Fikir iffəti

Fəthullah Gülən: Fikir iffəti

Sual: Tez-tez vurğuladığınız “fikir iffəti” və ya “düşüncə namusu” ifadələrini izah edə bilərsinizmi?

Cavab: Düşüncə ilə aksiyon (fəallıq, əməl) bizə həqiqi həyatın yolunu gösətərən, şiddətli fırtınalar önündə dəyişmədən qalmağımızı təmin edən, eyni zamanda özümüzü müsbət yöndə dəyişdirməyimizə zəmin hazırlayan iki ən mühüm amildir. “İcmali düşüncə” aksiyondan əvvəl gəlsə də, “təfsili düşüncə” aksiyonun daxilində boy atır. Yəni insan müəyyən bir məsələ ilə məşğul olub o istiqamətdə nə qədər fikir yürütsə də, həmin mövzunu düzgün qavramağa çalışsa da, məsələnin mənimsənilməsi, qəbul edilməsi və möhkəm təməllər üzərinə oturdulması planlanşdırılan mövzunun həyata keçməsindən sonra gerçəkləşir. Çünki düşüncə planında olan mövzuların aksiyon qəlibinə tökülməsi və bu prosesdə bəzi məsələlərin bir zərurət kimi ortaya çıxması burada əmək sərf edən insanları daha dərin düşüncələrə çəkib aparacaq və beləliklə başlanğıcda olan icmali düşüncələr möhkəm, sarsılmaz təməllərə oturacaqdır. İstər icmali, istərsə də təfsili olsun, aksiyona zəmin hazırlayan bütün niyyət və düşüncələrimizdə əsas vəzifə fikir iffətinə sadiq qalmaqdır. Odur ki, fikir iffətinə sadiq qalmağı xarakterimizin vazkeçilməz prinsipi saymalı və onu nəyin bahasına olur-olsun, göz bəbəyimiz kimi qoruymalıyıq.

Doğru (müstəqim) düşüncədən düzgün davranışlar doğur

Bu mövzuda başqaları bizə qarşı fərqli münasibət göstərə bilər. Ancaq el-aləmin xətaları, yanlışları heç vaxt bizi növbəti xətalara, yanlışlara sövq etməməlidir. Bəli, dünən əsas dəyərlərimizə bağlı olduğumuz kimi, bu gün də nə olur-olsun həmin düşüncəyə sadiq qalmalıyıq. Əks halda əgər onun-bunun hərəkət və davranışlarına görə duyğu və düşüncələrimiz dəyişərsə, bu dəyişmələrin ardı-arası kəsilməz, axırda da doğru yoldan çıxmış olarıq. Halbuki biz başqalarının nəinki bizi yoldan azdırmasına, həta məşğul etməsinə belə imkan verməməli və öz düşüncə dünyamız, düşüncə istiqamətimiz və düşüncə çağlayanımız baxımından provokasiya sayılan bütün kənar təsirlərdən uzaq olmağa çalışmalıyıq. Zira provakasiyaların əsas məqsədi xeyirxahlıq yolunun yolçularını əsas qayələrindən döndərmək və onları başqa yönə çəkib, başqa formaya salmaqdır. Başqa sözlə, provakasiyaların əsas məqsədi bir nəticə əldə etməkdən çox, bir hədəfə çatmaq istəyən insanlara mane olmaq, onları başqa bir yönə çəkməkdir.

Dolayısilə, doğru (müstəqim) düşüncənin nümayəndələri ortaya atılan tutarsız və əsassız böhtanlara məhəl qoymamalı, əsla dəyişməməli (şübhəsiz ki, atılan iftiralarla bağlı lazım gələndə açıqlama vermək, düzəliş eləmək, təkzib vermək və hətta təzminat tələb etmək istisna) və daim iffət və ismətini qorumağa çalışmalıdır. Bəli, biz həmişə doğru, müstəqim düşünməliyik ki, bu nəzəri düşüncə ilə ərsəyə gələn əməllər də doğru olsun. Yoxsa qopan hər bir tufanın qabağına düşüb o tərəfə, bu tərəfə sovrulsaq, güzərgahımızı (geniş yol) itirər, cığırlara, dar yollara düşər və yol azan insanlar kimi yolsuz qalarıq.

Gözəl düşünən həyatdan ləzzət alar

Allah Rəsulu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində möminin sükutunun təfəkkür, danışığının isə hikmət olmasının zərurətindən danışır. (Bax: Deyləmi, “əl-Müsnəd”, 1/421) Bu nurlu kəlamdan belə bir nəticə çıxara bilərik: gözəl düşünüb gözəl şeylər planlaşdırmaq bir ibadətdir. Hətta həyata keçməsi müşkül görünən düşüncələrlə məşğul olmaq enerjini boş yrerə sərf eləmək mənasına gəlsə də, əgər insan “İmkanım ola, bu dünyanın rəngini daha da canlandırar və gözəlləşdirərəm” deyə düşünsə, məncə, bu xəyalları belə ibadət rənginə bürünər. Odur ki möminin vəzifəsi bu düşüncələrdən ayrılmamaq və bu düşüncələr içində yaşamaqdır. Hz. Bədiüzzaman da “Məktubat” adlı əsərində: “Gözəl görən gözəl düşünür, gözəl düşünən həyatdan ləzzət, kam alır” deyir. Demək ki, həyatdan ləzzət, həzz almaq, dünyanı Cənnət dəhlizlərinə çevirmək gözəl düşünməkdən asılıdır.

Üstəlik insanda düşünmə qabiliyyəti var, əgər o, bunu müsbət yönə yönəltməzsə, əksinə həmin qabiliyyət onu nəfsanilik və heyvanilik kimi zərərli yollara sürükləyə bilər. Hətta nəinki düşüncə, müsbət yolda istifadə edilməyən təsəvvür və təxəyyül belə insanı bu kimi mənfi yönlərə çəkə bilər. Məhz buna görə də mömin ömrü boyu inandığı dəyərlərdən süzülən duyğu və düşüncələrlə oturub-durmalı, onlarla coşub-daşmalı, mütəmadi oxuyub düşünməli, həyatında zərrə qədər boşluğa imkan vermədən daim əsas mənbədən bəhrələnməlidir. Eyni zamanda iradəsini də ortaya qoymalıdır ki, vicdan mexanizmində təsdiqlənməyən duyğu və düşüncələrin içinə sızmasına imkan verməsin. Buna baxmayaraq, yenə də mənfi təsirlərə məruz qalarsa, onda da hədisdə tövsiyə ediliyi kimi, dərhal həmin mühitdən uzaqlaşmağa çalışmalıdır. Zira düşüncə iffətinə zərərli xəyallara dalan bir insan elə bir nöqtəyə gəlib çıxır ki, sahildən xeyli uzaqlaşan gəmi kimi, mənfi axından qurtulması müşkül olur. Bəli, əgər insan öz içində oyanan kin, nifrət, qeyz, şəhvət kimi hislərin qarşısını almasa, bu hislər bəndi aşıb insanı müəyyən qərarlar verməyə və bəzi əməllər işləməyə vadar edə bilər.

İnsan bu məsələdə bir tərəfdən iradəsini işə salmalı, digər tərəfdən də Allahın siyanətini diləməlidir. Bunu bacara bilsə, Allahın inayətilə, həyatı siyanətin sipəri altında keçəcəkdir. Ancaq yenə də unutmayaq ki, ən müstəqim (doğru) insanlar belə yoldan çıxa bilər. İşdi əgər səndələyib yıxılsaq, babamız Hz. Adəm (əleyhissalam) kimi dərhal: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” (“Əraf” surəsi, 7/23) deyib belimizi dikəltməli, təkrar Ona yönəlməliyik.

Fikir libaslı həvaü-həvəslər

Düşüncə namusu baxımından həvaü-həvəsin (nəfsani istəklərin) fikir surətinə girib insanı yoldan çıxarma ehtimalıdır. Nəyin həvaü-həvəs, nəyin fikir olduğunu müəyyənləşdirməkdə meyarımız isə şəriətin prinsipləri olmalıdır. Məsələn, bir adam səni üzdü, nalayiq söz deyib yersiz hərəkət elədi, əgər ona qəzəbin varsa, burada ilk növbədə haqq və həqiqətə zərər dəyib-dəyməməsinə baxılmalıdır. Əgər ortada belə bir məsələ yoxdursa, demək, sən nəfsin üçün hisrlənirsən. Bu da onu göstərir ki, reaksiyanın kökü həvaü-həvəsindir. Pisliklə üzləşən insan üçün Quranın qoyduğu düstür budur:

“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et!” (“Fussilət” surəsi, 41/34). Odur ki, biri bizə pislik edibsə, ilk öncə təbəssüm və gülər üzlə onun şiddət və hiddətini sovuşdurmağa çalışmalıyıq. Əgər bu pislik müqəddəs dəyərlərimizə və hər kəsin hüququna toxunursa, insanın bunu bağışlamağa haqqı çatmır. Çünki insan ancaq öz haqlarından keçmə hüququna malikdir. Allah kimsəni Ona aid haqları bağışlamaq üçün vəkil təyin etməmişdir. Dolayısilə, kimsə Allaha aid haqlara vəkillik etməyə cürət edə bilməz. Əks halda Allah hüququna qarşı hörmətsizlik olar.

Əsas mövzumuza qayıdaq; bəli, əsassız həvaü-həvəslər bəzən fikir libasını geyinib şeytan və nəfsi-əmmarənin də təhriki ilə özlərini fikir kimi insana təqdim edə, insan da bunun təsirinə düşüb xəta işləyə bilər. Bunu müzakirə verilişlərində bir-birinə açıq-aşkar yandı-qındı verən insanlarda da görə bilərik. Ziddinə getməkdən başqa bir şey düşünməyən bu insanlar qarşı tərəf doğru-yanlış nə deyir-desin, əksini müdafiə edirlər. Fərz edək ki, tərəf müqabili onlara “Mən indi, Allahın izni və inayətilə, sizə cənnətə aparan yolu göstərəcəm” desə, sonra da barmağının bir işarəsi ilə cənnətin qapıları taybatay açılsa və onlar o bənzərsiz gözəlliyi görsələr, yenə də “Xeyr, biz bu Cənnətə girmək istəmirik. Burda hələ çox işimiz var. Sən bizi ətalətə, miskinliyə çağırırsan” deyə cavab verə bilərlər. Yəni ən ağlabatan, məntiqli, yararlı söz və düşüncələrə belə mütləq demoqoqluq edib qarşı çıxmağa çalışırlar. Məhz buna bənzər sözlər şeytanın təhriki ilə dilə gələn və həvaü-həvəsdən qaynaqlanan sözlərdir. Ancaq insan yanılır, bütün bunları özünün düşündüyünü zənn edir.

Bəzən möminlərdən də şeytan və nəfsi-əmmarənin bu amansız tələsinə düşənlər olur. Məsələn, belə bir insana ölümdən danışanda dünyadan kam alma, övlad sevgisi, zövqü-səfa kimi arzu və istəklərini hizmət surətinə bürüyüb həvaü-həvəsin təhriki ilə: “Allah ömür versin, nə qədər insana haqqı, həqiqəti çatdıraq” deyə bilər. Halbuki səmimi möminin bir tərəfdən Allah eşqi ilə ürəyi sızlamalı, Peyğəmbərimizə vüsal arzusu ilə coşub-daşmalı, Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Hz. Osman və Hz. Əlinin oturduğu süfrədə oturmağa, onlarla eyni havanı ciyərinə çəkməyə can atmalı, digər tərəfdən isə “Rəbbim, vaxt-vədəmin çatdığını bilmirəm, tələskənlik ucbatından Sənə hörmətsizlik etməkdən qorxuram” deyib təmkinli olmalıdır. Bu işdə ən əsas hakim insanın öz vicdanıdır. Dolayısilə insan ağzından çıxan sözləri mütləq vicdan süzgəcindən keçirməli, bütün seçim və qərarlarında onun sarsılmaz meyarlarına baş vurmalıdır. Bunu bacarsa, o, həva ilə hüdanı (doğruluq, hidayət), arzu-həvəslə əqliliyi və məntiqiliyi bir-birinə qarışdırmayacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.