Yunanıstanın Dövlət Televiziyası Gülən Fəaliyyətinə geniş yer verdi
Yunanıstan Dövlət Televiziyası ERT "Dəyişən Türkiyə" adlı televiziya proqramında M. Fəthullah Gülən və Könüllülər Fəaliyyətinə geniş yer verdi. Gülənin fikirlərinin Türkiyənin müasir dünyaya inteqrasiyasında mühüm rol oynadığına diqqət çəkilən proqramda bir çox jurnalist, ziyalı və politoloqun fikirlərinə də müraciət edildi.
Son illərdə yunan mediasının Gülən və Könüllülər Fəaliyyətinə marağı getdikcə artır. 2010-cu ildə ölkənin qabaqcıl "Ta Nea", "To Vima", "Elefterotipiya", "Kosmos Tu Ependiti" qəzetləri və "Stratejist" jurnalında çıxan xəbər-analizlərdən sonra, Yunanıstan Dövlət Televiziyası ERT də Gülən Fəaliyyətinin xidmətlərini tamaşaçılarla bölüşdü.
ERT-nin diplomatiya üzrə təcrübəli müxbiri Fanis Papathanasionun hazırlayıb təqdim etdiyi veriliş dünən gecə saat 22:00-də yayımlandı. Türkiyədə çox sayda insanla görüşülərək hazırlanan "Dəyişən Türkiyə" adlı bir saatlıq verilişin son yarım saatı bu mövzuya həsr edildi. Çox sayda kadrları da ehtiva edən verilişdə "Təqaüdçü vaiz və mütəfəkkir Fəthullah Gülənin 1999-cu ildən bəri Pensilvaniyada yaşamasına da" diqqət çəkildi. "Gülən Türkiyənin müasir dünya ilə ayaqlaşmasını dəstəkləyir" şərhinin ardınca Fəaliyyətin birgəyaşayış, təhsil və müasirləşməyə əhəmiyyət verməsindən bəhs olundu. Gülənin müxtəlif din mənsubları arasında dialoqa əhəmiyyət verdiyini və 11 Sentyabr terror aktlarını qınadığını diqqətə çatdıran verilişdən sitat: "Gülən müxtəlif dinlərə mənsub insanlarla dialoqu müdafiə edir. Bəzi radikal dini qruplar və Kamalistlər onun Patriarx Bartolomeus (Bartholomeos), Papa və digər dini qruplarla keçirdiyi görüşləri tənqid etmişdir". Dünyanın 115 ölkəsində Gülən Fəaliyyəti nəzdində fəaliyyət göstərən təqribən minə yaxın məktəbin olduğu, əksəriyyətinin ölkə xaricində, xüsusilə də Asiya və Afrikanın 35 ölkəsində fəaliyyət göstərdiyi açıqlandı. Məktəblər olmayan ölkələrdə isə mədəniyyətlər arası dialoqu təşviq edən dərnəklərin fəaliyyət göstərdiyi qeyd edildi. Bu müəssisələrin Gülənin adı ilə adlandırılmadığını qeyd edən ERT Əfqanıstan, Balkan ölkələri və Amerikada açılmış məktəblərə diqqət çəkdi.
Gülən Fəaliyyətinin media sahəsində fəaliyyətlərinə də yer verən ERT bu işlərin könüllü sahibkarların dəstəyi ilə maliyyələşdiyini bildirərək iş adamları dərnəyi TUSKON-nun fəaliyyətlərinə geniş yer verdi. Gülənin Türkiyədə dövlət çevrilişi istəməsi barədə irəli sürülən məhkəmə ittihamlarının bəraətlə nəticələndiyini xatırladan veriliş "Kamalistlərə görə, o, ölkəyə şəriət gətirmək istəyən dini bir lider, xalqın əksəriyyətinə görə isə Türkiyədəki dəyişikliklərə, inkişafa müsbət təsir edən bir faktor" şərhini verdi.
Ergil: "Gülən dəyişmənin şah damarını təmsil edir"
Verilişdə prof. Doğu Ergilin "100 Soruda Fethullah Gülen ve Hareketi" adlı son kitabından da bəhs edildi. Prof. Ergil: "Türkiyədə işlər dəyişir. İqtisadi və ictimai həyata yeni qruplar girir. Gülən Fəaliyyəti bu dəyişmənin şah damarını təmsil edir" dedi. ERT-nin əməkdaşlarına Yalovada müsahibə verən jurnalist Hüseyn Gülərcə isə fəaliyyətləri belə analiz etdi: "Gülən "Gülən Fəaliyyəti" ifadəsindən xoşlanmır. Özünün tövsiyələri ilə başlayan fəaliyyəti "Könüllülər Fəaliyyəti" adlandırır. Könüllülər Fəaliyyəti Türkiyə və dünyada xüsusilə təhsil, media və dialoq fəaliyyətləri həyata keçirir. Fəaliyyətin yeganə maliyyə qaynağı Türk xalqıdır".
M. Birand: "Gülən bir missiya daşıyır"
Gülən Fəaliyyəti haqqında fikirlərini ERT ilə bölüşən jurnalist Mehmet Ali Birand da "Güləni sevənlər çox açıq fikirli insanlardır. Onların çox geniş üfüqləri var" dedi. Güləni missiyası olan bir insan kimi təqdim edən Birand Fəaliyyət haqqında fikirlərini belə açıqladı: "Bir az sirli. Gücünü açıb görməyə bilərsən, ancaq hiss edə bilərsən. Böyük gücləri var. Çox yaxşı təşkilatlanıblar. Ürəkdən çalışırlar. Bir-birlərinə kömək, yaxın əməkdaşlıq edirlər. İnanılmaz və mükəmməl işlər görürlər. Gülən Fəaliyyəti haqqında nə qədər çox müzakirələr olur-olsun, yəni polis təşkilatını və s-ə. nəzarət edirlər kimi, bunlar çox şişirtmədir. Bunu qəti söyləyə bilərəm".
Verilişdə Fəaliyyət haqda fikirlərini açıqlayan TUSKON-nun sədri Rızanur Meral isə belə dedi: "Əksər üzvlərimiz Gülənin fikirlərinə dəyər verir. İşlərini dəstəkləyirik. Ancaq İslamçı olduğumuzu düşünmürük. Türkiyədə çox sayda iş adamı ictimai məsələlərdə özünü məsul sayır və dəstək verirlər. Hər şeyin təhsildən keçdiyinə inanırıq. Ölkələrin gələcəyi övladlarımıza verdiyimiz təhsilin səviyyəsindən asılıdır. Bu səbəblə, beynəlxalq miqyasda rəqabət apara bilmək üçün Türkiyə övladlarına yüksək səviyyəli təhsil verməliyik".
Mustafa Yaşıl: "Məktəblərin birinci əsası qanunlardır"
Gülənin Fəxri Sədri olduğu "Gazeteciler ve Yazarlar Vakfı (Jurnalistlər və Yazarlar Vəqfi)"na baş çəkən Yunan jurnalist Fanis Papathanasio Vəqfin Gülən Fəaliyyətinin bürosu kimi fəaliyyət göstərdiyini və gəzib-gördükləri məktəblər və Vəqfdə Gülənin fotoşəkillərinə rast gəlmədiyini qeyd etdi. Bu mövzuda Vəqfin Rəhbəri Mustafa Yaşıl belə söylədi: "Gülən fikirlərinin altında adının keçməsindən xoşlanmır. Fotoşəkillərinin də olmasını istəmir. Fikirlərinin insanlığın malı olduğuna inanır. Heç kim bunun altına adını yaza bilməz. Bu da ümumbəşəri bir gerçəkdir".
Özəl Fateh Universiteti haqda məlumat verən veriliş elm adamı İlhan Yılmazın fikirlərinə də müraciət etdi: "Çox adama Gülənin fikirləri cazibəli gəlir. Bəziləri 5-6 milyon insanın Gülən Fəaliyyətinə qatıldığını düşünür. Türk xalqının 70 faizi Gülənin fikirlərinə müsbət baxır. Hər kəs əlindən gələn dəstəyi göstərir". "Gülən 1990-cı illərin axırında ittiham ediləndə hərbçilər vəkillərə onun haqqında ittiham irəli sürmək üçün təzyiq göstərmişdilər" deyən Yılmaz bəraətlə nəticələnən sürəci belə yekunlaşdırdı: "Hər şeydə ittiham etdilər."Gizli ajanda"sı var, demokratiyanı yıxmaq istəyir və s. kimi. Amma 8 illik hüquqi mübarizədən sonra heç bir şey isbat olunmadı. Məhkəmə səs çoxluğu ilə bütün ittihamları rədd etdi".
Proqramda Fəaliyyətin əleyhinə olan fikirlərə də yer verildi. Jurnalist Nədim Şənər bu iddiaları irəli sürdü: "Biz Gülən Fəaliyyətinin təşkilat kimi işlədiyini isbat edə bilmədik. Təşkilat deyil… Türkiyədə gördükləri işlərlə Gülən tipli İslami elita meydana gətirmək istəyirlər. Buna paralel Türkiyəni zəiflətmək və yıxmaq istəyirlər. Bu çox açıq-aydındır".
- tarixində yaradılmışdır.