Ərtoğrul Günay: “Vicdanları incitməyin, bu hüquq sizə dəlazım olacaq”

Ərtoğrul Günay: Vicdanları incitməyin, bu hüquq sizə dəlazım olacaq

Dünən AK Partiyadan istefa verən keçmiş mədəniyyət naziri Ərtoğrul Günay Türkiyə Böyük Millət Məclisində (TBMM) Hakimlər və Prokurorlar Ali Şurasına edilən dəyişikliklərlə bağlı keçirilən müzakirələrdə çıxış edib. O deyib ki, çoxlu mübahisələrə və çəkişmələrə səbəb olan bu dəyişikliklərə ehtiyac yoxdur.

Bununla bağlı keçmiş partiya yoldaşlarına müraciət edən Ərtoğrul Günay: “Siz bu soruşdurmalardan təmiz çıxsanız belə, yenə də vicdanınız sizi rahat buraxmayacaq. Bu addımı atmayın, bir vaxt gələcək siz də bu qanunlara müraciət etməli olacaqsınız, bu qanundan istifadə etmək sizlərə də lazım olacaq. “Qanun min il davam edər” deyənlər də vaxt gələndə ona müraciət etməli oldular. Ona görə də lütfən, qanunu sənə, mənə görə dəyişməyin”, -dedi.

On il ərzində iqtidarda olan bir partiyanın “dövlətə paralel təşkilatlar var” deməyə haqqı olmadığını xüsusi vurğulayan keçmiş mədəniyyət naziri: “Hökumətin “10 ildir ölkəni biz idarə edirik, paralel təşkilat necə olur?” deməsi lazımdır. Bunu deyənlərin ağzını bağlamaq, susdurmaq lazımdır. Dünən sizin vəzifələrə qoyduğunuz adamlar necə paralel dövlət qura bilərlər, mən bunu anlaya bilmirəm”, -deyib.

Seçkilərdə 20 milyon səs alan və 11 ildir ölkəni idarə edən bir partiyanın daxilində zərərli adamların ola biləcəyinə və onların aşkar edilərək partiyadan xaric edilməsinin vacibliyinə diqqəti cəlb edən Ərtoğrul Günay bu günə qədər dövlətin kassasından bir qəpiyin də çıxmadığını deyənlərə də öz iradını bildirib. O deyib ki, rüşvət dövlət kassasından çıxmaz, onun harada alınıb-verilməsindən asılı olmayaraq, kökünü kəsmək, qarşısını almaq lazımdır: “Rüşvətə qarşı mübarizə ilə bağlı qanunları səs çoxluğu ilə dəyişdirmək hamımızı ağrıdacaq”.

Ərtoğrul Günay həmçinin 2010-cu ildə Hakimlər və Prokurorlar haqqında qanuna dəyişiklik edərkən Türkiyəni qarış-qarış gəzdiyini, bu dəyişikliklərin vacibliyini xalqa anlatdığını və insanların bu dəyişikliklərə səs verdiyini xatırladıb. O: “İndi nə oldu? Hakimlərin və prokurorların işlərinə müdaxilə etmək olarmı? Üzüntüylə deyirəm: təqiblər, əsassız ittihamlar Hakimlər və Prokurorlar Ali Şurasına (HPAŞ-HSYK) qədər uzanıb. Bu quruma üzvlər arasında iqtidar və müxalifət tərəfdarları axtarılır. Əlinizi vicdanınıza qoyun, sabah buna görə cavab verməli olacaqsınız”,- deyib.

Amasiyada korrupsiyaya qarşı daha bir əməliyyat

Dünən Amasiyadakı Şəkər Zavodunda korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni əməliyyat keçirilib.

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən verilən məlumata görə, Amasiya Şəkər Zavodunda 12 milyon 255 min 905 lirə korrupsiya faktı aşkar edilib. Nəticədə həyata keçirilən əməliyyat zmanı aralarında Şəkər Zavodunun rəhbərlərinin də olduqları 31 nəfər həbs edilib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.