qaynayıb-qarışırıq, fərqinə varmadan gözlərimiz çirklənir, qulağımıza çirkab axır və beləliklə, iç dünyamızın ahəngi pozulur.

Uca bir məfkurə uğrunda bu kimi hallara dözən insanların kir-pasdan təmizlənmək, üstündəki toz-torpağı silkələmək üçün havası təmiz bir məkana çəkilib ciyərinə doyunca “oksigen” çəkməyə, itirilən enerjini yenidən bərpa etməyə ehtiyacları var. Qənaətimcə, bu məqsədlə həyata keçirilən bütün mütaliə və müzakirə fəaliyyətləri bir növ ibadət sayılır.

Ancaq bir məsələyə diqqət etmək lazımdır: Əziyyət və müəyyən məsrəf müqabilində başa gələn bu kimi fəaliyyətlərin saniyəsi belə hədər edilməməli, sistemli kitab mütaliəsi ilə dəyərləndirilməli, övradü-əzkarla əhya edilməlidir. Bəli, kollektiv şüurla qəlblərdən axıb gələn dua və zikrlərlə yerlə göyü lərzəyə gətirən elə xor, elə sinfoniyalar meydana gətirməlisiniz ki, mələklər aləminin sakinləri belə bu xora qoşulmağı arzulasın.

Ruhani aləm

Keçmiş yay düşərgələrində gecələri bir küncə çəkilib Quran və dua oxuyan insanları görəndə ürəyim atlanır, duyğulanırdım. Həmin insanlar hər gün iman həqiqətlərinə dair 200-300 səhifə kitab oxuyur, müxtəlif mövzuları müzakirə edirdilər. Düşərgələrin maddi vəziyyəti tam şəkildə təmin edilməmişdi. Məsələn, yerdə həsir üstündə yatırdılar. Yeməyi fəqir (özünü nəzərdə tutur) bişirib paylayırdı. O vaxtlar düşərgəyə baş çəkən böyük bir zat çətin şəraitdə və imkansızlıq içində yaşanan gözəllikləri görəndə: “Hal-hazırda dünyanın heç bir yerində bu qədər ruhani ab-hava yoxdur”, ‒ demiş, ertəsi il yenə ziyarətə gəlmişdi.

Bu pak mühitdə bir tərəfdən nəfsimizi hesaba çəkməli, hizmət niyyəti ilə gördüyümüz işlərdə nöqsanlarımıza baxmalı, “indi haradayıq, harada olmalıydıq” deyib aradakı məsafəni müəyyənləşdirməli, digər tərəfdən də maddi, cismani, bəşəri nə varsa hamısını bir kənara atıb qəlb və ruh aləminə səyahətə can atmalı, ruhani dünyalara qanad açmağa çalışmalıyıq. Bir düşüncəmi də bölüşüm: Həmin düşərgələrdə ürəyimdən keçirdi ki, yoldaşlara “hər gecə yüz rükət namaz qılın” deyim. Ancaq “Birdən ağır olar” deyə tərəddüd edirdim. Böyük şəxsiyyətlərin həyatına baxanda, onlar hələ uşaqlıq çağında hər gün 100 rükət namaz qılmışlar. Bu baxımdan belə düşərgələrdə bacaranlar mümkünsə hər gecə 100 rükət namaz qılsın, gecələrin sirli və hüznlü dəqiqələrini dua, istiğfar, övradü-əzkarla keçirsinlər.

Digər tərəfdən bir mənada müvəqqəti xəlvət olan bu proqramları yaxşı qiymətləndirmək üçün imkan varsa hər gün 300 səhifə kitab oxumaq lazımdır. Buna nail olsaq, bir nəfər 15 gündə 4500 səhifə kitab oxuya biləcək. İldə bu şəkildə iki dəfə proqram etsək, öz dəyərlərimizə aid xeyli əsər bitirmiş olarıq.

Vərdişə qurban gedən əsərlər və müzakirəli şəkildə oxuma

Üstəlik yeknəsəqlik və monotonluqdan qurtulub bu parlaq əsərləri başqa əsərlərlə müqayisəli şəkildə oxumaq faydalı olardı. Bu isə hər kəsin razılığından asılıdır. Bu baxımdan müzakirəli kitab oxuma işini öhdəsinə götürən insanlar bilsin ki, köhnə oxuma vərdişləri tərk edilənədək bir qədər çətinlik çəkəcəklər. Ancaq unutmayaq ki, insanlar rəhbərlərə baxıb hərəkət edirlər. Əgər başda görünənlər bu məsələni özlərinə dərd edər, ona ciddi yanaşar və müntəzəm davam etdirərlərsə, insanlar da onlardan nümunə götürər. Ancaq təəssüf ki, bu qiymətli əsərləri dərindən anlamaq deyil, sadəcə oxuyub keçmək kimi dayaz bir düşüncənin əsirinə çevrilmişik. Çünki kitabları müqayisə və mühakimə ilə oxuma üsulunu hələ öyrənə bilməmişik. Dolayısilə, o yaqut, ləl-gövhər xəzinəsi vərdişin (ülfət) qurbanı olub. Yəqin, bu qiymətli əsərlərin müəllifləri də buna görə bizdən inciyirlər.

Hifz, himayə və inayət sipərləri

Yekun olaraq qeyd edim ki, müvəqqəti də olsa, sakit bir məkanda ruhun təmizlənib arınması cəmiyyət həyatında da qoruyucu sipər rolunu oynayacaqdır. Bu, bir həqiqətdir ki, İslamiyyətlə şərəflənəndən bəri bizim cəmiyyətimiz heç bir dövrdə bu qədər çirklənməmişdir. Küçə çirkli, dükan-bazar çirkli, məbədlərin eşiyi, ətrafı çirkli, təhsil müəssisələri çirkli... Bu çirklərdən uzaqlaşıb təmiz bir yerdə təmizlənmə, təmizliyi bir daha hiss etmə, bir daha təmizliklə cuşa gəlmə, mənə elə gəlir, ömrün qalanını təmiz və pak bir istiqamətdə davam etdirmək üçün çox mühümdür.

Bundan savayı, övradü-əzkarla ilahi inayətə pənah aparmaq da insanı qoruyan sirli bir gücdür. “Siz Məni anın ki, Mən də sizi anım” (“Bəqərə” surəsi, 2/152) ayəsinin də buyurduğu kimi, əgər biz Allahı təsbih, təhmid və təkbirlərlə ansaq, dar günümüzdə O da bizi anacaq, köməyimizə çatacaqdır. Ayəni belə də başa düşmək olar: “Siz aciz və fəqiranə Mənə yönəlin ki, Mən də gücümlə, qüvvətimlə sizə dəstək verim”. Bu əhdnamədə, Allahın təvəccöhündə ilahi lütf sezilkməkdədir. Yəni Allah (cəllə cəlaluhu) sanki bizi bu əhdnamənin bir tərəfi kimi qəbul edib “Siz Mənim üçün bunu edin, Mən də sizin üçün bunları edim” buyurur.

Xülasə, göz, qulaq, dil kimi orqanları günahlardan təmizləmək, qəlbi arındırmaq və özünübərpa, mənən güc toplamaq üçün hər kəsin bu kimi müvəqqəti təcridə ehtiyacı vardır. Ancaq bu kimi fəaliyyətlərdə ağıl kitab oxumağa, qəlb də övradü-əzkara köklənməlidir; ülvi mövzulardan kənara çıxıb laubali şeylər danışmamalı, qeyri-ciddiliyə yol verilməməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.