Könüllülər (xidmət) hərəkatı -4

Rəhmətlik Məmməd Əli Birand Fəthullah Gülənlə bir görüşməsində ona belə bir sual verir: “Xocam, siz çox təqdirəlayiq işlər görürsünüz.

Məktəblər, dialoq fəaliyyətləri və s. Amma mənim beynimdə belə bir sual var. Bütün bu fəaliyyətlərin son məqsədi nədir? Hədəfiniz nədir? Nəyə nail olmaq istəyirsiniz?”. Gülən ona, “Sualına cavab verəcəyəm” deyəndə, Birand çox sevinir. Gülən, “Tək amalımız var. O da Allahın rizasını qazanmaq. Onun razı olacağı işləri görmək” deyir. Birand, “Onu bilirik, başqa nə məqsədiniz var?” təkrar soruşur. Gülən, “Xeyir, hörmətli Birand, bilmirsiniz. Onun nə qədər dəyərli bir məsələ olduğunu bilsəydiniz, başqa amal axtarmazdınız” deyə cavab verir.

Gülən hərəkatının davamçıları kimlərdir? Hərəkata üzvlük vardırmı?

Fəthullah Gülən hərəkatın öz adı ilə adlandırılmasına qarşı çıxır. Gülənə görə, bu hərəkat Könüllülər hərəkatıdır. Könüllülər hərəkatı insanların könüllü olaraq bir yerə gəlib ortaq düşüncələrdə, ortaq layihələrdə birləşməsidir. Dolayısı ilə, əsas prinsip könüllülük olduğu üçün hər kəs istədiyi vaxt daxil olub, istədiyi vaxt çıxa bilər. Biraz qəribə görünsə də, həqiqət budur. Məsələn, “Kimsə yoxmu” dərnəyi Afrikanın bir ölkəsində xəstəxana açır. İstəyən doktorlar da könüllü olaraq o xəstəxanalarda müəyyən aralıqlarla qarşılıqsız çalışırlar. Fəaliyyətdə iştirak edən doktora nə dini, nə milləti, nə də siyasi görüşü soruşulur. Orada bir doktor hərəkatın ön-ayaq olduğu bu xəstəxanada insanlığa xidmət düşüncəsi ilə iştirak edir.

Bundan başqa, məsələn, su qıtlığı olan ölkələrdə su quyuları qazılıb istifadə verilir. Bu fəaliyyət hər kəsə elan olunur. Yardım etmək istəyənlər də müraciət edirlər. Müraciət edənlərin hansı inanca sahib olması heç kimi maraqlandırmır.

Başqa bir misal. Məsələn, dünyadakı sevgi məktəblərində çalışan müəllimlərin heç də hamısı müsəlman deyil. Afrikadakı və ya ABŞ-dakı bir məktəbdə yerli insanlar da müəllim kimi çalışırlar. Onların çoxu da fərqli dinə, fərqli dilə mənsub insanlardır.

Yuxarıda qeyd etdiyim insanlar geniş dairəyə mənsub olanlardır. Bir də bu işin əsasını təşkil edənlər var. Hərəkat Türkiyədən dünyaya yayılmışdır. Ona görə də, başlanğıcda Fəthullah Gülən onu sevən və dinləyən insanları dünyanın dörd bir tərəfinə göndərir. Hətta Əfqanıstan, İraq kimi savaş bölgələrinə belə gedilir. Məsələn, İraqda savaş başladıqdan sonra oradakı müəllimlər ölkəni tərk etmək istəyirlər. Gülən isə onlara, orada yerli insanlarla bərabər olun, lazım olsa, canınızı verin, amma onları çətin günlərində tərk etməyin deyir.

Bu anlayış zorla, şiddətlə mümkün ola biləcək bir məsələ deyil. İnsanlar ancaq sevdikləri bir şey üçün fədakarlıq edə bilərlər. Bu gün övladın valideyninə qarşı çıxdığı bir dünyada yetişkin bir insana zorla nə isə qəbul etdirmək olmaz. Bütün bunların təməlində inancdan ilham alan insanlıq sevgisi var.

Gülən hərəkatının davamçıları ilə nurçuların əlaqəsi varmı?

Türkiyədə nurçular keçən əsrin böyük İslam alimlərindən olan Səid Nursinin davamçılarına deyirlər. Onların da öz aralarında fərqli qolları var. Gülən hərəkatının digər insanlarla, qruplarla hansı əlaqələri varsa, nurçularla da o şəkildə münasibətləri var. Fəthullah Gülən özü əsərlərində, açıqlamalarında Səid Nursinin düşüncələrinə çox istinad edir. Nursiyə olan ehtiramını, hörmətini dəfələrlə bəyan edib. Əlbəttə ki, nurçular arasında da Fərhullah Güləni sevən, ehtiram göstərən insanlar vardır. Amma ictimaiyyətdə, bəzi yazılarda ifadə edildiyi mənada Gülən hərəkatının davamçıları nurçu adlandırılmırlar. Gülən hərəkatının təmsilçilərinin israrla nurçu deyə elan edilməsi biraz cəhalətdən, biraz da pis niyyətdən irəli gəlir. Əvvəlki yazılarda da qeyd etdiyim kimi Gülən hərəkatı universal dəyərlər ətrafında insanları birləşdirdiyi üçün mənsublarının, sevənlərinin xüsusi bir adı yoxdur. Hərəkatı isə Fəthullah Gülən “Könüllülər hərəkatı” adlandırır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.