Əsl Ramazan Qürbətdə Yaşanır!!!

Oraya gedəndə Ramazana iki gün qalmışdı. O gün Ramazanla əlaqədar ikindi söhbətlərinə ara verildiyini öyrəndik. Çünki Xoca Əfəndi üçün Ramazan çox çətin keçirdi.

Özü bunu ifadə edərkən: "Bəzi insanlar oruc tutar, bəzilərini də oruc tutar; mən ikinci qrupa daxiləm"-deyir. İki gün qalmasına baxmayaraq, Ramazanın həyəcanı qəlblərə qədəm qoymuşdu. Yeni yazılan yazının sərlövhəsi də "Əsl Ramazanlaşma Zamanı" olacaqdı. Əslində, o mübarək məkan, yalnız Ramazanda deyil, ilin bütün ay və günlərində ilahi ehsanın leysan kimi yağdığı, hər yanın üxrəviliklə tülləndiyi bir feyz və bərəkət ocağıdır.

Binaya addım atar-atmaz hələ girişdə ard-arda sıralanmış hikmət dolu sözlərlə qarşılaşırsınız. "Qara ilanla birlikdə ol amma, nəfsinlə əsla baş-başa qalma!" xəbərdarlığını alıb pilləkənlərə yönəlincə: "Əsbi-nəfsə raqib olma paralar bir gün səni, Saqın tuği-əğyardan, yaralar bir gün səni" beyti sizi bir az da özünüzə gətirir. Bir nəfəs dərmək üçün dayanılan və şirin, qısa, bərəkətli söhbətlərin məkanı-pilləkən aralıqlarında "Ərənlərin söhbəti, artırar mərifəti" lövhəsi ziyarətə gələnləri sanki mərifət süfrəsindən daha çox pay almağa təşviq edir. Evin hər küncü insanı düşünməyə, ibrət almağa sövq edən xəbərdarlıq lövhələri ilə doludur.

O mərtəbəyə çıxanda isə mənəvi ab-havanın cazibəsi bürüyür hər tərəfi. Təvazökarlıqla ehtişamın bütünləşdiyi bir mühütlə qarşılaşırsınız. Orada həyat başdan-başa qulluq-ibadət ədalı... Dua və namaz oranın ən gözəçarpan iki rəngi... Xoca Əfəndi Ramazandan bir gün əvvəl müqabilənin oxunma vaxtını ətrafındakılarla məsləhətləşir. O, müqabilənin ikindi namazının ardınca, kitab saatının isə mütəmadi oxunduğu səhər namazından sonra olmasına tərəfdardır. "Əsərlərə Ramazanda da davam edək", -deyərək kitab oxumanın əhəmiyyətini bir daha vurğulayır. Nəvəsi yaşında insanlar müqabilənin səhər namazında, kitab oxuma saatının ikindi namazında olmasının özləri üçün daha uyğun olduğunu söyləyəndə məşvərətin fikrinə ehtiramla: "Yaxşı, elə edək", - deyir.

Ramazan müqabilə ilə başladı. O məclisin müqabiləsində iştirak etmək, Ramazana xas bu Nəbi ənənəsini doya-doya yaşamaq deməkdir. O nəmli gözlərlə tilavəti dinlərkən siz də, “Görəsən, bu məclisdə gözlə görə bilmədiyimiz daha kimlər var?”- deyə düşünürsünüz. Mələklərin, ruhanilərin və kim bilir, daha kimlərin bu ürfan məqamında iştirak etdiyini düşündükcə müqabilə məclisi daha doyulmaz hala gəlir. Müqabilədən sonra qonaqlar istirahətə çəkilir. O isə bir müddət bir neçə nəfərlə söhbəti davam etdirir. O söhbətlər müqabilə süfrəsindən sonra yeyilən meyvəyə bənzəyir. Hər sözü, hər söhbəti Canana bağlanır. Bəzən uşaqlıq illərinə gedir, bəzən əsgərlik xatirələrini yad edir, amma söz həmişə gəlib Canana çıxır. "Mənliyini (nəfsini) ayaq altına almayan, Haqqın təqdirini ayaq altına alar. İçinə azca lovğalıq girsə, günah dəftərinə bax, başını aşağı əy və: “Tövbələr tövbəsi Ya Rəbbi!”, - de" cümləsi də bir səhər söhbətinin meyvəsidir;" Özündə bir payə görən, Haqdan gələcək lütflərdən məhrum qalar" cümləsi kimi. Möhtərəm Anamızdan bəhs edərkən: "Analar dua mənbəyidir. Duanın qəlbən və səmimi olması çox mühümdür. İztirabdan beli bükülmüş bəzi Haqq dostları xaricində heç kimin duası anaların duası qədər səmimi və içdən ola bilməz," deyərək bir həqiqətə də işarə edir.

Namazları, ümumiyyətlə, özü qıldırır. Bəlkə də, günün ilk namazı olmasından qaynaqlanan səhər namazının coşqusu səsində və qiraətində əks olunur. Quranın kəlmələri mübarək dilindən inci kimi töküləndə, siz başqa heç bir yerdə yaşaya bilməyəcəyiniz bir həzz zümzüməsində:" Kaş, heç bitməyəydi bu namaz",- deyirsiniz. Fərzin arxasınca edilən duanın uzunluğu oxunanın “salati-münciyə” ilə məhdudlaşmadığını göstərir. Sizə də eyni şəkildə əllərinizi açıb: "Amin, Allahummə Amin; O, nə deyir və nə istəyirsə, Amin.." demək qalır. Səhər namazından sonra toplu şəkildə bəzən təsbihat, bəzən də Əfəndimizdən rəvayət olunan səhər duaları oxunur. Ardınca da müqabilə və söhbət... Günorta namazı vaxtında əda edilir. Namazdan sonra şövqlə təsbihat oxunur. Qonaqlar girdikləri o nurani ab-havadan bihuş olub bir yandan Quran tilavət edir, bir yandan da Quranı əsrin idrakı istiqamətində təfsir edən əsərləri öz aralarında mütaliə edirlər. İkindi namazından sonra iman-Quran həqiqətlərindən dərs olur. Daha sonra da il boyu hər gün əda edilən dua saatı gəlir. Dua saatı ilə əlaqəli gileylərini də: "Dua saatının mümkünsə, hər yerdə əda edilməsini istəmişdik, amma yəqin tətbiq edən yalnız biz qaldıq" –sözləri ilə ifadə edir. Dua saatında hər kəs müəyyən bir duanı bölüşüb bir yerdə oxuyur. Dua coşqusu iftar vaxtına qədər davam edir.

İftara az qalmış qonaqlara xurma və su ikram edilir. Oxunan azanın ardından Əfəndimizdən (s.ə.s.) rəvayət olunan iftar duası ilə oruclar açılır. Axşam namazı yeməkdən əvvəl qılınır. Xoca Əfəndi axşam namazlarında bulud kimi dolur, çaylar kimi çağlayır. Bir axşam namazında: "Rabbənə lə tuziğ qulubənə.." (Rəbbimiz, bizə hidayəti lütf etdikdən sonra bir daha ondan ayırma...) ayəsinə gələndə səsi titrəyir, sözlər sanki boğazına düyünlənir, lakin var gücü ilə ağlamamağa çalışır. Ayə bitən kimi özünü rükunun ənginliyinə atır. Başqa bir axşam isə "İyyəkə nəabudu..." deyərkən eyni halı yaşayır iliklərinə qədər.

İftardan sonra təravih vaxtına qədər söhbət olur. Duanın ədəbindən bəhs edərkən əmrvari bir üslubla Cənabi-Haqqa dua etmənin nöqsan olduğunu buyurur. Duada ədəb üçün nümunə götürüləcək şəxslərin əvvəla peyğəmbərlər olduğunu vurğulayır: "Ənbiyayi-izamın istədiyi hər şeyi Allahdan istəyə bilərsiniz. Duada peyğəmbər üslubunu tutmaq lazımdır. “Allahım, Əfəndimizin xeyir adına Səndən dilədiyi hər şeyi mən də istəyirəm. Onun Sənə sığındığı bütün şərlərdən mən də Sənə sığınıram” duasını tez-tez oxumaq və bunu pıçıldarkən də başda dua məcmuəsindəki dualar olmaqla Ondan gələn bütün duaları nəzərə almaq lazımdır”. Bir başqa axşam Nəbilər Sultanının (s.ə.s.) böyüklüyündən söhbət açır: "Məhəmməd ” mədh və sənaya (duaya) nail olmuş” deməkdir. Əhməd isə “həmdə bağlı”,” həmd oyadan” deməkdir. Əfəndimiz malik olduğu keyfiyyət və ehtişamı ilə daim anladılmalı. Anladılmasa bərəkətindən məhrum qalarsınız. Onu necə görürsünüzsə, elə də istifadə edərsiniz. Ona bir bəşər kimi baxsanız, istifadəniz o nisbətdə olar". Bir axşam da Allah sevgisinin necə olmasından bəhs edir. "Könüllərdə Allah sevgisini oyada bilmədik. Adı anılanda bütün qəlbin sızıldaması səviyyəsində sevə bilmədik. Onun sevgisi uğrunda neçə nəfər evinin yolunu unutdu? Gündə əlli dəfə Allahdan Allahı istəmək lazımdır. Allahım, Səni istəyirəm.. Naşılıqdan, qabalıqdan xilas olmanın yolu budur".

Axşam söhbətlərindən sonra işa və təravih namazına keçilir. Təravih namazı xətmlə qılınır. Təkbirlər, təmcidlər, salavatlar təravihə ayrı bir ab-hava qatır. Təravihdən sonra hər kəs istirahətə çəkilir.

Ramazanın on birinci günü bir yaxın yoldaşımız onu evinə iftara dəvət etdi. Sağlamlığı imkan verməsə də, dəvətə icabət sünnətini yerinə yetirə bilmək üçün demək olar ki, bütün günü istirahətlə keçirdi. İftara getdiyimiz evdə qırx illik dostları ilə masada oturmaqla vəfanın nə olduğunu da göstərdi. Yanında mərhum Yaşar Tunagür Əfəndinin yadigarı Məmməd Bəy vardı. İftardan sonra mərhum Yaşar Əfəndini uzun-uzun yad etdi. Ədirnə illərinə getdi. Göz yaşları içində Səlimiyə Məscidinin necə tikildiyindən bəhs etdi Sarı Səlimin yuxusu ilə birlikdə. "Allah Rəsulu Sarı Səlimə yuxusunda: “Ədirnəmə bir məscid tik”,- buyurur. Növbəti gün eyni yuxu təkrar olunur. Sarı Səlim Əfəndimizdən: ”Ya Rəsulullah, Ədirnəyəmi, Ədirnəməmi?”, -deyə soruşanda Allah Rəsulu:” Ədirnəmə”,- cavabını verir". Daha sonra təvazökarlığın Allah qatında nə qədər qiymətli olduğunu izah etdi: "Təvazökarlıq Allahın insanda ən çox dəyər verdiyi xüsusiyyətlərdəndir. İnsanın özünü sıfırlaması, heç sayması Cənabi-Haqq dərgahında çox böyük bir payədir. Şahmatda fillərin, atların, piyadaların oyunun qazanılmasında rolu nədirsə, bu işlərdə sizin rolunuz da o qədərdir. Allah sizə böyüklüyünü bir daha hiss etdirmək üçün çox kiçik ünsürlərlə böyük işlər görür”. Bəli, orada ikindi yağmurları dindi, lakin Ramazan leysanı dayanmadan davam edir. Feyziyab olan nə xoşbəxtdir!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.