Fəthullah Gülənlə görüşən Azərbaycanlı jurnalist: “O, bizi qucaqlayıb bağrına basdı”
Son zamanlar Türkiyədəki qalmaqallarda tez-tez adı hallanan şəxslərdən biri də tanınmış ruhani-filosof Fəthullah Güləndir. Müəmmalı həyat tərzi və düşüncələri olan bu şəxs indi də siyasi skandalların məşhur fiquruna çevrilməkdədir. Heç vaxt ailə qurmayan və heç bir ali təhsili olmayan bu ruhani-filosofla zaman-zaman bir neçə azərbaycanlı da görüşüb. Onların arasında Gülənlə görüşüb müsahibə alan jurnalist həmkarımız da olub.
Modern.az saytı 1998-ci ildə Fəthullah Gülənlə görüşən tədqiqatçı jurnalist Tahir Aydınoğlunun görüş təəssüratlarını təqdim edir:
“Heydər Əliyev yeni prezident seçilmişdi. O vaxt sıx əlaqədə olduğum “Çağ Öyrətim” şirkəti diqqətimi bir məsələyə yönəltdi. Dedilər ki, Heydər Əliyevi Türkiyədən Fəthullah Gülən adlı tanınmış ilahiyyatçı alim, bir hörmət sahibi təbrik edib. Heydər Əliyev də onun bu təbrikinə böyük önəm verib. “Çağ öyrətim” şirkətinin təmsilçiləri o məktubu mənə də göstərdilər. Fəthullah Gülən adı ilk dəfə orada mənə aydın oldu. Üstündən bir neçə ay keçmişdi, həmin şirkətdən mənə müraciət edib dedilər ki, “Fəthullah Gülənlə müsahib olmaq istərdinmi? O çox istəyir ki, Azərbaycandan bir-iki jurnalistlə görüşsün. Heydər Əliyevə olan dərin hörmətini və Azərbaycan sevgisini açıqlamaq istəyir”.
Təşəbbüs “Çağ Öyrətim” şirkəti tərəfindən oldu. “Xalq qəzeti”nin əməkdaşı kimi baş redaktorla razılaşdım. Dedi ki, heç bir problem yoxdur. Türkiyədən Azərbaycana dost münasibəti göstərən hər bir kəs barədə qəzetdə yazı verməyə hazırıq.
1998-ci il may ayının 25-də İstanbula getdik. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini də dostlarla orada qeyd etdik. İki saata yaxın bir görüş keçdi. Fətullah Gülən bizi bağrına basdı. Az qalırdı ki, bizi qoxusun. Dedi, “mən də sizlərdənəm, Ərzurum türklərindənəm. Bizim soyumuz-kökümüz azəri türklərinə yaxındı. Mənim ləhcəmi, danışığımı İstanbul ləhcəsindən daha aydın başa düşərsiz”. Son sözləri təbii ki, zarafatla dedi. Söhbətimiz iki saatdan artıq çəkdi. Bu müsahibə sonradan “Xalq qəzeti”nin iki nömrəsində çap olundu. Suallarımın cavabında Fəthullah Gülənin Azərbaycan sevgisi əks olunurdu. O deyirdi ki, “mənim könlümdə Azərbaycan sevgisi İlahi eşqdən sonra ikinci yerdə durur. Mən həmişə Azərbaycan həsrətində olmuşam”.
Görüş ərəfəsində bizə bəlli oldu ki, 1990-cı ilin 20 yanvarında İzmirdə bir türk ruhanisi, filosofu, xalqın qarşısında çıxış edib, rusların Bakıda törətdiyi faciəni ürəkdən gələn çoşqu ilə lənətləyəndən sonra bayılıb. Bizə məlum oldu ki, həmin ruhani Fəthullah Gülən olub. Ona bununla da bağlı sual verdik. Dedi ki, “ruslar törətdikləri bu vəhşiliyin əvəzini çox keçmədən aldı. İlahi hökm öz sözünü dedi. Rusların böyük bir imperiyası bəzi səbəblərlə bərabər Azərbaycana qarşı törədilmiş qətlin müqabilində öz İlahi cəzasını aldı”.
Sonra söhbət Azərbaycanın üstünə gəldi. Dedi, “nə yaxşı ki, çətin günlərdə Heydər Əliyev yaşayırdı. Xalq onu qiymətləndirdi. Heydər Əliyev çox böyük siyasi xadimdir, mən ona böyük hörmət bəsləyirəm. Məni sevənlərin hamısını Türkiyədən Heydər Əliyevə dəstək olmasına çağırmışam. Onun dərin xalq, ümumtürk sevgisi var” və s.
Müsahibədə bunların hamısı öz əksini tapıb. Sonra Azərbaycan-Türkiyə əlaqələrinin gələcək perespektivi barədə danışdıq. Bildirdi ki, zaman öz hökmünü verib. Türkiyə və Azərbaycan əlaqələri artan sürətlə hərəkət edəcək, zənginləşəcək. Hər iki xalq bir birinə qovuşacaq. Zaman artıq öz sözünü deyib.
Sonradan bu müsahibə ilə bağlı mənə çox suallar verildi. “Necə oldu ki, siz onunla görüşdünüz” kimi suallar mənə tez-tez ünvanlanırdı. Qeyd etdiyimi kimi, mən ora “Çağ öyrətim”in dəsti xətti ilə getmişəm. Burada onun rəğbətini saxlayan xeyli sayda pedaqoq var. “Çağ öyrətim” şirkətinin ilk liseylərinə Heydər Əliyevin özü də dəstək vermişdi. Bildirmişdi ki, gözəl iş görən liseylərdi, bunların fəaliyyətinə kömək etmək lazımdı. Sonradan prezident İlham Əliyev də bunu təkrarladı. Bu şirkətin Azərbaycanda gördüyü işlər fonunda mən Fəthullah Gülən adına etibar etdim. Bundan artıq heç nə bilmirəm. Son zamanlar Türkiyədə siyasi skandallarla bağlı onun adı tez-tez hallanır. Mənim bu siyasi proseslərin incəliyindən xəbərim yoxdu. Hər halda, onun çağırışı ilə Türkiyədə həyatın dibindən çıxmış çox sayda ziyalını göstərmək olar. Hər halda, Gülənə sadiq olan adamlar burada faydalı işlər görür”.
Daha sonra Tahir Aydınoğlu görüş ərəfəsində yaşadıqları maraqlı məqamları da xatırladı:
“Söhbətin əvvəlində bizi müşahidə edən adamlar onun əlini öpdülər. Biz bir-birimizə təəccüblə baxdıq. Biz adi qaydada görüşdük, əl öpmədik, çıxandan sonra bunu onlardan soruşduq, dedik, bu əl öpmək nədir? Burada adamı kiçiltmək məramı var. Onlar isə dedilər ki, “biz bunu sevgidən edirik”. Görüşün axırında hərəmizə qol saatı hədiyyə etdi. Yadda qalan bir məqam da var, görüş ərzində havanın sərin olmasına baxmayaraq, məndən ancaq tər getdi. Bunu şəkillərdə də görmək olar. Bu insanda bir bəsirət var, ondan sanki enerji axırdı. Onun sifətindən işıq, bədənindən istilik axırdı. Məni tər götürüb getmişdi. Tam islanmışdım. Bunun səbəbini indi də bilmirəm. Şəkillərə baxıram, görürəm ki, ona əl uzadıb görüşəndə sifətimdən işıq çıxdı”. (Elmin Nuri)
- tarixində yaradılmışdır.