“Türk Dili Olimpiadası xalqın könlündə taxt qurdu”

Türk Dili Olimpiadası xalqın könlündə taxt qurdu

Mayın 22-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda start götürən XI Beynəlxalq Türk Dili Olimpiadası hazırda Türkiyənin müxtəlif şəhərlərində davam etdirilir. 140-dan çox ölkədən gəlmiş məktəblilər yeniləşən, xoşbəxt bir dünya arzusu ilə insanlara barış mesajları verirlər.

Beynəlxalq Türk Dili Öyrətim Dərnəyi və İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzinin birgə düzənlədikləri olimpiada festivalı çərçivəsində mayın 24-dən 26-dək İzmir şəhərində təşkil edilən dil və mədəniyyət bayramında rekord səviyyədə - 2,5 milyon nəfər tamaşaçı iştirak edib.

Mayın 25-də İzmir şəhərində təşkil edilən mədəniyyət bayramı daha yaddaqalan olub. Şəhərin Mədəniyyət və İstirahət parkında qurulmuş 145 min kvadratmetrlik sərgi salonunda izmirlilərdən əlavə, bu gözəl tədbiri ölkənin Egey bölgəsindən, eyni zamanda Azərbaycandan olan beş yüzdən çox qonaq 140 ölkədən gələn məktəblilərin ifa etdiyi rəqslərə baxmış, onların türk dilində məharətlə oxuduqları mahnıları dinləmişlər. Onu da deyək ki, parkda açılmış böyük sərgiyə baxmaq və dünyanın sabahı üçün bütün dünyanı sülhə və birliyə çağıran mahnılara qulaq asmaq üçün buraya ziyarətçi axını olub. Tədbirin Təşkilat Komitəsinin açıqlamasına görə, üç gün ərzində sərgi və konsertləri 2 milyon 500 mindən çox insan izləyib. İzmir Böyükşəhər Bələdiyyə sədri Əziz Kocaoğlu tədbir barədə belə deyib: “Fikrimi iki sözlə ifadə etməli olsam, deyərdim: çox möhtəşəmdir”. Təşkilat Komitəsinin üzvlərindən, əvvəllər nazir olmuş İşılay Sayqın isə bildirib: “Türk Dili Olimpiadası xalqın könlündə taxt qurdu”. Mədəniyyətlərarası Dialoq Mərkəzi sədrinin müavini Mustafa Acar tədbiri belə qiymətləndirib: “İzmir tarixi boyunca belə qələbəlik görməmiş, dünya heç vaxt bu qədər yaxın və əl-ələ olmamışdı...” “Çağ Öyrətim İşlətmələri” MMM-in İdarə Heyətinin sədri Ənvər Özərən tədbirin doğurduğu həyəcanı belə dilə gətirib: “...Oxunan şeirlərdə biz hamımız həyəcanlandıq, oxunan mahnılarda, oynanan rəqslərdə hamımız coşduq, demək ki, biz eyni millətik”.

Azərbaycana həsr edilmiş stend sərginin ən möhtəşəm və zəngin bölmələrindən biri olub. Mədəniyyət və İstirahət parkında keçirilən konsert Bakı və İzmir qardaşlığının bariz nümunəsinə çevrilib.

Beynəlxalq Türk Dili Öyrətim Dərnəyi və İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzinin birgə təşkilatçılığı ilə XI Türk Dili Olimpiadası çərçivəsində mayın 24-dən 26-dək İzmir şəhərində Mədəniyyət bayramı keçirildi. Olimpiadada iştirak etmək üçün 140 ölkədən gələn 2 min məktəblinin mənsub olduqları milləti, mədəniyyəti tanıtmaları üçün İzmir Sərgi Mərkəzində stendlər qurulmuşdu. Azərbaycan-Türkiyə Dostluq Dərnəyi tərəfindən hazırlanmış stend hər il olduğu kimi, bu il də gözəlliyi və möhtəşəmliyi ilə digərlərindən seçilirdi. Dərnəyin Egey bölgəsi üzrə təmsilçisi İdris Karaahmetoğlu Azərbaycan dilini, mədəniyyətini, tarixini və mətbəxini təmsil edən bu şərəfli işdə Türkiyədə təhsil alan 80-dən çox azərbaycanlı tələbənin böyük rolu olduğunu bildirdi: “Ayın 18-dən hazırlamağa başladığımız bu stendin qurulmasında hal-hazırda burada çalışmağa davam edən azərbaycanlı tələbələrin zəhməti böyükdür. Xüsusilə, İzmirdə təhsil alan gənclər Azərbaycan mədəniyyətinin tanıdılması üçün əllərindən gələni edirlər”. Azərbaycan stendində İçərişəhər, Qız qalası, Xan sarayı, Nizami Gəncəvi məqbərəsi, Divanxana, Möminə Xatun türbəsi, Qoşa Qala qapısı, Seyid Yəhya Bakuvi türbəsi kimi bir çox tarixi abidələrin maketləri yerləşdirilmişdi. Bundan əlavə, gələn qonaqlara Azərbaycanın milli geyimləri, musiqisi, mətbəxi barədə ətraflı məlumat verilirdi. Təşkilatçı gənclər 50 min Azərbaycan bayrağı, 50 min ədəd bayrağımızın rənglərinə uyğun hava şarını və eyni zamanda 50 min ədəd Azərbaycan fotoşəkilləri ilə bəzədilmiş yelpəyi sərgi iştirakçılarına payladı. Bununla yanaşı, qonaqlar 50 min ədəd qoz mürəbbəsinin, 20 min dilim Azərbaycan paxlavasının və eyni sayda şəkərburanın dadına baxmaq imkanı qazandı. Sərgini sadə vətəndaşlardan əlavə, yerli hökumət nümayəndələri, siyasətçilər və bir sıra rəsmi qonaqlar da ziyarət etdilər. İzmir Böyükşəhər Bələdiyyə sədri Əziz Kocaoğlu tədbir barədə belə danışdı: “Fikrimi iki söz ilə ifadə etməli olsam deyərdim: çox möhtəşəmdir”. Təşkilat Komitəsinin üzvlərindən, əvvəllər nazir vəzifəsində çalışmış İşılay Sayqın isə: “Türk Dili Olimpiadası xalqın könlündə taxt qurdu”, - şəklində öz fikrini bildirdi. Mədəniyyətlərarası Dialoq Mərkəzi sədrinin müavini Mustafa Acar tədbiri belə qiymətləndirdi: “İzmir tarixi boyunca belə qələbəlik görməyib, dünya heç bu qədər yaxın və əl-ələ olmamışdı”.

Qeyd edək ki, Mədəniyyət bayramının Təşkilat Komitəsinin verdiyi açıqlamaya görə, üç gün ərzində sərgi və konsertləri 2 milyon 500 mindən çox insan izləyib.

XI Türk Dili Olimpiadası çərçivəsində İzmirdə təşkil olunan tədbirdə 140 ölkəni təmsil edən 2 min məktəblinin mahnı, şeir və rəqs ifalarından ibarət bir neçə konsert proqramı keçirildi. Qürurverici haldır ki, digər ölkələrdən fərqli olaraq, İzmirin Atatürk adına Açıq Hava Konsert Kompleksində Azərbaycan gecəsi təşkil olunmuşdu. Olimpiadada Azərbaycanı təmsil edən məktəblilər 11 şeir, mahnı və rəqs nömrələri ilə həm izmirliləri, həm də digər qonaqları feyzyab etdilər. İlk olaraq, Türk Dili Olimpiadasının Azərbaycan üzrə qalibi Səma Sultanova “Ya Rəbbim” mahnısını ifa etdi. Səmanın bu gözəl ifası artıq konsertin nə qədər heyranedici olacağından xəbər verirdi. Ölməz şair Mehmet Akif Ərsoyun “Atiyi qaranlıq görərək” adlı şeirini səsləndirən Türkan Məmmədova tamaşaçıların kövrəlməsinə səbəb oldu. İzmir Şəhər Polis İdarəsinin rəisi Əli Bilkay Türkanın möhtəşəm çıxışını belə dəyərləndirdi: “Bu qızımız şeiri duyaraq, hiss edərək oxuyur. Mənim favoritim Türkandır. Əgər mən olimpiadada münsif olsaydım, bu qızımızı birinci seçərdim”. Şirvan şəhəri 20 saylı məktəbin şagirdi Səbuhi Abdullazadə isə “Hüzn” adlı mahnını ifa edərək güclü səsi ilə hər kəsi heyran etdi. Artıq dördüncü dəfə olimpiadada iştirak edən Səbuhi belə bir tədbirin Azərbaycanda da keçirilməsini arzuladığını dilə gətirdi: “Belə bir möhtəşəm tədbirin, sərginin Azərbaycanda da keçirilməsini istərdim”. Gecənin unudulmaz çıxışlarından biri də, əlbəttə ki, “Azərbaycan qartalları” rəqs qrupunun çıxışı idi. İki nömrə ilə qonaqları heyran edən azyaşlı rəqqasları sonda hər kəs ayağa qalxaraq alqışladı. Aparıcının istər ifaçılar, istərsə də Azərbaycan mədəniyyəti, tarixi və xüsusilə mətbəxi barədə verdiyi məlumatlar diqqətəlayiq idi. O, Azərbaycan mətbəxini sevdiyini bildirdi və Türkiyədə Azərbaycan restoranının olmamasından gileyləndi: “Mən buradan bütün azərbaycanlı iş adamlarından xahiş edirəm: bizi bu möhtəşəm mətbəxdən məhrum etməyin. Türkiyədə Azərbaycan xörəklərinin dadına baxa biləcəyimiz bir restoran açın”. Tədbirin başqa bir sürprizi somalili Əhmədin “Əziz dostum” mahnısını ifa etməsi idi. Əhməd möhtəşəm çıxışı ilə iştirak edənləri bir daha göz yaşlarına qərq etdi. Konsertdə gözəl və unudulmaz ifalar bir-birini əvəzlədi. Sonda “Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin həmtəsisçilərindən olan “Çağ Öyrətim İşlətmələri” MMM-in İdarə Heyətinin sədri Ənvər Özərən həm tədbir, həm də XI Türk Dili Olimpiadası barəsində öz fikirlərini qonaqlara çatdırdı. 140 ölkənin təmsil olunduğu bu beynəlxalq olimpiadada Azərbaycanın xüsusi yeri olduğunu xatırladan Ənvər bəy ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikrinin bir daha burada öz təsdiqini tapdığını vurğuladı: “Bu gün musiqinin, şeirin, insan sevgisinin və barışın dilinin bütün dünyaya çatdırıldığı bu tədbirdə uşaqlar xəyalən minlərlə insanı Azərbaycana aparıb-gətirdi. Oxunan şeirlərdə biz hamımız həyacanlandıq, oxunan mahnılarda, oynanan rəqslərdə hamımız coşduq. Bu o deməkdir ki, biz eyni millətik. Musiqinin, şeirin dili ilə biz bir daha bunu dərk etmiş olduq”. Daha sonra Ə. Özərən ilk olaraq Ankarada, bu il isə İzmirdə keçirilən “Azərbaycan gecəsi” tədbirinin Türkiyəni şəhər-şəhər gəzəcəyini bildirdi. Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova bu olimpiada sayəsində dünyada türk dilinin tanınmasından qürur hissi duyduğunu vurğuladı: “Bu il on birincisi düzənlənən bu olimpiadanın sayəsində əvvəllər 17, hal-hazırda isə 140 ölkədə dilimizin, mədəniyyətimizin tanınmasından qürur duyuruq”. Nəcibə xanım bu gözəl işlərin görülməsində başda Ənvər Özərən olmaqla, bütün müəllimlərə öz təşəkkürünü bildirdi: “Təmsil etdiyim dövlət, səfirlik və nazirlik adından sizə təşəkkür edirəm. Bu gün gördüklərimi Azərbaycan xalqına yönəlmiş sevgi, hörmət sayıram. Məhz bu səbəbdən başda Ənvər bəy olmaqla, bu uşaqlarla tək-tək məşğul olan bütün müəllimlər qarşısında baş əyib, minnətdarlığımı bildirirəm”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.