"Xalqımız Türk məktəblərini bağrına basır"
Pakistanın Təhsil Naziri Məhəmməd Baliğ Rəhman ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin mükəmməl bir təhsil modelinə sahib olduğunu söyləyib. Müəyyən çevrələr tərəfindən hədəf göstərilən Türk məktəblərini müdafiə edən Rəhman Fəthullah Gülən Xocaəfəndinin də niyyətini tərifləyərək "Çox təsiredici bir insan, həqiqi bir liderdir" dəyərləndirməsi ilə çıxış edib.
Türkiyədə müəyyən çevrələr tərəfindən hədəf göstərilən Türk məktəbləri dünyanın dörd bir tərəfində qardaşlıq körpüləri qurmaqda davam edir. Fəaliyyət göstərdikləri ölkələrin xalqı ilə ət və dırnaq kimi qaynayıb qarışan məktəbləri hər kəs bağrına basır, müvəffəqiyyətlərini barmaqla göstərir.
Qardaş Pakistan da türk məktəblərini özünün bir parçası kimi görən ölkələrdəndir. Pakistanın təhsil naziri Məhəmməd Baliğ Rəhman ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin mükəmməl bir təhsil modelinin olduğunu və pakistanlıların Türk məktəblərini bağrına basdığını deyib. Nazir Rəhman Fəthullah Gülən Xocaəfəndinin niyyətini də tərifləyərək, "Çox təsiredici bir insan, həqiqi bir liderdir" dəyərləndirməsi ilə çıxış edib.
Rəhman "Cihan" Xəbər Agentliyinə verdiyi açıqlamada Türkiyə və Pakistan arasındakı tarixi qardaşlıq əlaqlərinə diqqət çəkərək "Qəlbdən qəlbə qurulan bu əlaqəni daha fərqli hisslərlə də ifadə edə bilərik. Biz çox şükür ki, Türkiyədən qonaqlarımız gələndə onların sevgilərini hiss edirik. Məncə, bunu, sözlərlə izah etmək mümkün deyil. Bu, bir qardaşlıqdır, dostluqdur", - deyib. Nazir Türk məktəblərinin müvəffəqiyyətinin "fədakar əmək və nümunəvi təhsil sistemindən" qaynaqlandığını qeyd edib. Rəhman, "Bu məktəblər, türklərin təcrübəsinə və mükəmməl bir təhsil modelinə malikdir. Bir başqa gözəl reallıq budur ki, pakistanlılar Türk məktəblərini bağrına basır. Bu da çox mühüm əxlaqi və insani dəyərləri bu məktəblərdə tapa bilmələrindən irəli gəlir. Bundan savayı türk insanına bəslənən etimad bu məktəblərə də əks olunur", - deyə bildirib.
Məktəblərdə oxuyan şagirdlərin milli və beynəlxalq səviyyədə müvəffəqiyyətlərinə də diqqət çəkən təhsil nazir belə deyib: "Pakistanlı şagirdlərin zəkalarını bütün dünyaya isbat etdikləri təhsil və layihə yarışlarında qazandıqları müvəffəqiyyətlər də məktəbləri ictimaiyyətə müsbət yöndən tanıdır. Məktəblər həqiqətən də yaxşı bir iş görürlər. Pakistan-Türk məktəbləri mükəmməl bir təhsil modeli ortaya qoyur." 20 ildir təhsil xidməti verən Pakistan-Türk məktəbləri təkcə paytaxt İslamabadda deyil, ölkənin infrastruktur və təhlükəsizlik baxımından riskli bölgələrində də xidmət verir. Hazırda 7500 şagirdin qeydə alındığı məktəblərdə çalışan 750 müəllimdən yalnız 180-i Türkiyədəndir. Məktəblərin uğuru isə özü ilə ölkə sərhədlərini də aşan bir etibar gətirib. Şagirdlərinin beynəlxalq elm olimpiadalarına qatılıb Pakistana 147 medal gətirməsi xalqla yanaşı dövlət rəsmilərinin də məktəblərdən bəhs edərkən tez-tez toxunduğu xüsusların başında gəlir.
Türk məktəblərinin açılmasının təşəbbüskarı Fəthullah Gülən Xocaəfəndi haqqında isə nazir Rəhman belə dəyərləndirmə ilə çıxış edib: "Onun haqqında çox gözəl şeylər eşitdim və hörmətli Fəthullah Gülənin bəzi kitablarını oxuma fürsətim oldu. Çox təsiredici bir insandır. Bir çox insan üçün nümunə olası çox gözəl, çox dərin bir insandır. Ona bu müsbət enerjini və dəyərləri paylaşmağa davam etməsi üçün cansağlığı arzu edirəm. Çünki o həqiqi bir liderdir və insanları ətrafında yığa bilmə xüsusiyyəti var. Liderlik, təhsil və dünyagörüşü baxımından gözəl bir nümunədir". (Abdulhəmid Bilici, Fateh Çapar - İslamabad, “CİHAN”)
- tarixində yaradılmışdır.