Dinə siyasi ideologiya kimi baxmaq ona ən böyük xəyanətdir
Ərəb ölkələrində baş verən üsyanlar sizi təəccübləndirdimi?
Bəli, bir qədər təəccübləndirdi. Bölgə üzrə araşdırma aparan onlarla mütəxəssis, beynəlxalq siyasət və strategiyalar haqda əsərlər yazan insanlar var, amma heç biri bu hadisələrin bu qədər böyük qarşılıqlığa gətirib çıxaracağını əvvəlcədən təxmin etməmişdi. Bu bölgə xalqının demokratiya və hüquq axtarışını zorakılıq işlədənlər istisna olmaqla, üsyan kimi görmək doğru deyil. Bu ölkələrin hazırkı vəziyyəti, xalqın gördüyü zülm və haqsızlıqlar bizim də ürəyimizi göynədir və yaxın gələcəkdə burada problemlərin həll olunacağını gözləmək əbəsdir. Məşhur bir düstur var: “Küfr davam edər, zülm davam etməz”. Təəssüf ki, bizim duadan başqa əlimizdən bir şey gəlmir.
Hadisələr təzə-təzə başlayanda “Bilmək olmaz, Ərəb baharıdı, yoxsa payızı?!” demişdim. Bunu qabaqcadan sezdiyimə görə belə demişdim. Çünki bu bir reallıqdır. Dağıtmaq asan, düzəltmək çətindir. Xalqın həmrəyliklə yeni bir sistem qurması üçün mövcud rejimi devirməyə sərf olunan enerjinin, bəlkə də, on qatı lazımdı. Təəssüf ki, hələ xalq bu səviyyədə yetkinliyə çatmayıb. Tarix sübüt edir ki, ictimai qarışıqlıqlar hər yönə sıçraya bilir. Əsas olan qarışıqlığın daxili dinamikası, onu doğuran amillərdir. Bu hadisələrə yön verən həqiqətdə hansı qüvvələrdir? Yəni “kapilyar damarlarda” gəzən nədir, buna baxmaq lazımdır. Buna diqqət etməsəniz, bu hadisələr hər yana sıçraya bilər.
Azadlıq axtarmaq əhəmiyyətlidir, amma bəzən həddən artıq dağıntıya səbəb olur
Kütləvi coşqu və kütləvi hərəkətlə düzgün nəticəni əldə etmək olmur. Hadisələr baş verdiyi günlərdə “Dibdən gələn dalğaya diqqət emək lazımdır” demişdim. Əks halda verdiyi zərər ümidləri alt-üst edə bilər. Şəxsən bir kənar müşahidəçi kimi hadisələri analiz edirdim və yaxın zamanda böyük nailiyyətlərin əldə ediləcəyinə inanmırdım. Çünkü Ərəb dünyasında baş verənlər böyük dirçəliş, böyük təbəddülatdı. Ancaq açıq-aşkar görürdük ki, bununla qısa müddətdə nəticə əldə etmək mümkünsüzdür. Ərəb xalqı əzabkeş xalqdır. İnanıram ki, səbir və dözümlə bunun da öhdəsindən gələcək. Əsas odur ki, bu prosesə daxildən və xaricdən anti-demokratik müdaxilələr olmasın.
Müasir dövrdə hər cür azadlıq axtarışı, şübhəsiz, bu çağın ən böyük nailiyyəti kimi tarixə düşəcək. Ancaq zaman göstərdi ki, radikal dəyişikliklər, ya da bu dəyişiklik cəhdləri həddindən artıq zərərə və dağıntıya səbəb olur. Hadisələrin səngiməsi üçün isə uzun vaxt tələb olunur. Ustad Bədiüzzaman Həzrətlərinin dediyi kimi, qısa müddətə nəticə almasaq da, ümmətin üç böyük düşməninə – “cahillik, yoxsulluq və təfriqə”yə qarşı təhsil, elm, sənət, ticarət, xoşgörü və dialoq perspektivli lahiyələrlə mübarizə aparmaq lazımdır. Bu bünövrəyə söykənməyən demokratik addımlar uzunömürlü olmaya bilər.
Cameə bu işi uzun illərdir, məktəblər, universitetlər, iş adamı dərnəkləri, xeyriyyə cəmiyyətləri, dialoq dərnəkləri və qarşılıqlı anlayışa, müzakirəyə və dialoqa zəmin hazırlayan konstruktiv üsluba malik media orqanları ilə həyata keçirməyə çalışır. Cəmiyyətin hər kəsimindən dəstək və rəğbət görən bu lahiyələr sayəsində hər kəsin firavan, xoşbəxt və əmin-aman cəmiyyətlər quracağına ümid bəsləyirik, Rəbbimizə həm sözlə, həm də bu layihələrlə, yəni əməllə dua edirik. Bunları gerçəkləşdirmək üçün illah da Ərəb və müsəlman xalqların əsil demokratik sistemə keçməsi, daha sonra ictimai layihələri reallaşdırması şərt deyil.
Ramazan əl-Buti haqlı çıxdı, Suriyada vəziyyət daha da pisləşdi
Suriyanın vəziyyəti haqda nə düşünürsünüz? Müharibənin qarşısını almaq üçün nə etmək olardı?
Təəssüf ki, iş dalana dirəndi və zaman mərhum şəhid Seyid Ramazan əl-Butini haqlı çıxardı. O, “Ən pis hakimiyyət hakimiyyətsizlikdən, anarxiya və xaosdan yaxşıdır. Bir hakimiyyəti dəyişdirmək cəhdi əgər şərait əlverişli deyilsə, ölkədə bitib-tükənməyən vətəndaş müharibəsi doğura bilər” şəklində xarakterizə edilən sünni təmkinini ortaya qoymuşdu. Görünür o, qüvvəllərin qeyri-bərabər olduğunu, ordunun 40 ildir, xalqa zülm edən bir zümrənin əlində olduğunu, ordunun xalqın tərəfində dayanmayacağını sezmişdi ki, təhlükəyə əvvəlcədən işarə edirdi.
Mənə elə gəlir ki, Suriya Türkiyə ilə güclü iqtisadi, siyasi və sosial əlaqələri sayəsində, istər-istəməz yavaş-yavaş demokratik və firavan bir ölkəyə çevriləcəkdi. Bəlkə də, ən böyük zərbə bu inkişafa vuruldu. Bu gün ən ümdə məsələ hadisələrə real yanaşmaq və siyasi həll yolu tapıb axan qanı dayandırmaq və zərər çəkən milyonlarla məsum insanın ürəyinə su səpməkdir.
Şiə liderləri yaxınlaşdırma siyasətindən həmişə öz nüfuz dariələrini genişlətmək üçün istifadə etdilər
Ərəb dünyasında öz təsirini göstərən sünni-şiə gərginliyini necə dəyərləndirirsiniz?
Sünni və şiəliyə görə insanlar arasında ayrı-seçkilik etməmək lazımdır. Dini, məzhəbi nə olur-olsun, hər şeydən əvvəl o, insandır. İnsan olduğu üçün insan hüquqlarına, vətəndaş kimi isə demokratik haqlara sahibdir. Üstəlik, din, yaxud da məzhəblə müasir siyasi ideologiyalar bir deyil. Əhli-Beytə məhəbbət bəsləyən şiə əhalisi ilə sünni dünya arasında bir problem olmamalıdır. Ancaq dinimiz bir ölkənin regional gücə çevrilmək məqsədi ilə zülmə əl atmasını, məzhəblər arasına nifaq salmasını caiz görmür.
Tarixdə adətən şiə liderlər “Təqribül-məzahib” (məzhəblərin yaxınlaşdırılması) istiqamətində cəhdlər göstərmişlər. Təəssüf ki, şiə liderləri bu yaxınlaşdırma siyasətindən həmişə öz nüfuz dariələrini genişlətmək üçün istifadə ediblər. Əvvəllər bu məsələyə müsbət yanaşan Yusif Qardavi belə son bir neçə ildir şiə üləmasından gileylənir. Bu məsələ şiə-sünni yaxınlaşması kimi görünsə də, əsas məsələ səltənət, hökmranlıq, hakimiyyət, nüfuz və regional gücə çevrilmə kimi siyasi məqsədlərə çatmaqdır. Bu məqsədlərinə nail olmaq üçün din və məzhəbdən əlverişli vasitə kimi istifadə ediblər. Bəzi siyasətçilər və dövlətlər dini siyasi idelologiyalarının alətinə çevirib dar və zülmkar siyasi zehniyyətləri çərçivəsinə saldıqları kimi, sünniliyi də, şiəliyi də siyasiləşdirərək idelologiyaların dayağına çevirməyə çalışırlar.
İranın məqsədi din pərdəsi altında fars millətçiliyini yaşatmaqdır
Bu gün İranın şiəlik pərdəsi altında fars millətçiliyi yeritmədiyini iddia etmək olduqca çətindir. Şübhəsiz ki, hər bir ölkənin milli mənafeyi var və bu mənafeyini beynəlxalq arenada qanuni yollarla qorumağa çalışır. Ancaq bu mənafe naminə din, məzhəb və etnoslar arasında nifaq salmaq və bunu körüklməmək doğru deyildir. Bütün beynəlxalq qurum və təşkilatlar bununla mübarizə aparmalıdır.
İnancımıza görə yanlış sayılan hər bir şeyi mədəni şəkildə izah etməkdən başqa əlimizdən nə gəlir? Çünkü dində məcburiyyət yoxdur. Bu gün çox təəssüf ki, sünniliyi yanlış izah edərək, sünnilik adından hərəkət etdiyini iddia edən və zorakılıq və terrorun tərəfini tutan bəzi şəxs və qruplar ortaya çıxıb. Bunlar təxribatlar törətməklə məşğuldurlar və ən böyük zərəri də İslama vururlar. İslam dünyasında birlik və bərabərliyə, siyasi problemləri mədəni şəkildə və uzlaşaraq həll etməyə həmişəkindən daha çox ehtiyac var. Millətin və ümmətin işıqlı gələcəyi bundan asılıdır.
Dinə siyasi bir ideologiya kimi baxmaq ona ən böyük xəyanətdir
Sizcə, niyə bəzi sünni ərəblər radikal görüşlərə şiələrdən daha çox meyillidir?
Hər dində radikallığa meyil edən və çoxluqdan ayrılan qruplar olmuşdur. Bu, sünni və ya şiəlikdən daha çox, qənaətimcə, dinin mahiyyətini, ruhunu qavrama və mənimsəmə problemindən qaynaqlanır.
Dinə siyasi bir ideologiya kimi baxmaq ona ən böyük xəyanətdir. Çünkü bununla İslamiyyət bəsit bir anlayış səviyyəsinə endirilmiş olur. Burada yüz illərlə davam edən müstəmləkəçilik siyasətinin təsirini də unutmamalıyıq. Dinin siyasət səviyyəsinə endirilməsi və zorakılığa əl atılması kimi hallara müstəmləkə olmuş ölkələrdə daha çox rast gəlirik. Təəssüf ki, bu radikal qrupların zorakılıq fəaliyyətlərinə mediada geniş yer verilir və etiraz edən milyonların səsi eşidilmir. Bəlkə də, bu kimi radikal qrupları qəsdən ön plana çəkərək dini gözdən salmağa çalışırlar.
Dövlətə aid məsələlərə dini don geyindirdilər
İslamiyyətin fərqli izahlara əlverişli olmasının, – Allahu-aləm, – güman ki, bir hikməti də onun ümubşəriliyini və cahanşümulluğunu təmin etməklə bağlıdır. Bu xüsusiyyət İslamın yalnız bir bölgəni, yaxud bir tip anlayışın çərçivəsi ilə məhdudlaşdırılma cəhdlərinə qarşı bir təminatdır. Bir şərtlə ki, hər bir İslami görüş onun əsasları ilə təzad təşkil etməsin. İslam tarixində əksər hallarda patriarxal, siyasi, millətçi və dövlətə aid görüşlər din donunda təqdim edilmişdir. Əgər “İslamın radikal izahı” ilə nəzərdə tutduğunuz məsələ zorakılığın müstəvisidirsə, təəssüf ki, zorakılığı, zor işlətməyi təbliğ və mübarizə vasitəsi kimi görən müsəlmanlar – istər sünni, istər şiə olsun – yenicə ortaya çıxmamışdır, həmişə olmuşdur. Son illərdə adı daha çox hallanan və əsasən dini siyasiləşdirən bəzi qrupların sünni kəsimə mənsub olması bu tarixi gerçəyi dəyişdirmir. Üstəlik media vasitələri bu kimi hadisələri təhrif edərək verir və sünni dünyasının 99.5%-ni təşkil edən çoxluğu deyil, bu çoxluğun da etiraz etdiyi radikalları ön plana çıxarır.
Dini ideologiyaya çevirən axınların radikal görüşləri dövləti ələ keçirmək və toplumu üstdən aşağı zorla dəyişdirmək fikrinə müsbət yanaşır və 1979-cu ildən bəri şiə-İran dövləti də bu görüşü rəsmi şəkildə həyata keçirir. Demək ki, bu siyasəti müdafiə edənlər sünni də olsalar, onların yolu ilə gedirlər. Görünür, ideallarını həyata keçirmək üçün İran-şiə inqilabından ilham alırlar. Yəni bir mənada onları nümunə götürürlər. Bu cür radikal görüşlər hər yerdə, ələlxüsus da, müstəmləkəçilik dövrlərində meydana çıxır.
Hizmətin məqsədi cəmiyyəti dəyişdirmək deyildir
Sağlamfikirli iri hərəkatlar azad mühitdə siyasiləşməsə, ictimai zəmində, yəni səvadi-əzəm – cəmiyyətin böyük əksəriyyətini təşlil edən kütlədən özünü təcrid etmədən fəaliyyətini davam etdirsə, bu cür radikal görüşlər get-gedə həmin kütlənin içində əriyər. Dinin fərd və cəmiyyətin əxlaqını formalaşdırma gücü siyasi və avtoritar müdaxilədən daha effektiv, əhatəli və uzunömürlüdür. İslamın hərəkətverici qüvvəsindən istifadə edilməyəndə bu cür hərəkatlar siyasi, yaxud daha radikal sahələrə meyl edir.
Cəmiyyəti üstdən aşağı dəyişdirmə metodu Cameənin dəsti-xətti ilə üst-üstə düşmür. Cameənin məqsədi cəmiyyəti dəyişdirmək deyildir. O, fərdləri dəyişdirməyə cəhd edir. Bizim fəaliyyətlərimizdə dəyişmə fərddə başlayıb fərddə qurtarır. Faydalı insanlar, yaxşı vətəndaşlar, fədakar fərdlər yetişdirə bilsək, əmin-aman və firavan bir cəmiyyətin əsasını qoymuş olarıq. Ancaq bu nəticə bizi maraqlandırmır. Bir təşbehlə izah edim: Cameə ən gözəl və ən dadlı meyvələri yetişdirmək üçün bağlar, bağçalar salmağa çalışır. “Meyvələri dərən onunla hansı yeməyi, hansı şirniyyatı hazırlayır, necə süfrə açır?” – bizi bunlar maraqlandırmır.
Qadının təhsil hüququnu məhdudlaşdırmaq və onu ictimai həyatdan təcrid etmək cəmiyyətə ən böyük zərərlərdən biridir
Ərəb dünyasında baş verən üsyanlar mühafizəkarlıq və radikallıq doğurur. Bu vəziyyət qadın mövqeyinə necə təsir edə bilər?
Sualda nəyi nəzərdə tutduğunuzu tam anlamadım. Tunis, Misir və Suriyada baş verən hadisələri demokratiya axtarışı, əsas insan hüquq və azadlıqlarının tələbi kimi görmək daha doğru olar. Bu mərhələdə ön plana çıxan qruplar və baş verən hadisələr bu tələbləri bəzən kölgədə qoydu.
Yeri gəlmişkən, mühafizəkarlıqla təəssübkeşliyi qarışdırmamaq lazımdır. Hər din kimi, İslamda da mühafizəsi zəruri olan əsas qayda və prinsiplər var. Ancaq mühafizə olunmalı məsələlərə gəlincə, qaynaq əsərləri mütaliə edərkən hadisəyə külli nəzərlə baxmaq və dövrün tələblərini də nəzərə almaq lazımdır.
Qadının İslam cəmiyyətində mövqeyi haqqında fikirlərimi dəfələrlə dilə gətirmişəm. İslam toplumunda qadın hakim də, ölkə başçısı da ola bilər. Qadının təhsil hüququnu məhdudlaşdırmaq və onu ictimai həyatdan təcrid etmək cəmiyyətə ən böyük zərərlərdən biridir.
Patriarxal görüşlər qadın hüquqlarını ciddi zərər vurdu
Səadət əsrində kişi səhabələrə elm öyrədən, ticarətlə məşğul olan, fiqhi hökmlər verən qadın səhabələrin adlarını çəkmişəm. Buna zidd görüşlər İslami mənbələrə patriarxal nöqeteyi-nəzərdən baxanların yanlış izahlarıdır. Təəssüf ki, patriarxal mədəniyyətimiz yüz illər ərzində Peyğəmbərimizin qadına verdiyi hüquqlara ciddi zərər vurmuş və onu ikinci dərəcəli fərd səviyyəsinə endirmişdir. Ticarətlə məşul olan Həzrət Xədicə, kişi səhabələrə belə elm öyrədən Həzrət Aişə kimi nümunəvi simalara baxmayaraq, qadını evə həbs etdik və ona təkcə – əhəmiyyətini qətiyyən inkar etmirik – uşaq böyütmək vəzifəsini verdik. Lakin bu cür mühüm bir vəzifəni icra edən qadının nə ailədə, nə də toplumda hörməti oldu. Elmi və intellektual səviyyəsi də kişilərdən xeyli geri qaldı.
Quldarlıq quruluşu ləğv edildi və bu gün heç kim quldarlıqla bağlı fiqhi hökmləri ortaya ataraq “Köləlik bu gün də olmalıdır” demir. Eyni şəkildə, dinin ruhuna və dəyişməz prinsiplərinə müvafiq hərəkət edərək, ənənəvi ictihad metodları ilə addımlayaraq qadın məsələsinə də mütərəqqi yanaşa bilərdik. Bu haqda bir az da özümüzü sorğu-suala çəkməli deyilikmi?
Bütün bu radikal görüşlərdən qurtulmaq istəyiriksə, İslama, Peyğəmbərimizə (s.a.s.), səhabə, tabein və tabei-tabein dövrünə baş vurub bu irsi müasir dövrə uyğun izah etməli, patriarxal ənənəndən uzaqlaşmalı, qadına yaxşı təhsil verərək həm onun sosial-iqtisadi statusunu yüksəltməli, həm də hüquqlarını müdafiə etməyi öyrətməliyik.
“Müsəlman qardaşlar”ın (İxvan) təcrübəsinin az olması onların işlərini daha da çətinləşdirdi
“Müsəlman qardaşlar”ın iqtidara gəlməsi və qəfil hakimiyyətdən uzaqlaşdırılması, sizcə, siyasi İslama necə təsir göstərəcək?
Sünni elm dünyasının əsas mərkəzi sayılan Misir köklü siyasət və dövlət təcrübəsinə malikdir. Misir kimi fərqli din, məzhəb və mədəniyyətlərə mənsub insanların yaşadığı bir ölkədə iqtidara gəlmək istəyənlər demokratiya və hüququn aliliyi prinsipinə sayğı göstərməsi olduqca mühümdür. Ölkənin sabitliyini və əmin-amanlığını təmin etmək üçün hər bir ictimai kəsimin duyğu-düşüncəsinə ehtiram göstərilməli, heç bir kəsimə zülm eilməməli və tələbləri yerinə yetirilməlidir.
Seçkilərdən qalib çıxan və hüquqa uyğun şəkildə iqtidara gələn bir partiyanı ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırılandan sonra tənqid etmək asan iş deyil. Könül istərdi ki, bu iş seçicilərin ixtiyarına buraxılsın, əgər siyasi səhvlər edilibsə, cəzasını seçicilər versin. Xalqın iradəsini tanımayan bir çevrilişi müdafiə etmək demokratik olmazdı. Zənnimcə, “Müsəlman qardaşlar”ın qarışıq bir vaxtda iqtidara gəlməsi, kadr çatışmazlığı və təcrübə azlığı işlərini daha da çətinləşdirdi. Bəlkə də, belə bir şeylə qarşılaşacaqlarını heç gözləmirdilər. Nəticə etibarilə, “Müsəlman qardaşlar” Misir xalqının içindən çıxan bir hərəkatdır. Yəqin ki, son hadisələri gözdən keçirib özünü bir daha sorğu-suala çəkəcək.
Şah əsər saydığınız kitab?
Əstağfirullah... Əsər və sözlərimə heç vaxt qiymət verməmişəm. Buna baxmayaraq, insanlar hüsnü-zənn bəsləyir. Mən də – layiq olmasam da – bu hüsnü-rəğbətə cavab olaraq həyatımı onlara Allahı, Nəbilər Sərvərini (s.a.s.) və Allah dostlarını tanıtmağa həsr etmişəm. Məhdud qabiliyyətimlə əsl söz və məna sultanlarını oxumağa, anlamağa, araşdırmağa çalışmış və hər kəsi buna dəvət etmişəm. İmam Qəzali, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Mehmet Akif Ərsoy, Bədiüzzaman kimi neçə-neçə böyük şəxsiyyətlərimiz var. Onların əsərləri, onların sözləridir şah əsərlər.
- tarixində yaradılmışdır.