“Financial Times” Fəthullah Gülən Xocaəfəndinin məqaləsini dərc etdi
Amerikanın tanınmış qəzeti “Fayneyşıl tayms (Financial times)” Fəthullah Gülən Xocaəfəndinin bir məqaləsini dərc etdi. “Müsəlmanların məsumluğu” adlı film və filmə göstərilən etirazlarla bağlı münasibət bildirən Gülən Peyğəmbərimizə (s.a.s.) edilən təhqirləri qınayaraq müsəlmanları etirazlarını mötədil və dinc yollarla bildirməyə səslədi.
Müsəlmanların hər gün neçə dəfə “Ya Rəbbi! Bizi Sirati-müstəqimə çatdır” deyə dua etdiyini bildirən Gülən bu duanın inanan insanları ifrat və təfritdən uzaq durmağa sövq edəcəyini söylədi.
Fəthullah Gülən Xocaəfəndi məqalədə deyir: “Nə cismaniyyətimizin təsiri ilə hissə qapılmalı, nə də sistemli şəkildə dəyər və inanclarımıza atılan böhtanlara susmalıyıq.”
İslam əleyhinə çəkilən film və karikaturalarla fikir azadlığının sui-istifadə edildiyini deyən Gülən “İnsanları zorakılığa sövq etmək məqsədi ilə planlaşdırılmış bu kimi təşəbbüslər söz azadlığından sui-istifadədir. İnsanların hüquq, etibar və azadlığını pozan bu üslub bəşəriyyəti xaosa sürükləyə bilər” dedi.
Müsəlmanları təhriklərə uymamağa çağıran Xocaəfəndi bu cür çirkin üslubla mübarizədə İslam Əməkdaşlıq Təşkilatı və ya BMT kimi beynəlxalq qurumları ünvan göstərdi.
Xocaəfəndi qəzetin oxucularına səsləndi: “İslama həqarət edənlər ola bilsin ki, etdikləri zülm və ayrı-seçkiliyi haqlı göstərmək üçün cəmiyyətdə mənfi müsəlman imicini formalaşdırmaq istəyirlər. Müsəlman dünyasında bu kimi şər niyyətli təhrik və qarşıdurmalara zəmin hazırlanması ilk dəfə deyil ki?! Müqəddəs dəyərlərimizə ilk öncə karikaturalarla hücum etdilər, indi də məlum film və bir fransız jurnalında karikatura çəkməklə... Sabah, kim bilir, hansı vasitələrə əl atacaqlar. Müsəlmanlar bu təhriklərə uymamalıdır. Peyğəmbərimizlə (s.a.s) bağlı deyilən mənfi bir söz müsəlmanı dərindən kədərləndirməlidir. Bu kədəri biruzə vermək tamam başqa bir məsələdir. Məsuliyyətsiz hərəkətlər İslamın nurlu simasını ləkələyər və ən çox da müdafiə etdikləri sünnəyə zərər verər. Belə bir məsələdə hər bir müsəlmanın, Allahın (c.c.), Quranın və Peyğəmbəri-Zişanın haqqı var. Ona görə də heç kim düşüncəsiz hərəkət edə bilməz. Hər kəs atdığı hər addımın hansı nəticələr verəcəyini əvvəlcədən ətraflı düşünməli və məsləhətlə hərtəkət etməlidir.”
Gülən bu hadisələrdə müsəlmanların ilk öncə özlərini sorğu-suala çəkməli olduğunu da vurğuladı, hər kəsi öz-özünə “Görəsən, İslamı və Peyğəmbərimizi (s.ə.s.) dünyaya layiqincə tanıda bilmişikmi?” sualını verməyə səslədi: “Əgər “İslam” deyəndə ilk ağıla gələn kamikadzelər olursa, insanlarda İslama qarşı müsbət münasibətin formalaşması mümkündürmü!? Məsum insanların canına qıymaqla tarixdə müsəlmanlara qarşı törədilən barbarlıq arasında nə fərq var?”
Liviyada konsulluğa hücuma da toxunan Xocaəfəndi: “Bu zavallı filmlə heç bir əlaqəsi olmayan səfir və konsulluq işçilərinin öldürülməsini necə izah etmək olar? Əgər bu hücumu törədənlər müsəlmanlardısa, demək, İslamdan heç xəbərləri yoxdur. Bu insanlar ən böyük cinayəti İslama qarşı işləyir.”
- tarixində yaradılmışdır.