Siqaretin hökmü və tədrici intihar
Sual: Bəzi kiçik sayılan günahlar cəmiyyətdə daha çox yayıldığı kimi, siqaret də –hökmü ilə bağlı tərəddüdlərin də təsiri ilə– içki və narkotik kimi zərərli vərdişlərə nisbətən daha geniş yayılmışdır. Sələf üləmasının siqaret haqqında haram fətvası verməməsinin səbəbləri nələr ola bilər? Bu gün hansı xüsuslar "siqaret haramdır" hökmünə gətirib çıxarır?
- Osmanlı tütün ilə 17-ci əsrdə tanış oldu. Tütün Osmanlı bazarına girər-girməz IV Muradın qadağası ilə üzləşdi. O Həzrət siqaret və içki kimi zərərli vərdişlərə qarşı qəti tədbirlər gördü. Lakin qadağa həm uzun sürmədi, həm də bəzi adamlar bu vərdişi gizli-gizli davam etdirdilər. (01.05)
- İslam hüququna görə bir şeyin haram və ya halal olması "təxrici-mənat", "tənkihi-mənat" və "təhqiqi-mənat", yəni qadağan olub-olmamasını ortaya çıxaran üsullarla müəyyənləşdirilir. Alimlər buna bənzər məsələləri bu üsullar çərçivəsində araşdırır və hökmü də bu nöqteyi-nəzərdən müəyyənləşdirirlər. Bu mövzuda içki və qumarın qadağan olunma səbəbləri misal kimi göstərilə bilər. (06.40)
- Keçmişdə bəzi İslam alimlərinin siqaretə məkruh və ya mübah hökmü verməsi, güman ki, o dövrdə siqaretin bu qədər zərərli olmasının bilinməməsinə görədir. Bu mövzuda onları üzrlü saya bilərik, çünki o illərdə tibbi tədqiqatlar hələ siqaretin zərərlərini müəyyən edə bilməmişdi. Dolayısilə, füqəha bu hökmü "Əşyada əsas olan ibahədir (savab və ya günah olmaması)" qaydasına görə vermişdir. Lakin siqaretdə bu qədər zərərli xassələr aşkar edildikdən sonra artıq onun haram olması açıq-aydın ortaya çıxmışdır. Əgər sələf üləması da siqaretin bu qədər zərərli olduğunu bilsə idi, fətvanı da mütləq buna uyğun verərdi. (08.35)
- Siqaretin bu qədər ölümlə nəticələnən bu qədər xəstəliklərə səbəb olması məlum olduğu halda siqaret çəkməyə davam etmək bir növ intihardır. Bəli, siqaret tədrici intihardır. “Sızıntı” jurnalında bir şəkli təsvir edən cümlədə siqaret çəkənə belə deyilirdi: "Ölümə gedirsən ölüm deyə-deyə / Anlamadım belə ahəstəlik niyə?.." (11.05)
- İslam hər cür israfı qadağan etmişdir. Lazımsız yerə krandan axıdılan su, ehtiyac olmadan sərf edilən elektrik israf olduğu kimi, zamanı boş keçirmək və sağlamlığa zərərli olan hər şey də israfdır. Bir insanın yarım tuluq su ilə dəstəmaz alması mümkün ikən, kranı axıra qədər açıb iki tuluqluq su istifadə etməsi israf olduğu kimi, altı saatlıq yuxu istirahət üçün kifayət ikən səkkiz saat yatmaq da, eyni şəkildə, israfdır. İslam israfa çox həssas yanaşır, dəniz kənarında dəstəmaz alarkən belə artıq su istifadə etməməyi tövsiyə edir. Siqaretə verilən pul tamamən israf olduğu üçün haramdır, üstəlik ailənin ruzisindən kəsilib verildiyinə görə, qul haqqına da girir. (12.15)
- Siqaretin insan səhhətinə zərəri barəsində artıq heç kəsin şübhə və tərəddüdü ola bilməz. Ziyanın dərhal və ya müəyyən müddətə, tədricən dəyməsi hökmü dəyişdirmir. Həyatı və səhhəti qorumaq, bunun üçün lazımi tədbir görmək dinin əsas hədəflərindən biridir. Siqaretin sadəcə çəkənə zərərli olması belə haramlığına kifayətdir. Halbuki siqaret çəkənlər ətrafa da böyük zərər verir, daim siqaret çəkənin yanında olanlar da, demək olar ki, eyni təhlükəyə məruz qalırlar. (15.08)
- Həqiqi möminin imtina edə bilməyəcəyi bir zərərli vərdişi olmamalıdır. O, hər cür şəraitdə yaşamağa hazır olmalı və faydasız alışqanlıqlardan uzaq durmalıdır. (18.10)
Sual: Qapalı mühitdə tütün məhsullarının istehlakının qadağan edilməsi ilə bağlı düşüncələrinizi bölüşə bilərsinizmi? Siqaret, içki və buna bənzər vərdişləri tərk etdiyini deyənlərin bir hadisə ilə üzləşərkən təsəlli kimi həmin vərdişə qayıtmasını necə şərh edirsiniz? Həmçinin, mübarək Ramazan ayını da siqaretdən qurtulmaq üçün dəyərləndirmək olarmı?
- İnancla həll olunası problemləri zorakılıqla həll etməyə çalışmaq çox vaxt uğurla nəticələnmir. Bu baxımdan, bir qisim əsasların qoyulması, bəzi qadağaların tətbiq edilməsi, günah yollarının çətinləşdirilməsi və insanların pisliklərə qibtə ilə baxmasının qarşısının alınması çox vacibdir, bununla yanaşı siqaret kimi zərərli vərdişlərin günahı, ziyanı və dünyəvi-üxrəvi cəzası mövzusunda insanlar mütləq qane edilməlidir. (22.30)
- Siqaret iyrənc qoxusu və insanı narahat edən tüstüsü ilə digər insanlara da əziyyət verir. Buna görə də, Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) üstündən soğan və sarımsaq iyi gələn adamı Cənnətül-Baqidən çıxarır, möminləri soğan və sarımsaq iyi ilə camaata qatılmamaq barəsində xəbərdar edir. Məlum olduğu kimi, siqaretin qoxusu soğan və sarımsağın iyindən heç də geri qalmır. Siqaretin qoxusunun başqalarını narahat etməsi şübhəsizdir. (27.35)
- Siqaret tüstüsü ətrafda olan insanların səhhətinə də mənfi təsir edir, onların sağlamlığına da çox zərər verir. Son illərdə aparılan tədqiqatlarda, bilavasitə siqaret çəkməyən, lakin siqaret çəkilən yerlərdə olub onun tüstüsünü ciyərlərinə çəkən, yəni passiv siqaret çəkənlərin də ağciyər xərçənginə yoluxma riski altında olması müəyyən edilmişdir. (29.05)
- Başa bir iş gələn kimi siqaret və içkiyə yönəlmək bir növ özünü aldatmaqdır. Dərd-kədərə sinə gərmənin ən təsirli yolu hal dəyişməkdir. Hal dəyişmənin ən sadə və gözəl yolu isə dəstəmaz almaq, namaza durmaq və Allaha sığınmaqdır. (31.02)
- Müəllimin siqaretini yandırmaq üçün yarışan tələbələr.. böyüklərin günahı.. və professor Hayrettin Karamanın "Siqaret haramdır" şərhi... (34.12)
- Ramazan ayı siqaret kimi zərərli vərdişləri tərgimək/tərgitdirmək üçün yaxşı bir fürsətdir. Oruclu olduğuna görə gündüz siqaret çəkməyənlərin gecə də ondan uzaq durmaları barəsində iftar və sahur proqramlarında mütəxəssis həkimlərin bu mövzuda məlumat vermələri çox faydalı ola bilər. (38.00)
- tarixində yaradılmışdır.