Bağlanan türk liseylərinin şagirdlərinin valideynləri prezidentə müraciət etdilər

Bağlanan türk liseylərinin şagirdlərinin valideynləri prezident İlham Əliyevə məktubla müraciət edib. Müraciətdə deyilir:

"Sizə müraciət edən, 23 il öncə fəaliyyətə başlayan və Sizin hər zaman dəstək verdiyiniz, fəaliyyətlərini yüksək qiymətləndirdiyiniz Özəl Türk Liseylərində mükəmməl təhsil alan, Azərbaycanımızın parlaq gələcəyi sayılan şagirdlərin valideynləridir.

Ümummilli Liderimizin tövsiyyəsi ilə ilk dəfə Naxçıvanda açılan və sonradan respublikanın 10-dan artıq şəhər və rayonunda fəaliyyətə başlayan Özəl Türk Liseyləri yarandığı gündən ölkəmizin təhsil sisteminə yeni bir nəfəs, modern bir üsul və sağlam bir cığır gətirdi. Azərbaycan təhsilində novator ənənələrini yaradan və uğurla tətbiq edən bu bilik, maarif ocaqları övladlarımıza mükəmməl təhsil-təlim verməklə yanaşı, onlarda düzgün, sağlam tərbiyəni, vətənpərvər, dövlətimizə sadiqlik ruhunu aşılayır, şagirdlərdə məntiqi dünyagörüş və təfəkkür formalaşdırır.

Təhsil müddətində məktəblilər arasında dövlət himnimiz, bayrağımız daima tərənnüm edilmiş, hər bir tədris günü 3 rəngli bayrağımıza sayğı duruşunda şagirdlərin canlı ifasında dövlət himnimizin sədaları altında həyata keçirilmişdir.

Bu liseylərin şagirdləri ölkəmizə beynəlxalq fənn olimpiadalarından 100-lərlə medal gətirmiş, dövlətimizin adını daim yüksəklərə qaldırmış, dünyanın nüfuzlu ali məktəblərinə daxil olmaqla Azərbaycan adını şərəflə və qürurla tanıtmaqdadırlar.

Sizin rəhbərliyiniz altında ölkədə fundamental, tərəqqiyə istiqamətlənən islahatlar, o cümlədən, müasir standartlara uyğun təhsil siyasəti aparıldığı bir vaxtda, heç bir məntiqi izah, səbəb göstərilmədən, təhsil qanunvericiliyinə riayət edilmədən, 1000-lərlə şagirdin mükəmməl təhsil aldıqları, 100-lərlə müəllimin gözəl tədris verdiyi liseylərin bağlanması haqqında müəmmalı qərar Azərbaycan dövlətçiliyinə, onun gələcəyi olan gəncliyimizə vurulun zərbə, təhsil hüququna hörmətsizlikdir.

Bu liseylərin yaranmasında heç bir rolu olmayan, yalnız son 1 ildə əsas təsisçi kimi özünü təqdim edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) özü-özünü tam maliyyələşdirən, yalnız yüksək təhsil vermək prinsipi ilə fəaliyyət göstərən bu tədris müəssislərinin bağlanması qərarı dövlətimizin nüfuzuna, onun dünya təhsilinə inteqrasiya siyasətinə xələl gətirir.

Azərbaycan hökuməti 1000-dən artıq yeni orta məktəb tikdiyi, ölkəmizin I Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yeni məktəb və digər təhsil-tərbiyə ocaları tikməklə respublikamıza, onun hüdudlarından min kilometrlərlə uzaqda yerləşən 10-larla dövlətlərə, onların xalqlarına və balalarına təhsil imkanları və şəraiti bəxş etdiyi halda, millətimizə, onun işıqlı gələcəyinə xidmət edən, dünya səviyyəli transmilli şirkət – SOCAR gözəl təhsil ənənələrini yaşadan liseyləri “əlavə maliyyə yükü” bəhanəsi ilə bağlamaq qərarı verir.

Halbuki, bir neçə ay əvvəl SOCAR-ın təsisçisi olduğu və türk liseylərinin daxil olduğu Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi liseylərin fəaliyyətindən razı qaldıqlarını, tədris ocaqlarının özü-özünü tam maliyyələşdirdiyini bildirmişdi.

Azərbaycanda hər bir vətəndaşın Prezidenti, hüquqlarımızın qarantı olaraq Sizə müraciət edərək, 1000-lərlə şagird və onların valideynlərinin hüquqlarını müdafiə edərək bizə dəstək verməyinizi, mükəmməl təhsil verən bu liseyləri himayənizə götürməyinizi, yeni ad və statusda bərpa etməyinizi Sizdən xahiş edirik".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.