Zamanla gələn sürprizlər

Hər şey ürəyimizcə olmasa da, doğruluq bayrağı dalğalanır artıq... Hadisələr arzu və istəyimizə görə baş verməsə də, ruhumuza inşirah verən əsintilər əsir şübhəsiz... Bəli, zaman-zaman soyuq rüzgarlar əssə də, ilahi lütflər nəşə və sevinclə çağlayır... Düzdür, əksər hadisələr sis və duman arxasında baş versə də, dünyamız yavaş-yavaş bahara doğru gedir.

Nəzərlərimizi hazırkı vəziyyətin şikayətə səbəb olan yönlərindən çəkib yaxın keçmişə diksək, bu gün çox qaranlıq və məşum görünən günlərin müqayisə müstəvisində nə qədər işıqlı, nə qədər ümid və inşirahverici olduğunu anlayacaq və taleyimizə təbəssüm edəcəyik.

Dünən səhra kimi qupquru bir torpaq və xaosa bənzər qapqara bir səma ilə əhatəli bu yoxsul, bu talesizlər diyarı indi hər yanı ümid saçan göyü, el-obanı bürüyən rəngarəng çiçəkləri və bu iki aləm arasında arılartək gedib-gələn, gedib-gələrək gələcəyin naxışlarını işləyən işığa pərvanə olmuş insanları ilə İrəm ölkəsinə bənzəyir.

Sanki, hər şey "basu-badəl-mövt" əmri alıb cana gəlir, sanki, hər şey İsrafil ilə əl-ələ verib sevincə qərq olur... Çaylar "Ya Hayy!" çəkib könülləri riqqətə gətirən şırıltılarla bahara doğru axır... Torpaq qarın-buzun altından boy atan yamyaşıl əbası ilə könlümüzə gözəllik saçır... Hər yanda çiçək ətrinə qarışmış həyat eşqi ruhumuza səadət bəxş edir... İllərlə kabus görənlər vicdanlarında yeni arzuların cücərdiyini duyur və körpə sevinci qədər şirin bu yeni açılan səhərdə gözəlliyə, yaxşılığa təşnə ruhların var-gücü ilə dirilişini hayqırır... Cənnət yamaclarının hüzur, nəşə və sevincinə qovuşmuş kimi...

Bəli, xəyallarımızla ötən günlərə baş çəkib inanc, ümid və bəsirətlə gələcəyə baxa bilsək, hər açılan səhərin başqa bir zəfərlə tülləndiyini, hər doğan yeni günün böyük bir hilalla üfüqümüzdə qürub etdiyini, hər gecənin bir doğum sancısı ilə gəlib keçdiyini görüb heyrətdən donub qalacağıq...

Bunları görüb sezməmək mümkün deyil, ancaq yenə də nə qədər kor və qəlbsiz, dolayısilə bir yığın bədbin və məyus insan var... Kor və qəlbsizlər hər şeyin yüksək məfkurəmiz naminə inayət əli ilə və gecə səssizliyi içində yumaqlanıb hörülməyə hazırlandığını, tarix şüuru milinin ucunda yeni bir naxışla toxunduğunu görə bilmirlər... Kor və qəlbsizlər əşyanın təbiətini dərk edə, İlahi təənnidəki hikməti sezə bilmirlər. Təsəvvür edin ki, "Ol!" əmri ilə cahanı var edən Sonsuz Qüdrət kainatı altı zaman kəsiyində yaradır... İnsanı dövrlər keçdikdən sonra varlıq aləminə nəzarətlə vəzifələndirir... Körpəni ana bətnində, minbir əzab-əziyyətlə, aylarla saxlayır... Yumurtadan cücəyə gedən o qısa məsafəni həftələrə bölür və uzadır... Dənizin dibindəki mərcana qan qusdurduqdan sonra günüzünə çıxmağa izin verir... Suları sirli bir təənni ilə buluda çevirir, buludları ağılasığmaz bir nizamla damcılara döndərib torpağın sinəsinə yağdırır... Bağ-baxçanı zamanın milinə keçirib fəsil ipliyində səbirlə şəbəkə kimi hörür və bizə İlahi əxlaqı öyrədir...

Sadəlövh və səbirsiz ruhlar bu təənnini nə cür başa düşür-düşsün, əzəldən bəri İlahi adət, var olandan bəri "təqvini qanunlar" belə cərəyan etmiş, belə cərəyan edir, belə də cərəyan edəcəkdir. Gözlənilən hər şey olacaq və Onun vəd etdiyi günlər gələcək, amma taleyin təyin etdiyi ölçülərlə və vaxtı gələndə...

Varlığa bu nəzərlə baxan, daxili aləmini bu inanc və bu düşüncə ilə tənzim edən müvazinətli ruhlar əşya və hadisələrə fərqli baxmış, fərqli yanaşmış ən xoşagəlməz hallarda belə bir çox gözəl şeylərin olacağı inancını daşımış və ömrün hər anını zövqlü bir tamaşa kimi yaşamışlar. Gündüzlər onlara gözəllik və yaxşılıqdan bir şey demiş, gecələr, qaranlıqlar, acılar isə min şeydən danışmışdı, özü də dahiyanə əda ilə... Hər gecə onların könüllərinə bənzəyən amallar, xəyallarına bənzəyən arzular aşılar və onlarda gələcək əzmini coşdurar... Onlara keçmişin röyalarından bəhs edər, röyalara gedən yolları açar və ən gizli, məhrəm hislərini hərəkətə gətirərək ən pak xəyal aləmlərində gəzdirər. Qaranlığın daha da qatılaşması onlarda bənzərsiz bir dad və ləzzətə malik münacat və yalvarış arzusu oyadar... belə ki, ən dumanlı, ən mübhəm anlarda ən şəfqətli İlahi əsintilər duyar, ən qara günlərdə ən ali, ən uca məqamlara nail olarlar. Hər şeydən dərin həzz duyaraq varlıq və hadisələrin insanı belə ümidə, belə gözəlliyə, belə şirin xəyallara çəkib apardığı bu nəfis dəqiqələrdə dünyamız sehirli bir aləm kimi işıq saçar, ruhlarımıza ən romantik duyğular pıçıldar, hislərimizə ən coşqun musiqi təsiri bağışlar.

Beləcə hər kəsin və hər şeyin boşluqda olduğu, ruhi bağların tamamilə boşaldığı, amal və arzuların bir-bir sıradan çıxdığı ən böhranlı anlarda belə biz boşluğa düşməz, ətalətlə yolda qalmaz, alovtək ruhumuzu saran eşq və varlığımızda tutuşan dava düşüncəsi ilə işimizi nizama salar və yolumuza davam edərik.

Millət olaraq bizə xas ruhi mənaların qaynayıb-qarışaraq müəyyən bir keyfiyyət alması, qəlbimizin yumşalıb sevgi ilə döyünməsi, baxışların hər kəsi inamla oxşaması, fani yönlərimizin bu qədər lahutiləşməsi və bu qədər şirinləşməsi, ruhlarımızın bu qədər kamilləşməsi, fəsillərin mərhəmətə bürünüb bahar kimi keçməsi, zamanın bayramlarda atılan fişənglər kimi üstümüzdə işıq saçması bizi zümrüd qanadlarına alıb "dövləti-əbədi-müddət" fikri ətrafında gəzdirməsi də indidən bizə firdövs kimi gələcəkdən xəbər verir və könlümüzü ümid diyarlarında gəzdirir.

Sızıntı, Aprel 1991

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.