Könüllülər (xidmət) hərəkatı -5

Niyə hərəkat təhsildən başqa sahələrlə də maraqlanır? Hərəkat niyə tənqid olunur?

Əlbəttə ki, milyonlarla insanın olduğu yerdə yanlış iş görənlər ola bilər. Haqlı, əsaslı tənqid ümumi işin xeyrinədir. Əvvəlki yazılarda da qeyd etdiyim kimi kamil insan yetişdirmək hərəkatın hədəfidir. Ona görə də, insanın olduğu hər yer, hər sahə hərəkat ilə vasitəli vəya vasitəsiz olaraq əlaqəlidir. Burada təbii olaraq təhsil birinci sırada gəlir. Digər tərəfdən, Fəthullah Gülənin sadəcə Türkiyədə milyonlarla sevəni var. Onu sevənlərin cəmiyyətin hər sahəsində olması təbiidir. Bu gün Türkiyə hökumətinin lideri iddia edir ki, dövlət orqanlarında çalışanlar bağlı olduqları Gülən hərəkatının göstərişləri ilə hərəkət edirlər. Birincisi, bu iddia niyə indi gündəmə gəlir? Bu suala ayrıca qayıdacağıq. Lakin bu iddiaları əsaslandıracaq heç bir şey ortaya qoyulmur. Fəthullah Gülənin fəxri başqanı olduğu Türkiyə Jurnalistlər və Yazarlar cəmiyyətindən dəfələrlə verilən açıqlamalarda vurğulanmışdı ki, dövlət orqanlarında çalışanlar dövlətin qanunlarına tabe olmalı, qanunlar çərçivəsində hərəkət etməlidirlər. Açıqlamada həmçinin o da qeyd olunur ki, iddia olunduğu kimi bir məsələ varsa, dərhal əlaqədar şəxslər vəzifələrindən uzaqlaşdırılmalı, hüquq-mühafizə orqanlarına təhvil verilməlidirlər.

Hərəkatın əsas məqsədi insanı maarifləndirməkdir, düşünməyə sövq etməkdir. Savadlı, düşünən insanı aldatmaq savadsıza nisbətən çətindir. Ona görə də, istər dialoq fəaliyyətləri, istərsə də təhsil fəaliyyətləri bəzi daxili və xarici mənfəət qruplarını narahat edir. Cəmiyyətdə müəyyən kirli planlar həyata keçirmək istəyənlər hərəkatdan nifrət edirlər. Bu gün istər Türkiyədə, istər başqa yerlərdə hərəkatın əleyhinə yazanların çoxu müəyyən mənfəət qarşılığında bu mövqeyi ortaya qoyurlar. Çünki hərəkat əleyhinə tutarlı arqument ortaya qoyula bilmir. Sadəcə niyyətlər oxunur.

2011-ci ildə Çikaqoda keçirilən Könüllülər hərəkatına həsr olunmuş konfransda maraqlı bir məruzə dinlədim. Məruzəni hazırlayan professor maraqlı bir araşdırma aparıb. Hərəkat əleyhinə türk dilində yazılmış təxminən 400 məqaləni tədqiq edib. Eyni zamanda ingilis dilində hərəkatın əleyhinə yazılmış 400-ə yaxın məqaləni də tədqiq edib. Nəticə belə olub: türk dilində əleyhdə yazılan məqalələrin 90 faizində bildirilir ki, hərəkatın əsas məqsədi insanları xristianlaşdırmaqdır. İngilis dilində əleyhdə yazılan məqalələrin 90 faizində isə bildirilir ki, hərəkatın məqsədi insanları müsəlmanlaşdırmaqdır. Professor bu araşdırmasının nəticəsi olaraq belə bir qənaətə gəldiyini bildirdi ki, hərəkatın əleyhinə yazılan yazıların böyük əksəriyyəti eyni tərəflərdən hazırlanıbdır: “Müsəlmanlara deyilir ki, sizi xristian edəcəklər, xristianlara da deyilir ki, sizi müsəlman edəcəklər.” Təəssüf ki, həqiqət budur.

Fəthullah Gülənlə Ərdoğan arasında hakimiyyət mübarizəsi gedirmi?

Fəthullah Gülən Türkiyənin bütün siyasi, ictimai xadimləri ilə müəyyən səviyyədə dialoq qurmuşdur. Demək olar ki, keçmiş və hazırki siyasi liderlərin hamısı Gülənlə görüşmək istəyiblər və görüşüblər. Əlbəttə ki, siyasətçilərin bu görüşmələrdəki əsas məqsədi belə güclü bir qrupun dəstəyini almaq ola bilər. Bu da təbiidir. Fəthullah Gülən isə bu görüşmələrdə ölkəsi ilə əlaqəli düşüncələrini qarşı tərəfə ifadə etmişdir. Digər tərəfdən dünyada açılan məktəblərlə əlaqəli addımları da Gülən məcbur olmadığı halda həmişə ölkə liderləri ilə paylaşmışdır. Bu da onun dövlətə, dövlət böyüklərinə baxışını göstərir.

Ərdoğan hələ İstanbul bələdiyyə sədri ikən Fəthullah Gülənlə dəfələrlə görüşmüşdür. Lakin Ərdoğan ayrı bir siyasi ənənənin məhsuludur. Ərbakanın “Milli görüş” xəttinin əsas təməli siyasi İslama dayanır. Ərdoğan da bu ənənənin davamçısıdır. Bu ənənədən gələnlər İslamın siyasətlə yayılacağını, daha müvəffəq olacağını düşünürlər. Fəthullah Gülənin siyasətə baxışı isə daha fərqlidir. Bu yazı silsiləsinin birincisində qeyd etdiyim kimi, Gülənə görə dini məsələlərin 98 faizi insanın şəxsi ilə, şəxsi həyatı ilə, cəmi 2 faizi isə idarə ilə, dövlət ilə əlaqəli mövzulardır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.