Azərbaycanda “nurçu” nağılları

Qulu Məhərrəmli: Azərbaycanda “nurçu” nağılları

Ölkədə yenə düşmən axtarırlar. Yaxşı ki, 37-ci il deyil, hərçənd bəzən həmin illərin də havası duyulur: sadəcə bir az janr dəyişib, faciədən komediyaya keçid aşkar hiss olunur. Hədəfdə isə heç kimin haqqında düz-əməlli bilgisi olmayan “nurçuluq” deyilən təriqətdir. Sən demə, onlar məmləkətimizdə açıq fəaliyyət göstərirmiş və az qala uca dövlətimizi yıxacaqlarmış. Ona görə indi “nurçu” ovu başladılıb.

Dirijorlar qaranlıqda gizlənib, “vətənpərvərlər” meydan sulayır, “ekspertlər” susmaq bilmir, üzdə olan adamlara partapart “nurçu” damğası yapışdırılır. “Agent” və “erməni” söhbətləri yalan olub. Türkiyədəki korrupsiya qasırğasından sonra Azərbaycanda da qaranlıq otaqda qara pişik axtaranların meydanı genişlənib. Kimin kimdə qisası varsa, fürsəti əldən vermir. Haqq-hesab çürütmə əməliyyatlarında bəzi media qurumları da həvəslə (və sifarişlə) iştirak edir. Gündəmin mənasız mövzularla zəbt olunması ölkə içində və yaxın xaricdə baş verən önəmli hadisələri az qala arxa plana keçirib.

* * *

Əlbəttə, dövlət üçün hər hansı təhlükə varsa, qarşısı mütləq alınmalıdır. Amma “təhlükə” adı altında vicdanlı insanlara hücumun da bir həddi olmalıdır. İndi “nurçu” deyib üstünə hücum çəkilən, orda-burda kölgəsi qılınclanan, ünvanına ağlasığmaz ittihamlar yağdırılan bu adamlarla zaman-zaman ünsiyyətim olub. Ağıllı, əxlaqlı, imanlı insanlardır, özlərini “hizmət hərəkatı” adlandırırlar. Dünyanın müxtəlif ölkələrində təhsil, biznes və dialoq təşkilatları qurur, çalışdıqları cəmiyyətlərlə qaynayıb qarışmağa çalışırlar. Azərbaycanda keyfiyyətli təhsil üçün zəhmətini əsirgəməyən bu dürüst insanlara rəğbətimi gizlətmirəm. Liderləri Fəthullah Güləndən neçə illər qabaq müsahibə də almışam.

İndi bu adamlar onda ittiham olunurlar ki, “siz təhsil verib uşaqlarımızı yoldan çıxarır, öz adamlarınızı müxtəlif qurumlarda yerləşdirməklə gələcəkdə dövləti ələ keçirməyə çalışırsınız”. Çox cazibədar, amma boş fərziyyələrə əsaslanan ittihamdır və bu məntiqlə ölkədə bütün məktəbləri məhşər ayağına çəkmək mümkündür. Amma adamın təkcə qulağı yox, həm də gözü var, eşitdiklərinə yox, gördüklərinə inanır, axı. Anlamaq olmur ki, millətin övladlarına təhsil vermək, onların inkişafını izləmək, öz məzunları ilə daim maraqlanmaq niyə belə qorxuludur? Bu ölkədə çalışan bir qurumun cəmiyyətin tanınmış simaları ilə ünsiyyət qurmasında nə qəbahət var ki? Təhsil kimi geniş bir sferada aparıcı olan bir təşkilatın ölkə rəsmiləri, parlament üzvləri və media ilə yaxşı münasibət yaratmağa çalışması, bu əlaqələrdən özlərinin fəaliyyəti üçün əlverişli mühit yaratmaq istəməsi niyə kimdəsə qıcıq yaratmalıdır ki? Burda hansı təhlükə var, hansı siyasi məqsəd güdülə bilər ki?

Mənim qənaətimə görə, əslində Gülən camaatı siyasi fəaliyyətlə deyil, ağılla düşünülmüş bizneslə məşğuldur. Təbii ki, təhsili də pulsuz vermirlər, amma bu biznesdə yüksək texnologiya, vicdan, əxlaq və insaf var. Onların fəaliyyəti məmurları və medianı tovlamaq üçün adını piar qoyub, aşkar şəkildə ələ alma kampaniyası aparan bəzi talançı biznes təşkilatlarından çox fərqlənir.

Təbii ki, Türkiyədə son illər açıq avtoritarizmə meyillənən T.Ərdoğanın vaxtilə dostluq etdiyi Gülən camaatına savaş açması üzücü hadisədir. Bundan istifadə edib Azərbaycandakı camaatı sıxışdırmaq, bizneslərinə əl uzatmaq, onları yalandan şişirdib bizim üçün təhlükəli güc kimi göstərmək ondan da üzücüdür.  Əslində bu gün bizdə ən böyük təhlükə qəsdən cəmiyyətdə ictimai panika yaratmaq, Azərbaycanı Ərdoğanın F.Gülənə qarşı hücumlarının arxa cəbhəsinə çevirməyə cəhd etməkdir.

Dövlət təhlükəsizliyi üçün səmimi narahatlıq keçirənləri anlamaq olur, amma xəyali təsəvvürlərə əsaslanan “nurçuluq” kampaniyasının, “ifşa” əməliyyatlarının arxasında tamam başqa niyyətlərin dayandığını da görməmək mümkün deyil. Kim inanar ki, bütün varlığı ilə bu hakimiyyətə və dövlətə sadiq olan Rəbiyyət Aslanova kimi nüfuzlu ictimai xadim hansısa uydurma təriqət səviyyəsinə enə bilər. Yaxud milli düşüncə sahibi olan və tükü-tükdən seçməyi bacaran Qənirə Paşayevanın məhdud maraqlara bağlanmasına kimi inandırmaq mümkündür? Onların dil, təhsil və dialoq məsələlərində Azərbaycana can yandıran insanlara dəstək vermələrinin milli duyğulardan qaynaqlandığına necə şübhə etmək olar? Olarsa, deməli, biz yavaş-yavaş məzhəkə tərzinə alışırıq. Buna görə də Fərhad Məmmədov, Elnur Aslanov, Fuad Hacıyev kimi üzdə olan istedadlı gənclərin hədəfə alınması da uğursuz məzhəkədən başqa bir şey deyil...

Prosesləri dərindən izlədikcə ittihamların, təhlükə bağırtılarının arxasında konkret heç nə görmürsən. Ciddilik və məsuliyyət arxa plana keçib, “tutar qatıq, tutmaz ayran” taktikası işə salınıb. Fakt əvəzinə saxta məktublar çap etmək köhnə metoddur, adamların bir-birinə münasibətini falçı kimi yozmaq da, hipotetik versiyalara əl atmaq da işə yaramır, məntiq deyilən şeydən isə əsər-əlamət qalmayıb. Ciddi saydığımız bəziləri deyəndə ki, bu adamlar yeni müdafiə nazirini niyə təbrik ediblər, istər-istəməz adamın ağlına sual gəlir ki, görəsən Mozambik rəhbəri seçkidən sonra Azərbaycan prezidentini hansı məqsədlə təbrik edib?

Əlbəttə, bu gün Azərbaycanın bir çox sahədə ciddi problemləri var. Həmin problemləri həll etmək üçün cəmiyyətin mənəvi birliyi və dövlətin təhlükəsizliyi çox vacibdir. Bunun üçün təhlükələrin mənbəyini dəqiq bilmək önəmlidir. Yanlış qənaətlər adamı həmişə yanlış yola aparır. Ona görə də indiki halda xəyali “nurçuluq” qorxusundan danışmaq, saqqal darağının təhlükəsi haqqında bəhs etmək kimi bir şeydir...

* * *

P.S. Yazını tamamlayıb “Ayna”ya göndərməyə hazırlaşırdım ki, yaxın dostlardan birinin zəngi gəldi. Kefi kök, səsi də çox şaqraq idi:

- Gözün aydın, hansısa reket saytı səni də “nurçu” çıxarıb. Bəs sən bunu bizdən niyə gizlətmisən? – dedi və şaqqanaq çəkib ucadan güldü.

Onun dediyi “xəbərə” reaksiya verməyə imkan tapmamış dostum ənənəvi təklifini etdi:

- Uşaqlarla danışmışıq, toplaşırıq, elə orada sənin bu təzə xəbərini də yuyarıq...

“Ayna”, 8 mart 2014

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.