Könüllülər (xidmət) hərəkatı -1
Fəthullah Gülən kimdir? Həqiqətən Türkiyədə onunla Ərdoğan arasında bir hakimiyyət mübarizəsi gedirmi? Dövləti ələ keçirmək istəyirmi? Dünyanın 160-dan çox ölkəsində açılan məktəblərin missiyası nədir? Məktəblərdə təhsil pulsuzdur, yoxsa pullu? Niyə bu hərəkət təhsildən başqa sahələrlə də maraqlanır? Gülən hərəkatının davamçıları ilə nurçuların əlaqəsi varmı? Gülən hərəkatının davamçıları kimlərdir? Hərəkata üzvlük vardırmı?
Fəthullah Gülən kimdir?
Bir insan haqqında fikir söyləmək üçün ən azından onun həyatını az da olsa, araşdırmaq lazımdır. Fəthullah Gülən bu gün dünyada adından ən çox bəhs olunan şəxsiyyətlərdəndir. 60-dan çox kitabın müəllifidir. Təxmini hesabla, hər bir kitabı 200 səhifə olsa, 60 kitab 12 min səhifə edər. Bu qədər əsəri yazmaq bir tərəfə, oxumaq belə xeyli vaxt tələb edir. 2013-cü ildə “Time” jurnalının internet oxucuları tərəfindən dünyanın ən önəmli insanı seçilib.
Türkiyənin 81 vilayətinin 1-i vəya 2-i xaric demək olar ki, hamısının ən böyük məscidlərində 70-ci, 80-ci illərdə yüzlərlə vəz verib. Ona görə də, orta və yaşlı türkiyəlilərin 90 faizi onu yaxşı tanıyır. Kiçik yaşlarından Quranı əzbərləyib hafiz olan Fəthullah Gülənin söhbətləri çox təsirli idi. Onun vəz verəcəyi məscidlərdə insanlar hətta bir gün əvvəldən gəlib gecəni orada keçirirdilər ki, yer tuta bilsinlər. Sultan Əhməd, Süleymaniyyə kimi böyük məscidlərdə on minlərlə insanlara xitab edirdi. Söhbətlərinin, vəzlərinin əsas mövzusunu bu gün dünyada, ümumiyyətlə, yanlış bilinən İslam dininin gözəllikləri, bilinməyən yönləri təşkil edib. Peyğəmbərimizdən, onun əshabından misallarla zehinlərdəki yanlışları düzəltməyə çalışıb, çalışır.
Məsələn, ən böyük cihadın savaşmaq deyil, insanın nəfsi ilə mübarizəsi olduğunu bildirib. Bu, o zamanlar, hətta hazırda belə bir çox dini qrupların tənqid mövzusudur. Quranın “Haqsız yerə birini öldürən, bütün insanlığı öldürmüş kimidir” ayəsindən hərəkət edərək, intihar bombası partladanlara qarşı sərt çıxışları səbəbilə Gülənə nifrət edənlər də az deyil. “Müsəlman terrorçu, terrorçu da müsəlman ola bilməz”, ifadəsi ona aiddir. Məsələn, dini məsələlərin 98 faizinin insanın şəxsi ilə, şəxsi həyatı ilə əlaqəli olduğunu deyib. İdarə ilə, dövlət ilə əlaqəli mövzuların isə cəmi 2 faiz təşkil etdiyini bildirib. Siyasi İslam tərəfdarları, İslamın sadəcə siyasətlə mövcud olacağını iddia edənlər o zaman da, bu gün də bu ifadələrə şiddətlə qarşı çıxırlar.
ABŞ-da bir konfransda amerikalı bir professor Gülən haqqında belə bir fikir söylədi: “Dünyada gözəl söz söyləyənlər, yaxşılığı təşviq edən çox mütəfəkkirlər olub. Gülənin digərlərindən fərqi praktikasının teoreminin önündə olmasıdır. Yəni, yaşadıqlarını söyləyir, həyata keçirdiyini yazır. Ona görə də, insanlara təsir edir.”
80-ci illərə kimi Türkiyədə əsasən dindar ailələr uşaqlarını dini məktəblərdə oxudurdular. Ali məktəblərə göndərənlər də ancaq ilahiyyat fakültələrini seçirdilər. Digər ixtisaslar qeyri islami hesab olunurdu. Fəthullah Gülən vəzlərində bu məsələnin yanlış anlayış olduğunu vurğulayır. O dövrdəki vəzlərində o, inanclı insanların Türkiyə vətəndaşı olduğunu, onların da həyatın hər sahəsində olmaq hüquqlarından bəhs edir. Cəmiyyətdə Allahını tanıyan, sevən müəllimə də, doktora da, mühəndisə də ehtiyac olduğunu ifadə edir. O, vəzlərinə qulaq asanları, övladlarını ictimaiyyətin bütün sahələrinə yönləndirməyə təşviq edir.
O dövrdə də Fəthullah Gülən bir çox təqiblərə, təzyiqlərə və həbslərə məruz qalır. Amma doğru bildiyi düşüncələrindən vaz keçmir.
- tarixində yaradılmışdır.