Əxlaqın əsasları – hikmət, şücaət, iffət və ədalət
Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Əxlaqın əsasları – hikmət, şücaət, iffət və ədalət
Sufilərin “ümmühati-xüluq (gözəl əxlaqın əsas qaydaları)” adlandırdığı məsələlər insanın yenidən “inşası” və mənəviyatının dirçəldilməsi üçün zəruri olan əsaslar, rüknlərdir; bunu peyğəmbər əxlaqının rüknləri, yaxud Quran əxlaqının əsasları adlandırmaq olar. Məhz bu rükn və əsaslar sayəsində sağlam şəxsiyyətə yiyələnən əshabi-kiram yüksək keyfiyyətlərə malik insanlar kimi qısa müddətdə böyük işlərə imza atmışlar. (00:36)
Ümmuhati-xüluqun başında “hikmət” dayanır. Hikmətin faydalı elm, ürfan, hər kəsə məlum olmayan gizli səbəb, fiqh, fəlsəfə, yaradılışın ilahi qayəsi, səbəblərin ruhunu qavrama, əşyanın zahir və batininə müttəli olmaq, ibrətamiz bir söz, gözəl xasiyyət, ümuma faydalı bir iş, bir şərin qarşısını almaq və ya xeyirli bir nəticə əldə etmək üçün görülən iş, sünneyi-səniyyə, din, Kitab kimi bir çox mənası vardır. Kainat kitabını düzgün oxuma, fiziki aləmə paralel metafizik aləmi və təbiətin pərdə arxasını nəzərə alma, təşri (şəriətə aid) hökmlərə riayət etməklə yanaşı, təkvini qanunları da ehmal etməmə, bir tərəfdən əşyanın mahiyyətində mövcud olan faydaları, digər tərəfdən dinin ruhundakı qayələri qavramağa çalışma kimi məsələlər də hikmətin məna çərçivəsinə daxildir. Qurani-Kərimdə “hikmət” sözü ümumiyyətlə öyüd və nəsihət, elm və ürfan, vəhy və peyğəmbərlik, Quranda olan incə mənalar və ilahi sirlər mənasında işlənmişdir. Bundan başqa, əqli qabiliyyətin mötədil mərtəbəsi “hikmət” sözü ilə ifadə edilmişdir. Qüvveyi-əqliyənin (əqli qabiliyyətin) ifrat səviyyəsi haqqı batil, batili haqq göstərmə mənasında “cərbəzə”, təfrit səviyyəsi heç bir şeyi doğru-dürüst anlamama, ən sadə şeyləri belə dərk etməmə mənasında “qəbavət” və “xəmaqət”, mötədil səviyyəsi isə əşya və hadisələri doğru qiymətləndirmə, xeyirlə şəri bir-birindən ayırma bacarığı mənasında “hikmət” adlandırılmışdır. Gördüyünüz kimi, İslam alimləri “hikmət” sözünü müxtəlif şəkillərdə tərif etmiş və onun onlarla fərqli mənasına toxunmuşlar. Əslində hər bir tərif hikmətin fərqli bir cəhətini ortaya qoymuşdur. Lakin əksəriyyət bu kəlməni “faydalı elm, saleh əməl” şəklində izah etmişlər. (05:45)
Həzrəti Ustad: “Kainat məscidi-kəbirində Quran kainatı oxuyur, onu dinləyək. O nur ilə nurlanaq. Hidayəti ilə əməl edək. Və onu virdi-zəban (dilimizin əzbəri) edək. Bəli, söz odur və (söz) ona deyərlər. Haqq olub, Haqdan gəlib, haqq deyən, həqiqəti göstərən və nurani hikməti nəşr edən odur” sözüləri ilə Qurani-Kərimin kainat kitabını şərh etdiyini söyləmişdir. Əgər Qurani-Kərim aləmə öz nurunu yaymasaydı, cahan xaosdan, qorxunc kabuslar və dəhşətli hadisələr yığınından ibarət olacaqdı. Biz hər şeyin həqiqətini, hər bir məxluqun Cənabi-Allahın parlaq bir sənət əsəri olduğunu Qurandan kainata yayılan ziya sayəsində gördük və öyrəndik. Rəcaizadə Əkrəm “Bir kitabullahi-əzəmdir sərasər kainat. Hansı hərfi yoxlasan, mənası Allah çıxar”, - deyir. Həzrəti Pir isə kainat kitabının hər bir sətrinin məleyi-əladan insan üçün göndərilən bir məktub olduğunu diqqətə çatdırmışdır. Yəni kainatın səhifə və sətirləri arasında gəzən, “kəlmə”ləri əlinə götürüb bir-bir yoxlayan insan hər birinin “Allah!” deyə hayqırdığını görəcək və özünü saxlaya bilməyib o da “Allah!” deyəcəkdir. Çünki belə mükəmməl bir sistemi başqa bir şeyə aid etmək mümkünsüzdür. Göyləri və yeri xəlq edib mükəmməl bir sistem quran da Allah, insanın mahiyyət və fiziologiyasında mövcud ahəngi yaradan da Allahdır (c.c.). Kainatda hər bir əşya və hadisənin Onu xatırlatması da hikmətin başqa bir tərəfini təşkil edir.
Hikmətə düzgün davranışlar sərgiləmə və hər şeydən yerli-yerində istifadə etmə şəklində tərif verənlər də olmuşdur. Bu söz həmçinin “mötədil” və “müstəqim” mənalarına da gəlir. Gəlin bir az bu mənaları izah edək: ifrat və təfritə imkan vermədən hər şeyi layiqincə yerinə yetirib mötədilliyi qorumaq... Məsuliyyətləri şəriət çərçivəsində anlamaq və yerinə yetirmək... səbəblər sükut eləyənədək onlara nöqsansız riayət etmək... Saleh əməllər də daxil olmaqla ifrata yol verməyib “dini hər şəraitdə yaşamaq mümkündür” düşüncəsini zədələməmək... Və sünnə əsaslı həyat yaşamağa çalışmaq... Haqqın təqdirini şəxsi seçimlərdən üstün tutmaq və Onun şəri, kövni − hər bir icraatına səmimi qəlbdən ram olub “Hər işdə hikməti vardır, əbəs iş görməz Allah” düşüncəsindən bir an da olsun uzaqlaşmamaq. (09:38)
İslamiyyətdə əməli hökmlər “ibadət” və “müamilə” olmaq üzrə iki hissəyə bölünür. Lüğəvi mənası boyun əymək, itaət etmək, tapınmaq, qulluq etmək olan “ibadət” istilahı Allahın rizasını qazanmaq üçün edilən, bəndəni Allaha yaxınlaşdıran, şəkli-forması Allah tərəfindən müəyyənləşdirilən namaz, oruc, zəkat kimi şüurlu olaraq yerinə yetirilən əməllərin ümumi adıdır. Müamilə isə ailə qurma, boşanma, əqd, cəza, miras, şahidlik, alış-veriş və məhkəmə işləri kimi ibadətlərə daxil olmayan, fərdlərin həm biri-biri ilə, həm də cəmiyyətlə qarşılıqlı əlaqələrini tənzim edən hökmlər toplusudur. Təəbbüdilik ibadətləri sırf übudiyyət anlayışı və şüuru ilə yerinə yetirmək, ibadətlərin icrasında ilahi əmrdən qeyri bir səbəb axtarmamaq, hər bir ibadəti vaxtına, formasına və keyfiyyətinə uyğun yerinə yetirmək, nəticəsini də axirətdə Allahdan gözləməkdir. Ümumən ibadətlərdə təəbbüdilik, müamilədə isə hikmət və məsləhət əsas götürülür. Buna baxmayaraq, hər bir ibadətin bir çox hikməti, hər bir müamilənin də bəzi təəbbüdi tərəfləri var.
Təəbbüdilik ibadətləri təmənnasız və sırf ilahi əmr olduğuna görə yerinə yetirmə duyğusunu, Allaha (c.c.) ixlasla yönəlmə hissini meydana gətirdiyi üçün böyük əhəmiyyətə malikdir. Təkcə ibadətlərdə deyil, fərdi, ailəvi və ictimai sahələrlə əlaqədar ortaya qoyulan hökmlərdə də təəbbüdilik var. İnsan gündəlik həyatında işlərində və müamilədə də “sırf əmr edildiyi üçün əməl etmə niyyəti”ni qoruyub saxlaya bilər. Müamilədə ağıla, məntiqə və hikmətə müvafiq mənalar daha çox gözə çarpsa belə, insan onların da “əmr edildiyini” əsas götürə bilər. Beləcə istər ibadətini, istərsə də gündəlik işlərini təəbbüdilik düşüncəsi ilə görər və özünü ixlaslı ibadət ruhuna alışdırar. O cümlədən Peyğəmbərimizin ardınca getmə və Ona oxşama niyyəti ilə ortaya qoyulan adətlər, adət-ənənələrdən irəli gələn müamilələr və fitri hərəkətlər belə, ibadətə çevrilər və insana savab qazandırar. Yemə-içmə, oturub-durma, alıb-satma kimi adi iş, adət və müamilələrdə ilahi əmri və Allah Rəsulunu düşünüb Ona tabe olmağa niyyət edən insan adətləri belə ibadətə çevirmiş və beləcə hər hərəkətdə savab qazanmış olar. (10:05)
Ümmuhati-xüluqun ikincisi “şücaət”dir: Cənabi-Allah insana kənardan gələn hücumlardan özünü qorusun deyə “qüvveyi-qəzəbiyə (qəzəb hissi)” adlı duyğu vermişdir. Bu duyğu kənar hücumları dəf edən bir qüvvə və tədbirli olmağa yarayan bir gücdür. Təhlükəli şeylərlə üzləşəndə təmkinli davranmaq və təlaşa qapılmadan onları sovuşdurmağa çalışmaq mənasına gələn “şücaət”in də, kin, nifrət, hiddət, küskünlük və qəzəbin də mənbəyi bu hisdir. Bəziləri adi şeylərdən belə qorxur, daima vəhmlərlə oturub-durur və paranoyyalarla həyatı zəhərə döndərirlər ki, belələrinin də düşdüyü vəziyyətə “cəbanət (qorxaqlıq)” deyilir. Elə insanlar da var ki, aqibəti düşünmədən, götür-qoy etmədən, ölçüb-biçmədən hər işə girişir və fəlakətə aparan təhlükələrə atılmaqdan çəkinmirlər. Qüvveyi-qəzəbiyyənin bu ifrat dərəcəsi isə “təhəyyür (qorxmazlıq və təcavüzkarlıq)” adlanır. “İman həm nurdur, həm qüvvətdir. Bəli, həqiqi imanı əldə edən adam kainata meydan oxuya və imanının qüvvəsi nisbətində hədisələrin təzyiqindən qurtula bilər” həqiqətinə sadiq qalaraq zahirən aşılmaz görünən maneləri aradan qaldırmaq istiqamətində göstərilən fəaliyyətin ünvanı olan “şücaət” isə gözəl əxlaqın mühüm bir əsasıdır. (13:20)
Kor cəsarət və kar şücaət fəzilət deyil. Şücaəti hikmətlə tənzimləmək, onun görməyən gözlərini və eşitməyən qulaqlarını açmaq lazımdır. (16:58)
Mütə döyüşündə qüvvələr qeyri-bərabər idi, bir müsəlmana 30-40 düşmən əsgəri düşürdü. Bizans o dövrün hegomon dövləti sayılırdı, müsəlmanlar isə Mədinədə yeni-yeni yurd salmışdılar... sayları az, imkanları məhdud, arxa duranı da yox idi. Buna baxmayaraq iman, eşq, şövq, cihad, qəzvə, şəhidlik kimi duyğu və inanclarla cuşa gələn bu üç minlik qoşun nəhəng bir dövlətlə çarpışmışdır. Mütə eyni zamanda Allah Rəsulunun canı kimi sevdiyi Zeyd ibn Harisə, Cafər ibn Təyyar və Abdullah ibn Rəvahanın şəhid olduğu ulu bir məşhəddir (şəhid olunan yer). Üç sərkərdəsini dalbadal itirən ordunun vəziyyətini siz təsəvvür edin. Bəli, Həzrəti Xalid belə bir ordunun başına keçmişdi. O, ordudakı əsgərlərin yerini üç gün dalbadal dəyişdirməklə Bizans qoşunlarının döyüş əhval-ruhiyyəsini sarsıtmışdı. Bizanslılar elə bilmişdi ki, müsəlmanlara kömək qüvvə gəlib. Həmçinin əzmlə vuruşmuşdu. Bir rəvayətə görə həmin gün əlində 7 və ya 9 qılınc qırılmışdı. Daha sonra maharətlə manev edərək ordunu geri çəkmişdir. Həzrəti Xalidin ordunu bu cür geri çəkməsi qısa və ya uzun müddətli hərbi taktika idi, başqa sözlə desək, iki addım irəli atılmaq üçün bir addım geri çəkilməkdi və əsl aksiyon idi. Həmçinin şücaətin hikmətlə tarazlanmasına gözəl bir nümunədir. (20:30)
Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimizin və əshabələrin Hudeybiyədəki təmkinli davranışları da şücaət-hikmət əlaqəsini ortaya qoyan gözəl bir nümunədir. (27:50)
Ümmuhati-xüluqun üçüncüsü “iffət”dir. Qeyd etdiyimiz kimi, Əxlaq məsələləri ilə məşğul olan İslam alimləri insanda üç əsas duyğunun olduğunu söyləmiş, müəyyən nisbətdə də olsa, həqiqətləri görüb, fayda ya da zərərli şeyləri bir-birindən ayırma bacarığına "qüvveyi-əqliyə", kin, hiddət, qəzəb və cürət kimi hislərin qaynağı sayılan duyğuya "qüvveyi-qəzəbiyə", arzu, iştah və cismani həzlərin mənbəyi qəbul edilən hissə də "qüvveyi-şəhvaniyə" demişlər. Qüvveyi-şəhvaniyənin həya hissindən tamamilə uzaqlaşaraq hər cür cürmü, günahı işləyəcək qədər ifrat səviyyəyə çatması "fisqü fücur", halal nemət və ləzzətlərə qarşı belə hissiz və hərəkətsiz qalma dərəcəsi də "humud" adlandırılmışdır. Qüvveyi-şəhvaniyədə doğru və orta yolu tutub məşru, yəni şəriət qanunları daxilində zövq və ləzzətlərə meyil etməklə yanaşı, haram arzu və istəklərdən iradi şəkildə çəkinmək isə "iffət" sözü ilə ifadə edilmişdir.
Bu baxımdan, iffət ümumi mənada iradənin gücündən istifadə edərək cismani və bəhimi (heyvani) arzuları nəzarətdə saxlamaq, zinadan və səfehlikdən uzaq durmaq deməkdir. Bəli, iffət dil, göz, qulaq, əl, ayaq kimi üzvləri günahlardan qoruyaraq halal zövq və ləzzətlərlə kifayətlənib haramlardan uzaq durmaqdır. Əxlaqi dəyərlərə bağlı və günahlardan uzaq yaşamaq üçün səddi-zərai prinsipinə əməl etmək və “sürüşkən” yerlərə heç yaxınlaşmamaq lazımdır. İffəti düşüncə namusundan peşə əxlaqına qədər geniş bir çərçivədə dəyərləndirmək daha doğru olardı. Çünki gözü-könlü tox olmaq, kimsəyə əl açmamaq, dilənçilik etməmək və heç kimə ağız açmamaq da iffətin mühum bir əsasını təşkil edir. (31:10)
İffətin mühüm bir cəhəti də isteğna (gözü-könül toxluğu) və təmənnasızlıqdır. Həqiqi mürüvvət və təmənnasızlıq səmalarına yüksələnlərdən biri olan Amr ibn Asa (radiyallahu anh) edilən qənimət təklifinə: “Ya Rəsulallah, mən qənimətdən ötrü müsəlman olmamışam!” demişdi. Adını bilmədiyimiz başqa bir səhabəyə də İnsanlığın İftixarı (aleyhissalatu vəsəlləm) qənimət payı vermək istəyəndə: “Ya Rəsulallah! Bunu qəbul edə bilmərəm. Mən (boğazını göstərərək) buradan bir ox sancılması ilə şəhid olmaq üçün müsəlman olmuşam”, − demiş və arzu etdiyi kimi şəhid olub axirətə köçmüşdür. Bəlkə də, onların arasında yüzlərlə bu cür müstəğni insan vardı, amma bu əməllərini gizlətdiklərinə görə adları siyər və məğazi kitablarına düşməmişdir. (36:02)
Ümmühati-xüluqun dördüncüsü isə “ədalət”dir. Müvazinəni qoruyub saxlama, ifrata yol verməmə, hər kəsin və hər şeyin hüququna riayət etmə, zülm etməmə mənasına gələn “ədl” və “ədalət” əxlaqi və hüquqi cəhətləri baxımından İslamiyyətdə mühüm əsas sayılır. (42:33)
“Müqabileyi-bil-misil” etməyə (bir hərəkətə eyni şəkildə cavab verməyə) din rüxsət vermişdir. Ancaq bəzən pisliyə pisliklə cavab vermək daha böyük şərin meydana gəlməsinə səbəb olur. Ona görə də bu dövrün insanları o rüxsətdən sstifadə etməməlidir. Qurani-Kərimdə düşmənə ancaq elədiyi pislik qədər müqabilə etməyə izin verildikdən sonra “Əgər səbr etsəniz, bu, sizin üçün daha xeyirlidir” (“Nəhl” surəsi, 16\126) buyurulur və inananlar səbrə təşviq edilir. (41:51)
İman və Quran yolunun könüllü ərənləri ancaq bu ayənin işığında hərəkət etməlidirlər: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə etsən, bir də görərsən ki, aranızda düşmənçilik olan şəxs yaxın bir dost olub!” (“Fussilət” surəsi, 41\34) (44:38)
“Zalımın zülmü varsa, məzlumun da Allahı var \ Bu gün xalqa cövr etmək asandır, sabah Haqqın divanı var”, demişlər. Ancaq məndən soruşsanız, sizə zülm edənlərin Haqqın divanında cəzalandırılmasını belə istəməyin. Sizi özünə əks cəbhədən bilib 40-50 il ən gözəl işinizə belə şübhə ilə baxan insan haqda da “Allah səni cəhənnəmlə cazalandırsın!” deməyin. İllah da bir şey demək lazımdırsa: “Allah mənim qəlbimi də, sənin qəlbini də islah etsin!” deyin. (45:37)
Səbir, ondan da artığına səbir edəcəyimi bilənədək dişimi sıxıb səbir edəcəyəm. (48:28)