"Tikanlı məftilləri köksümüzlə yarıb gedək"

Xalqımızın bir sözü var: əsl dost dar gündə bilinər. 1990-cı ilin 20 yanvarında imperiya ordusu Azərbaycanda qanlı hadisələr törədəndə nə müstəqillyimiz vardı, nə də dünya ilə geniş münasibətlərimiz. Amma aradan nə qədər illər keçsə də, nə qədər tikanlı məftillər çəkilsə də, bilirik ki, haradasa Türkiyə adlı bir qardaş ölkəmiz var və ölkənin insanı bizim üçün savaşmağa da, şəhid olmağa da hazırdır. Bu sözü söyləmək üçün tarixdən bir neçə parlaq örnəyimiz də var.

20 yanvarın qanlı sabahında Azərbaycandan dünyaya dəhşət dolu xəbərlər yayıldı. Kimisi o xəbərləri sakit, laqeydcəsinə qarşıladı, kimisi də bu xəbərin ağırlığı altında üzüldü, onun bütün sızıltısını, dəhşətini ruhunda hiss etdi.

Zəmanəmizin tanınmış fikir adamı Fəthullah Gülən Xocaəfəndi Azərbaycanda baş verən hadisələrdən xəbər tutarkən sözünü eşidən, tövsiyələrini qəbul edən hər kəsi qardaş yardımına qoşmağa çağırdı. Kürsüdən göz yaşları içində çox təsirli bir nitq söylədi. Neçə nəfər o nitqin ağırlığı altında göz yaşlarını saxlaya bilmədi, natiqin özü isə bayıldı və əllər üstündə kürsüdən endirildi. Çox keçmədi ki, Türkiyə Azərbaycanda imperiyanın törətdiyi haqsızlıqlara qarşı çalxalanmağa başladı. Ölkənin bütün media quruluşları xəbərlərini Azərbaycanla açıb Azərbaycanla bağladılar. Həmin dövrdə İstanbulda çıxan “Zaman” qəzeti bu işə sanki öncülük edirmiş kimi Azərbaycandan ən son xəbərləri alıb səhifəsinin başına yerləşdirir, müxtəlif kampaniyalar keçirərək Azərbaycana yardımlar göndərməyə çalışırdı.

Aradan illər keçsə də, qədirbilən Azərbaycan ziyalıları o dövrdə göstərilən qardaşlıq yardımlarını tez-tez dilə gətirir, o işi təşkil edən şəxslərlə görüşərək bir daha xatirələrini vərəqləyirlər. Tanınmış telejurnalist Qulu Məhərrəmli Türkiyə səfərlərindən birində Fəthullah Gülən Xocaəfəndi ilə görüşmüş, o dövrdəki fəaliyyəti ilə bağlı geniş müsahibə almışdır. İllər öncə yayınlanmış həmin müsahibədə Fəthullah Gülən parlaq çağırışları bir daha yer almışdı:

“Bu qanlı hadisələrə ilk reaksiya Türkiyədən gəldi. “Orada qardaşlarımız düşmən tanklarının tırtılları altında çeynənərkən burada bizə rahatca yatıb-durmaq haramdır. Orada qardaşlarımız göz yaşına boğulduqca burada bizim boğazımızdan keçirdiyimiz tikə haramdır. Orada bizi çağırırlar, bizi gözləyirlər. Tezliklə biz onların köməyinə çatmalıyıq. Parçalanan könüllər, dağlanan ciyərlər qardaş yolu gözləyir. Orada bizi gözləyirlər.

İşçimiz getsin, çiftçimiz getsin, əsnaf getsin, arabası olan arabasıyla getsin, ayaqqabısı olmayan ayaqyalın getsin. Boynumuza düşən bu qardaşlıq borcunu yerinə yetirməsək, dualarımızın qəbuluna ümid etməyək. Quyuya düşən Yusifin imdadına yetişən Yaqub kimi ora yetişək. Qapalı yolları ayaqlarımızla, tikanlı sərhədləri köksümüzlə yarıb yetişək”.

Fəthullah Gülən Türkiyənin Azərbaycana və eləcə də yenicə müstəqillik qazanmış digər türk respublikalarına qardaş yardımı göstərməyə borclu olduğunu dönə-dönə vurğulayır, yenicə açılmış bu tarixi imkandan istifadə edərək hərtərəfli inteqrasiyaya can atmağa çağırırdı. Xüsusilə Azərbaycana böyük önəm verən fikir adamı bu ölkənin türk dünyasının mərkəzində yerləşdiyini, Türkiyə ilə Orta Asiya türklərini birləşdirən coğrafi məkan olduğunu vurğulayırdı. Azərbaycan düşüncəsinin, dilinin öz təbiiliyini, saflığını qoruduğuna diqqət çəkən Gülən Türkiyəni türk respublikalarına üz tutmaqla bir tərəfdən öz tarixi missiyasını yerinə yetirəcəyini, digər tərəfdən isə öz kökünə qayıdacağını deyirdi. Zaman göstərdi ki, Fəthullah Gülənin o söylədikləri nə qədər böyük həqiqət imiş:

“Mən Asiyanın qapılarının aralandığı anadək dəfələrlə hıçqıra-hıçqıra ağlamışam. Soydaşlarım, qardaşlarım, vətəndaşlarım demişəm... Azərbaycan Asiyaya açılan qapı oldu. Dostlarım Özbəkistana, Qazağıstana, Türkmənistana, Qırğızistana gedərkən həmişə Azərbaycandan keçirdilər. Azərbaycan türk ailəsinin bir-birinə qaynayıb-qarışması üçün bir körpü oldu. Bir neçə əsrlik həsrətə, hicrana son qoyuldu. Bir neçə əsrlik əsarətdən əzilən soydaşlarımızı ayağa qaldırmaq üçün indi güclü bir Türkiyə var.

Anadolu türkü öz ata-babalarına qarşı vəfa borcunu Asiyada yerinə yetirməlidir. O əsarətdən qurtulmuş qardaşlarının yenidən başqalarının istismarı altına düşməsinə imkan verməməlidir. Qardaş ölkələr bir-birinə söykənib inkişaf etməlidirlər. Yenidən fikir, ağıl, düşüncə işğalı ola bilər. Ona görə də Türkiyə hər zaman Asiyadakı qardaşlarının yanında, xidmətində olmalıdır. Kökdən gələn bir mədəniyyətimiz var. Bizə başqa dəyərlər aşılasalar, inkişaf edə bilmərik. Əksinə, elm, sənət, texnika, metodologiya alınıb inkişaf etdirilməlidir. Mənəviyyat, mədəniyyət niyə özgədən alınmalıdır?

Əgər həqiqətən yaxşı, sivil bir cəmiyyət düşünürüksə, bu bizə aid olan qaynaqlar vasitəsilə həyata keçirilə bilər. Bu, bir-birimizi dinləməklə mümkün ola bilər. Həqiqətən XXI əsr türk əsri olacaq. Bu, “türklər dünyaya hakim olacaq, millətləri əzəcək” demək deyil. Onlar özlərini ifadə etmək imkanı tapacaqlar. Onların da sözləri, fikirləri nəzərə alınacaq.

Çox zəngin mədəniyyətlərimiz bir-birinə qovuşmalıdır. Bu zənginliyi gələcəkdə bügünün Amerikası kimi görürəm. Körpülər qurulmalı, maneələr götürülməlidir. Amma Azərbaycan Azərbaycandır, Türkmənistan Türkmənistandır, Türkiyə Türkiyə... Bu şəkildə dünyada tale birliyinə nail olmalıdır”.

İstər xalq olsun, istər fərd, hər kəs başına gələnlərdən özünə dərs çıxarmalı, dostunu, düşmənini ayırd etməyi bacarmalıdır. 20 yanvar bu mənada Azərbaycan tarixinin çox ibrətli bir səhifəsidir. Əlbəttə, hər itki ağırdır, hər yetimin göz yaşına tab gətirmək ürək parçalayır. Amma xalq qurbanlar verə-verə, məmləkət köksünü şəhid məzarları ilə süsləyə-süsləyə azadlığa doğru yol gedir. Azərbaycan o gecə müstəqilliyə layiq olduğunu dünyaya isbatladı, Azərbaycan o gecə dostunu, düşmənini bir mənalı şəkildə bir-birindən ayırd etməyi bacardı, Azərbaycan o gecə dünyaya: “Səsimi eşit, mən də varam!” nidasını hayqırdı.

O gecənin imtahanı ilə hər kəs də öz kimliyini, şəxsiyyətini nümayiş etdirdi. Fəthullah Gülən o zaman da, bu gün də Azərbaycana olan sevgisini, bağlılığını təkcə sözləri ilə deyil, əməlləri ilə də ortaya qoymadadır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.