Könül memarı – Alvarlı Efe Həzrətləri
Sual: Şəxsiyyəti, ailə üzvləri , mənəviyatı, xalqa töhfəsi və sizə təsiri baxımından Alvarlı Efe həzrətləri ilə bağlı duyğu və düşüncələrinizi bölüşə bilərsinizmi?
Cavab: Düzü, belə böyük bir şəxsiyyəti təsvir etmək və onu layiqincə tanıtmaq mənim kimisinin işi deyil. Ona görə də söhbətə keçmədən əvvəl etiraf etməliyəm ki, mən onun həyatını, düşüncələrini, ruh dünyasını qavrayıb dərk etmə səviyyəsində deyiləm. O böyük insan dünyasını dəyişəndə mənim on altı-on yeddi yaşım olardı. Hər nə qədər dünyaya gözümü açar-açmaz özümü o dupduru mənbənin başında görsəm də, danılmaz bir həqiqətdir ki, o yaşdakı bir adamın əngin dünyalı belə böyük bir insandan mükəmməl şəkildə istifadə etməsi mümkünsüzdür. O səbədən dediyim sözlərə uşaqlıq dünyagörüşümü, düşüncələrimi də nəzərə alaraq qiymət verin.
Nurlu və bərəkətli bir yuva
Efe həzrətləri mübarək və feyizli bir yuvada nəşət etmişdi. Məsələn, atası Hüseyn ağa və qardaşı Vehbi ağa çox böyük insanlardı. Atası Hüseyn Qındıği ağanı şəxsən görməmişəm. Ancaq bu bir hadisə belə o mübarək zatın fəzilət və kamilliyini sübut etməsi üçün, mənə elə gəlir kifayətdir:
Peyğəmbər nəslindən olan Alvar İmamı və atası Hüseyn Qındıqi ağa Piri-Küfrəvi həzrətlərinə tələbə olmaq üçün Bitlisdəki təkyəsinə gedirlər. Guman ki, Pir onları görən kimi necə dərin olduqlarını sezib onlara xüsusi iltifat, ehtiram göstərir. Daha sonra ərbaindən keçirmədən, imtahan etmədən hər ikisinə xilafət verir. Zər qədrini zərgər bilər, insan sərraf deyilsə, gövhərin qiymətini hardan bilsin? Zər qədrini bilən Piri-Küfrəvi həzrətləri onları görər-görməz qiymətlərini anlayır və onlara irşadda xilafətini verir. Bu hadisə ilə əlaqədar Küfrəvi həzrətlərinə xidmət edən müridlər arasında söz-söhbət gəzir. Xilafətə layiq olub-olmadıqlarını sübut etmək üçün ata-oğulu sınağa çəkməyə qərar verirlər. Həmin an qapı açılır Küfrəvi həzrətləri içəri girir və onlara səslənir: “Mollalar! Mollalar! Hüseyin və Məhəmməd Lütfi ağanın mənə ehtiyacı yoxdur. Onları buraya gətirən kamillikdir!”
Kamal əhli kamaləti kamal ilə buldu həp,
Bifaidədir kamalətsiz fiddaü-zəhəb.
İnsan kamilliyə çatmayibsa, Qarun qədər qızıl-gümüşü olsun, çifayda!
Qardaşı Vehbi ağa da dərya kimi insan idi. Susqun insandı, ancaq onun bu susqunluğunda elə bir təsir gücü vardı ki, ruhda dalğalanma meydana gətirirdi. İstər anam, istər atam olsun, hər ikisi də ona dərin hörmət və sadəqətlə bağlı idilər. Bəzən gəlib babamın karvansarayında qonaq qalırdılar. Babamın da onlara qarşı böyük hörməti vardı. Vehbi ağa Alvar imamından yaşca böyükdü, beş yaşımda dünyasını dəyişmişdi. Vəfatında:
Cüda düşdüm gözəllərdən,
Derəm va həsrəta şimdi!
beytini mənə elə gəlir Efe həzrətləri ona həsr etmişdi.
Ruhları cuşa gətirən suziş nəğmələr
Alvar İmamının mənən dərin, eşqli-şövqlü bir insan idi. Zikir məclislərdindəki ruhi-mənəvi halı bu könül ənginliyinin ən bariz nümunəsiydi. O, həm Nəqşi, həm də Qadiri təriqətinə mənsubdu. Yəqin ona görə məsciddə onun nəzarəti ilə bəzən xətmeyi-həcəgan, bəzən də həlqeyi-zikir (zikir məclisləri) təşkil edilirdi. Məsciddə böyük bir məclis qurulardı. Təsəvvüf ənənəsinə görə, sərzakir zikr haqlasının iştirakçılarına necə zikir söyləməyi göstərmək üçün halqanın içində gəzməlidir. Ancaq həzrət çox yaşlı olduğundan halqanın başı kimi yerdə oturur və halqa üzvlərinə göz yetirirdi. Bir qədər sonra da halqadakılar cuşa gəlir, artıq bir-birini görməz olurdular. Hətta hönkürtü ilə ağlayanlar, bayılıb yıxılanlar olurdu. Səhhətində ciddi problemlər olmasına baxmayaraq həzrət iki-üç saat dizlərini qatlayıb döşək üstdə oturardı. “Xülasatül-həqaiq” adlı əsərindən qəzəllər, nətlər, minacatlar oxunar, dövrə vurulardı. Kənddə səsi çox gözəl bir Hafiz ağa vardı, dövrə vuran o idi. Həzrət bütün varlığı ilə Cənabi-Allaha yönəlir, bəzən o ürək yaxan, suziş, möhriq nəğmələrlə cuşa gəlir, ətrafı mənəvi bir boya ilə boyayır və qəlblərə eşq atəşi atırdı. Onzus bir-iki nəfər həyəcana qapılıb bayılan kimi, göz yaşı axıdıb cuşa gələn kimi, bütün zakirlərə sirayət edir, hər kəsi eşqə qərq edirdi. Elə bir eşq ki, buna uşaqlığımda şahid olmağıma baxmayaraq hələ də təsirindəyəm.
O, əsil peyğəmbər aşiqi idi. Fəqir (özünü nəzərdə tutur) də Rövzeyi-tahirəni birinci dəfə görəndə dilindən: “Bir ovuc torpağını dünyalara dəyişmərəm” sözləri tökülmüşdü. Ancaq həzrətin eşqi bambaşqa idi. “Oranın küçələrində qotur heyvanlar gördüm” deyən adamı susdurmuş: “Sus! Mədinənin küçə itləri haqqında belə danışma! Peyğəmbər xətrinə o qoturlara da qurban olaram”. Bu sözlər onun ürəyindən gəlirdi, bütün varlığı ilə, bütün səmimiyyəti ilə deyirdi. Hətta bu sözləri deyəndə Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) mənəvi şəxsiyyətində əriyib yox olur, fəna firrəsul olurdu. Bu misralarda da onun dərin Peyğəmbər sevgisini görmək olar:
Ey şahidi-müqəddəs xurşudi-aləmara,
Geysulurın müxəmməs əbruların dilarə
Zülfün telinə qiymət olmaz cahan sərasər,
Nəşr eyləmiş bu kövnə müyin ənbəri-sara.
Onun məclislərində bu nətlər oxunur, başda özü, hamı cuşa gələrdi. Bəzən o:
Sənə canan könül heyran nədəndir,
Camalın gün kimi rəxşan nədəndir,
Qaşındır qabi-qövseyni əv-ədna,
Üzündür sureyi-Rəhman nədəndir.
misraları ilə elə bir ah çəkir, elə bir cuşa gəlirdi ki, ətrafı lərzəyə gətirir, həlqədəkiləri titrədirdi.
Fəzilətli hər kəsi təqdir edərdi
O, “söz sultanı” idi. Gah əruzla, gah da digər vəznlərdə ruhunun ilhamlarını səsləndirərdi. Baxmayaraq ki, o, söz ustadı idi, başqa böyüklərin söz və şeirlərinin oxunmasına heç vaxt etiraz etməzdi, hətta təşviq edərdi. Məsələn, Piri-Küfrəvi həzrətlərindən xilafət almış Kətənçizadənin şeyxinə həsr etdiyi,
Əzizim, rəhbərim, pirim, əfəndim, şəmi-tabanım.
Ziyayi-himmətimdir hər iki aləmdə dövranım.
Mənimlə mütəfəkkir bu ricada cümlə ixvanım.
Aman ey qütbi-əkrəm, qövsi-əzəm, şahi-dövranım.
Nəzərdən dur qılma bəndəganı, gözdə sultanım.
misralarını mən onun hüzurunda eşitmişdim. Ərzurumlu Katançızadə müasiridir. Aralarında tənafüs ola bilər. Ancaq o tənafüsü ayaq altına atıb, bir mənada onu tapdalamışdı. Bəli, kim deyir desin, əgər söz haqdırsa, o bu sözün qarşısında hazırola keçirdi.
Eyni şəkildə Seyid Nigari həzrətlərinə aid olan:
Canan diləyən dağdağayi-cana düşərmi?;
Can istəyən əndişeyi-canana düşərmi?
Girdik rəhi-sevdaya, cünunuz, bizə namus lazım deyil.
Ey dil ki, bu iş şana düşərmi?
misraları
Bayburtlu Zihinin:
Vardım ki yurdundan ayaq köçürmüş,
Canan köçmüüş issiz qalmış otağı,
Camlar şikəst olmuş meylər tökülmüş,
Saqilər məclisdən çəkmiş ayağı.”
...
“Hanki dağda bulsam mən o maralı,
Hanki çöldə sorram çeşmi-qazalı,
Yavrusunu itirmiş ceyran misalı,
Gəzər çöldən-çölə yoxdur qərarı.
sözləri.
Füzulinin:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bil mən, inanarmı, inanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
misraları o məclislərdən ağlımda qalıb.
Bütün bu şeirlər orada oxunardı və onun heç bir etirazı olmazdı. Hətta bunları təqdirlə qarşılayırdı. Zənnimcə bu, onun dünyaduyumunu, düşüncə və hiss aləmini, kamilliyini sübut edən mühüm əlamətlərdir.
Saleh Özcan bəydən eşitdiyim bir xatirə onun kamilliyinə və göz-könül toxluğuna ən gözəl nümunədir. Saleh bəy 1950-ci illərin əvvəllərində Ərzuruma baş çəkərək həzrətin əlini öpüb ona deyir ki: “Efe həzrətləri! Ustad Bədiüzzaman adlı bir nəfər var. Dinə və imana dair risalələr yazır. Biz onun yolundayıq. Bu risalələri insanlara, xüsusilə, cavan nəslə çatdırıb onlara əl uzatmağa çalışırıq.” Həzrət aldığı bu xəbərə deyir ki: “Ah kaş gözlərim görəydi, mən də sizə kömək edəydim”. Bəli, fəzilət başqa fəzilət sahiblərinin də fəzilətini qəbul etməkdə və onlara hörmət göstəməkdədir.
Qulağımdan getməyən sözlər
İcazənizlə tanış olmağı özümə böyük xöşbəxtlik saydığım o zatla bağlı bir-iki xatirəmi sizə çatdırım. Yadımda qalanlardan biri:
On dörd-on beş yaşım olardı. Çox istədiyim yaxşı bir dostum vardı. Bir gün mənə dedi ki: “İstanbulda elə təkyələr, elə mədrəslər var ki, Allahın izni ilə, adam orda altı ayda kamala çatıb vəzü-nəsihət edəcək səviyyəyə yüksəlir.” Məni də razı saldı. Xocam və o həzrətlə məsləhətələşmədən əşyalarımı kiçik bir sandıqçaya yığıb dostumla qatar stansiyasına yola düşdük. Sən demə tələbələrdən biri (Vəhbi ağanın nəvəsi) qohumlarıma xəbər veribmiş. Elə kassaya yaxınlaşıb bilet almaq istəyirdim ki, bir nəfər tutdu biləyimdən. Atamın xalasının oğlu idi. Bilet ala bilmədim, yarı yoldan qayıtdıq. Ertəsi gün xocam Həzrətin məni görmək istədiyini dedi. Əsə-əsə getdim yanına. Heç bu qədər əsəbləşdiyini görməmişdim. Mənə dedi ki: “Vallah, billah, tallah getsəydin, par-parça olardın”. Səsi hələ də qulağımdadır.
İllərlə onun bu sözlərini başa düşməmişəm, “Elədiyim iş məgər o qədər pis idi ki, parça-parça olum?” sualına cavab axtarmışam. Amma vaxt ötdükcə elə bil bir az onu başa düşdüm. Guman ki o, tək-tənha bir uşağın İstanbul kimi əngin bir dəryada boğulub gedəcəyindən qorxurdu. Üstəlik həzrətin nur haləsindən ayrılmaq, o dünyadan uzaqlaşmaq aqibətimi şərə çevirə bilərdi. Bir də əgər o, mənim üçün bir vəzifə nəzərdə tutubsa, mən də başqa yönə meyl eləmişəmsə, olmaq istədiyim yerdə olmaya bilərdim. Dolayısilə indi onun sərt sözlərini və şiddətini daha yaxşı başa düşürəm və “Yaxşı eləyib məni himayəsinə götürüb,” deyirəm.
Tənbeh edib azarladıqdan sonra qəlbim qırılmasın deyə iltifat etdi. Buna müqabil mən də əlinə oyuncaq verilmiş uşaq kimi sevinə-sevinə geri qayıtdım və o mədrəsədə qalmağa qərar verdim. Kamil insanların insanlara rəftarı bambaşqadır. O böyük insa da adamı yaxşı tanıyır və buna görə rəftar edirdi.
Bir xatirəm də var: Molla Camini oxumağa təzə başlamışdıq. Bir gün tələbələrlə yanına getmişdik. Ərzurumun beş-on varlı adamı onun yanında oturmuşdu. Onlara dedi ki: “Tələbəmə sual verəcəm. Bilsə, filan qədər ona pul verəcəksiniz.” Molla Camidən ən yaxşı bildiyim yerlərdən sual verdi. Hamısını cavablandırdım, onlar da mənə Efe həzrətlərinin dediyi qədər pul verdilər. Xatırladığım qədər, o günkü pulla toplam iki yüz lirə olardı. Bu, hardasa bir nəfərlik həcc pulu demək idi. Həzrətin gözündə katarakt olduğuna görə nə qədər pul yığdığımı görə bilmirdi. Miqdarını soruşdu, mən də dedim. Sonra “Bu, sənə artıqdır. Mən onu Dəmirçi Osman ağaya verim, qoy mədrəsəyə şey-şüy alsın”, ‒ dedi.
Ərzurumda mədrəsə təhsili alanda o qədər kasıbçılıqdı ki, bəzən üç-dörd gün dilimizə çörək, pendir dəymirdi. Atam imamlıq məvacibindən üç-beş lirə verirdi, ancaq bu pulla neyləmək olardı!? Əksər vaxtlar çörək almağa pul tapa bilmirdik. Yenə aclıqdan qıvrıldığımız günlərdən birində üç-dört nəfər təkkəyə yollandıq. Həzrətin qardaşı oğlu Tayyib ağa da bizimlə birilikdə idi. Təkkənin yanında samanlıq vardı, anbar kimi işlədirdilər. Oradan keçəndə gözümüz anbardakı qarpızlara sataşdı. Həzrət o biri tərəfdə namaz qılırdı. Bir qədər sonra qapı açıldı, “Uşaqlar, gəlin bura, sizə qarpız kəsim”, ‒ dedi. Bəli, o, insanı başa düşən, içindən keçənləri bilən, qəlb gözü açıq, çox əngin bir insandı.
Xülasə, hər nə qədər ondan istifadə edə bilməsəm də onu tanıdığıma görə özümü xoşbəxt hiss edirəm və buna görə Rəbbimə şükür edirəm.
Haqqa qovuşduğu günə gəlincə: bir gün rəhmətlik atam Ərzuruma gəlmişdi. Atamın xalası evində istirahət edirdik. Qəfil elə bil bir səs dəydi qulağıma ki: “Efe ağa vəfat etdi”. Yerimdən atılıb düz Qurşunlu Məscidin mədrəsələrinə qaçdım. Çatanda gördüm ki, yoldaşlarım ağlayır. Oradan çıxıb Efe həzrətlərinin (rahmətullahi aleyh) evinə getdim. Evi Mumçu məhəlləsində idi. Qırxıncı xocanın “Taftazani” adlandırdığı Ərzurumun müftisi Sadiq ağa ilə Əllamə Saqib ağa da gəlmiş, mübarək nəşini heç kimı verməyib öz əlləri ilə yumuşdular. Cənazəni yuyub kəfənləyəndən sonra, Alvar kəndinə aparıb dəfn etdilər. O qarlı qış günü insan selinə və dəfn mərasiminə şəxsən şahid olmuşam.
Cənabi-Allah o böyük insanı Sevgili Rəsulu ilə birlikdə həşr edib Firdövs cənnəti ilə mükafatlandırsın! Amin!
- tarixində yaradılmışdır.