Mədəniyyət bayramında Azərbaycan fərqi
Papua Yeni Qvineya Azərbaycan və Türkiyədən çox uzaqda, İndoneziya və Avstraliyaya isə yaxın və çox kasıb bir ölkədir.
Papua Yeni Qvineya Türkiyədən o qədər uzaqdır ki, Türkiyədə bir reklamda şirkət barədə təsəvvür oyatmaq üçün: “Onun Papua Yeni Qvineyaya qədər işi var” deyilir.
Bir neçə il əvvəl Papua Yeni Qvineyaya səfərim zamanı oradakı türklərlə bir araya gəlmişdik. Bütün Papuada cəmi beş türk vardı. Biri iş adamı idi, biri heç ortalıqda görünmürdü. Digər üç türk isə paytaxt Port Morsbidəki türk məktəbində müdir və onun həyat yoldaşı və bir də gənc bir müəllim.
Papua Yeni Qvineyada Türk Dili Olimpiadasının həyəcanına şahid olmuşduq. O günlərdə 170 şagirdə sahib türk məktəbinin papualı tələbələri öz aralarında yarışmışlar, müvəffəqiyyətli olanlar daha sonra Türkiyədəki finallara qatılmışdılar. Ailələr uşaqlarını izləmək istəyirdilər. Türk iş adamı müvafiq şəxslərlə görüşərək, olimpiadanın peykdən izlənilməsini təmin etmişdi. Papualı ailələr yarışları televiziyadan izləyib, uşaqlarını dünya uşaqları ilə birlikdə görüncə qürurlanmışdılar. Bilmədikləri bir dildə yayımlanan verilişdə hal dilinin təsirini görmüş və uşaqlarının da dünya ilə qaynayıb-qarışmasına sevinmişdilər. Evdə yarış üçün hazırlaşan uşaqlarından eşitdikləri sözlərin mənasını bilsəydilər, daha çox məmnun olardılar. Çünki müsabiqələrin ana mahnısında “Yeni bir dünya qurulur” deyilirdi.
Bu günlərdə 11-ci Beynəlxalq Türkcə Olimpiadaları həyəcanı yenidən başladı. Bir il ərzində dünyanın 140 ölkəsində keçirilən yarışlarda müvəffəqiyyətli olan tələbələr Türkiyədəki finala qatılacaqları üçün həyəcanlı idilər.
İştirakçılar qədər bu yarışmadan xəbəri olan hər kəs artıq bir markaya çevrilmiş olimpiadada bu il nə kimi yeniliklər olacağını maraqla gözləyirlər. Çünki uşaqlarını minlərlə kilometr kənara göndərən ana və atalar da olimpiadanın nəticəsini səbirsizliklə gözləyirlər. Əslində yarışda kimin birinci olacağından daha çox, iştirakçıların uğurlu işlərini görmək hər kəsi həyəcanlandırır.
Türkcə olimpiadaları çərçivəsində builki mədəniyyət mərasimi 24-26 may günlərində İzmir Sərgi Salonunda başladı. Mərasimi və 140 ölkənin təqdimat stendlərini görmək üçün 70-ə yaxın media nümayəndəsi ilə birlikdə İzmirə getdik. Üçgünlük mərasimin sonunda verilən məlumatda tədbiri 2,5 milyondan çox insanın izlədiyi aydın oldu. CHP-dən olan İzmir Bələdiyyə başçısı Əziz Kocaoğlunun mədəniyyət mərasimi üçün “Tək sözlə söyləyəcək olsaq, möhtəşəmdir” ifadəsi milyonların hisslərinə tərcüman oldu. İzmir Sərgi Salonunda bu vaxta qədər keçirilən mərasimlərdən fərqli olaraq, bu tədbir təhlükəsizlik baxımından bir nümunə oldu deyə bilərik.
Türkcə olimpiadalarla əlaqədar olaraq, qəzetimizdə başqa yazılarda geniş məlumat getdiyi üçün burada üçün detallar barədə danışmaq istəmirəm. Ancaq onu deyim ki, bu il də Azərbaycanın təqdimat stendi çox gözəl idi və bütün ölkələr arasında fərqini ortaya qoydu. 25 may günü keçirilən xüsusi Azərbaycan proqramı isə həm Azərbaycandan gələn qonaqlar və həm də İzmir əhalisi üçün unudulmayacaq anların yaşanmasına səbəb oldu. Minlərlə insanın tədbirə Azərbaycan bayrağı ilə qatıldığını görməyə dəyərdi. Azərbaycan həm İzmir əhalisi və həm də 140 ölkədən gələnlərin yaddaşlarında əhəmiyyətli bir yer tutacaq. Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKADER) tərəfindən təşkil olunan mədəniyyət tədbirində üç gün ərzində 50 min bayraq, 50 min Azərbaycan bayrağının rənglərində şar, 50 min Azərbaycan şəkilli yelpik, 50 min ədəd qoz mürəbbəsi, 20 min dilim Azərbaycan paxlavası və 20 min şəkərbura paylanması da təqdimatın miqyasını ortaya qoydu. Bu mərasimin təşkilində əməyi olan hər kəsi təbrik edirəm. Türkcə olimpiadaların məğzini onun əsas mahnısının sözləri və uşaqlarımızın yarış üçün hazırladıqları gözəl işlər xülasə edir: yeni bir dünya qururlar.
- tarixində yaradılmışdır.