Jurnalistlər və Yazarlar Birliyi iftiralara cavab verdi
Türkiyə Jurnalistlər və Yazarlar Birliyinin sədri Mustafa Yeşil son zamanlar ölkədə demokratiya, insan haqları və söz azadlıqları məsələsində geriyə doğru addımlar atıldığını söyləyib.
O, qeyd edib ki, Türkiyənin uzun illər min bir əzab hesabına əldə etdiyi demokratiya, insan haqları və söz azadlıqları bir qrup adamın siyasi maraqlarına qurban verilir. Türkiyənin demokratiya, insan hüquqları ilə bağlı məsələlərdə geriyə yuvarlanmasının Avropa Birliyi tərəfindən də həyəcan və təşvişlə qarşılandığını söyləyən Mustafa Yeşil: “Dünya ölkələrində mətbuat və söz azadlığı ilə bağlı 2014-cü ildə hazırlanan beynəlxalq hesabatda Türkiyənin adı mətbuatı müstəqil olmayan ölkələr sırasında çəkilib”, - deyib.
Yeşil həmçinin qeyd edib ki, iqtidarda olanlar özləri kimi düşünməyən bütün insanları, mətbu orqanları şeytana bənzətməkdədirlər: “Konstitusiya məhkəməsindən tutmuş kütləvi informasiya vasitələrinə kimi iqtidarı tənqid edən bütün qurumlar hədəfə alınaraq onlara qarşı zorakılıqlara əl atılır. Bunlardan biri də “Könüllülər hərəkatı”dır. Baş nazir Ərdoğan və bəzi hökumət üzvləri, iqtidara yaxın mətbu orqanlar “Könüllülər hərəkatı”na qarşı nifrət yolu seçərək onun üzərinə əsası olmayan iftiralar yağdırmaqla məşğluldurlar”.
Mustafa Yeşil Fəthullah Gülən Xoca Əfəndini Türkiyəyə verilməsi və xaricdə fəaliyyət göstərən türk məktəblərinin iqtidar tərəfindən bağladılması cəhdlərini də pisləyərək bunun Türkiyənin hüquqi dövlət imicinə zərbə vurduğunu bildirib. O xatırladıb ki, Fəthullah Gülən Xoca əfəndi ilə bağlı heç bir cinayət işi açılmadığı halda onun Ərdoğan tərəfindən ekstradiyasının tələb edilməsi siyasi məqsədlərə xidmət edir: “Xoca əfəndi barəsində əvvələr də belə iddialar qaldırılıb, ancaq onun günahını sübut edən faktlar olmadığından o, bəraət alıb, indi də belə olacaqdır. Dünyanın 160 ölkəsində təhsil verən və bu zaman böyük fədakarlıqlar göstərən “Könüllülər hərəkatı”na atılan böhtanlar və iftiralar da hökumətin bu məsələdən siyasi məqsədləri üçün istifadə etdiyini göstərməkdədir. Bundan məqsəd isə rüşvət və korrupsiya faktlarından ölkə əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq, onun üstünü ört-basdır etməkdir”.
Mustafa Yeşil bütün bunlara baxmayaraq tutduqları haqq yolundan dönməyəcəklərini və bu yolla sona kimi gedəcəklərini də xüsusi vurğulayıb.
- tarixində yaradılmışdır.