"Zaman" niyə gündən-günə yüksəlir?

Keçmişdə abunə fəaliyyətləri ilə bağlı demişdim ki: "Zaman"a sahib çıxan oxucularımız onda axtardığı dəyərlərini tapır, tapa bilmədiklərini də əlverişli şərait yarandıqca tapacaqlarına inanırlar. Bu inamla da “Zaman”ın inkişafına dəstək olmaqda əzmli və qərarlıdırlar. Yetər ki, biz dəyərlərə sahib çıxmaq əzmimizi artıraraq davam etdirməkdən çəkinməyək...

Məhz bu ortaq dəyərlərə görə biz qəzetimizi xalqımızın xoş qarşılamadığı ədəbsiz şəkillərlə doldura bilmərik. Toplumu cəbhələrə bölən, bir-birindən uzaqlaşdıran, ayrı-seçkilik məzmunlu yazılara yer vermərik. Bizim kimi düşünməyənləri gözdən salmaq məqsədilə təxribat mahiyyətli xəbərlərlə ölkədə gərginliyə səbəb olmarıq. Yəni dialoq və tolerantlıq anlayışımızı qoyub ölkə daxilində bir-birinə nifrət edən kütlələr formalaşdırmağa təşəbbüs göstərmərik..

Məhz bu xoşgörülü üslubumuzu görən diqqətli oxucularımız "Zaman"ı hər keçən gün daha geniş kütlələrə tanıtmağı, ölkənin birliyinə kömək edən qəzetçilik xidməti bilib bizə sahib çıxır, bunda da yanılmırlar.

Gəlin Fəthullah Gülənin "Fikir atlası" kitabındakı "Qəzet və jurnalistika haqqında" yazısında əksini tapan jurnalistika anlayışına birlikdə baxaq, jurnalistikada hansı prinsiplərə riayət etməliyik, bir görək:

Qəzet, radio, televiziya, jurnal, və s. vasitələrdən istifadə edərək insanlara faydalı olmaq üçün atılan addımlar əvvəla çox sağlam təməllər üzərinə oturdulmalıdır. Əgər bu məsələdə sağlam əsaslar müəyyən edilməz və mövzu sağlam strategiyalarla əsaslandırılmazsa, bunun insanlara faydadan çox zərər vermə ehtimalı var...

Zənnimcə, Qərbdə, qəzetə verilən ilk ad ümumiyyətlə, "Jurnal" olmuşdur. Bunun dilimizdə mənası "ara vurmaq", "ayıbları açıb tökmək", "dedi-qodu etmək" olmalıdır, bildiyim qədər. Belə jurnalistika bəzən xalqı məlumatlandırsa da, təməlində insanların kirli paltarlarını ortaya tökmək, gizli işlərini faş etmək və maraq oyadan şeylərlə oxucu tapmağa çalışmaq.. kimi mənfəətlərə bağlıdır...

Əfsuslar olsun ki, bu jurnalistika anlayışı dünyanın hər yerində olduğu kimi, bizim dünyamıza da olduğu kimi gətirilmiş və qəbul da edilmişdir. Bu, İslami əsaslarla ziddiyyət təşkil etsə də, təəssüf ki, müsəlmanlar arasında öz təsirini davam etdirir. Bu yaxınlarda bir dostum ideal jurnalistika üçün, "Bəzi istedadlı insanların "Waşinqton Post", "Times", "Le Figaro" kimi qəzetlərdə işləməsi lazımdır", tezisini irəli sürdü. Əslində, bu dəyərləndirmə bir mənada doğru idi. Çünki jurnalistika hal-hazırdakı missiyasına görə, əlbəttə, onlardan öyrənil­ərdi.

Ancaq yalan üstünə bina edilmiş, yalan dolu xəbər şəbəkəsinə bağlı bir dünyadan həqiqətə tərcüman olmağa çalışan insanların çox şey öyrənməsi də mümkün deyil.

Bizə görə (jurnalçılıq), yəni qeybətçilik, milləti bir-birinə vurma, sui-zənn etmə Allahın qadağan etdiyi çirkin əməllərdir.. Biz mühakiməsiz edam verə bilmərik.. heç kəsin isməti, şərəfi, namusu ilə oynaya bilmərik.. inancımıza əsasən bunların hamısını haram qəbul edərik..

Elə isə müsəlmanlar öz dəyərləri əsasında bir jurnalistika anlayışı ortaya qoymaq məcburiyyə­tindədir!..

Deməli, "öz dəyərləri əsasında bir jurnalistika anlayışı ortaya qoymaq əzmində olan oxucularımız "Zaman"a bu əzmkarlığa görə sahib çıxır, onu daha geniş kütlələrə tanıtmağı ölkənin birlik və bərabərliyinə kömək edən nümunəvi bir jurnalistika xidməti hesab edir. "Zaman"ın tirajını bir milyona çıxarmaq üçün də hazırdır.

Bu vəfalı və əzmkar oxucularımıza "Uğurlu olsun!" deyir, belə birləşdirici anlayışla xidmət etmək istəyən həmkarlarımızın da eyni isti münasibəti görməsini arzu edirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.