Şeytan və müasir ardıcılları
Şeytan, Allahın rəhmətindən uzaq düşmüş, işi azğınlıq və azdırma olan, varlığını fitnə, fəsad, nifaq və ayrıseçkilik oxu ətrafında yaşadan lənətlənmiş bir talesizdir. Şeytanlıqdır onun hər işi, hər addımı və daim şər arxasınca yürüyür, yürüyür və insanlarda da şər duyğuları hərəkətə gətirir və onları yaxşılıqdan, gözəllikdən və fəzilətdən uzaqlaşdırıb özünə bənzədir, şəxsi köməkçilərinə çevirir. Dini əmrlərə üsyan etmək, Allah və Peyğəmbərin (s.ə.s.) bəyanlarını tərsinə çevirmək, qadağan edilmiş yolları açıb insanları vəhşiləşdirmək onun ən çox reallaşdırmağa çalışdığı xüsuslardır. O, hər an və hər yerdə o şeytani atmosferinə girənləri qayda-qanun tanımazlığına təşviq edir.. ona meyilli olanların ehtirasını cövlana gətirir, bədən və cismani arzularını qamçılayıb hərəkətə gətirir, onlara davamlı çalıb-çapma yollarını göstərir, cismi-bədəni istəkləri qıcıqlandırır, zövqüsəfa ilə ağlını başdan alır və bir çoxunu özü kimi iblisləşdirir.
Müəyyən hikmət və məsləhətlər üçün insanın varlıq atlasında xəlq edilmiş bəzi insani hissləri mənfi istiqamətdə istifadə etməkdə onun tayı-bərabəri yoxdur.. o, onun çirkin atmosferinə girmiş bədbəxtlərə gözəlliyi çirkin, çirkinliyi də gözəl göstərməkdə fövqəladə məharətə malikdir. Şeytan min cür hiylələrlə ovladığı talesizləri cismin və maddiyyatın köləsinə elə çevirir ki, belə bir zavallının bir daha həqiqi insanlıq üfüqünə yönəlməsi adətən qeyri-mümkün olur...
Adəm övladı, bu zərərli məxluqu ilk dəfə Həzrəti Adəmə (ə.s.) səcdə hadisəsində Allaha baş qaldırması ilə tanısa da, bu bəxtsizin sərgüzəşti (doğrusunu Allah bilir) daxili problem və düşüncə ziddiyyətinə görə daha qədimlərə uzanır.O, fitrətində olan potensial qısqanclıq hissi, hiyləgərlik mayası, eqoizm duyğusu, üsyankar ruhu və şöhrət düşkünlüyü ilə - (bütün bunlarda onun iradəsi şərti mahiyyət daşıyır) dövrümüzdəki ardıcılları kimi üsyan əxlaqı ilə daim coşub-daşan, fitnə-fəsadla bütünləşmiş həddindən artıq alçaq bir varlıqdır. Onun daxili aləm və mahiyyətində daim şər duyğular qaynadığı üçün əhatə dairəsinə girən hər bir ins və cinə eyni şeyləri təlqin edir. Xüsusilə də, xarakterində bəzi nöqsanı olanları özünə bənzətməyə çalışır və mütəmadi olaraq şeytani mülahizələr fısıldayır.. onların damarlarında gəzir.. və bu bəxtsizlərə hər an pis əməlləri pıçıldayır. Bu bədbəxtlər daxili aləmlərində formalaşan söz, bəyan, və ya qələmə süzülən düşüncə şəklində mənfilikləri öz ağıllarının bəhrəsi zənn edir, lakin bütün bu mənfiliklərin arxasında şeytanın dayandığı açıq-aşkardır. Beləliklə də, insanlara və xüsusilə də, iman əhlinə qarşı kin, nifrət bəsləyən, onları başdan çıxarmağa çalışan, bəzən bir qisim zəif xarakterli insanların nəfsani hisslərini hərəkətə gətirərək bunları vəhşiliyə sövq edən, özü kimi düşünməyənlərə hücum edən, yeri gələndə qarışıqlıq salıb ümumi ab-havaya gərginlik gətirən və müxtəlif ictimai təbəqələri qarşı-qarşıya qoyan, hər an, hər yerdə nifaq və ayrı-seçkilik güdən, Qurani-Kərimin ifadəsi ilə, möminlərlə birgə olanda onlar kimi görünən, radikal küfr başbilənlərinin yanına qayıdanda isə əsl düşüncələrini ortaya qoyan bu cür fitnə təşkilatları və şeytan köməkçiləri də məcazi şeytan qəbul edilir ki, Qurani-Kərimin شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ ayəsində (Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədi ilə bir-birinə təmtəraqlı (zahirən gözəl daxilən çirkin) sözlər təlqin edərlər, (“Ənam”surəsi,112) əsas mahiyyətlərini gün kimi göstərdiyi insi şeytanlar da məhz bunlardır.
Həzrəti Adəmə (ə.s.) səcdə etmə əmrinə: "Xeyr",- deyərək üsyan bayrağı qaldıran, hətta daha da həddini aşaraq, Haqq-Təalaya qarşı dialektika və münaqişəyə girən şeytan nə ifadə edirsə, dövrümüzün müasir Mefistoları da onun izi ilə gedərək, demək olar ki, daim yaxşıya-gözələ qarşı baş qaldırır, Allahı, Peyğəmbəri unutdurmağa çalışır və şeytani mülahizələrin inkişaf edib güclənməsinə zəmin hazırlayırlar. Hötenin də “Faust” əsərində ifadə etdiyi kimi, dünəndən bu günə şeytan və insan mübarizəsi, küfr və iman qarşıdurması heç bitmədi və bitməyəcək də... Bu mübarizədə bəzən meydan küfr və ilhada (dinsizlik, Allahın varlığına və birliyinı inamamaq) uyğun mühit halına gətirilmiş və mülhidlər (dinsizlər, Allaha inanmayanlar) tamamilə həyasızlaşdırılmış, bəzən imanlı könüllərin qaba qüvvətlə, zorakılıqla gözü qorxudulmuş, bəzən bir qisim ərköyün insanlar özlərindən başqa heç kəsə həyat haqqı verməmə kimi despotizmə girmiş, bəzən də günümüzdə bir çoxuna şahid olub ürpərdiyimiz neçə-neçə zülm və işkəncələr edilmiş və etdirilmişdir!.. Bu tiranlar bilmirlər ki, onlardan daha güclü "Qüdrəti-Qahirə" (“Qəhhar” -qəhr edən: Allahın ismi) var.. Bilmirlər ki, zalımın zülmü varsa, məzlumun da Allahı var.. Bilmirlər ki, bu gün insanlara cövrü-cəfa verənlər sabah dizin-dizin sürünüb inləyəcəklər. Bundan daha betəri də, zalım və müstəbidlərin əlində alətə çevrilən bəxtsizlər nə baş verdiyini heç vaxt anlamamış və həmişə başlarındakı tiranların əməllərinə xidmət etmişlər. Fərqinə vara bilməmişlər, nə hala düşdüklərini və nə bayağı işlərə sövq edildiklərini. Belələrinə necə də gözəl deyir Namiq Kamal: ”Muini zalimin dünyada erbabı denaettir / Köpektir zevk alan sayyadı biinsafa hizmetten ("Zalımın köməkçisi dünyada alçaq insandır / İnsafsız ovçulara xidmətdən zövq alan itdir.") Əslində, belələrinin sonu hər zaman çox acınacaqlı olmuş və olur da. Atalarımız: "Şeytanın dostluğu dar ağacına qədərdir!" - deyib. Bunların aqibəti də həmişə məhz belə nöqtələnmişdir. Bunlar dünyada heç gülmədikləri kimi gələcəkdən də əsla əmin ola bilməmişlər, ola da bilməzdilər, çünki insi-cinni şeytanlar onların ruhlarını çarpıb.. Bəli, onlar bir daha Mefistonun o hiyləgər oyununa alət olmuşdular.. Dost görünən düşmənlərə və özlərindən sandıqları yadlaşmış ruhlara aldanmışlar.
Hal-hazırda bu qəribə dünyaya müsəllət olan (hücum edən) dinsizlər, inkarçılar, vəhşiləşmişlər, şəhvət dəllalları, haqq və ədalət bilməz tiranlar; bəxtsizlərə şeytanların etmədiklərini, edə bilmədiklərini edirlər. Belə ki, düşüncələri son dərəcə kirli, dili zəhər, içi kin və nifrətlə dolan bu şər şəbəkələri onlar kimi düşünməyənlərə daim hücum edir, hər kəsə cürəbəcürə ləkə yaxır, istədiklərini göylərə çıxarır, istəmədiklərini də rahatlıqla yerin dibinə batırırlar. Mərhum Mehmed Akif lənətlə anılan bu insanlardan bəziləri barədə ağır üslubla da olsa, belə deyir: "Üdəbamız ana-arvad sövüyor bir-birinə / Türlü adlarla çıxan namütənahi qəzetə / Ayrılıq toxumları saçıyor bol-bol məmləkətə…" Bəli bu, o gün də olmuşdu.. dünən də belə idi.. indi də...
Allah bizi: "Şeytanın izi ilə getməyin! Həqiqətən o sizinlə açıq-aşkar düşməndir və sizə ancaq murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir" (“Bəqərə” surəsi, 2/168-169), -deyərək ondan uzaq durmağa çağırır.. "Allah ona lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin qullarından müəyyən bir qismini ələ alacağam. Onları hökmən sapdıracaq, (puç) xülayalara salacağam" (“Nisa” surəsi, 4/118-119) bəyanı ilə bu lənətlənmişin qisasını xatırladaraq bizə xəbərdarlıq etmiş.. "Sən məni lənətlədiyin üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların yanına qarşılarından, sağlarından və sollarından gələcəyəm və onları fəsada salacğam" (“Əraf” surəsi, 7/16-17) fərmanı ilə ortaya qoyulan şeytani kinə və nifrətə qarşı da təmkinli və ehtiyatlı olmağa dəvət etmişdir. Kaş ki bütün bunları anlaya bilsə idik!..
Sızıntı, İyun 2008
- tarixində yaradılmışdır.