Hal dili ilə tərbiyə və ya Əli abidən öyrəndiklərim

İstanbulda bir iş adamının evində qonaq oldum. Böyük bir ailənin birləşdiyi “Bəyaz Holdinq” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, yaxud bir üzvü olan Əli Bəyaz abinin. Düşünə bilərsiniz ki, bu insanda məni cəlb edən nədir ki, onun haqqında ayrıca yazmaq qərarına gəlmişəm?

Bəri başdan deyim: məni cəlb edən onun əxlaqı oldu, o əxlaq ki, onun barəsində yüzlərlə, minlərlə müəlliflər cild-cild yazıblar, həm də çox dəyərli sözlər yazıblar. Amma gördüyüm mənzərənin ibrətamizliyinə inandığım üçün bu təəssüratımı sizinlə də paylaşmaq istədim və qələmə əl atdım.

Əli abi bizi evinə dəvət etmişdi. Getdik. Başqa qonaqlar da var idi, tək-tək gələn də var idi, ikibir, üçbir, beşbir gələnlər də. Əli abi gələn hər kəsi şəxsən qarşılayır, “xoşgəldin” deyir, masa arxasına dəvət edir. Burada hər kəsə yemək, çay, su verilir. Qonaqlara yemək çəkən də, paylayan da, masanın üstünü təmizləyən də gənclər idi, iyirmi, iyirmi beş, otuz yaşlarında gənclər. Mən onları evin xidmətçiləri zənn edirdim.

Yeməyi yeyib qurtaranları salonda qoyulmuş divanların üstündə oturmağa dəvət edir, hər kəs də köhnə və ya yeni tanışları ilə söhbətə başlayırdı. Əli bəy isə danışmır, daha doğrusu, sözlə danışmır, hal dili ilə, baxışları, təbəssümü, hal və hərəkəti ilə danışır. Həm də necə!

Bir azdan Əli bəyin yaxınlarından biri sözə başladı. Söhbət bir qayda olaraq toplananların tanış olması, özlərini təqdim etməsi ilə başlayır və... ən təəccüblüsü də bu zaman baş verdi. Sən demə, mənim xidmətçi sandığım bu gənclər Əli abinin övladları, kürəkəni, qardaşı oğlu imiş. Xidmətçi kimi işləyən, qonaqlara qulluq edən bu gənclərin hər biri holdinqdə bir şirkətin, bir müəssisənin idarəçisi imiş.

İndi mən buna necə təəccüblənməyim? Mənim tanıdığım varlı adamların övladlarını yemək masasının üstünü silərkən, masaya qulluq edərkən, yemək çəkərkən görməmişəm axı! Bir də onları özlərini tanıdarkən seyr edəcəksən - nə qədər təvazökar, nə qədər həyalı, iffətli, söz deyib özlərini tanıdarkən yanaqları utancdan qızarır, alınlarında tər damlaları sezilir, gözlərini aşağı dikir, haqlarında deyilən sözlərdən nə qədər utandıqları yüz ağacdan bəlli olur.

Təəccüblənməkdə haqlı deyiləmmi? Mənim tanıdığım vəzifəli, varlı adamlardan birinə: “Xahiş edirəm, özünüzü təqdim edəsiniz”,- deyə müraciət etsəm, ondan necə cavab alacağımı, onun hansı ədaları nümayiş etdirəcəyini düşünmək belə istəmirəm. Əlbəttə, bu sözlərim bütün varlı və vəzifə sahibi olanlara aid deyil, mənim tanıdıqlarıma aiddir.

Bir də Əli abinin tərbiyəsinin hal dili ilə bir başqa yönü. Ertəsi gün Əli abi bir hədiyyə götürüb, mənim qaldığım yerə gəldi. Görüşdük, söhbət etdik, ayrılmazdan əvvəl mənə bir bağlama uzatdı və:

- Dünən siz gedəndən sonra öyrəndim ki, İstanbula xanımınızla gəlmisiniz. Onu da bizim xanımlar qonaq etmək, qulluğunda durmaq istəyərdilər. Lakin bu fürsəti əldən qaçırdıq, ona görə də bu kiçicik hədiyyəmizi qəbul etmənizi rica edirik.

Sizcə, mən hansı hissləri keçirdim? O hadisədən bir aydan çox zaman keçib, amma hələ də təravətini, təzəliyini qoruyursa, bu əxlaq haqqında yazmağa dəyməzmi?

Fəthullah Gülən xocaəfəndinin bir sözünü xatırladım. Deyirdi ki, biz hal dilimizlə bir şeyi izah edə bilmədikdə sözə əl atırıq. Çox yerində, çox doğru deyilmişdir.

Sağ ol, Əli abi, səndən hal dili ilə danışmağı öyrənməyə çalışacağam. Amma bunu bacaracağammı, bacarmayacağammı, bilmirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.