Xəyalı cahana dəyər
Başqaları nə düşünür düşünsün, mənə görə bizim dünyamız füsunkar iqlimi, məskunlaşdığı zəmini, dağı-dərəsi, bağı-bağçası, obası-oymağı, çölü-düzü ilə o qədər yumşaq və o qədər sehirlidir ki, onu tanıyanlar ona aşiq olar və bir daha ondan ayrılmağı əsla düşünməzlər. Şəxsən mən ona mənsubiyyətimi bir imtiyaz, bir bəxtiyarlıq sayıram və nə vaxt ki, içində oldum həmişə onunla hərarətimi dindirdim, sərinlədim ondan uzaq olduğum dövrlərdə də onun xəyalımdakı rəngarəng təsvirləri ilə təsəlli tapdım.
Mənim gözümdə bu dünya gözəl insanları, hərarətli iqlim və coğrafi mövqeyi ilə cənnətlərə uzanan dəhlizdən fərqsizdir. Elə onun qızıl çağları da, Firdövs cənnətinin dünyadakı əksi qəbul edilir və bütün dünyaya bərabər tutulurdu. O zamanlar Çindən-Maçindən səyyahlar gələr, onun o xoş havasını ruhlarına çəkər, ab-havasındakı mənəvi zənginliyi duyar, mənən rahatlayar və ayrılarkən də könüllərinə bir daha gəlmə vədi ilə təsəlli verərdilər.
O zamanlar bu dünyanın insanları indikindən daha çox əşya və hadisələrlə maraqlanır, varlıq aləmi ilə qaynayıb-qarışır, təbiətlə də ən yaxın dost kimi idilər. Evlərin, yurd-yuvaların, kənd-qəsəbələrin hər tərəfi təbiətə açıq, iqlimləri hər zaman urəkaçan və ətrafı da təbiət məşhərindən (sərgisindən) fərqsiz idi. O ev, o kənd, o qəsəbə və o şəhərdəki insanlar o səmavi üfüqləri, o tərtəmiz duyğuları və məna aləmlərinə köklənmiş ruhları ilə yaşadıqları bu dünyanı o qədər Cənnətə yaxın görərdilər ki, bir addım da atsalar onun içində olacaqlarını zənn edərdilər. Buna görə də onlar, məzarlarını həmin bir addımlıq yolda önəmli bir məkan sayar və axirətin ilk mənzili qəbul etdikləri qəbrisitanlıqları üfüqlərinin rəng və naxışı ilə bəzəyər, ağla zahirən ürpərdici görünən o dəhşətli məkanı sevimli bir seyrəngaha çevirərdilər.
Biz, biz olduğumuz o dövrlərdə evlər, küçələr və məhəllələrin o evlərdə yaşayanlara, o məhəllə və küçələrdə gəzənlərə elə səmimi bir baxışları və elə mənalı bir tövrləri vardı ki, onlara öz ruh üfüqündən baxanlar, onların bizə aid bəzi şeylər zümzümə etdiklərini duyardılar. Bu dünyada demək olar ki, hər kəs öz könlündən yüksələn və ya inanc, xəyal, şüuraltı dünyasından süzülüb gələn heyranedici bir musiqinin təsirində olar, hər zaman fərqli bir məna məltəmi ilə həyəcana gələr və çox fərqli bir nəşə və sevinclə coşardı.
Hərçənd ki, o zamanlar da hüznə, kədərə səbəb ola biləcək bəzi mənfiliklər vardı, amma bu hal çox uzun sürməz, dərhal arxasınca bu müstəsna dünyanın o şirin təbiəti, özünəxas rəngi, naxışı və hər zaman ovsunlayan şəxsi keyfiyyəti ilə bütün tozun-dumanın önünü kəsər, vicdanlara bir daha öz varlığını hiss etdirər və ən şiddətli payızı belə ən gözəl bahara çevirərdi. Beləliklə də günlərimiz, gecələrimiz hər zaman hərarətli və mavimtrak, aylarımız, illərimiz də həmişə ağappaqdı…
O zamanlar həyat bizim üçün yeni bir gözəlliklə başlar, ətrafımızda hər şey bahar nəğmələri söylər, məltəmlər Yusif Nəbinin köynəyindən ətirlər saçar, çaylar Eyyub Nəbinin həyat hovuzu ilə coşub daşardı.. və bu dünyada sanki bir üqba sevinci yaşanardı. Gündüzlər işığını günəşdən, könüllər də ziyasını səmadan alardı. Qəlb gözləri günəbaxan çiçəyi kimi həmişə onu təqib edər, ruhlar günün əşrəf saatları sayılan namaz vaxtlarına qurulu yaşayar və sinələr həmişə onun eşq və həyəcanı ilə çırpınardı. Beləcə, günün hər anı fərqli bir bayram və mərasim kimi duyular; hər həftə, hər ay, hər il bu millətə xas yönü ilə fərqli bir rəngarəngliklə gəlib keçər; bu gəliş və gedişlərlə o taleli insanların başlarını oxşayar və onlara hər dəm kim bilir neçə dəfə Cənnət dəhlizində yeridiklərini xatırladardı. Bu bəxtiyarların dünyasında hər səhər sanki bir "basu badəl-mövt" (öldükdən sonra dirilmə) yaşanar, hər günorta ayrı bir hərarətlə özünü hiss etdirər, hər ilkindi məltəm sərinliyi ilə hər yanı bürüyər, hər axşam sükutun nəğməsi kimi könüllərin dərinliyində duyular və bütün gün boyu axirətə açıq pəncərələrlə hər kəsə bir tamaşa zövqü təqdim edərdi; təqdim edərdi və bu dərinlik və bu rəngarənglik bir mənada hər kəsi ovsunlayar və ən daşürəkliləri belə ipək kimi yumşaldardı.
O günki nəsillərin hər zaman tərtəmizdi ürəkləri, hərarətli idi atmosferləri.. və hər tərəfdə qarşılıqlı sağlam bir etimad və etibar müşahidə olunardı. İndi tez-tez şahid olduğumuz quldurluq, anarxiya, zorbalıq, dərin dövlət və müəmmalı cinayətlər… kimi hadisələr heç olmazdı. Olmazdı, çünki o zamanlar hər yanda nizam, ahəng, haqq, ədalət və mərhəmət hakim idi…
Hərislik, həsəd, haqsız qazanc, sələmçilik, rüşvət, aldatma... kimi məsələlərin bəziləri heç bilinməz, bəziləri də yalnız lüğətlərdə görünərdi. Çünki o günün taleli insanları fövqəladə qənaətkar, haramdan uzaq, halala kilidlənmiş və həmişə haqq düşüncəsi ilə oturub durardılar…
Az görülərdi onlarda düşmənlik duyğusu, cinayət və intiqam hissi, fitnə və fəsad törətmə və hökm etmə sevdası, çünki onlar ciddi bir dialoq səyi, tolerantlıq fəlsəfəsi, sevgi əxlaqı və şəfqət anlayışına köklənmişdilər.
O günkü insanlar zor tətbiq edən idarəni qədim tarixdən qalma vəhşilik sayar; despotizmi fironluq qəbul edib lənətlə yad edər; başqalarını ləkələməni alçaqların işi sayar və ömürlərini təvazö və isar (özü möhtac olduğu halda başqasına vermək) ruhuna bağlı davam etdirər; hər zaman fütüvvət (mərdlik, igidlik) ruhu ilə fədakarlıq və səmimiyyətlə yaşayardılar.
O işıqlı dövrdə içki, qumar, narkotik maddələr və qaçaqçılıq qətiyyən indiki qədər yayılmamışdı. Küçə uşağı, dilənçilik, insan ticarəti və sair dövrün problemlərini lüğətlərdə belə görə bilməzdiniz. Çünki o gün hər yanda qəlb, ruh, məntiq insanı, düşünən beyinlər, səmimi könüllər, ölkə və millət üçün səmimiyyətlə döyünən ürəklər vardı.
Bu ideal insanların yaşadığı atmosferdə nə yuxarıda bəhs olunan mənfiliklər ola bilərdi, nə də fuhuş, həyasızlıq və sərsərilik kimi, insanı insanlığından utandıran azğınlıqlar. Hər şeydən əvvəl, ismət, iffət, fəzilət, ilahi əxlaq və hesab duyğusu o bəxtiyarların ən bariz xüsusiyyəti və ən təbii halları idi. Onlar istiqamətləri müəyyən, yol xəritələri düz və insani dərinlikləri ilə də belə bir yolda getməyə hazır idilər. Doğru yaşadılar, doğru getdilər və arxadan gələnlərin həmişə sevgi və ehtiramla yad edəcəkləri xoş xatirələr qoydular. Bilmirəm ki, biz o yolun harasındayıq?..
Sızıntı, Aprel 2008, 30-cu cild, 351-ci nömrə
- tarixində yaradılmışdır.