İslam: Dialoqa dəvət

Avqust sayımızda müasir Türk elm xadimi, din alimi, yazıçı və sosioloq Fəthullah Gülən haqqında bir məqalə dərc etmişdik. Onun kitab və yazıları ilə daha yaxından tanış olduqdan sonra düşündük ki, İslam haqqında söhbətimizi davam etdirmənin ən yaxşı yolu bu şəxsi daha yaxından tanımaq və araşdırmaqdır. İslam 1500 illik keçmişi ilə bəşəriyyətin dini dünyagörüşündə mühüm yer tutmaqla yanaşı, bu dinin yaşandığı ölkələrdəki insanlar İslamın digər dinlərin davamı olduğunu düşünürlər...

Dialoq bir zərurət kimi

Əvvəla bu məndakı dialoqun zərurəti barədə müxtəlif suallar yaranır. Lakin güman edirəm ki, bir çox oxucumuz buna müsbət cavab verir. Üstəlik artıq müsəlmanlar “ekzotik ölkələrin xalqı” deyil, iş yoldaşımız, vətəndaşımız oldular... Artıq bir-birimizə anlayışla yanaşmağımız həyatımızın zərurətidir. Birgə yaşayan insanların ortaq qənaətinə görə də, bir-birimizi daha yaxın tanımaq üçün lazımi şərait də mövcuddur. Bununla birgə İslamın beynəlxalq səviyyədə insanların yaşayışına, həyatına təsiri hər il artır və Avropada müsəlmanların sayısı artıq milyonlardadır. Belə bir vəziyyətdə dialoq nəinki zəruri, eyni zamanda qaçılmazdır.

Əlbəttə ki, əvvəlcə həyatımızı gözəlləşdirəcək, birliyimizi möhkəmləndirəcək ortaq nöqtələrimizi axtarmalıyıq. Yəni neqativ halları axtarma və tənqidi bir kənara qoyub, sülh içində birgə həyat sürməyimizi təmin edəcək pozitiv yanaşma ilə İslamı araşdırmalıyıq, heç olmasa bir-birimizin dünyagörüşünə hörmət edərək, teoloji baxımdan deyil, bunu insanlar arasında və beynəlxalq səviyyədə birliyi təmin edəcək şəkildə bunu etməliyik.

Burada iki sual ağıla gələ bilər. Birincisi: Bu fəaliyyət ənənəvi qəbul edilmiş dinin lazımi səviyyədə rəğbət görmədiyi bir ölkədə təbliğatı ola bilməzmi? İkincisi: Bu, insanlar arasında dinə qarşı laqeydlik yaratmazmı – bütün dinlər eyni səviyyədə kamildir, birindən çıxıb digərinə girərəm, ya da hərəsindən bir az götürüb sintez meydana gətirərəm kimi fikirlər oyada bilməzmi? Əvvəlcə də dediyimiz kimi, minimum tanışlıq zərurət deyil, qaçılmazdır. Burada qeyd etməliyik ki, zəruri olan tanış olmaq və bir-birini daha yaxşı anlamaqdır. Yəni heç olmasa, məlumat çatışmazlığından qaynaqlanan qərəzli yanaşmalarımızı bir daha gözdən keçirməkdir.

İkincisi, heç də ateistlərin az olmadığı, rəsmi dinə mənsub olsa da, dindən uzaq insanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə meydana gələ biləcək laqeydlik bu cür yaxından tanışlıqla dəyişə bilər, insanların İslama marağı artdığı qədər, xristianlığa olan marağı da azalmaz.

İnancı möhkəm olanlar üçün başqa bir dini daha yaxından tanımanın heç bir zərəri yoxdur, bu həm xristianlar üçün, həm də müsəlmanlar üçün keçərlidir. Xristianlığın elə prinsipləri var ki, bir müsəlman heç vaxt onu qəbul eləməz və əksinə... Bu mövzuları hal-hazırda burada açmayacağıq, çünki mövzumuzun predmeti xaricindədir. Bununla yanaşı, bir-birimizə yalnız tolerant yanaşmaq üçün deyil, bir olmaq üçün bir çox ortaq yönlərə malikdir. İslam, xristianlıq və yəhudiliyin ortaq tarixi kökləri var. Bütün bəşəriyyəti maraqlandıran ümumi əxlaq mövzularında, ictimai fəaliyyətlər, iş, insanlar və millətlər arası əlaqələrdə bir çox ortaq məxrəclər mövcuddur. Kainatın yaradılış səbəbi, Yaradana sevgi, Yaradanın insana verdiyi həyat sevinci hər dində mövcud olan eyni anlayışlardır.

Fəthullah Gülən məhz bu mühüm məqamdan çıxış edərək, dünyada böyük nüfuza malik olan bu üç dini dialoqa dəvət edir. İnsanın həyatı dərk etməsi, bizə verilən həyatın məqsədi və bunun dəyəri – məhz bunlar bizi birləşdirən dəyərlərdir. Bu da dövrümüzdə böyük təsirə malik olan, insan varlığının mənasızlığını aşılayan, insanı dini duyğulardan uzaqlaşdıran onu, yaradılış səbəbini unutmağa yönəldən müasir mədəniyyətin neqativ tendensiyasına sinə gərir.

Kiçik bir şərh əlavə edib Güləndən bir sitat gətirmək istəyirəm. Gülən dinlərarası dialoq adına islami düstur təqdim edir - Allahdan başqa tanrı yoxdur – “tanrı” sözünü xüsusilə kiçik hərflə yazaraq mötərizə içində bir şərh əlavə edir: Tanrıdan başqa tanrı yoxdur. Halbuki, biz Allahın Tanrının ərəbcədəki qarşılığı olduğunu unudaraq bu cümləni İslamın tolerantsızlığı hesab edirdik. Yəni bu cümləni mötərizə içində göstərildiyi kimi, tərcümə etmək daha doğru olar: Tanrıdan başqa tanrı yoxdur.

YALNIZ BİR TANRI VAR - DÜNYANI VƏ İNSANI YARADAN: BÜTÜN DİGƏR TANRILAR İSƏ, İNSANLARIN XƏTASIDIR. DİGƏR DİN MƏNSUBLARI ÜÇÜN GÜLƏN “SƏNİN DİNİN SƏNƏ, MƏNİM DİNİM MƏNƏ” – DEYİR.

Terror haqqında

Təbii ki, mövzumuz İslamdırsa, dindən çox ictimai həyatla maraqlanan müasir dövr insanının ağlına terror problemi gəlir. Ümumiyyətlə, siyasi olmaqla yanaşı, bir çox amilə görə bu təşkilatlanmaya daha çox ənənəvi müsəlmanlığın hökm olduğu bölgələrdə rast gəlinir (daha çox siyasətçi və media belə təqdim edir). Terror səbəbinin dini baxımdan İslam olmadığını başa düşmək üçün heç olmasa terroristlərin sadəcə müsəlmanlar olmadığına nəzərə yetirmək kifayətdir. Bu birincisi. İkinci isə terror anlayışını insan şüuruna yenə də media aşılayır. Yəni başqa bir ölkənin torpaqlarını bombalamağa qərar verib, oranı istila edən bir hökumət terror təşkilatı sayılmadığı halda, bütün xəta və doğruları ilə öz torpaqlarını qorumaq uğrunda yaranmış, mübarizədə və bu siyasi intriqada məğlub olmuş silahlı bir qrup terrorist şəbəkə sayılır. Bundan savayı, özündən güclü bir rəqiblə mübarizə aparan hökuməti də terrorist elan edə bilərlər, amma qalib gələni əsla.

Buna baxmayaraq İslam toplumunda terror var və Gülən bunu inkar etmir. Bu problemin əsas səbəbinə və miqyasına izahat gətirməyə çalışır. Hadisənin miqyası haqqında Gülən silahların, bombaların və bunların bütün dünyaya yayılmasının milyonlarla sülhsevər, heç vaxt əlinə silah almamış və almayacaq müsəlmanın iş və ailə həyatlarından daha çox diqqət çəkdiyini vurğulayır. Əslində terroristlər – azlıq təşkil edən, böyük topluluqlardan qopmuş, qapalı (təsvir olunmuş) bir qrupun üzvləridir. Terrorizm İslam əxlaqının təməl prinsiplərinə ziddir. Eyni şəkildə terrorist təşkilatlara üzv olan insanlar şəxsi həyatlarında da İslama zidd fəaliyyətlər nümayiş etdirirlər - narkotika və spirtli içki, əxlaqsızlıq, oğruluq, haqsız ticarət kimi. Əlbəttə ki, bu təşkilatların hər üzvü belə deyil, sayca heç də az olmayan aldadılmış, qorxudulmuş, ya da ifrat nifrət hissinə malik insanlar da var. Bu təşkilatlarda İslam dinindən uzaq insanların nisbəti, həmin toplum içindəki İslam dinindən uzaq insanların nisbətinə görə daha çoxdur. Burada bir məntiq var və bu məntiqi anlaya bilmək üçün cihad anlayışını düzgün başa düşmək lazımdır, bu anlayış yanlış şərhlə terrorizmlə eyniləşdirilir.

Terrorizm islam əxlaqının təməl prinsiplərinə ziddir

Gülən cihad termininin izahına bu sözün etimologiyasından başlayır. Sözün kökü sami dillərindən gəlir və kökündə “çətinlikləri aradan qaldırmaq” mənası yatır. Müsəlmanların anlayışına görə, cihad hər şeydən əvvəl insanlığın düşməni tərəfindən ortaya atılan mənfilikləri aradan qaldırmaq mənasına gəlir.

Böyük və kiçik olmqla iki növ cihad var. Böyük cihad insanın özü ilə, öz qüsurları ilə mübarizəsi, əxlaqi baxımdan yüksəlməsı, Yaradana yaxınlaşmasıdır. Bu aramsız ibadət, fərz ibadətləri yerinə yetirmək, davranış qaydaları, özünü tərbiyə və s. mənasına gəlir. İslamı dərindən yaşayanlar üçün isə bu, islami elmləri öyrənmə, nafilə oruc, inziva mənasına gəlir. Ümumi müsəlmanlar üçünsə, hər şeydən əvvəl öz çatışmaz cəhətləri ilə mübarizə - həsədlə, eqoizmlə, xəsisliklə, hərisliklə və buna bənzər mənfi duyğularla mübarizədir. Ümumi mənada bu, İslami dünyagörüşə görə, insanın kamillik əldə etməsi üçün daxili psixoloji fəaliyyətidir.

Kiçik cihad isə, bir insanın öhdəsinə düşən, cəmiyyətin islahı üçün aparılan ictimai və eyni zamanda siyasi fəaliyyətlər toplusudur. Bu da təmiz qəlblilik, qonaqpərvərlik, yardım fəaliyyətləri, dini təbliğ, xüsusən, ümumbəşəri sülhü təmin etmək və təbii ki, vətəni qorumaqdır. Vətəni qorumaq yalnız müsəlmanlar üçün deyil, bütün insanlar və millətlər üçün ortaq bir xüsusiyyətdir. Burada əsas nöqsan insanların “cihad” anlayışını daha çox müharibə şəklində qəbul etməsindədir.

Böyük və kiçik cihad arasındakı məntiqi əlaqəyə qayıdaq. Gülənin düşüncəsinə görə, böyük cihadda müvəffəqiyyətə nail ola bilməmiş bir insanın kiçik cihadda da müvəffəqiyyətsizliyi qaçılmazdır. Əgər insan öz mənfi xüsusiyyətlərini aradan qaldırmağa cəhd göstərmirsə, əgər istək və arzuların oyuncağı isə, hər nə qədər bu daxili nöqsanlarını gizlətməyə çalışsa da, bunlar özünü büruzə verir. Hətta belə insan özünü İslamın döyüşçüsü elan etsə belə, şəxsi həyatında dinin minimumlarını yerinə yetirmirsə, ictimai fəaliyyətlərdə də bir çox nöqsanlara yol verəcək. Budur sizə məntiqi əlaqə...

AYDIN OLUR Kİ, TERRORİZMDƏ YA DAXİLİ DÜNYASINDAN, ÖZ DİNİ İNANCINDAN ÇOXDAN QOPMUŞ İNSANLAR, YƏNİ QURANDA DA DEYİLDİYİ KİMİ İKİÜZLÜLƏR, YA DA BU İKİÜZLÜLƏRİN ALDATDIĞI İNSANLAR VAR. LAKİN ƏSLA MÜSƏLMANLAR DEYİL.

Qadın haqqında

Qadının İslamdakı yeri qəlibləşmiş fikirlərimizdə olduğu kimi, kişinin hər əmrini yerinə yetirən, heç bir hüququ olmayan bir varlığın fövqündədir. Gülən kişi və qadın arasındakı fərqi görməməzliyə vurma görüşü də təsdiqləmir. Məhz bu iki prinsip arasında ilk baxışda böyük bir uçurum yaranır. Əslində qadını müasir Qərbin verdiyi rol alçaldır. Onun gözəlliyinin ticariləşdirilməsi, reklam məhsulu kimi istifadə edilməsi, iş keyfiyyəti və münaqişələrin onun xarici gözəlliyi ilə örtülməsi kimi. Məsələ qadının hadisələri anlaması, qavraması və məntiqli nəticələr çıxara bilməsi deyil. Məsələ onun psixoloji xüsusiyyətlərinə obyektiv yaxınlaşa bilməkdir. Qadın kişidən daha aşağıdır, ya da daha üstündür deyə bir anlayış yoxdur. Qadın kişidən fərqlidir, başqadır. Əgər Gülənin müəyyən etdiyi bütün xüsusiyyət, məqalə və diaqnozları birləşdirsək, belə bir nəticə ortaya çıxar:

Qadın öz psixoloji quruluşu ilə kişiyə görə daha kompleks, daha müfəssəl bir varlıqdır. Daha kompleks olduğu üçün də daha kövrək və daha həssasdır. Lakin müəyyən cəhətdən daha müdrikdir. Qadın detallara və təfsilata daha diqqətli, hadisələrdəki ən cüzi dəyişikliklərə qarşı daha tez reaksiya verən, üstəlik də bunu kişidən daha tez dərk edən bir mahiyyətə malikdir. Başqa bir ifadə ilə, qadın atmosferi, ab-havanı duya bilir. Kişi isə hadisələri analiz edir. Qadın ailəyə daha yaxındır, lakin bu kişi ev işlərindən xilas olsun deyə, ya da kişi ona bu rolu verdi deyə deyil. Qadın ailəyə daha yaxındır, ona görə ki, dərdini deyə bilməyən körpəsinin dilini daha yaxşı başa düşür, çünki evdəki və hətta kiçik bir otaqdakı problemin nə olduğunu daha tez anlayır, bir qonağın dilə gətirə bilmədiyi istəklərinə daha həssas yanaşır, məsələn, kişi (əri) kimi ortaq mövzulu bir söhbət açmaq əvəzinə, qonaq soyuq havadan, yeni gəldiyinə görə, bir stəkan çay təklif edir. Qadın bunu ona belə öyrətdilər deyə eləmir, bu onun mahiyyətində var. Kişinin isə bu ağlına belə gəlmir.

Bəli, qadının bu xüsusiyyətləri həm sosial, həm də ticari həyatda çox qiymətlidir. Məsələn, qadın bir hadisəni çox yaxşı yönləndirə, idarə edə, hətta analiz edə bilər. Ya da hər şagirdin zəka və xarakterini müəyyənləşdirə bilən bir müəllim ola bilər. Amma qeyd etdiyimiz səbəblərə görə, uzun müddətli hissi sıxıntılara tab gətirməsi çətindir. Hadisələri və insanları şəxsi dünyagörüşünə görə dəyərləndirməktən əl çəkə bilmir. Müvəffəqiyyətsizlik və maddi–mənəvi itkilərdən gələn hissi-mənəvi zərbələrə, kobudluğa, təbii və ictimai fəlakətlərə qarşı isə, daha müqavimətsiz və zəifdir.

Gülən kişilərə qadınlarla münasibətlərində çox həssas olmalarını qadını bir kristal vazaya bənzədərək ifadə edir. Qadın bir tarazlıq ünsürüdür, lakin onu yerli-yersiz istifadə etsək, tarazlıq pozular. Bunun kimi, onu qırmaq da çox asandır...

Gülən qadınlara isə, daxilindəki nizamı pozaraq birtərəfli baxmamağı, sadəcə zahiri gözəllik obyektinə çevrilməməyi, həddindən artıq ehtirasa və xüsusilə xaricdən aşılanan fantaziyalara qapılmamağı tövsiyə edir. Yəni özlərinə istifadə edilən deyil, özəl şəxsiyyət kimi yanaşmağı, xaricdən aşılanan məcburiyyəti deyil, təbii motivlərini qorumağı tövsiyə edir. Mövzumuz qadına qadağalar qoyulması deyil, onun arzuları və imkanlarıdır.

HƏR HALDA QADIN SEÇİMİNİ BİLMƏLİ VƏ İDEAL OLAN VARİANTA ÜSTÜNLÜK VERMƏLİDİR.

Konstantin Zinovyev, “Favorit” noyabr, 2008, Odessa

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.