Salam ruhu
Çay süfrəsində həqiqət damlaları: “Qızıl piyalə və sapand daşı”
- Tənha bir yerə çəkilib dərdimizi Ona açmalıyıq... “Nə vaxta qədər?” deməməliyik... Onu “Zamanın Sahibi” bilər... Onun işinə qarışsanız, öz işlərinizi qarışdırarsınız. (00:45)
- Dünəndən bu günədək əskik olmayan şeylər bundan sonra da əskik olmayacaq. Həzrəti Adəmin oğlu qardaş qanı tökmüş... təkcə Həzrəti Zəkəriya (alə nəbiyyinə və əleyhissalatu vəssalam) deyil, neçə-neçə peyğəmbər qətlə yetirilmiş... Həzrət Davud (alə nəbiyyinə və əleyhissalatu vəssalam) adi insana belə atılmayan böhtanlarla üzləşmiş... Süleyman əleyhissalam, haşa cadugər, sehrbaz, kahin kimi qələmə verilmiş... İnsanlığın İftixarına “sahir (sehrbaz)” deyilmiş... Bu kimi şeylər bundan sonra da olacaq, Haqq yolun yolçuları əziyyət çəkəcək, işgəncə görəcək, böhtanlara, iftiralara tuş gələcək... Ancaq Haqq ərənləri bunu rəva görənlərdən şikayət etmək bir yana qalsın, hətta onlardan inciməməlidir. (01:20)
- Rəvayətlərə görə, düşmənləri, paxıllığını çəkənlər Həllac Mənsuru haşa “özünü ilah sanır” iddiası ilə məhkəməyə verirlər. İstiğraq (vəcd) halında ağzından çıxan “ənəlhəqq” sözünü səhv başa düşən o dövrün məhkəmə heyəti “əllərinin kəsilməsi” barədə hökm verir. Hökm icra edilir və Həllacın əlləri kəsilir. Həllac görməsinlər deyə qanlı biləkləri ilə avazmış üzünü örtür, sanki son dəstəmazını qanla alır. Bədənindən qan axa-axa qollarını Rəbbinə qaldıraraq: “Allahım! Sən mənə bunu rəva gərənləri bağışlamadıqca canımı alma” deyə dua edir. (05:00)
- “Qəzadan bir sapand daşı bir qızıl badəyə dəysə \ Nə qiyməti artar daşın, nə qiymətdən düşər badə” (Sədi Şirazi) (06:23)
- “Adanmış ruhlar” həddən artıq xeyirxah, təvazökar, işdə həmişə ilk sıralardadır; maddi-mənəvi mükafat verilən yerdə isə təmənna gözləmir, arxada, küncdə-bucaqda görünməməyə, yaddan çıxmağa çalışır. Onlar “(Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda mücahidə edər və heç kəsin tənəsindən qorxmazlar” (“Maidə” surəsi, 5\54) həqiqətinin canlı mücəssəməsidir. (06:46)
- Əgər insan bütün işlərinin təqdir və alqışlanmasını umursa, insanların qarşısında təzim etməsini arzulayırsa, fikirlərinin qiymətləndirilməsini istəyirsə, elədiklərinin müqabilində “layiqincə” qarşılıq gözləyirsə, tənqid olunmamağı, hər kəsin ona heyran qalmasını diləyirsə, “Siz dünyada bütün yaxşı əməllərinizin mükafatını yeyib bitirdiniz!” (“Əhqaf” surəsi, 46/20) ayəsinə tuş gələr və axirət “meyvə”lərini dünyada yeyib qurtara, o tərəfə müflis kimi gedə bilər. (08:30)
- “Nə dünyadan səfa gördük, nə əhlindən ricamız var / Nə dərgahi-Xudadan qeyri bir ilticamız var.” (Nəfi) (09:14)
- Həyatını haqqın dirçəlişinə həsr etmiş insanlar dünya arzularına qapılsalar, Allah hizmət imkanlarını əllərindən alar və köhnəlməmiş, aşınmamış, dünyaya boyun əyməmiş yeni bir nəslə verər. Odur ki, adanmış insan adanmışlığını son nəfəsinədək qoruyub saxlamalıdır. (10:07)
- Buxari və Müslim kimi mötəbər kitabların müxtəlif rəvayətlərində deyilir: Allah Rəsulu (əleyhissəlatu və səlləm) bir yəhudidən borc ərzaq alır, əvəzində dəmir zirehini girov qoyur. İnsanlığın İftixarı (sallallahu aleyhi vəsəlləm) borcunu ödəyə bilmədən dünyaya vida edir. Həzrəti Əbu Bəkir (radiyallahu anh) bir müddət sonra borcu ödəyib Nəbi yadigarını geri alır və Həzrəti Əliyə (radiyallahu anh) əmanət edir. Pakların Pakı Rəsulullah (əleyhissəlatu vəsəlləm) əshabdan borc almağı istiğna anlayışına zidd görmüşdür; onlardan dünya malı istəməməyi “risalət vəzifəsinə görə əvəz gözləməmək” prinsipinə sədaqət saymışdır. Dinin təbliğ və təmsil etdiyinə, səadət yurduna çıxan pillələri öyrətdiyinə, xüsusilə, səhabəyə cənnət yolunu göstərdiyinə görə zərrə qədər mənfəət güdmədiyini bu hadisə ilə bir daha ortaya qoymuş və nübüvvət yolunun yolçularına ən gözəl nümünə olmuşdur. (11:42)
- Həzrəti Əbu Bəkir (radiyallahu anh) xəlifə seçiləndən sonra da qonşuların qoyunlarını sağaraq məişətini təmin edirdi. Bir müddət sonra böyük səhabələrin təkidi ilə cuzi bir məvacib müqabilində bu işdən əl çəkməli oldu. Gördüyü işin əvəzində maaş almaq ona ağır gəlsə də, dövlət işlərini daha yaxşı görmək üçün buna razı oldu. Buna baxmayaraq həmin məvacibi xərcləyəndə əlləri əsirdi. Vəfat edəndə “Məndən sonrakı xəlifəyə verilsin!” vəsiyyəti ilə bir küp qoyub getmişdi. İkinci xəlifə Həzrəti Ömərin hüzurunda açılan küpdən xırda pullar, bir də məktub çıxmışdı. Bu qısa namədə “Bəzən mənə ayırdığınız məvacib artıq qaldı. Bunu xərcləməyə Allahdan həya etdim. Çünki bu, xalqın malıdır, dövlət xəzinəsinə qaytarılmalıdır” yazılmışdı. Həzrəti Ömər bu mənzərə qarşısında özünü saxlaya biməyib ağladı “Ey Əbu Bəkir, elə bir həyat yaşadın ki, təkrarı mümkünsüzdür” deyir. Ancaq onun həyatı da sələfindən geri qalmırdı, digər bütün Quran tələbələri kimi gözü axirətdə idi. (12:10)
- Bəzi məğrurular “Mütəkəbbirlərə qarşı təkəbbür...” sözünü səhv izah edirlər. Halbuki Həzrəti Ömər öz sadəliyi və təvazökarlığı ilə qarşı tərəfi diz çökdürürdü. Həzrəti Ömər (radiyallahu anh) dövründə müsəlmanlar hazırkı Suriya və Fələstin torpaqlarına da hakim olmuşdu. Fəthdən sonra ordu başçıları Məscidi-Əqsanın açarlarını istəyincə yerli xalq “Biz Məscidi-Əqsanın açarlarını alacaq şəxsin vəsflərini çox yaxşı bilirik. Bu açarları ondan başqasına verən deyilik” deyə etiraz edirlər. Onlar bu məsələni öz aralarında müzakirə edirdilər ki, Həzrəti Ömər (radiyallahu anh) dövlətin malından bir dəvə götürüb xidmətçisini də yanına alaraq yola düşür. Möminlərin xəlifəsini görmək üçün çayın sahilinə axışan xalq onu görəndə mat-məəttəl qalırlar. Çünki o dövrdə dünyanın ən böyük dövlətinin hökmdarı çarıqlarını qoltuğuna vurub xidmətçisini daşıyan dəvənin cilovunu çəkə-çəkə adi bir adam kimi yol gəlirdi. Üstəlik əynində izarla (köynəkdən azca uzun bütöv üst geyim, fitə) sarıqdan başqa bir şey yox idi. Yolda Xəlifənin o sadə paltarı dəvənin yəhərinə sürtünə-sürtünə bir neçə yerdən cırılmışdı, o da hər dəfə bunları bir şərəf nişanı kimi yamamışdı. Ədalət timsalı xəlifə geyiminə görə rişxənd görəcəyini eyham vuran bəzi möminlərə səsini yüksəldir “Allah bizi İslamla şərəfləndirdi, izzət və şərəfi başqa şeydə axtarmaq bihudədir. Madam bizi şərəfli edən İslamdır, ondan qeyri izzət və şərəf bizə gərək deyil” dedi. Bütün bu hadisələri izləyən Qüdsün ruhani liderləri “Biz açarları ancaq bu adama verərik, çünki kitablarımızda bildirilən vəsflərin hamısı onda vardır!” deyib açarları Həzrəti Ömərə təhvil vermişdilər. (14:00)
- “Məfkurə yolçuları” övladlarını, nəvələrini, onların dünya rifahını, villalarını, imarətlərini düşünməməli, ancaq məfkurənin arxasınca düşməli və o yıxılmış çinarı dikəltməyə çalışmalıdırlar. Zira “neçə-neçə sərvi-rəvan (boy-buxunlu gözəllər) canlar, neçə-neçə gül üzlü sultanlar, neçə-neçə Xosrov kimi xanlar və neçə-neçə tacdarlar (padşah)” dünya adlı o qanlı-irinli dəryaya düşüb boğulmuşdur. (15:14)
- Peyğəmbər Kürəkəni, Heydəri-Kərrar Həzrəti Əlinin (radiyallahu anh) xəlifəliyi dövründə İslam dövləti hazırkı Türkiyədən iyirmi dəfə böyük idi. İslam orduları bir tərəfdən Mavərünnəhrə, digər tərəfdən Çin səddinə çatmış, bu tərəfdən də Cəbəllütariqə ayaq basmışdılar. Sərhədlərinin ucu-bucağı bilinməyən və bir mənada o dövrün hegemon dövləti sayılan bu böyük xilafətin rəhbəri Həzrəti Əli (radiyallahu anh) qışın oğlan çağında yaz paltarı geyinirdi. Səbəbini soruşanlara da “Mənim imkanlarım ancaq buna çatır!” cavabını verirdi. Həzrəti Pir məsələyə başqa prizmadan yanaşır və bunu Onun kəraməti sayır. Ancaq Səid Qütbün yanaşması ilə baxsaq, bu, ictimai ədalət, ali insan ruhu... cəmiyyətlə qaynayıb-qarışma, bütünləşmə, hər kəsi özündən üstün tutma, yaxud da başqaları üçün yaşama, xülasə, həqiqi ədalət düşüncəsidir. (17:57)
- Allah Rəsulundan Həzrəti Əbu Bəkrə, Həzrəti Ömərdən Həzrəti Əliyə qədər – Həzrəti Osman kimi bütün sərvətini din yoluna sərf edən, kəsbən deyil, qəlbən dünyanı tərk edənlər də daxil olmaqla – Əshabi-kiram və onların yolunu tutanlar daima təmənnasızlıq və adanmışlıq ruhu (bir insanın bir məfkurəyə həyatını nəzr etməsi) ilə yaşamışdır. O yolu tutmayanlardan bir soruşun: “Kimi nümünə götürürsünüz?”, “Allah xatirinə, villaları, sarayları, imarətləri kimdən örnək götürmüsünüz?” “Övladlarım, nəvə-nəticələrim...”, “dövlətin pulu dəniz...” deyənlər, kimdir sizin örnəyiniz, Allah xatirinə?!. Onu deyən Qarundu. Bu sözləri Ramseslər, Amnofislər demişdi. Allahdan qorxun, utanın!.. (19:30)
“Salam (selam)” filmi münasibətilə bir daha “salamla getsəniz, uzunömürlü fəaliyyətlərə imza atarsınız. Qılıncla girdiyiniz yerdə uzun müddət qalsanız da, dərin izlər qoya bilməzsiniz” fikri vurğulandı. Əshabi-kiramdan Osmanlıyadək – İstanbulun fəthi də daxil olmaqla – bir çox qapıları həm də qılıncla açmışıq. Bunu nəzərə alanda, “salamla gedin” ifadəsindən nə qəsd olunur? “Salam ruhu” nə deməkdir?
- İslamiyyətdə mühairbə qan tökmək, torpaq ələ keçirmək, qənimət əldə etmək üçün aparılmır. Cihad Allahla insanlar arasındakı maneələri aradan qaldırmaq, onları Allaha qovuşdurmaq məqsədilə edilir. Döyüş isə böyük və müqəddəs cihadın bir parçasıdır. Bəli, İslamda əsas olan sülhdür. Döyüş isə müvəqqəti bir məsələdir. İslamda döyüşün səbəb və məqsədi dörddür: 1. Müdafiə döyüşü (məşru müdafiə). İslamiyyət bir millətin, yaxud bir fərdin onu varlığını təhdid edən, məhv etməyə, öldürməyə çalışan düşməndən özünü qorumasını, müqavimət göstərməsini onun qanuni haqqı sayır, hətta bəzi hallarda bunu əmr edir. 2. Zülmə son qoymaq, yaxud da haqsılığa məruz qalan müsəlmanlara kömək etmək məqsədilə döyüş. Qeyri-müsəlman dövlətlərin təbəəsi olub zülmə məruz qalan, hüquqları tapdalanan müsəlman azlıqların (müstəz) çağrışına cavab olaraq (İslam tarixində buna çox şahid oluruq) onlara kömək etmək üçün aparılan müharibələr. 3. İrşad (təbliğ) azadlığı. İslam dininin sərbəst təbliğinin qarşısı alınırsa, sırf bu təbliğ azadlığını təmin etmək üçün müharibə edilir. 4. Düşmən tərəfinin bağlanmış sülh müqaviləsini pozması nəticəsində başlayan müharibə. (23:47)
- Mərhum Mehmet Akif “Çanaqqala şəhidlərinə” şeirində keçən (bu ifadə bir mənada tənqid oluna bilər) “Bədrin aslanları ancaq bu qədər şanlı idi” misrası ilə əslində Əshabi-Bədri kiçiltmir, bir şair düşüncəsi ilə Çanaqqala şəhidlərini bir az yüksəyə qaldırır. Bilmək olmaz, Allah dərgahında dediyi kimi də ola bilər. Hətta yuxularda, yəqzanda özünü Əshabi-Bədrin arasında görən yoldaşlarınız var. Ola bilər, Allahın bir lütfüdür. Onların cərgəsində olmaq böyük şərəfdir. Məktəbdən sarığını açıb düz Çanaqqalaya qaçan, şəhidliyə can atan o insanların əzm və qeyrətini əhəmiyyətsiz saymaq olmaz. (24:58)
- Cənabi-Allah “(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (“Ənfal” surəsi, 8/60) buyuraraq möminlərə hazır olmağı və güclü olub düşmənin içinə xof salmağı əmr edir. (26:30)
- İslamda müharibələr sırf yuxarıda qeyd etdiyimiz səbəb və məqsədllər üçün edilə bilər. Ancaq bəzi dövrlərdə bu əsaslara tam riayət edilməmiş, ictihad xətalarına da yol verilmişdir. Bəzən “ədaləti-mütləq” deyil, “ədaləti-izafi” üstün tutulmuşdur. (27:09)
- Gedilən yerlərin bəzilərində uzun müddət qalmamağın səbəbi ictihad xətalarıdır. Maddi qılıncı qınına qoymaq, Qurani-Kərim və Sünnəin cövhər “qılınc”larını üzə çıxarmaq, İslamın haqq-ədalət “qılınc”ını ortaya çıxarmaq” kimi düstürlarına tam riayət edilməmiş, izafi adələt niyyəti ilə bəzi xətalara yol verilmişdir. Belə xətalara yol verilən yerlərdə də uzun müddət qalmaq mümkün olmamışdır. (29:27)
- Əndəlüs kimi yerlərdə İslam hakimiyyətinin uzunmüddətli olmamasının başqa səbəbləri də var. Səltənət ehtirası, ixtilaf və təfriqələr başlıca səbəblərdir. Mehmet Akifin “Təfriqə girmədən bir millətə düşmən girəməz / Toplu çarpdıqca ürəklər, onu top sindirəməz!” beyti və Sultan Səlimin:
misraları bu həqiqəti dilə gətirir (30:20)Millətimdə ixtilafü-təfriqə əndişəsi,
Hətta guşeyi-qəbrimdə biqərar eylər məni.
İttihad etməkkən ədaya (düşmənlər) qarşı çarəmiz,
İttihad etməzsə millət, dağidar eylər məni. - “Salam (selam)” filmində insanımızın dünyaya yayılmasından bəhs edilir. Mənə göstərdilər, göstərmədikləri fraqmentlər də var: “Düşüncəniz nədir, düzəliş olunası bir yer varmı?” dedilər. Fikirlərimi ümumi çatdırdım. Mən nə filmdən başım çıxır, nə ssenaridən, nə də çəkilişdən... Bəyəndiyim yerlər oldu. Müəllimlər Anadolu xalqına yaraşan, “ölçüsü” əyninə tam oturan anlayış, düşüncə, istiğna hissi və həsbiliklə dünyanın təkcə bir yerinə deyil, Afrikadan Uzaq Şərqə, oradan Balkan yarımadasına qədər bir çox diyarlara gediblər. Bu müəllimlər fərqli coğrafiya, anlayış və mədəniyyətlərə mənsub insanları götürüb xəmir kimi yoğurmuş, yumşatmış və əritmişlər. (33:15)
- Filmin bir səhnəsində Mostar körpüsündə dalaşarkən çaya düşən iki uşağı xilas etmək üçün özünü fəda edən bir müəllim təsvir olunur. Ona baxanda göz yaşlarımı saxlaya bilmədim. Afrikada çəkilən səhnələr də həmçinin... (35:10)
- Filmdə rol alan aktyorlar da müəllimlərin fədakarlığına heyran qaldıqlarını deyirlər. Rolları özlərini ovsunlayıb. Çünki bütün bunlar həqiqətdir, gerçəkdir. (36:31)
- Bu bir mənada yenidən, başqa bir Çanaqqalaya yollanmaq kimidir: bunlar da ölümə gedənlər kimi getdilər. Duvaqlı gəlini qoyub gedənlər oldu. Barmağında nişan üzüyü gedənlər oldu. Ana-atanı gözü yaşlı qoyub gedənlər oldu. “Neçə ildir oradasan?” sualıma bəziləri “On ildir” cavabını verdi. Belə insanın alnını deyil, ayağını öpərsən. (36:57)
- Gedənlər məhz bu “salam”la getdilər... lövhələrə “salam” yazdılar (filmdəki bir səhnəni qəsd edir). Salam əmin-amanlıq deməkdir.! "Söz atıb incitsələr də “Salam!.. Salamat qalın”... Vursalar da, döysələr də, dəyən yumruqlar sapand daşı kimi, qızıl badə kimi “Salam!..” səsini əks-səda verir... Belə getmisinizsə, “salam”, Allahın izini və inayəti ilə, sizin üçün uzunömürlü zəmin və şərait hazırlayar. (39:10)
- Xüsusilə maddi qılıncın qınına qoyulduğu bu dövrdə “salam” bizim yeganə silahımızdır. (40:22)
- tarixində yaradılmışdır.