Nə idik, nə olduq?!

Bir vaxtlar bizim dünyamızda hər şey rəngarəng və hər şey çox dərindi; belə ki, bu aləmdə hər zaman möhkəm bir dünyəviliklə yanaşı, əngin bir üxrəvilik də gözə çarpardı. Onun ab-havasına girənlər, idrak səviyyələrinə görə, buranı İlahi aləmlərlə birgə yaşar və özlərini bu ənginliyin pərvazlanan göyərçini sanardılar. Ümumi ab-hava bəzi mənfiliklərlə qararsa da, onun atmosferində heç vaxt narahatedici sis-duman görünməzdi. Üstəlik indiki səviyyədə çirkaba da bulaşmamışdı... Bəzən üfüqümüzü buludlar və ictimai sarsıntılar bürüsə də, arxasınca buna bənzər xoşagəlməz hadisələrə səbəb olan şiddət, hiddət, qəzəb sönər və yenidən könüllər arasında ruhi münasibət bərpa olunar, hər şey bir daha öz yerini tutardı.

O vaxtlar ilhad və küfr bu qədər açıq, bu qədər bayağı, fanatizm və təəssübkeşlik də bu qədər dərinə kok atmamışdı. Hər kəsdə və hər təbəqədə, müəyyən qədər, insan olaraq yaradılışın şüuruna bağlı bir mərhəmət və şəfqət hissi hakimdi. Bəzən bu insanlarda da müəyyən səbəb və amillərlə bağlı müxtəlif tündməzaclıq və fəvəranlar, coşub-daşmalar olsa da, sonra dərhal "hilmü silm" havası hakim olar; səbir öz gücünü ortaya qoyar və bir az öncəki ifrata varan fəvəranların yerini də bir mülayimlik süslərdi.

Bu belə idi, çünki bu dünyanın insanları hər kəsi özü kimi düşünür, başqalarından umduqları hörmət nisbətində və bundan daha çox onlara ehtiram göstərməyə çalışır; bir az da irəli gedərək, onların sevinc və kədərini bölüşür və istəyən hər kəsə qəlblərinin qapılarını taybatay açardılar. İnsaflı idi onlar; ədalətə əhəmiyyət verər və haqqı ayağa qaldırmaqda yarışa girərdilər. Bəli, onlar, əvvəlcə öz millət və xalqına, sonra da bütün insanlığa qarşı fövqəladə adil və mərhəmətli idilər; hətta dara düşən qurd-quş onların şəfqətinə, mərhəmətinə sığınardı. Nə öz aralarında, nə də başqalarına qarşı qətiyyən səs-küy qoparmaz və hərc-mərclik çıxaranları da əvvəlcə diplomatik yolla, sonra da insani bir zəcrlə yola gətirməyi çox yaxşı bilirdilər.

Bağrında yetişdikləri mədəniyyətlə yanaşı, öz ruh və məna köklərinə bağlılıqları, adət-ənənə və dini dəyərləri mənimsəmə sayəsində çox vaxt özlərini əhli-cənnətlə birlikdə və Cənnət yamaclarında xəyal edər, hər anını o aləmin mülahizəsi ilə yaşayar, üfüqlərinə yağan cənnət nemətlərindən bihuş olub qanad açar və talelərinə təbəssüm saçardılar. Əslində, onların belə gözəl görüb gözəl düşünmələri, ən xoşagəlməz hadisələrin arxasında belə gözəlliyin olduğu inancından qaynaqlanırdı. Beləliklə də, onlar çirkinliyə baxıb yolda büdrəmək əvəzinə, imkan daxilində hər şeyin gözəl yönlərini görməyə səy göstərər, cəmiyyətə zərəri olmayan çirkaba göz yumar, onun-bunun qüsur və ayıbları ilə məşğul olma kimi səviyyəsizliyə enməz; yıxılanlara əl uzadar və bir qibləgah kimi hər kəsə insani üfüqü göstərməyə çalışardılar. Belə idilər, çünki onlar, hal-hazırda bəzilərimizdə olduğu kimi, köklərindən qopmamış və öz dəyərlərinə qarşı da yadlaşmamışdılar. Onların gözündə maddə və məna, dünya-üqba, ruh və cəsəd kimi vəhdət içində idi; birindən baxanda o biri, o birindən baxanda da bu biri görünərdi.

Bəli onlar, bu ruh və fikir zənginliyi sayəsində əsla tərəddüdə düşməz; elm-din mübahisəsi ilə məşğul olmaz, fizika və metafizikanı bir-birinə zidd mütaliə etməz və din-dünya fərqliliyinə baxmazdılar. Əksinə, bunların hər birini eyni həqiqətin iki müxtəlif üzü kimi görər və hər şeyi, hər kəsi barışdırmağa açıq olan işıqlı üfüqlərinin ənginliyində hər an hüzurla nəfəs alıb-verərdilər. Bu qədər geniş dünyagörüşlü o təmiz vicdanlı insanlar varlıq, əşya və hadisələri həmişə düzgün şərh etmələri nəticəsində, görüb duyduğundan, duyub dəyərləndirdiyindən könüllərə axan məna və məzmunlarla rəngarəng naxışlar hörər və hər an ilahi dərinliklərdə qanad çalardılar və hər şeyin, hər kəsin dilindən fərqli nəğmələr dinlər və varlığın bağrından fışqıran bir şeir və bir sevgi tufanı ilə məst olardılar.

Hər zaman öz milli dəyərlərini qoruyan və köklərinə sadiq qalmağa qərarlı bu gözəl üzlülər, atalarından miras aldıqları dəyərlərlə o qədər bütünləşmişdilər ki, keçmişi indiki zamanla yaşar, indiki zamanı sərmayə kimi dəyərləndirər, gələcəyi də ümid, iman və əzmə əmanət edərək, onu gerçək bir həqiqət kimi görərdilər.

O günlər, bizim qızıl günlərimizdi... Və gecəsi-gündüzü, baharı-yazı, payızı-qışı ilə hər şey milli ruh ətrafında dönürdü. Bizə aid olan o günlərdə hər mövsüm ayrı bir gözəlliklə ruhlarımızı oxşayar, hər gün və gecə də mərasim  ab-havası ilə hissiyyatımızda taxt qurardı.

Əfsuslar olsun ki, o günlər bir-bir qaraldı, o gözəlliklər də arda-arda saralıb soldu və hər yan yeni bir bahara əmanət qoyub payıza təslim oldu.. əfsuslar olsun ki, bir:

“Badi-xəzan əsdi bağlar pozuldu
Gülüstanda qətmər güllər qalmadı
Şəcərlər qırıldı, barlar töküldü
Əl atacaq belə dallar qalmadı!”
                           M. Lütfü Əfəndi

Görəsən, bizə bixəbər nəzərmi dəydi, yoxsa yenə də şeytanın torunamı düşdük!.. Toruna düşüb dəyişdirmə kimi bir missiyamızın əksinə, özümüz dəhşətli bir dəyişikliyə və çevrilişəmi məruz qaldıq?!. Dimağlarımız şeytani nəzəriyyələrlə dopdolu; dilimizdə bizə yad nəğmələr... ifadələrimiz fövqəladə kirli. Düzü, ciddi şəkildə yadlaşaraq, özümüzdən uzaqlaşdıq və "köhnə-təzə" deyib bir-birimizi gəmirən qurda döndük; belə ki, düşüncələrimiz daim kin və nifrət saçır.. mülahizələrimiz şeytanın vəsvəsələri ilə eyni.. qərarlarımız da elə buna görə verilir. Oturub-durub nifaqı körükləyirik.. ətrafımızı yaxıb-dağıtmağı məharət sayır və planlarımızı ixtilaf və iftiraq üzərində qururuq. Qalmayıb öz doğma qardaşımıza insafımız və bir o qədər də can düşmənimizə.. yox olub şəfqətimiz öz xalqımıza. Belə ki, bəzən kiçik bir mənfəət mülahizəsi, və ya şan-şöhrət sevdası ən yaxın dostlarımızla münasibətimizi kəsib atmağa kifayət edir.

Günümüzdə çoxumuz üçün demaqogiya ən sevilən yol və etibarlı iş sayılır.. dialektikada isə, düzü, bizə çatan olmaz. Elə ifadə tərz və üslubumuz var ki, ağzımızı hər açanda qəlb qırır və bir çox insanın qanına giririk. Adi hala döndü, bəzilərimizin din və müqəddəsatı ötəri yanaşması.. rahatlıqla, yüz min dəfə haşa, Allaha hücum edirlər; Peyğəmbərə dil uzadıb Onu kiçik görürlər.. Kəbə, Rövzə deyib yerli-yersiz söz atırlar. Bu baxımdan deyilə bilər ki, o dövrün tiranları belə dinə-diyanətə hörmətsizlikdə bu qədər dərinə getməmişdilər.. bəli, Fironlar, Nəmrudlar belə heç vaxt bu qədər səviyyəsizliyə enməmişlər. Köhnə-təzə diktatorların, tiranların ağızları heç vaxt bu qədər yırtıq, düşüncələri bu qədər kirli və bəyanları da bu qədər səviyyəsiz olmamışdı. Həmçinin, o dövrün o qəddar simalarından bəziləri ilahlıq iddiasını daşısalar da, rəqiblərinə ifadə imkanı vermiş və onları dinləmə alicənablığını göstərmişlər.

Kaş ki, aramızdakı bəzi Allah-Peyğəmbər düşmənləri də belə insaflı ola idilər.. və kaş ki, bu kirli ağzı göyçəklər dövrümüzün despotlarını deyil, şanlı keçmişimizin nurlu şəxsiyyətlərini nümunə götürə bilə idilər!.. Lakin kim bilir, bəlkə də, bu qədər tənəzzül və süqutdan sonra bir gün biz də öz milli üslubumuzu tapar və yenidən öz dərinliyimizə dalarıq!..

"Abistəni-səfa vü kədərdir ləyal həmişə,
Gün doğmadan məşiməi-şəbdən nələr doğar"
                                                         Rəhmi

Sızıntı, Avqust 2008, 30-cu cild, 355-ci nömrə

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.