Salamla gedənlər...

Sənin atalarının izini bu torpaqlardan niyə silə bilmirlər, bilirsənmi, Adəm müəllim? Çünki onlar salamla gəldilər. Qılıncla gələni söküb atarsan. Amma salamla gələnə əleykəssalam deyərsən.

Yuxarıdakı sözlər “Salam” filmindəndir. Bosniyadakı bir türk məktəbində işləyən yerli, xristian İrina müəlliməyə aiddir. Sevgi ilə açılmayacaq qapı, fəth edilməyəcək könül yoxdur. Zorla hərəkət edənlər ya zorakılığa məruz qalar, ya da qarşısındakıları dağıdıb məhv edərlər. Amma sevgi hər kilidin, hər paslı qıfılın sehrli açarıdır.

Budur, “Salam” filminin mövzusu. Bu gün dünyanın 150-dən artıq ölkəsində sevgi məktəbləri var. Artıq məktəblərin sayı minlərlə ifadə olunur. Bu məktəblərin fəaliyyət göstərdiyi ölkələrdə müxtəlif inanc sahibləri yaşayır; müsəlman, xristian, yəhudi, buddist, şamanist, ateist, və s.

Bu qədər fərqli coğrafiyalarda bu məktəblər necə müvəffəq ola bilirlər? Bu sualın cavabı “Salam” filmindədir.

3 qitədə 3 ölkə, 3 ölkədə 3 maraqlı, ibrətamiz həyat hekayəti; Avropada Bosniya, Afrikada Seneqal, Asiyada Əfqanıstan. Bosniyada atasının intiqamını serb sinif yoldaşından almaq üçün yaşayan bosniyalı bir şagird - Almir. Hər anı intiqam və nifrətlə yoğurulmuş. Uzun illər bosniyalı müsəlmanlara qarşı aparılan serb zülmündən nəsib alanlardan biri də Almirin atası olub. Ona görə də atasının qatili kimi gördüyü sinif yoldaşının atasından intiqam almaq üçün sinif yoldaşını öldürmək istəyir. İkisi də çayda boğularkən Adəm müəllim ikisini də qurtarır. Amma özü qurtula bilmir.

Seneqalda ağ adamların zülmünə öyrəşmiş zənci Xadim və ailəsi. Xadimin ağ adamlara qarşı içindəki nifrət Harun müəllim sayəsində insan sevgisinə çevrilir. Əfqanıstan. Hər tərəfdə aclıq və səfalət. Hər tərəfdə savaş, partlayan bombalar. Amma amalı uğrunda yollara düşən Zəhra müəlliməyə heç bir çətinlik, heç bir sıxıntı əngəl ola bilmir. Onun üçün ancaq şagirdləri önəmlidir. Bomba tarlasının ortasında qalan şagirdinin yanına heç kim gedə bilmir, amma Zəhra müəllimə bir an belə tərəddüd etmir. Şagirdi Salimin yanına gedib, onu qurtarır.

Salimin anasının Zəhra müəllimə ilə maraqlı bir dialoqu var. Salimin anası təklif edilən yaxşılıq qarşısında, “Bu dünyada qarşılıqsız heç nə yoxdur. Heç kim qarşılıqsız bir iş görməz”, - deyir.

Zənnimcə, bütün məsələnin sirri buradadır. Qarşılıqsız nə isə etmək. Qarşılıqsız sevmək, qarşılıqsız yaxşılıq etmək. Həyatda hər şeyə mənfəət prizmasından yanaşanların başa düşə bilmədikləri məsələ.

Halbuki biz bu dünyaya gələrkən, kiməsə nə isə verməmişik. Yaradan qarşılıqsız yaradıb bizi. Amma biz - insan oğlu hər işdə mənfəət axtarırıq, təəssüf ki.

Salamla gedənlər, mənfəət köləsi deyildirlər. Onlar inandıqları amal uğrunda canlarını, cananlarını, varlarını, yoxlarını gözlərini qırpmadan fəda edənlərdir. Budur, bütün məsələnin tilsimi: sevgi dolu qəlblər, fədakar könüllər, qarşılıqsız verənlər, adsız qəhrəmanlar...

P.S. Filmi avqustun 1-nə kimi “28 Mall” kinoteatrında izləmək olar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.