Fəthullah Gülənin vəkili açıqlama verdi
Fəthullah Gülən Xocaəfəndinin vəkili “Herald Tribune” qəzetinin iddialarına cavab verdi:
"“International Herald Tribune” qəzetinin 18 aprel 2012-ci il tarixli sayında Dan Baylafski (Dan Bilefsky) və Şəbnəm Arsu imzası ilə "Türkiyədə kölgə güc böyüyür" adlı yazı dərc olunmuşdur. Həmin yazıda möhtərəm Fəthullah Gülən əleyhinə ölkə mediasında dəfələrlə “görünən” və mənbəyi Türkiyədə olan yalan iddiaların təkrar gündəmə gəlməsi bizi bu mövzuya açıqlama verməyə vadar etdi.
Ortaya atılan iddiaları cavablamadan əvvəl, qeyd etmək istəyirəm ki:
Hörmətli Gülən bütün ömrü boyu bir vətəndaş kimi konstitusion hüquqlar çərçivəsində, xalqın gözü önündə qanunlara tamamilə uyğun elmi və fikri fəaliyyətlər həyata keçirmişdir. Bu fəaliyyətlərin əsasında insan, insana xidmət, insan hüquqları, hüququn üstünlüyü, demokratiya kimi dəyərlər dayanır.
Vəkili olduğum şəxs yetmiş illik həyatında "fərqli düşüncə və inanclara hörmət", "xoşgörü və dialoq", "uzlaşma mədəniyyəti", "yaşama deyil, yaşatma idealı"… kimi düşüncə və inanclarını dilə gətirmişdir. Bu fikirlərin cəmiyyətin hər kəsimi tərəfindən böyük maraqla qarşılamasından narahatlıq keçirən marjinal qruplar isə yalan ssenarilər uydurmağa başlamışlar. Onun qarşısına öz fikirləri ilə çıxmaq əvəzinə düşmən mövqedə dayanmağa üstünlük vermişlər. Cəmiyyətdə bu fikirlərə göstərilən böyük rəğbətə əngəl olmaq, möhtərəm Gülənə qarşı sevgi və hörmətə zərbə vurmaq üçün linç kampaniyasına əl atmışlar. Onun əleyhinə bir çox yazı və kitablar çap etdirməklə, ortaya böhtanlar atmaqla onu xalqın və hüququn gözündə məhkuma çevirməyə çalışmışlar. Ancaq bu iddialar əsasında Hörmətli Gülən barəsində məhkəmə işi açılsa da, nəticədə bütün bu iddiaların əsassız olması ortaya çıxmışdır. Onun barəsində səsbirliyi ilə verilən bəraət qərarı bütün hüquqi mərhələlərdən keçərək qətiləşmişdir. Ancaq məhkəmənin qəti qərarına baxmayaraq, bu iftiralar hələ də təkrar edilir, üstəlik əcnəbi KİV-ə ötürülür.
“International Herald Tribune” qəzetində çıxan yazının da bu böhtan dolu mövqedən çıxış eləməsi bizi dərindən üzmüşdür. Belə ki, yazıda ona istinadən ortaya atılan iddiaların heç bir əsası yoxdur. Bu iddiaların həqiqətdən uzaq olduğunu elə yazının son hissəsində işlənən "Gülənçilərin polis orqanlarına nəzarət etməsi iddiasını sübuta yetirmək, demək olar ki, qeyri-mümkündür" cümləsi təsdiq edir. Bu cümlənin ardınca gələn "amma kiminsə bu iddianın əksini isbat etdiyini də görməmişik" ifadəsi də həqiqətlə bir araya sığmır.. Çünki Möhtərəm Fəthullah Gülənin əleyhinə açılan məhkəmə işində Məhkəmə, Baş Polis İdarəsi və 81 polis şöbəsi nəzdində aparılan və illərlə sürən təhqiqatlar iddiaların tamamilə əsassız olduğunu ortaya qoymuşdur. Elə isə, eyni iddiaların təkrar ortaya atılması, onun müntəzəm şəkildə ittihamlarla üzləşməsi hüquqa açıq-aşkar zidd deyilmi? Bu, iddiaların məqsədli və qərəzli olduğunu aydın göstərmirmi?
İddia edilənlərin əksinə, Möhtərəm Gülənin heç bir düşüncə və fəaliyyəti siyasi xarakter daşımır. Dolayısilə, onun müəyyən bir siyasi partiyanı dəstəkləməsi, kiminsə əməlində pərdə rolunu oynaması, siyasi gücə çevrilməyə çalışması və ya əks fikirləri susdurması mümkün deyil. Onun bütün gücü öz mənbəyini elm, əxlaq, fəzilət və dürüstlüyün tərəfdarı olmaqdan götürür.
O, "İslami bir hərəkatın idarəçisi" deyil. O, sadəcə bir fikir adamı kimi insanlığın problemləri barədə düşüncə və qənaətlərini ortaya qoyur. Çünki möhtərəm Gülən insanlara faydalı, onların dərdinə şərik olma və problemlərinə həll yolu tapmağın eşq, şövq və həyəcanı ilə yaşayır.
Onun heç bir gizli planı yoxdur, əksinə əlli ildən çoxdur ki, söz və davranışları ilə tam şəffaf şəkildə cəmiyyətin qarşısındadır.
Sözügedən yazıda yer alan "toxunsan, yanarsan", "tənqid etdinmi, ya narkotik alıverçisi, ya da terrorçu olmaqda ittiham edilirsən" kimi iddialar başdan-ayağa uydurmadır. Ahmed Şıqdan əvvəl onun əleyhinə onlarla kitab, yüzlərlə yazı çap ölünmşdur. Bu insanlardan heç biri həbs olunmayıb. Onun Türkiyədə gedən məhkəmələrin heç biri ilə əlaqəsi yoxdur, bu, tamamilə Ədliyyənin ixtiyarındadır. Bu iddialar bəhanəsi ilə onun adını "cadugər ovu", "intiqam" kimi sözlərlə yan-yana gətirmək də insafsızlıqdan başqa bir şey deyildir.
Mövzu barədə möhtərəm Gülənin fikirlərinə nəzər salaq:
"Bu dünyada amansızlıq, zorbalıq, hərislik, tuli-əməl (bitib-tükənməyən dünyəvi arzular), münaqişə, dava-dalaş, xəyanət, yalan, zülm, rüşvət, vəzifədən sui-istifadə yoxdur. Bu dünyada mərdlik, zəriflik, dirçəliş əzmi, yaşama sevgisi, həlimlik və dialoq, haqqa hörmət, əmanətə riayət, vəfa hissi, doğruluq ruhu, ədalət və istiqamət düşüncəsi var. Bu dünyanın sakinləri kin, nifrət və müharibə sözlərini lüğətdən çıxarıb atmış, həyatı sevgi, həlimlik və insanlarla münasibət əsasında qurmuşlar. Onlar insanları necə varsa, elə qəbul edir, fərqli anlayış, fərqli düşüncə və fərqli davranışları mübahisəyə alət etmək əvəzinə, bunu düşüncə ənginliyinin ifadəsinə bir fürsət bilərək insanlara insan kimi yaşamağın yollarını göstərirlər."
Bu sətirlərdə də görüldüyü kimi, möhtərəm Gülənin düşüncə və inanc dünyasında kin və nifrətə yer yoxdur. Əksinə, o, insanların bir-birinə nifrət etməsini, bir-birinə quyu qazmasını, həyatı zəhərə çevirməsini heç cür anlaya bilmir:
"Görəsən, bütün bunların səbəbi nədir? Niyə sevmək ola-ola sevmir, niyə heç cür güclü dostluq münasibətləri qura bilmir, niyə millət olaraq bir-birimizin dərdinə, sevincinə, kədərinə şərik ola bilmirik? Məgər qəlbləri fəth etmək müharibə meydanlarında döyüşməkdən çoxmu çətindir? Yoxsa insan oğlunun ən qiymətli varlığı – qəlbi qapılarını sevginin, müsamihənin, bölüşmənin, qucaqlaşmağın, əl-ələ tutmağın üzünə bağlayıb kin, nifrət, amansızlıq və paxıllığamı açıb?.. Xeyr, xeyr! O qəlbi yaradan Allaha and olsun ki, insanın bu ən qiymətli cövhəri və bu ən bahalı zinəti fəzilətə bu qədər yad və zəlalətə bu qədər doğma ola bilməz!.."
"Bu kin, nifrət, düşmənçilik və paxıllıq əgər tariximizdə yoxdursa, haradan gəlib aramıza soxuldu? … niyə bir-birimizə nifrət edir, bir-birimizin quyusunu qazırıq? Daha doğrusu həyatımızı zəhərə döndəririk?"
Bir daha qeyd edək ki, möhtərəm Gülən bir fikir adamıdır, onun şəxs və qurumlarla, siyasi əməllərlə bir əlaqəsi yoxdur. Onun düşüncə və fəaliyyətinin mərkəzində insan və ümumbəşəri dəyərlər çərçivəsində insanlığa xidmət dayanır və qanuna zidd heç bir fəaliyyətlə məşğul olmur"
Hörmətlə Fəthullah Gülənin vəkili
Vəkil Orxan Ərdəmli
- tarixində yaradılmışdır.